• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

“Tək özümüzə görə yaşamamalıyıq” - Örnək

05.04.19 15:00 4851
“Tək özümüzə görə yaşamamalıyıq” - Örnək
Onu hər zaman bir sual maraqlandırıb: cəmiyyətə faydalı olmaq üçün nə edə bilər? Öyrəndiyini öyrətməyin tərəfdarıdır. Hesab edir ki, insan bu dünyaya boşuna gəlmir. Bildiklərimizi öyrətməli, əlimizdən gəldiyi qədər faydalı iş görməyə çalışmalıyıq. Çünki cəmiyyət, bölüşdükcə gözəlləşər.

"Örnək” rubrikamızın qonağı Qafqazinfo.az saytının əməkdaşı, "Mesenat” Xeyriyyə Cəmiyyətinin baş katibi Fərid Ədalətdir.

Müsahibimiz Xəzər Universitetində təhsil alıb. Elə təhsil aldığı ilk illərdən ictimai sferada sosial aktivlik göstərir, maarifləndirmə kampaniyalarında iştirak edir, bacardığı qədər insanlara faydalı olmağa çalışırmış:

- O vaxt Ağsudan Bakıya təhsil almaq üçün gəldim. Universitetə başladığım ilk illərdən daim yeniliklər axtarışında idim. İctimai sferada aktivlik göstərməyə çalışırdım. O vaxt universitetin tərkibində Tələbə Məclisi adlı qurumla tanış oldum və fəaliyyətə başladım. 3 il ərzində Debat Natiqlik məktəbində könüllü olaraq çalışdım. Həm özüm debatın iştirakçısı idim, həm də orta məktəblərdə təlimlər keçir, şagirdləri natiqlik çempionatlarına hazırlayırdım. Hətta nəticələrimiz də oldu. Hazırlaşdırdığım komandalar bir neçə dəfə çempion oldular. Bu təlimlər uşaqlarda nitq mədəniyyətini, özünü ifadə qabiliyyətlərini inkişaf etdirirdi. Bununla yanaşı, biz müxtəlif sosial layihələrdə iştirak edirdik. Öz ideyalarımı tətbiq edərək insanlara kömək etməkdən zövq alırdım. Öyrəndikcə, öyrətmək istəyirdim. Təsəvvür edin, evdən tezdən universitetə getmək üçün çıxırdım, axşam saat 12-də qayıdırdım.

- Maddi qazanc olmadan universitetlə yanaşı, bütün gününü könüllülüyə sərf etmək nə qazandırdı? Adətən, tələbələrin bəziləri könüllü işləməyin tərəfdarı olmurlar.
- Maddi olaraq heç bir qazancım olmadı. Amma mənəvi qazanclarımız həddindən artıq böyükdür və bu gün də köməyimə gəlir. O zaman qurduğumuz çevrə, insanlar sonradan bizi maddi qazanclarla da təmin etdi. O qədər enerjili idik ki, Xəzər Universitetində çətin dərslərin arasında vaxt tapıb bu işlərlə məşğul olurduq. Təsəvvür edin ki, mən Bakıda qohum evində yaşayırdım. Hətta metroları belə rahat tanımırdım. Bir ay idi ki şəhərdə idim, orta məktəbdən bir neçə şagird götürüb hansısa turnirə aparırdım. Bir dəfə qar yağmışdı, qayıtmağa avtobus yox idi. Gecə 12-yə qalmış evə gəlirdim. Uşaqları aparanda, özüm də gedə-gedə yolları əzbərləyirdim ki, qayıdanda yolu itirməyim. Ac-susuz bütün günü işləyirdim. Tələbənin cibində ancaq rayondan göndərilən pul olur. O pulu da yolda xərcləyirdim, yeməyə heç nə tapmırdım (gülür). O qədər həvəsli idim. Səhərdən axşama qədər uşaqları hazırlaşdırırdıq. Hətta bir direktor var idi, bizə hazırlaşmağa otaq vermirdi. Yağışın altında çöldə təlim keçdiyim günlər olub.
- "Mesenat” Xeyriyyə Cəmiyyəti necə yarandı?
- Universitet dövründə biz həm də dostlarımızla sosial işlərlə məşğul olurduq. Tələbələrlə yığışıb qocalar evinə, internat məktəblərinə gedirdik. O dövrdən belə bir cəmiyyət yaratmaq fikrinə düşdük. 7-8 il ərzində könüllülərdən ibarət qrupumuz formalaşdı və cəmiyyətimizi yaratdıq.Cəmiyyətin sədri Tahir Hümbətli, sədr müavini isə Pərvanə Haxızadədir. Bütün tədbirlərdən öncə birgə müzakirə aparılır, qərarları birlikdə alırıq. "Mesenat” Xeyriyyə Cəmiyyətində toplanan ianələrlə aztəminatlı ailələrə, müəyyən xəstələrə köməklik göstərməyə çalışırıq. İldə bir neçə dəfə bayramlar ərəfəsində 200-300 nəfər üçün tədbir təşkil edir, hədiyyələr veririk. Bizdə maliyyələşmək olmadığı üçün könüllük prinsipi əsasında fəaliyyət göstəririk. Sosial şəbəkələrdə elan verir, insanların bizə yardım etdiyi qədər yardım göstərə bilirik. Burada biz vasitəçiyik. Ehtiyacı olan ailələri tapır, ailənin vəziyyəti ilə tanış oluruq. Müəyyənləşdiririk ki, buna hansı formada yardım etmək olar. Eləsi olur ki, külli miqdarda vəsait tələb olunur. Biz onu təəssüf ki, qarşılaya bilmirik. Adı xeyriyyə cəmiyyəti olsa da, biz ancaq maddi yardım etməyə deyil, cəmiyyətə faydalı olmağa çalışırıq. Təşkilat olaraq, sosial layihələrə, maarifləndirməyə daha çox diqqət ayırırıq.


- "Cəmiyyətə necə faydalı ola bilərəm” sualını hər insan düşünmür. Bu fikir necə yaranıb?
- İnsan olaraq biz kimik? Biz bu dünyaya niyə gəlmişik və bundan sonra nə olacaq? Bu sualın cavabını tapmağa çalışıram, hələ də axtarıram... Mən hesab edirəm ki, insan bu dünyaya boşuna gəlməyib. Düşünürəm ki, bizim bir missiyamız var. Tək özümüzə görə yaşamamalıyıq. Biz nələrisə öyrənə bilirik, amma unutmamalıyıq ki, bundan məhrum olan insanlar var. Bildiyimizi paylaşmalıyıq. Paylaşdıqca, cəmiyyətimiz daha da gözəlləşər. Hər kəs öz bacarığını mənimsəsə, istedadı ancaq onunla məhdudlaşacaq, kənara çıxa bilməyəcək, başqaları öyrənə bilməyəcək. Təsəvvür edin ki, hamı cəmiyyəti tənqid edir, hamı nədənsə narazılıq edir. İş görmək, problemin qarşısını almaq istəyən isə azdır. Problemi həll etmək üçün cəhd etmək lazımdır. Oturub danışmaqla, narazılıq etməklə iş bitmir. Dünyada bir nəfər belə, yaxşılıq etmək istəyən insan olsa, nəyəsə ümid etmək olar. İnanıram ki, o, insanların sayı çoxalacaq.

- Sosial şəbəkələrdə elan verib yardım toplamağa çalışırsınız. Bu işlərlə məşğul olub insanları aldadanlar çox olub. Siz insanların güvənini qazanmaq üçün nə edirsiniz?
- Düzdür, insanları aldadanlar az deyil. Biz bu illər ərzində dəfələrlə təhqirlərə məruz qalmışıq. Deyirdilər ki, fırıldaqçısınız, yığılan pulları özünüz xərcləyirsiniz. Biz inandırmaq üçün xüsusi fəaliyyət göstərmirik. Sadəcə olaraq, gördüyümüz işi şəffaf edir, hesabat veririk. Həmçinin onları da dəvət edirik, bizimlə gəlirlər. Dəfələrlə olub, zəng vurublar ki, müəyyən məbləğ yardım etmək istəyirik. Mən onları birbaşa ailəyə yönləndirmişəm. Əsas məqsəd odur ki, o ailəyə hansısa formada yardım edilsin. Biz, sadəcə işləri nizamlayırıq. Ailələrin də arasında fərq olur. Bəzi ailələrə bir ay ərzində 10 dəfə yardım gəlsə, hamısını qəbul edirlər və bizə məlumat vermirlər. Biz çalışırıq ki, başqalarının haqqına girilməsin, yardım hər ailəyə bərabər bölünsün.

