• çərşənbə, 24 Aprel, 06:29
  • Baku Bakı 13°C

Təhsilsiz qadınların ümid yeri - LAYİHƏ

17.07.21 10:00 2963
Təhsilsiz qadınların ümid yeri - LAYİHƏ
Müəllim Aynur İbrahimova kənd-kənd gəzib müxtəlif səbəblərdən təhsildən kənar düşən qadın və qızları dərslərə cəlb edir
Təhsildən uzaq düşən insanların, xüsusən qız və qadınların yenidən təhsilə cəlb edilməsi həmişə xeyirxah iş sayılıb. Tarixdə belə nümunələr çoxdur. Ucar rayon Təzə Şilyan kənd orta məktəbinin müəllimi Aynur İbrahimova da belə bir xeyirxah işə imza atıb. Müxtəlif səbəblərdən təhsildən kənar düşən qadın və qızları yenidən dərslərə cəlb edib. Fədakarlıq göstərərək "Oxumaq heç vaxt gec deyil” layihəsini reallaşdırmağa nail olub.

Bir qızın təhsil alması...

Səkkiz ildir ki, Ana dili və ədəbiyyat fənnini tədris edir Aynur İbrahimova. Dərs dediyi məktəbə yenicə gələndə ilk olaraq 11-ci sinfin rəhbəri kimi işə başlayıb. Sinifdə qızların oğlanlarla müqayisədə az olduğunu müşahidə edib. Səbəbini soruşanda "valideynləri qoymur və ya nişanlanıb” cavabını eşidib. "8-9-cu sinifdən məktəbi tərk edən qızlar vardı. Çoxu nişanlı idi, ailə qurmağa hazırlaşırdılar. Başa düşdüm ki, bu kənddə qızların təhsil alması bir az problemlidir. Həm də qızları erkən nikaha cəlb etmə halları vardı. Üzümü qızlara tutub: "oxuyun, təhsil alın, heç olmasa kollecə daxil olun”- deyəndə, çoxu "müəllimə, atam qoymur” - deyə şikayətlənirdi. İlk olaraq həmin kənddə qızların evlərinə getdim, valideynləri ilə söhbət elədim. Atalarını, qardaşlarını "bir qızın təhsil alması gələcəkdə öz ayaqları üstündə durması deməkdir, bunu zamanla görəcəksiz”- deyə inandırmağa çalışdım. Tam nəticə əldə olmasa da, bəziləri razılaşdılar. Məktəbdən çıxarılmaq təhlükəsində olan qızlar dərslərə cəlb olundu. Oxudular, təhsil aldılar. Bəzisi hazırda universitet, kollec tələbəsidir”.

A.İbrahimova həmişə "övladınızı təhsildən yayındırmayın” deyə mühafizəkar düşüncəli valideynlərlə mübarizədə olduğunu deyir. Bu mübarizədə qalib olmasından qürur duyur.


Təhsilsiz anaların oxuması

Sonrakı siniflərdə də eyni vəziyyətlə qarşılaşan müəllimənin "Bu kənddə belə hallar çoxdan baş verir”- narahatlığı davam edib. Onlayn təhsil müddətində qız şagirdlərin valideynləri ilə daha çox ünsiyyətdə olduğundan problemi dərindən öyrənib. Anaların "Atam o vaxt oxumağa qoymadı. İstəyirəm qızım oxusun” və ya "Mən həkim olmaq istəmişəm alınmayıb, qoy qızım arzumu yerinə yetirsin”- istəklərini eşidib. "Siz özünüz niyə oxumamalısınız?” deyə valideynlərə müraciət edib. "Biz artıq ailə qurmuşuq, uşaqlarımız var, kənd yeridir” tərəddüdləri ilə qarşılaşıb. "Mən də onda bu layihə haqqında düşündüm. "Evdə olan qadınlar ödənişsiz dərslərə qoşula bilər” deyə bir elan verdim. Layihənin bu qədər maraqla qarşılanacağını gözləmirdim. Bir neçə valideyn mənimlə əlaqə saxladı. Onlar "tarixçi olmaq, tibb sahəsinə getmək istəyirik” - deyə istəklərini bildirirdilər. Düşündüm ki, başqa fənlər də lazım olacaq. Ona görə digər müəllimlərə də müraciət etdim. Xarici dil və riyaziyyat müəllimləri də könüllü olaraq layihəyə qoşuldu. Biz üç fəndən ibarət qrup yaratdıq və sosial şəbəkədə ictimailəşdirdik. Ucarın başqa kəndlərindən qoşulmaq istəyən valideynlər də bizə müraciət etdi. Sabirabad, Kürdəmir, Şamaxı və Bakıdan onlayn dərslərə qoşulmaq istəyənlər oldu. Həmin qadınları layihəyə cəlb etmək qərarına gəldik. Yaxında olanlara əyani, uzaqdakılara onlayn dərs keçməyi planlaşdırdıq”.

A.İbrahimova deyir ki, hazırda dərslər üç fənn - Ana dili, riyaziyyat və xarici dil üzrə onlayn platformada davam edir. Sentyabrda əyani tədrisə keçiləcək. Başqa qruplar üzrə oxumaq istəyənlər üçün layihəyə digər fənn müəllimləri də cəlb olunacaq.

47 yaşlı şagird

A.İbrahimova qızların və evdar qadınların təhsilə cəlb olunması üçün hər cür əziyyətə qatlaşır. Əyani dərslər üçün Göyçaydan Ucara yol qət edir: "Elə vaxt olub ki, səhər saat 5-də evdən çıxmışam. Alaqaranlqıda 3 maşın dəyişərək yol gəlmişəm. Çalışdığım kənd Ucarın ən ucqar kəndidir, Kürdəmirin yaxınlığındadır. Ora çatana qədər səhəri yolda açmışam. İşdən çıxanda axşam 5-də evə çatmışam. Günlərim belə keçib. Dərsdən sonra qalıb uşaqları təmənnasız hazırlaşdırmışam. Məqsədim qızlarımıza və oğlanlarımıza təhsil vermək olub. Hazırda dərslərimizə qoşulan qadınlar arasında 42 yaşda xanım var. Ailəlidir, nəvəsi var. Oğlu hərbi xidmətdədir. Oğlunun sinif rəhbəri olmuşam. 3 övladı olan 47 yaşlı şagirdimiz də var. Kürdəmirdən bir xanım var ki, dərsə qayınatası gətirirdi. Zamanında təhsil almayıb. Amma indi həyat yoldaşı və qayınatası onun təhsil almasına dəstək olur. Bu, məni çox sevindirir. Qadınlar da var ki, əvvəl dərsə qoşulub, sonra yarıda tərk ediblər. Bəzisi kənddə qınaq obyekti olduqlarını deyir. "Bu yaşdan sonra oxumaq nəyinə lazımdır?” kimi psixoloji təzyiqlərlə qarşılaşıblar. Həmin qadınlara psixoloji cəhətdən dəstək olmağa çalışıram. Amma iradəsi güclü olanlar dərslərə davam edirlər”.


Heç olmasa diplomları olsun...

A.İbrahimova uşaq evlərində olan qızları tədrisə cəlb etməyi də düşünüb. "Bir müəllim, bir kitab, bir şagird, bir qələm dünyanı xilas edəcək” layihəsini bu istiqamətdə reallaşdırıb. "Layihə uşaq evini tərk etmək ərəfəsində olan 17-18 yaşlı qızlara aid idi. "Onlar qoy ali məktəbə və ya kollecə daxil olsunlar” – deyə, uşaq evinin direktoruna müraciət etdim. Təşəbbüs yaxşı qarşılandı. Rəssamlıq qabiliyyəti olan bir qız vardı. Onunla məşğul olduq və ali məktəbə qəbul oldu. Yəqin ki, universitetin yataqxanasında yerlə də təmin olunacaq. Həmin layihə yenə də davam edəcək”. A.İbrahimova sığınacaqlarda olan qızların da təhsilə cəlb edilməsini düşünür. Onların "Təhsilsiz qadınlar, analar” layihəsinə qoşulması üçün çalışır. "Heç olmasa əllərində diplomları olar və heç kəsə möhtac olmazlar. Məqsədim budur ki, bir zamanlar təhsil almaq istəyib, amma ala bilməyən qadın və qızlarımız təhsilə cəlb olunsunlar. İstərdim ki, bu işə dövlət tərəfindən diqqət yetirilsin. Mən də müəllim kimi bacardığımı edəcəyəm”.

A.İbrahimova deyir ki, layihəyə cəlb olunan valideynlərin ən böyük hədəfi ali təhsil almaqdır: "Elə valideyn var ki, testləri səhvsiz işləyir. Bu o deməkdir ki, savad və potensial var, amma zamanında reallaşdıra bilməyiblər. Güclü yaddaşa malik, öz üzərilərində işləyən valideynlərimiz var. İki nəfəri tibb sahəsi, 3 nəfəri 3-cü qrup üzrə oxumaq istəyir”.

Könüllülər

A.İbrahimova və həmkarları gördüyü işin müqabilində heç bir maddiyyat qazanmırlar. Layihəni könüllü olaraq ödənişsiz həyata keçirirlər. Hazırda 20 nəfərə yaxın evdar qadından ibarət qrupları var. Sentyabr ayı üçün layihəyə əlavə valideynlər cəlb ediləcək: "Hətta dərs qurtarandan sonra taksi çağırıb evə getmişik. Şagirdlərin kitablarını, testlərini özümüz alıb veririk ki, həvəsdən düşməsinlər. Bizə heç kəs maddi dəstək olmayıb. Məktəbin direktoru Hikmət müəllim dərslərin keçilməsi üçün şərait yaratdı. Layihə ilə bağlı Ucar rayon təhsil şöbəsinin müdiri ilə məsləhətləşdim. O, bizə uğurlar arzuladı”.

A.İbrahimova könüllülər qrupu ilə gələcəkdə layihəyə təhsildən uzaq düşən oğlanları və ataları da cəlb etməyi düşünür: "İşlədiyim kənddə atalar da müraciət etmişdi. Təəssüf ki, onları layihəyə qəbul edə bilmədim. Çünki xanımları cəlb edərkən həyat yoldaşlarına "dərslərdə yalnız xanımlar iştirak edir” deyib razılıq almışdıq. Ona görə problem yaratmaq istəmədik. Amma başqa bir qrup yaradıb təhsilsiz ataları da cəlb etmək olar.

Layihənin əks-sədası

A. İbrahimova 8 ildir bu kənddə müəllim kimi çalışır. Bir ildir start verdiyi bu layihə isə sədasız ötüşməyib. A.İbrahimova Bursada keçiriləcək beynəlxalq konqresə dəvət alıb. Fədakar müəllimə isə daha çox təşəbbüskarı olduğu layihənin uğurlu nəticəsini gözləyir. "İnsanlar layihəyə böyük maraq göstərir. Təhsilə cəlb olunan qız və qadınların hər hansı ali məktəbə qəbul olması bir ilk olacaq. Onlar öyrənməyə, biz də öyrətməyə həvəsliyik. Əsas odur ortaya nəticə qoya bilək. İnanıram ki, layihəmiz dəstəklənəcək. Bir zamanlar təhsil almaq arzusunda olan qadınların ödənişsiz kurslara cəlb olunması və təhsilsiz qalmamaları üçün dövlət də maraq göstərəcək”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər