Təhsilimizin xanım sələfi - TARİX
Azərbaycanda
qadın təhsilinin əsasının qoyulmasında, müsəlman qadınların məktəbə cəlb edilməsində
rolu və xidmətləri olmuş tanınmış pedaqoqlardan biri də Gülbahar
xanım Axriyevadır
Azərbaycanda
qadın təhsilinin əsasının qoyulmasında və onun inkişaf etdirilməsində, müsəlman
qadınların məktəbə cəlb edilməsində xidmətləri olmuş bir sıra tanınmış qadın pedaqoqların həyat və fəaliyyəti
kifayət qədər araşdırılmamışdır. Belə durum aradan qaldırılmalı və təhsil tariximizdə
xidməti olmuş pedaqoqların həyat və fəaliyyətləri araşdırılaraq ictimaiyyətə təqdim
olunmalıdır.
Yalnız öz dindaşlarının evlərində...
Azərbaycanın təhsil tarixində izi qalmış
tanınmış müəllimələrdən biri də Gülbahar xanım Axriyevadır. Gülbahar xanım
haqqında ensiklopediyalarda heç bir məlumat yoxdur. Onun haqqında yalnız tarix
üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun 2011-ci ildə nəşr edilmiş "H.Z.A.Tağıyevin qız məktəbinin tarixindən”
adlı kitabında müəyyən məlumatlar yer almışdır. Dövrünün tanınmış qadın
pedaqoqu Gülbahar xanım Axriyeva 1886-cı il yanvarın 8-də Bakıda müsəlman məmur
ailəsində anadan olmuşdur. O, 1894-cü ildə imtahan verərək Bakı Müq. Nina qadın
məktəbinin aşağı hazırlıq sinfinə qəbul olmuş, 1895-ci ildə yuxarı hazırlıq
sinfinə keçirilmişdir. Gülbahar xanım 1902-ci ildə VII sinfi bitirərək, 4 iyun
1903-cü il tarixində 264 saylı Attestat əldə etmişdir.
Gülbahar xanım Bakı Müq. Nina qadın məktəbinin 7-ci
sinfini bitirdikdən sonra təhsilini davam etdirərək həmin məktəbin əlavə olaraq
birillik VIII sinfinə daxil olmuş və 1904-cü il mayın 24-də müvəffəqiyyətlə
bitirmişdir. Bakı Müq. Nina qadın məktəbinin pedaqoji şurası tərəfindən Gülbahar
xanım Axriyevaya rəsmi olaraq ev müəlliməsi adı verilmiş və ona 254 saylı Attestat
və 3062 saylı Şəhadətnamə təqdim edilmişdir. Gülbahar xanımın əldə etdiyi şəhadətnamədə
qeyd edilirdi ki, o, yalnız öz dindaşlarının evlərində rus dilini tədris etmək
hüququna malikdir.
Gəncədən başlayan pedaqoji missiya
Yeri gəlmişkən qeyd edim ki, o dövrün qanunlarına
görə müsəlman məzunların əldə etdiyi şəhadətnamənin verdiyi hüquqlar ev müəlliməsi
vəzifəsinə layiq görülmüş xristian dininə məxsus şəxslərin şəhadətnaməsinin verdiyi
hüquqlarla eyni qüvvəyə malik deyildi. Əgər Gülbahar xanıma yalnız öz
dindaşları arasında rus dilini tədris etməyə ixtiyar verilirdisə, xristian dininə
məxsus şəxslərə verilmiş şəhadətnaməyə malik olanlara dinindən asılı olmayaraq istənilən
vətəndaşlar arasında rus dilini tədris etmək hüququ verilirdi.
Gülbahar xanım Axriyeva Bakı Müq. Nina qadın məktəbini
bitirdikdən sonra 1907-ci il yanvarın 20-dən 1908-ci il sentyabrın 10-dək
Yelizavetpol (indiki Gəncə) Müq. Nina qadın məktəbində baxıcı–müəllimə vəzifəsində
çalışmışdır. Lakin sonralar ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya qayıtmalı
olmuşdur.
O, 1908-ci il noyabrın 17-də Bakı Şəhər Duması nəzdindəki
Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət edərək qeyd edirdi: "Bakı Müq.
Nina qadın məktəbini 1904-cü ildə bitirərək ev müəlliməsi hüququnu əldə etmişəm.
Sonra isə bu ilin sentyabr ayınadək Yelizavetpol Müq. Nina təhsil ocağında müəllimə
vəzifəsində qulluq etmişəm. Cənab sədr, sizdən xahiş edirəm ki, mənə şəhər məktəblərinin
birində müəllimə yerinin verilməsinə etiraz etməyəsiniz. Bununla yanaşı əlavə
edirəm ki, Yelizavetpoldakı xidmətimi ailə vəziyyətimlə əlaqədar olaraq tərk
etmişəm”.
Tağıyevin məktəbində rəis
Gülbahar
xanım pedaqoji fəaliyyətini 1910-cu ildən etibarən görkəmli mesenat H.Z.Tağıyevin
açdığı Aleksandrinski qızlar məktəbində davam etdirmişdir. Azərbaycan
Respublikası Dövlət Tarix Arxivinin "Bakı Şəhər İdarəsi Fondu”ndakı Gülbahar
xanım Axriyevanın şəxsi işində onun Bakı şəhər idarəsi nəzdindəki məktəb
komissiyasının sədrinə 1915-ci il iyunun 26-da yazdığı ərizə qorunub
saxlanılır. Həmin ərizə Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi
Gülbahar xanım tərəfindən yazılmışdır. Başqa sözlə desək, Gülbahar xanım artıq 1913-cü
ildən etibarən Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi vəzifəsinə
qədər yüksələ bilmişdir.
Rus-tatar məktəbindən müsəlman məktəbinə
Gülbahar
xanım 1915-ci il iyunun 26-da Məktəb komissiyasının sədrinə yazdığı ərizəsində
qeyd edirdi ki, şəhər xidmətinə keçmək istədiyi üçün ona Bakıdakı şəhər məktəblərinin
birində vakant müəllim yeri verilsin. Lakin Gülbahar xanım Axriyeva 1915-ci il
iyulun 16-da sağlamlığı ilə əlaqədar olaraq vəzifəsindən azad olunmuş və həmin
vəzifənin icrası müvəqqəti olaraq A.X.Şahtaxtinskiyə həvalə edilmişdir.
Bakı şəhəri qadın 3-cü
rus-tatar məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1915-ci il sentyabrın
5-də Məktəb komissiyasının sədrinə 41 saylı məktubla müraciət edərək ona həvalə
edilmiş məktəbə orta ixtisaslı müəllimənin göndərilməsini xahiş etmişdir. Məktəb
komissiyası sədrinin Rəhilə xanıma ünvanladığı 5 sentyabr 1915-ci il tarixli
943 saylı məktubunda bildirilirdi ki, ali-ibtidai məktəbin müəllimə vakant
yerinin tutulması üçün sentyabrın 7-dən etibarən Gülbahar xanım Axriyeva ezam edilir. Ona illik 900
rubl maaş təyin olunur. Sonradan isə Gülbahar xanım müsəlman qızlar üçün
açılmış 3-cü ali-ibtidai məktəbin müdirinin xahişi ilə həmin təhsil ocağına
keçirilir. Onun məvacibi artırılaraq ildə 1080 rubl olur.
Sağlamlığı imkan vermədi ki...
Təəssüflər olsun ki, Gülbahar Axriyevanın sağlamlığında
yaranmış problemlər onun səmərəli fəaliyyətinə müəyyən çətinliklər törədirdi.
Bakı 3-cü ali-ibtidai məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1919-cu il
mayın 14-də Məktəb komissiyasının sədrinə 26 saylı məktubla müraciət edərək
bildirirdi: "Mənə həvalə edilmiş məktəbin müəlliməsi G.Axriyeva xəstələnmişdir,
xahiş edirəm ki, ehtiyat üçün müəllimə göndərəsiniz”. 1919-cu ilin noyabrında Məktəb
şöbəsinin idarə heyətinin üzvü Şəhər başçısının dəftərxanasına məktub yazıb
xahiş edirdi ki, qadın 3-cü ali-ibtidai məktəbinin müəlliməsi Gülbahar xanım
Axriyevanın işdən azad olunması haqqında əmr yazsın.
Beləliklə, Gülbahar xanım Axriyevanın həmin məktəbdəki
pedaqoji fəaliyyəti başa çatır. Şəxsi işində onun sonrakı həyat və fəaliyyəti
haqqında hər hansı bir məlumat yoxdur. Məqaləni
hazırlayarkən Gülbahar xanımın fotolarını tanınmış tarixçi, publisist, filologiya üzrə fəlsəfə
doktoru, professor Ədalət Tahirzadədən əldə etmək mümkün oldu.
Rafiq Səfərov
Azərbaycan Respublikası
Milli Arxivİdarəsinin
Sənədlərin
nəşri və istifadəsişöbəsinin baş məsləhətçisi