- Unutmadığınız hansı təsirli məqamı bölüşə bilərsiniz?
- Hər zaman danışanda qəhərləndiyim bir hadisə var idi. Qadın bizə müraciət etmişdi ki, körpə uşağıma verməyə yemək tapmıram. Hər vaxt o sözü xatırlayaraq iş görürəm. Özüm bir tikə çörək yeyəndə, artığını yeməməyə çalışıram ki, başqaları bu tikəni tapa bilmir. Bir dəfə də bir qadın məni təəccübləndirdi. Xəstə idi və iş qabiliyyətini itirmişdi. Ərzaq alıb apardıq. O qadın ərzağa baxdı, özünə lazım olanı götürdü və dedi ki, çox gətirmisən, apar yarısını başqasına ver. İnsanın gözütoxluğu məni qürurlandırdı. Özü pis vəziyyətdədir, özünə çatacaq qədəri ilə qane olur, başqasını da düşünür. İnsan yaxşı vəziyyətdə başqaları haqqında çox şərhlər bildirir. Əsas məsələ hansısa sınaq qarşısında da başqalarını düşünə bilməyindir. Bunu bacara bilən insan dünyanın ən xoşbəxt insanıdır.

- Trash tag - təmizlik aksiyasına da qoşulmusunuz. Bu aksiyanı necə həyata keçirdiniz?
- Bu aksiya son zamanların populyar trendidir. Biz də qoşulub cəmiyyətə lazım olan mesajı verə biləcəyimizi düşündük. 30-dan çox gənclə birlikdə Binəqədi rayon, Binəqədi kəndində göl yaxınlığındakı böyük bir ərazini tullantılardan təmizlədik. Yığılan 200 kisəyə yaxın tullantını Balaxanı Sənaye Parkındakı tullantı poliqonuna göndərdik. Təsəvvür edin ki, insanlar özləri oranı zibillik təyin edib və hamı tullantılarını ora atıb. Amma az aralıda zibil qutuları var idi. Bir neçə saat ərzində təmizlədik. Təəssüf ki, sakinlərdən heç kim bizə kömək etmədi. Təmizlikdən sonra uşaqlar orada futbol oynamağa başladı. Hər kəs özü evinin önünü təmiz saxlasa, cəmiyyətimiz daha yaşanılan vəziyyətdə ola bilər. Təşkilatımız bu layihəyə qoşulmaqla insanları öz yaşadıqları ərazini və ümumilikdə cəmiyyətimizi təmiz saxlamağa, xüsusən də ekoloji çirklənməyə qarşı mübarizədə aktiv olmağa çağırır. "Mesenat” Xeyriyyə Cəmiyyəti bu aksiyanın davamı olaraq həmin çirkləndirilmiş ərazini orada yaşayan insanlar üçün istirahət məkanına çevirməyi planlaşdırır. Belə ki, növbəti mərhələdə həmin ərazidə ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, məlumatlandırıcı lövhələrin və zibil qutularının qoyulması üçün müvafiq qurumlara da müraciət edilib.
- Cəmiyyətinizin gələcək planları nədir?
- Aztəminatlı ailələrlə işləmək maddi dəstəkdən asılıdır. Olduğu müddətdə hər zaman edəcəyik. Amma biz əsas üstünlüyü maarifləndirmə tədbirlərinə, aksiyalara veririk. Təhsildən yayınan uşaqlarla işləyirik. Fiziki məhdudiyyətli uşaqlar var ki, təhsil ala bilmirlər. Çalışırıq ki, onları tapaq və təhsil almasına dəstək olaq. Hətta bizə ödənişsiz təhsil vermək istəyən müəllimlər müraciət edirlər. Könüllü olaraq müəyyən kurslar təşkil edən müəllimləri o uşaqlarla əlaqələndirə bilərik. Bir çətinliyimiz də odur ki, media qurumları könüllü aksiyalarını işıqlandırmağa meyilli olmurlar. Başa düşürəm, reytinqli xəbərlər daha çox oxunur. Amma o nümunələrin də yayımlanmasını istərdik ki, bəlkə 100 nəfər oxuyar, içindən 5 nəfər yardım edər.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər