Təkrarsız və unudulmaz aktyor
Bu il böyük
aktyor, unudulmaz sənətkarımız, xalq artisti Həsən Turabovun anadan olmasının
80 ili tamam olur. Baharda doğulmuşdu, bir qış günündə 64 yaşında dünyasını dəyişdi.
Əslində adi bir ölüm deyildi, onu övlad xiffəti apardı... Oğlu Daşqının qəfil
ölümü ömrünü soldurdu.
Hələ sağlığında korifeyliyinə imza atan, yaratdığı obrazları ilə yaddaşımıza dərin
iz salan, Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi Həsən Turabov
haqqında keçmiş zamanda danışmaq ağır olsa da, bu əbədi ayrılığın xiffətini çəkməkdən
başqa heç nəyə gücümüz çatmaz. Ürəyə təskinlik gətirən məqam budur ki, Həsən
Turabov Azərbaycan səhnəsinin, eləcə də milli kinomuzun inkişafındakı misilsiz
xidmətlərinə görə həmişə anılacaq.Vaxtilə onun can verdiyi surətlərin bu
gün biz başqa həmkarları tərəfindən təqdimatını görəndə də belə, yenə Həsən
Turabovu xatırlayır, onun fərqli jestləri barəsində düşünür, təsiredici səsinin
ahəngindəki qürur notlarından danışırıq.
Xalq artisti, dövlət mükafatları laureatı, prezidentin fərdi təqaüdçüsü olmuş Həsən
Turabov Azərbaycan mədəniyyətində elə bir mövqe qazanmışdı ki, yaratdığı
rolların sənətkarlıq miqyası çox geniş idi.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli: "Pasportda adı Həsəndir.
Ancaq tələbə vaxtından ağayanalığı ilə seçildiyi, öz ləyaqətini uca tutduğu
üçün dostları ona "Həsən ağa" deyərdilər. Ayrı-ayrı tamaşaların əksər
proqramlarında, bir qisim resenziyalarda, barəsində yazılmış məqalələrdə də o,
Həsən ağa Turabov kimi təqdim olunub".
Həsən Turabov 1938-ci ildə Bakıda anadan olub. 1956-cı ildə orta məktəbi
bitirdikdən sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun
(indiki Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq fakültəsinə qəbul
olunub. İkinci kursda ikən telestudiyada fəaliyyət göstərən aktyor truppasına
işə götürülüb. Bir müddət radioda diktorluq edən Həsən Turabov hələ tələbə ikən
mavi ekranda Fatma xanım Cabbarova ilə birlikdə "Son xəbərlər"i
oxuyub. Tədqiqatçılar haqlı olaraq yazırlar ki, "Azərbaycan
televiziyasının ilk kişi diktoru məhz Həsən Turabov oldu". Bu o zaman idi
ki, televiziya hələ respublikanın bölgələrinə geniş yayılmamışdı. Heç Bakı əhalisinin
də çoxunun evində televizor yox idi. Yəni radio daha şöhrətli, daha diqqət mərkəzində
idi. Az keçmir ki, Həsən Turabov elə bu səbəbdən də "Son xəbərlər"i
oxumaqdan imtina edərək radioya işə gedir. Həsən Turabovun yaratdığı ilk rol
"Yağışdan çıxdıq, yağmura düşdük" tamaşasında Hacı Qəmbər olub. Əslində
bu tamaşa gənc aktyorun diplom işi idi. Boy-buxunu, aydın diksiyası, xüsusilə də
əzəmətli səsi Akademik Dram Teatrının baş rejissoru Adil İsgəndərovun diqqətini
çəkib.
Müxtəlif maneə və təzyiqlərlə üzləşməsinə baxmayaraq, Həsən Turabov sənətdə bəxti
gətirmiş aktyorlardan olub. O, Mehdi Məmmədov kimi sənətkarın kursunda təhsil
alıb. Ələsgər Ələkbərovun məsləhətlərini eşidib. Əli Zeynalovun bədii qiraət
ustalığından öyrənib. Fatma Qədiri, Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli,
Hökümə Qurbanova, Mərziyyə Davudova kimi korifey sənətkarlarla bir səhnədə
çalışıb.Milli Dram Teatrında gənc aktyorun ilk dəfə iştirak etdiyi
tamaşaya baxan görkəmli sənətkarımız Ələsgər Ələkbərovun xalq artisti Ağasadıq
Gəraybəyliyə bildirdiyi fikirlər hələ səhnədə ilk addımlarını atan Həsənin gələcəkdəki
böyük uğurlarından xəbər verirdi: "Ağasadıq, sözlərimdən incimə, mən səhnədə
sənə yox, o cavan oğlanın oyununa baxırdım. Nə qədər təbii idi, səhnədə heç boş
qalmırdı. Bizi, bax, belə gənclər əvəz etməlidir".
Yarım əsr həm teatrda, həm də kinoda müxtəlif rolların yaradılmasında fədakar iştirak
edən, tamaşa və filmlərin maraqlı, baxımlı alınmasında canyanğısı göstərən Həsən
Turabovun obrazlar qalereyası çox zəngindir. İstər Azərbaycan dramaturqlarının,
istərsədə xarici ölkə yazıçılarının səhnələşdirilmiş əsərlərində Həsən
Turabovun can verdiyi Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura
düşdük"), Qatil ("Şöhrət və ya unudulan adam"), Kamal ("Əliqulu
evlənir"), Azər ("Yaxşı adam"), İsgəndər ("Ölülər"),
Hamlet ("Hamlet"), Xəyyam ("Xəyyam"), Kamran ("Unuda
bilmirəm"), Mirzə Cəlil ("Sizi deyib gəlmişəm"), Vaqif
("Vaqif"), Şeyx Xiyabani ("Şeyx Xiyabani") və gedər
tamaşalarda oynadığı baş rollara Həsən Turabov həqiqi mənada öz möhürünü
vurub.Azərbaycanın görkəmli rejissorlarından Adil İsgəndərov, Mehdi Məmmədov,
Əşrəf Quliyev, Ələsgər Şərifov, Tofiq Kazımov, Əliheydər Ələkbərov, Lütfi Məmmədbəyov,
Mərahim Fərzəlibəyov, Azər Paşa Nemətov və başqaları Həsən Turabovla
yaradıcılıqəlaqəsi qurmağı çox sevirdilər. Lütfi Məmmədbəyov deyərdi:
"Həsən Turabovla işləmək hər bir rejissor üçün çox rahatdır. Çünki sənin
düşündüklərini, fikrindən keçirdiklərini Həsən daha canlı, təbii, olduqca mükəmməl
şəkildə özü ifadə edə bilir. Həmişə belə düşünürəm ki, Həsən Turabovun iştirak
etdiyi tamaşada ikinci rejissor elə onun özüdür. Bu insanda teatr sənətinə vacib
olan nüansların hamısı var. Ssenaristdən tutmuş baş rejissora, hətta bədii və
musiqi tərtibatına kimi - bütün ölçüləri dəqiq və səlis bilir". Bu səbəbdən
də onunla tərəfmüqabili olanlar sevinərdilər. Bilirdilər ki, ən çətin məqamda Həsən
Turabovun qəfil jestləri onları xilas edəcək. Həsən Turabov olan tamaşada
darıxdırıcılıq, sükut yox idi.Maraqlıdır ki, oyunundan, səhnə hərəkətlərindən
daha çox Həsən Turabov səsi ilə tamaşaçını ovsunlamağı bacarırdı. Fərqi yox
idi, yaratdığı obraz baş qəhrəmandır, ya adi surətdir, müsbət, yaxud da mənfi
xarakterə malikdir.Aktyor üçün vacib olan şərt təqdim etdiyi obrazın
daxili aləmini özününküləşdirərək onun psixoloji durumunu tamaşaçıya
çatdırmasıdır. Yaratdığı saysız-hesabsız obrazların içərisində bircəciyni belə
tapmaq mümkün deyildi ki, fikirləşəsən, Həsən Turabov bu rola candərdi yanaşıb.
Xoşbəxtlikdən həmişə maraqlı, sanballı tamaşalarda ikinci həyatını məmnuniyyətlə
yaşamağa razılıq verib. Sənət dostları danışırdılar ki, Həsən heç zaman zəif əsərlərin
teatra yol tapmasına imkan verməzdi.Teatra rəhbərlik etdiyi illər ərzində
bu sənət ocağında fəaliyyət göstərən bədii şura, sözün həqiqi mənasında, əsl səhnə
əsərlərinin qəbul edilməsinə çalışardı.
Həsən Turabovun yaradıcılığında kino sahəsi də teatrla bərabəraddımlayırdı.
İlk çəkildiyi bədii film "Qara daşlar" olub. Radist Hüseyn obrazı Həsən
Turabovun kinoda debütü idi.Sonralar "Telefonçu qız", "Yun
şal", "Sən niyə susursan", "Sevil", "Yeddi oğul
istərəm", "Axırıncı aşırım", "Səmt küləyi",
"Qatır Məmməd", "Babək", "Nizami", "Qorxma,
mən səninləyəm", "Atları yəhərləyin", "Bəyin
oğurlanması", "Qəm pəncərəsi", "Nakəs", "Təhminə"
və digər filmlərdə maraqlı obrazlar yaratmış Həsən Turabov 50-dən çox filmin
lent yaddaşında özgə ömrü yaşamaqdadır.
İstər teatr sənətinin, istərsə də milli kinomuzun inkişafında, eləcə də gənc
kadrların yetişməsində fədakar xidmətləri olan HəsənTurabov müxtəlif fəxri
adlara, iki dəfə dövlət mükafatına layiq görülüb. 1998-ci ildə anadan olmasının
60 illiyi ilə əlaqədar ümummilli lider Heydər Əliyev tərəfindən "Şöhrət"
ordeni, 1994-cü ildə Avropa Türkləri İslam Birliyinin "Bilim və Sənət
ödülü" qızıl medalı ilə təltif olunub. 1991-ci ildən ömrünün sonuna kimi
Azərbaycan Teatr Cəmiyyətinin prezidenti olan Həsən Turabovun bu sahədə də fəaliyyəti
diqqət çəkən idi. O çalışırdı ki, Azərbaycan teatrının səsi və sorağı müxtəlif
ölkələrin səhnəsindən gəlsin.Buna görə də beynəlxalq teatr əlaqələrinin
yaradılmasına, simpozium və konfransların keçirilməsinə can atırdı. Xüsusilə də
monotamaşalar müsabiqəsi təşkil edərək ayrı-ayrı istedadlı aktyorların üzə
çıxmasına, mükafatlandırılmasına xüsusi diqqət və qayğı göstərərdi.
Həsən Turabov kövrək təbiətli, emosional, həssas insan idi. Onun daxili məziyyətləri
yaratdığı obrazların ovqatında da duyulardı. İlyas Əfəndiyevin "Unuda
bilmirəm" tamaşasında yaratdığı Kamran obrazı bu əsərə baxanların könlündə
dərin iz salıb. Həsən Turabovdan sonra səhnəyə bir neçə Kamran gəldi.Amma
Həsən Turabovun romantik, duyğulu, yaraşıqlı, bütün jestləri ilə tamaşaçıya
nüfuz edən, qəlbində yaşayan Kamrandan olmadı. Qəribədir, indinin özündə də bu
sənətkar haqqında düşünəndə Milli Dram Teatrının səhnəsində divara söykənərək kədərli
baxışları çox uzaqlara dikilmiş Kamranın - Həsən Turabovun unudulmaz obrazı
canlanır. Bəlkə də elə bu xiffətin təsirindən hərdən Milli Dram Teatra üz
tuturuq ki, xəyalımızın qanad açdığı yerdə unuda bilmədiyimiz aktyorla bağlı
xatirələri bir daha yada salaq. Obrazları dolaşan bu mədəniyyət ocağında Həsən
Turabovun ruhuna dualar oxuyaq. Yaxşı yadımdadır, onun bu teatra rəhbərliyi
dövründə mən bədii şuranın üzvü idim. Zəif əsərlərin qənimi idi. Bir dəfə hətta
rejissorun da razılığı alınmış bir pyesi tənqid etdim. Mikayıl Müşfiq haqqında
yazılmışdı, amma adi şagird inşasına bənzəyirdi. Olduqca zəif idi, nə şairmizin
adına yaraşırdı, nə də bu səhnəyə...Adamlar elə bil tənqid etməyə çəkinirdilər.
Bəziləri də kiçik nöqsanların olduğunu desələr də əsərin tamaşaya qoyulmasına
etiraz etmirdilər. Mən və İlham Rəhimlinin rəyindən sonra Həsən Turabov üzünü həmkarlarına
tutaraq qətiyyətlə dedi: "Sözünüz var?” Cavab gəlmədi. Həsən müəllim həmişə mükəmməl
əsərlərin tamaşaya qoyulmasının tərəfdarı idi. Bəzən bu istəyi alınmayanda necə
əzab çəkdiyini dolmuş gözlərindən, səsinin ahəngindən hiss etmək çətin deyildi.
Həsən ağa Turabov xoşbəxt sənətkar idi. İstər kino,
istərsə də teatr tariximizdə elə izlər qoyub ki, heç zaman pozulmayacaq. Onun
yaratdığı məktəb həmişə sədalı və məzunlu olacaq.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist