• şənbə, 20 Aprel, 15:28
  • Baku Bakı 23°C

Tək inci kimi parlayan Xan qızı

13.04.15 17:46 3157
Tək inci kimi parlayan Xan qızı
Azərbaycanda sonuncu hökmdar qadın Qarabağ hakimi Mehdiqulu xanın ailəsində dünyaya göz açan Xurşudbanu Natəvan idi. O, dövrünün lirik şairi kimi tanınmışdı. Bu istedadlı xanımın gözəl rəsmləri, əl işləri, zərif naxışlı tikmələri onun necə incə, həssas duyumlu sənətkar olduğunu səciyyələndirən amillərdir. Bəllidir ki, Şuşada yaradılmış "Məclisi-üns" ədəbi məclisinə 25 il rəhbərlik etmiş Xurşudbanu Natəvan həm də Azərbaycanda xeyriyyəçiliyin əsasını qoymuş nəcib şəxsiyyətlərdən biri sayılıb. Ömrü boyu kimsəsizlərə pənah olan, yoxsullara əl tutan, doğma şəhəri Şuşada abadlıq aparan, şəhərə su çəkdirən, hətta Bibiheybət məscidinə ilk yol salan Natəvana xalq böyük ehtiram və hörmətlə "Xan qızı" deyə müraciət edərdi. 1832-ci ildə Şuşada doğulan, 1897-ci ildə dünyasını dəyişən Xurşudbanu Natəvan Ağdamda - şəcərələrinə məxsus İmarət qəbiristanlığında dəfn olunub.
Xurşudbanu Natəvan həm də Qarabağın sonuncu hakimi Mehdiqulu xanın yeganə qızı və vərəsəsi olub. Bu səbəbdən də əzəl başdan onu sarayda “Tək inci”, el arasında isə “Xan qızı” çağırıblar. Mehdiqulu xanın qəflətən vəfatı xanlıqda bir sıra problemlər yaradıb. Həyatın çox “bəxşiş”lərindən hələ xəbərsiz olan 15 yaşlı Xurşudbanu çətin vəziyyətdə qalıb. Elə bir insanla ailə qurmalı idi ki, xanlığı idarə etməkdə ona sözün əsl mənasında dayaq olsun. O zaman Qarabağ bəyləri, xüsusilə də Mehdiqulu xanın yaxın qohumları xanlığı ələ keçirmək üçün Xurşudbanuya elçi düşüblər. Onlar çox yaşlı olduğundan Xurşudbanunun anası Bədircahan bəyim ( o da Gəncə hakimi Cavad xanın nəslindən idi) heç bir vəchlə qızını qoca kişiyə vermək istəməyib.
Tədqiqatçı Bəylər Məmmədov yazırdı: “Xurşudbanunun xan nəslindən birinə ərə getməsi çar Rusiyasının Qafqazda yeritdiyi siyasətə uyğun gəlmirdi. Beləliklə də, Xurşudbanunun ərə getmək məsələsi şəxsi çərçivədən çıxaraq ictimai şəkil aldı”. Qafqaz canişini M.S.Vorontsov özlüyündə Xurşudbanunun hökmən çarlığın etibar etdiyi adamlardan birinə ərə getməsini daha məqbul sayırdı. Bu səbəbdən də ailəyə təzyiq göstərmək məqsədilə xanlığa məxsus bir sıra torpaqları çar Rusiyasının xeyrinə müsadirə etdirib. O, bu yolla Xan qızını naçar vəziyyətdə qoymaq istəyib. Çünki var-dövlət əldən çıxdıqca maddi təminat zəifləyəcək, ailənin firavan yasaması sona çatacaqdı.
1848-ci ilin yazında Bədircahan bəyim şikayət üçün Tiflisə getməli olub. Qızı Xurşudbanunu da özü ilə aparıb. Onun Vorontsovla etdiyi söhbətin məzmunu haqqında əldə tutarlı sənəd yoxdur. Sadəcə, tarixçilərin ehtimalına görə, belə bir fakt söylənilir ki, Xurşudbanunun Xasay xana ərə getməsi elə bu üzdən baş tutub. O zaman Tiflisdə çalışan Mirzə Fətəli Axundzadə əslində ailəyə çox kömək edib. Torpaqların sahiblərinə qaytarılmasında Mirzə Fətəlinin cəhdləri sayəsində Mehdiqulu xanın mülkləri yenə də ömürlük olaraq Xurşudbanunun ixtiyarına verilib. Hətta Bədircahan bəyimə ildə 1000 çervon təqaüd təyin edilib. Amma bununla bərabər Vorontsovun dediyi də olub.
Qeyri-adi xüsusiyyətlərə, məziyyətlərə malik Xurşudbanu Natəvanın həyatı o qədər də xoş keçməyib. Qəzavü-qədərin bəxşişləri onun da taleyinə yazılıb. O, 1847-ci ildə rus ordusunun general-mayoru knyaz Xasay Usmiyevlə ailə həyatı qurub. Xasay Usmiyev xidmətinin son illərində Qafqaz canişini knyaz Mixail Semyonoviç Vorontsovun şəxsi yavəri idi. Elə Xan qızı Natəvanı da canişinlikdə görüb bəyənmişdi. Bu izdivacdan sonra onlar bir müddət Tiflisdə və Dərbənddə yaşayıblar. Xurşudbanunun qəfil xəstələnməsi onları Şuşaya dönməyə vadar edib. Xasay Usmiyev də bir müddət Şuşada qalmalı olub. Xasay Usmiyev böyük fransız yazıçısı Aleksandr Düma (Ata), aktyor Moyne, alim səyyah Marmye, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı və başqaları ilə yaxından dostluq etmişdir. Hətta Qafqaza səyahətə çıxan Aleksandr Düma səfərdən qayıtdıqdan sonra "Qafqaz" əsərində Xasay xanla olan görüşlərindən, onun ailəsindən söhbət açmışdır. Onun xatirələrində bir fikir daha çox diqqət çəkir: "Knyaz (yəni Xasay Usmiyev - F.X.) fransızca parisli kimi danışırdı". Mir Möhsün Nəvvabın yazdığına görə, Xasay qüdrətli Çingiz xanın nəslindəndir. Hətta şəxsi möhüründə belə bir yazı da olub: "Dünyanı fəth edən Çingiz xanın övladlarından Əmir cahandan Knyaz Xasay".
Bir məsələni də qeyd edək ki, Xan qızı Natəvanın yerli bəylərə yox, kənar bir şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Hərçənd ki, özünün yaşı 65-dən yuxarı idi. Əslində Xasay bəyin simasında istəyinə nail ola bilməyən çar məmurları onu aradan götürmək üçün müxtəlif planlar hazırlayırdılar. 1866-cı ildə Xasay xan Usmiyev 860 manat təqaüdlə hərbi xidmətdən azad edilmişdir. Anasının vəfatından sonra ailədən gələn təpkilər əsasında Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşudbanunu da özü ilə aparmaq istəyib. Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul edə bilmədiyindən onlar 1864-cü ildə ayrılıblar.
Nəslin yadigarları
Xasay Usmiyevlə Xan qızı Natəvan ilk övladlarını Mehdiquluxan adlandırdılar. Onun ata tərəfi knyaz, ana tərəfi isə Xanoğlan çağrılardı. Təlim-tərbiyəsi ilə Şuşanın məşhur həkimi, şairi, müəllimi Mirzə Sadıq məşğul olmuşdur. Kiçik yaşlarından ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdi. Mehdiquluxan Usmiyev sonralar Tiflisdə hərbi məktəbdə oxuyub, 1874-cü ildə isə Peterburqda zadəgan balalarına məxsus hərbi korpusa daxil olub. Buranı bitirdikdən sonra uzun müddət dövlət qulluğunda - əvvəlcə qoşun eskadronunda xidmət edib, sonra isə Qafqaz ordusunun sərəncamına göndərilib.
Mehdiquluxan Usmiyev rus ordusunun tərkibində müxtəlif müharibələrdə iştirak etmişdir. O, 1895-ci ildə podpolkovnik rütbəsində istefaya çıxaraq Şuşaya qayıtmış, şəhərin ədəbi və mədəni həyatının ən fəal iştirakçılarından biri olmuşdur. Mehdiquluxan Şuşada ikisinifli rus-tatar məktəbinin açılmasına maliyyə yardımı göstərmiş, bu səbəbdən də həmin təhsil müəssisəsinin fəxri müdiri seçilmişdir. Sonralar bu məktəb "Şuşa Nikolayevski rus-tatar məktəbi" adlandırılmışdır. Mehdiquluxan klassik üslubda şeirlər yazırdı. Maraqlıdır ki, onun şeirləri iki dildə olardı. Azərbaycanca yazdıqlarına Vəfa, farscaya isə Knyaz təxəllüsü qoyardı.
Xanbikə (əsl adı Fatmabikə) Usmiyeva qardaşı Mehdiquluxandan bir yaş kiçik idi. O, ana nənəsi Bədircahan bəyimin himayəsində böyümüşdü. Xanbikə 1858-ci ilin avqustunda valideynləri ilə birlikdə Bakıda qonaq olarkən ata-anasının məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşündə iştirak etmişdir. Xanbikə də ibtidai təhsilini elə sarayda ailə müəllimləri sayılan Mirzə Sadıqdan almışdı. Xanbikə bir çox məziyyətlərinə görə anası Xurşudbanuya çəkmişdi. Poeziyaya həvəsi vardı, gözəl əl qabiliyyətinə malik idi.
Xanbikə naxçıvanlı hərbçi Əmənulla xanla ailə həyatı qurmuşdu. Ərinin xidməti işi ilə əlaqədar Xanbikə xanım Naxçıvanda, Vladiqafqazda, Tiflisdə və başqa şəhərlərdə yaşamalı olub. Qarabağdan uzun müddət ayrı düşmək onu çox üzürdü. Həyat yoldaşının vəfatından sonra (1884-cü il) Şuşaya qayıdıb. Xanbikə xanım da elə uzun ömür sürməyib. 65 yaşını tamamlamamış dünyasını dəyişib. Onu da İmarətdə torpağa əmanət ediblər.
Xan qızının nəvəsi Xasay Mehdiquluxan oğlu Şuşa Realnı Məktəbini bitirmişdi. Torpaq sahələri və mülkləri çox olsa da, o, var-dövlətini həmin kəndlərin əhalisinə bağışlamışdı. Özü yalnız Seyidli kəndində olan torpaq sahəsindəki dükanlarının və karvansarayların gəliri ilə dolanırdı. Sonralar Bakıya köçən Xasay Azərbaycan Dövlət Muzeyi Tarix-etnoqrafiya şöbəsinin müdiri işləmişdi. Elmlə məşğul olan Xasay Usmiyev bədii nəsrimizin banisi İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsinin yeganə nüsxəsini tapıb üzə çıxarmışdır. Bu əsəri Salman Mümtaz Xasayın vəfatından səkkiz il sonra kitab şəklində çap etdirmişdir.
Xan qızının nəticəsi Mehdi Usmiyev 1906-cı ildə Şuşada doğulmuşdu. Tiflisdə Rəssamlıq Akademiyasına daxil olan Mehdi təhsilini bitirə bilməmişdi. Atasının qəfil ölümü hər şeyi yarımçıq qoydu. O, Bakıya qayıdaraq, sonralar Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində oxudu. Mehdi burada memarlıq ixtisasına yiyələndi. Ötən əsrin 30-cu illərində onun layihəsi əsasında Bakının Qaraşəhər və Montin yaşayış sahələrində bir çox binalar tikildi, küçə və prospektlər salındı. O dövrün memarlıq ansambllarının qurulmasında Mehdi Xasay oğlunun böyük xidməti olub. 1934-cü ildə Tiflisə dəvət edilən istedadlı Azərbaycan memarı bu qədim şəhəri bəzəyən onlarla inzibati və yaşayış binasının, dəmiryol stansiyasının, sənaye obyektlərinin, sanatoriya komplekslərinin layihələrini verib. II Dünya müharibəsi zamanı cəbhəyə yola düşən Mehdi Usmiyev 1943-cü ildə səhhəti ilə əlaqədar ordudan tərxis olunaraq, öz memarlıq fəaliyyətini davam etdirib. 1950-ci ildə Moskvaya dəvət alan Mehdi Usmiyev 20 ildən artıq bu şəhərdə çalışıb. Demək olar ki, Rusiyanın böyük şəhərlərindəki iri tikinti obyektlərinin layihələndirilməsində iştirak edib. Bu gün Rusiyanın bir çox şəhərlərindəki tikililərin quruluşuna fikir verilsə, Şərq və Azərbaycan memarlıq elementləri aydın duyular. Ömrünü Moskvada başa vuran Mehdi Xasay oğlu Domodedovonun müsəlman qəbiristanlığında dəfn edilib.
Mənbələrdən bəllidir ki, Xurşudbanu Natəvan həm xanlığı təkbaşına idarə etməkdən, həm də ətrafında dolaşan paxılların söz-sovundan qurtulmaq üçün ikinci dəfə ailə qurub. Bəziləri Natəvanın izdivac bağladığı Seyid Hüseyni "cənublu", "fəqir" adlandırıblar. Firidun bəy Köçərli bu fikirlərin yanlışlığını belə təsdiqləyib: "Ağa Seyid Hüseyn Qarabağın çox nəcib seyidlərindən idi". Mir Möhsün Nəvvab da onu "Qarabağın istəkli və nəcib əyanlarından" adlandırıb. Tədqiqatçı Bəylər Məmmədov "Natəvan" adlı kitabında yazırdı: "Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib: Mir Abbas, Mir Həsən, Mir Cabbar. Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü anaya ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib.
Həyatında bir çox əzizlərinin itkilərinə məruz qalan, dolaşıq və çətin hadisələrlə üzləşən Xurşudbanu Natəvanın zərif qəlbi ağır dərdlərə çox tab gətirə bılmədi. 65 yaşında ürəyi susan Xan qızı öz vəsiyyətinə görə Ağdamda İmarət qəbiristanlığında dəfn olundu. Söyləyirlər ki, Qarabağ camaatı çox sevdikləri Xurşudbanu Natəvanı 34 kilometrlik bir məsafə boyunca-Şuşadan ta Ağdamadək öz çiyinlərində son mənzilə gətiriblər. Öz mərdliyi, səxavəti, həssaslığı, qayğıkeşliyi, xeyriyəçiliyi və gözəl xasiyyətilə Qarabağda böyük hörmət və nüfuz qazanan Xurşudbanu indinin özündə də Xan qızıkimi əzizlənərək sevilir.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər