• cümə axşamı, 18 aprel, 07:30
  • Baku Bakı 12°C

Tələbələrimin əksəriyyətinin qız olması məni kədərləndirir

11.02.19 13:30 1209
Tələbələrimin əksəriyyətinin qız olması məni kədərləndirir
– Qarabağlı bəzən ailələr qız övladlarının sənətdə olmasını, səhnəyə çıxmasını elə də asanlıqla qəbul etmirlər. Sizin ailədə necə oldu?
– Bizim ailə də mənim sənətdə olmağımı qəbul etmirdi. Amma mən yenə də Pionerlər evinə gedir, musiqi tədbirlərində iştirak edirdim. Orta məktəbi bitirdiyim zaman Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmaq istəyirdim. Valideynlərim buna razı deyildilər. Ona görə də mən Energetika Texnikumuna qəbul oldum. Təhsil aldığım müddətdə keçirilən özfəaliyyət dərnəklərinə gedir, keçirilən tədbirlərdə iştirak edirdim. 1989-cu ildə texnikumlararası keçirilən musiqi müsabiqəsində birinci yer tutdum. O zaman Lidiya Rəsulova Təhsil Nazirliyində işləyirdi. O, məni Asəf Zeynallı adına musiqi məktəbinə istiqamətləndirdi və bu da həyatımda mühüm rol oynadı. Musiqi məktəbində Nəriman Əliyevin sinfində təhsil aldım. İstedad elə bir şeydir ki, mütləq özünü büruzə verir. O vaxt sənədlərimi Asəf Zeynallı adına musiqi kollecinə hazırlayanda qardaşım fikrimi yayındırmaq, məni qəbul imtahanlarından uzaqlaşdırmaq üçün Ukraynaya apardı, dedi ki, sən oxumayacaqsan. Ukraynadan qayıdanda dedilər ki, qəbul imtahanları hələ də davam edir. Ona görə sənədlərimi hazırlayıb imtahana getdim. Sonra ailəm qəbul olunduğumu bildi və bununla razılaşdılar. Bu gün valideynlər özləri övladlarının əlindən tutub musiqi məktəblərinə aparırlar. Onların səsi olmasa belə, bu sənətdə, məşhur olmaqlarını, maddi gəlir əldə etməklərini istəyirlər. Təəssüflər olsun ki, illər öncə belə deyildi. Həyatımda atdığım hər addım çətin olub. Ümumiyyətlə, hər şeyin çətini gözəl olur. Alın yazısına inanıram, taleyimdə xanəndə olmaq varmış.
– Hər bir xanım sənətçinin ən böyük arzusu səhnədə "Leyli”rolunu ifa etməkdir. Gənc yaşlarından "Leyli” ni oynamısınız. Leylilik sizə nə öyrətdi?
– Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra təyinatla Opera və Balet teatrına gəlmişəm. O zaman iyirmi bir yaşım var idi. Gəncliyin özü bir iddiadır. Gənc insan dərin düşünə bilmir. İnsan püxtələşdikcə, müdrikləşdikcə, o hissləri, duyğuları yetişdikcə məsuliyyətini dərk edir. Mən deyirdim ki, Leyli obrazının öhdəsindən gələcəyəm. Hiss edəndən, dərk edəndən sonra o rolun çətinliyini anladım. İndi danışıram, tüklərim biz-biz olur. Uzun illər bu rolu ifa etmişəm, ancaq sanki o tamaşanın ağırlığını dərk etməyərək ifa etmişəm. Bu hisslər məndə zamanla, yavaş-yavaş yaranıb. Ona görə də deyirəm ki, xanəndənin şaqraq, geniş diapazonlu səsi ola bilər, ancaq rolun ağırlığını hiss etmək illərin işidir. "Leyli və Məcnun”da ilk ifa etdiyim tamaşanın kasetini heç bilmirəm hara gizlətmişəm. İllərdir ona baxa bilmirəm, çünki, o rolumu qəbul etmirəm. O zaman tamaşaçılar mənim ifamda "Leyli”ni qəbul etdilər. Tamaşanın uğurunu televiziya da işıqlandırdı, mətbuat da yazdı. Sənətkar sənətin dərinliyini zamanla dərk edir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun”unu hər dinlədikdə elə bilirsən yeni nəsə var. Musiqi hər dövr üçün müasirdir. Ona görə də o, mənim üçün əvəzedilməzdir. Leyli obrazı mənə sənətə könül verməyi, səhnədə necə hərəkət etmək lazım olduğunu, tamaşaçıları, musiqinin dərinliyini, sevməyi, Leyli sevgisini yaşamağı, o sevginin əzabını anlamağı öyrətdi. Mən "Leyli”dən çox şeylər öyrəndim.

– Deyirsiniz ki, yeddi ay Leyli obrazını oynamaq üçün məşq etdim. Baş rejissorumuz məni o qədər ağladıb ki...
– Əvvəlcə düşünürdüm ki, Leylinin ifası da, məşqləri də asan olacaq. Ancaq belə olmadı. Mənimlə hər gün yeddi saat məşq edirdilər. Gah deyirdim oram, gah deyirdim buram ağrıyır, yorulurdum, bezirdim. İlk zamanlar çox əziyyət çəkirdim. Səsim var idi, ancaq öz-özlüyümdə bəzi mizanları qəbul etmirdim. Deyirdim, bunlar nə istəyir məndən, niyə məni bu qədər yorurlar. Əslində ,istəyim var idi, rolu ifa etmək istəyirdim, amma həm də bezirdim. Çətini yoluna düşənə qədərdir. Ondan sonra sənəti bütün çətinliklərinə rəğmən sevirsən.
– Ötən il "Leyli və Məcnun”tamaşasının 110 illiyi qeyd olundu. 110 ilin neçəsi sizin payınıza düşür?
– İfa etdiyim tamaşaların sayını bilmirəm. Ancaq 110 ilin 22 ili mə-nim payıma düşür. Xarici ölkələrdən gələn rəsmi nümayəndələr dəfələrlə mənim iştirak etdiyim "Leyli və Məcnun” tamaşasına gəlib baxıblar. Bu tamaşanı Fransada YUNESKO-nun səhnəsində, Türkiyə, Özbəkistan, Qətərdə oynamışıq. Tamaşanın musiqisi o qədər gözəl, o qədər zəngindir ki, sözlərini anlamadıqları halda sevə-sevə dinləyirlər. Qətərin Mədəniyyət naziri ölkəmizdə səfərdə olanda bizim tamaşanı o qədər çox bəyənmişdi ki, bu tamaşanı Qətər tamaşaçılarına təqdim etmək üçün bizi Qətərə dəvət etmişdi.
– Ötən il Opera və Balet Teatrının səhnəsindən uzaqlaşdınız. O səhnə üçün darıxmırsınız?
– Hər zaman deyirdim ki, müəyyən yaşıma gələndən sonra o səhnədən səhnəsindən gedəcəyəm. Gördüyüm şeylərdən dərs alan, nəticə çıxaran insanam. Zamanında, mənim dövrümdə Leylini elə insanlar oynayırdı ki, mən o rolu onun yaşına, başına yaraşdırmırdım. Elə şeylər var ki, mən onları nə özümdə, nə də başqasında qəbul etmirəm. Gün gələcək, deyəcəyəm ki, artıq xanəndə kimi səhnəyə çıxmayacağam. Bir şeyi tutub, onun aşiqi olub, onun üçün ölən bir insan deyiləm.
– Ötən il verdiyiniz solo konsertinizdə tamaşaçıların qarşısına fərqli bir ampluada çıxdınız. Bu dəyişikliyin səbəbi nə idi?
– Özümü sənətdə başqa-başqa məqamlarda sınamaq istəyirəm. Bir şeydən tez bezən insanam. Bir fonoqram yazdırıram, üç dəfə oxuyuram, dördüncü dəfədə mən o mahnıdan sıxılıram, başqa bir mahnı oxumaq istəyirəm. Ətrafımdakı musiqiçilər deyirlər ki, bunu sən oxumusan, sən də tamaşaçılara tanıtmalısan. Deyirəm, bir şeyi çox oxuyanda içim qəbul etmir. 2000-ci ildən etibarən ilk dəfə olaraq Qara Qarayev adına kamera orkestri ilə konsertlər vermişik. Onlarla bərabər bizim silsilə konsertlərimiz oldu. Keçmişdə xalq, bəstəkar mahnıları bəstəkar Ceyhun Allahverdiyev tərəfindən nota alındı. Yaponiyada, Moskvada, Kiyevdə və bir çox başqa ölkələrdə konsertlərimiz oldu. Ötən il verdiyim konsertdə klassik bəstəkar mahnılarını və aşıq mahnılarını ifa etmək istədim. Ona görə də bu janrlara müraciət etdim. İnşallah, davamlı olacaq. Yenə də belə bir konsert proqramı ilə çıxış etmək istəyirəm. 60-70-ci illərdə çox gözəl mahnılarımız çox idi. O dövrün müğənniləri o mahnıların sayəsində tanınırdılar. Təəssüf edirəm ki, o dövrdə yaşamamışam. Bu gün mahnı janrında bəstəkar qıtlığı yaşanır.
– Gənc muğam ifaçılarından, tələbələrinizdən razısınızmı?
– Məni qane edən tələbələrim də var, etməyənlər də. Xanəndə yükü çox çətin bir yükdür. Muğamlarımızı, ritmik muğamlarımızı, kiçik həcmli muğamlarımızı tələbələr bilməlidirlər. Ona tab gətirən tələbələr də var, tab gətirə bilməyənlər, fiziki cəhətdən enerjisi çatmayan da. Bu gün hansısa müsabiqədə birinci yerin qalibi olan gənc şöhrət də qazanır, insanlar tərəfindən də sevilir, ancaq o sənət ağırlığına tab gətirmir, getdikcə kənara çəkilir. Tələbələrimin əksəriyyətinin qız olması məni kədərləndirir. Ailə qururlar və sənətdən uzaqlaşırlar. Çox gözəl səsi olan tələbələrim olub, onlara ümid etmişəm ki, sənət yolunu sona qədər davam edəcəklər. Ancaq ailə çətinliyindən, ya nədənsə tab gətirə bilməyiblər. Tələbəm Vüsalə Musayeva Ope-ra səhnəsində Leylini oynayıb. Bir tələbəm var, adını demək istəmirəm, qoy sürpriz olsun, ona çox ümidim var.
– Həyat yoldaşınız sizi səhnədə qısqanır, qadağalar qoyur?
– Cəmiyyət bizi yaxşı tanıyır və hər kəsə qiymət verməyi bacarır. Özümə qoyduğum qadağalarım var. Əyləncəli məkanlarda olanda sənət dostlarımın yanında yox, ailəmin yanında otururam. Qızıma çox vaxt ayırıram, hər zaman onun yanında olmaq istəyirəm. Qızım Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsidir. Mən qastrol səfərlərində olanda qızıma anam və bacım baxıb. Biz dövlətə xidmət edən insanlarıq. Dövlət xətti ilə səfərlərə göndərilirik. Elə olub ki, qızımı qırx günlüyündə qoyub xarici ölkəyə qastrola getmişəm. İndi düşünürəm kaş ki, qızımı körpəlikən anasız qoyub getməzdim. Bəzən qızımı da səfərlərə özümlə aparırdım. Yoldaşımla musiqi kollecində təhsil alarkən tanış olmuşuq. O, mənim sənətdə olduğumu əvvəlcədən bilirdi. Başqa ailələrdə olduğu kimi, bizim ailəmizin də öz prinsipləri var. Çalışırıq ki, o prinsiplərə riayət edək.
– Nəzakət Teymurova bu gün hansı arzularla yaşayır?
– Arzular o qədər böyükdür ki... Sabah nə olacağını bilmirik. Sənətimlə, özümlə, ailəmlə, sevdiklərimlə bağlı arzularım çoxdur. Allah sağlam can versin ki, sənət işlərimizin öhdəsindən gələ bilək. İşləməyəndə elə bilirəm həyat mənim üçün dayanıb. İşləməyi, sənəti sevən bir insanam. Ona görə də çalışıram elə edim ki, bu sənətdə izim qalsın. Allahdan çox ömür istəmirəm, sağlam ömür istəyirəm.

Söhbətləşdi: İntizar İsmayıl





banner

Oxşar Xəbərlər