• cümə, 19 Aprel, 09:23
  • Baku Bakı 13°C

Tələbələr üçün məlumat əlçatanlığını artıran platforma - Startap

08.02.20 10:00 6885
Tələbələr üçün məlumat əlçatanlığını artıran platforma - Startap
Nurlan Umarov: "Əsas məqsədimiz bu layihəni qlobal səviyyəyə çatdırmaqdır”

Maliyə sahəsi üzrə təhsil alsa da, öz gələcəyini bu sahədə görməyib. Sərbəst rejimlə işləməyi sevdiyinə görə, İT sahəsi ilə maraqlanmağa başlayıb. Bu maraq onu sonradan startapa gətirib. Deyir ki, əsas məsələ öz ideyana, fikirlərinə inanmaqdır. Bu varsa, hər şey zamanla öz həllini tapır.
Müsahibim buqelemun.com startap layihəsinin həmtəsisçilərindən olan Nurlan Umarovdur. Hazırda Bakı Mühəndislik Universitetində maliyyə ixtisası üzrə təhsil alan Nurlan deyir ki, təhsil aldığı sahə üzrə öz gələcəyini görmür: "Universitetə qəbul olduğum ilk ildən çalışırdım ki, sosial fəaliyyətlərdə aktiv olum. Düşünürəm ki, indiki dövrdə bu, hər bir tələbə üçün vacibdir. Çünki siz müəyyən layihələrə qatılaraq həm təcrübənizi, həm də çevrənizi genişləndirmək şansı qazanırsınız. İkinci kursda oxuyanda anladım ki, oxuduğum sahə gələcəkdə özümü görmək istədiyim istiqamət deyil. Ona görə, proqramlaşdırma ilə maraqlanmağa başladım. Müəyyən internet mənbələri və həmin sahədə çalışan dostların köməkliyi ilə bəzi biliklər əldə etdim. Hazırda da özümü bu sahə üzrə inkişaf etdirirəm. Proqramlaşdırma ilə yanaşı, bir müddət marketinq və satış sahələri ilə maraqlanmışam”.

Sərbəst çalışmaq daha effektiv nəticə verir

Deyir ki, sərbəst rejimlə çalışmağa üstünlük verir. Çünki məşğul olduğu sahədə gərgin rejimli iş qrafikinə ehtiyac da olmur: "İşə ilk olaraq dostumun şirkətində başladım. Bir müddət orada çalışdıqdan sonra isə başqa şirkətdə proqramçı kimi davam etdim. Amma proqramlaşdırma elə bir sahədir ki, bəlli qrafiklə işləməkdənsə, sərbəst çalışmaq daha effektiv nəticə verir. Vaxtından daha səmərəli istifadə edə bilirsən. Hazırda isə sərbəst proqramçı kimi çalışıram. Daha çox isə öz layihələrimizin üzərində işləyirəm”.
Həmsöhbətim deyir ki, texnologiyaya və texnoloji yeniliklərə marağı olan birisi kimi daima bu sahədən olan startapları izləyirmiş. Elə bu marağı onu ekosistemə gətirib: "Startaplarla maraqlanırdım, ancaq ilk olaraq öz layihəmlə də başlamamışam. Proqramlaşdırmanı yeni öyrəndiyim vaxtlarda təhsil müəssisələri üçün nəzərdə tutulan bir sistemin dizaynını yazmaq üçün təklif aldım. Beləcə, bu sahədə özüm üçün bir başlanğıc etdim. Düzü, həmin layihə tam startap sayılmasa da, ilk dəfə üçün yaxşı təcrübə idi. "Buqelemun.com” isə mənim yer aldığım ilk startapdır”.
Layihə daha çox sosial şəbəkə formatındadır
Deyir ki, həmtəsisçisi olduğu "buqelemun.com” layihəsi tələbələr üçün məlumat əlçatanlığını artıran platformadır: "Layihə daha çox sosial şəbəkə formatındadır. Bir neçə özəlliyi özündə birləşdirir. Özümüz də tələbə olduğumuz vaxtlarda zaman-zaman müəyyən problemlərlə qarşılaşırdıq. Deyə bilərəm ki, layihənin ideyası elə bu problemləri həll etmək istəyindən yarandı. Əsas ideya layihənin digər həmtəsisçisi Aslan Məmmədliyə aiddir. Qərar verdik ki, bu layihəni birgə icra edə bilərik.
"Buqelemun.com” platforması daxilində tələbələr üçün vakansiyalar, təcrübə proqramları, sosial fəaliyyət bölmələri yaradılıb. Bundan əlavə olaraq isə xaricdə təhsil, elektron kitabxana və ən əsası, sosial şəbəkə modulu var. Bu modul vasitəsilə tələbələr onlara maraqlı olan mövzuları digər tələblərdən soruşa və fikir mübadiləsi apara bilərlər. Onu da qeyd edim ki, hazırda biz həm yeni funksiyalar, həm də hazır funksiyalar üzərində işləyirik və tezliklə yeni versiyanı təqdim edəcəyik”.

İstənilən halda startapın büdcəsi olmalıdır

Startaplarla bağlı əsas məsələlərdən biri də maliyyə məsələsidir. N.Umarov bildirdi ki, maliyyə tapmaq bir çox startapçılar üçün aktual mövzudur: "Bu problemi yalnız müəyyən bacarıqlarla aşmaq olur. Elə Aslan Məmmədli ilə bu layihəyə başlamağımız səbəbsiz deyildi. Bizim startapın əsas büdcə tələb edən hissəsi proqramlaşdırma və marketinqlə bağlı idi. Bunu da özümüz yoluna qoya bildik. Təbii ki, bu, ilkin mərhələ üçündür. Davamlı ola bilməsi üçün istənilən halda, startapın büdcəsi olmalıdır. İlkin mərhələdə sərmayə cəlb etmək asan olmur. Yalnız startapınız inkişaf etdikcə və tanındıqca investorlar üçün cəlbedici olur. Amma bu da kifayət etmir. Sən öz startapını düzgün formada təqdim etməyi bacarmalısan ki, investisiya ala biləsən”.
Nurlan bildirdi ki, ilkin mərhələdə qarşıya qoyduqları hədəflərə çata biliblər: "Bu layihə mənim ilk startapımdır və biz ilkin mərhələdə hədəflədiyimiz bir çox nəticəyə artıq çatmışıq. Lakin bu, bizim hədəflərimizin yarısı belə deyil. Buna görə də, özümü uğurlu saymıram”.

Önəmli məsələ ideyaya inanmaqdır

İstənilən sahədə olduğu kimi, startapda da uğurlu olmaq üçün məntiqli şəkildə və həvəslə çalışmaq lazımdır: "Gənc startapçılar öz layihələrinə inanaraq və vaxt itirmədən çalışmalıdır. Düzdür, sahəsindən asılı olaraq müxtəlif startaplarda fərqli risklər ola bilir. Bəzən elə olur ki, yüksək maaşlı işdə işləyən bir şəxs öz işini tərk edib ekosistemə daxil olur. Amma onun layihəsi uğur qazana bilmir. Bəzən də elə olur ki, gənclər yanlış tanıdığı biri ilə ideyasını bölüşür və layihəsi oğurlanır. Amma düşünürəm ki, istənilən halda, öz arzularınızı gerçəkləşdirmək üçün risk etməyə dəyər. Ən önəmli məsələ ideyaya inanmaqdır”.

Komandada ruh yüksəkliyi

Startapın uğurlu olmasında önəmli məsələlərdən biri isə komandadır: "Startap elədir ki, sıfırdan qurulur. Buna görə də, iş peşəkar şəkildə və dəqiq işlənməlidir. Bunun üçün də işini sevən, bu işə vaxt sərf etməkdə maraqlı olan insanları cəlb etmək lazımdır. Komanda üzvlərini düzgün seçmək də ayrıca bir bacarıqdır. Digər məsələ isə komandada ruh yüksəkliyini qorumaqdır. Düzgün motivasiya və düzgün komanda daima yaxşı nəticələr gətirir. Ona görə, komandaya düzgün kadrları cəlb etməli və özün də onlarla işləmək üçün müəyyən biliklərə sahib olmalısan”.
Tələbələr üçün yeni imkanlar qazandıran bu layihə bir neçə müsabiqənin qalibi olub: "Buqelemun” "New Generation” layihəsində iştirak edib və qaliblərdən biri olub. "İdeyadan Biznesə” (i2b) layihəsində isə 2-ci yerə layiq görülmüşük”.
Sonda Nurlanın gələcək planları haqda da soruşduq: "İndi əsasən "Buqelemun.com”a fokuslanmışıq. Ona görə, əsas məqsədimiz bu platformanı qlobal səviyyəyə çatdırmaqdır. Şəxsi olaraq isə proqramlaşdırma sahəsində özümü daha çox inkişaf etdirmək niyyətindəyəm”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər