“Təhsildə uğur kəndə, şəhərə baxmır” - Örnək
Ucqar
kənd məktəbinin şagirdidir. Uğurları ilə məqsədlərin, xəyalların kəndi və
şəhəri olmadığını sübut edib. Onun arzuları sərhəd tanımır. Deyir ki, əgər
təhsildə uğur qazanmaq istəyirsənsə, sənə nə şəraitsizlik, nə hava, nə də uzaq
yol maneə ola bilər. Ona görə, tək bir yol var: oxu və qalib ol...
Müsahibimizucqar kənd məktəbinin şagirdi, olimpiada qalibi, "Birincilərin birincisi”
Ceyhun Əsədovdur. O, ölkənin ən güclü 8 şagirdindən biridir.
Ceyhun
Xaçmaz rayonunun Şəmsəddin Sədiyev adına Qımıl Qışlaq kənd tam orta məktəbinin
XI sinif şagirdidir. O, respublika fənn olimpiadasında Azərbaycan dili və
ədəbiyyatı fənni üzrə ən yüksək nəticə göstərərək "Birincilərin birincisi”
nominasiyasına layiq görülüb.
"3 şagirddən biri idim”
Həmsöhbətimiz
2001-ci ildə Xaçmaz rayonunun Molla-bürhan kəndində anadan olub. Həmin kənddə
təhsil 9 illik olduğu üçün 2 ili digər kənd məktəbinə getməyə məcbur olub. Hər
iki məktəbi əlaçı kimi başa vurub. 2017-2018-ci illərdən respublika fənn
olimpiadalarında iştirak edib: "Orada məktəb turu, daha sonra rayon turunu
keçdim və final mərhələsinə vəsiqə qazandım. Rayonumuzu təmsil edən 3 şagirddən
biri idim. Bu da mənim üçün böyük məsuliyyət idi. Lakin o zaman fənn
olimpiadasından medal əldə edə bilmədim. Həmin vaxtdan etibarən qarşıma məqsəd
qoydum və söz verdim ki, gələn il də respublika fənn olimpiadasında iştirak
edəcəyəm və rayonumuza medal gətirəcəyəm. May ayından etibarən ciddi şəkildə
hazırlaşmağa başladım. Məktəbdə tapşırıqlara xüsusilə diqqət yetirirdim. Nəticədə
final mərhələsinə qədər çatdım və qalib oldum”.
"Dərs vəsaitləri ilə kifayətlənmirdim”
Ceyhun
yalnız olimpiadalarla kifayətlənməyib, ictimai işlərdə də fəallığı ilə seçilib:
"Məktəbimizin ictimai işlərində də kifayət qədər fəal olmağa çalışmışam. Bundan
əlavə, rayonda təşkil olunan rus dili olimpiadasında qalib gələrək ikinci yerə
layiq görüldüm. "Əlaçı” televiziya verilişinin seçim turlarında iştirak etdim.
"Milli mənəvi dəyərlərimiz” mövzusunda inşa yazısı müsabiqəsində fərqləndim.
Sonuncu dəfə isə, Azərbaycan dili və ədəbiyyatı fənn olimpiadasında respublika
üzrə uğur qazandım. İştirak zamanı nəinki "Birincilərin birincisi” adına, hətta
qızıl medala layiq görüləcəyimi də gözləmirdim. Olimpiadaya hazırlaşarkən
Dövlət İmtahan Mərkəzinin dərs vəsaitləri ilə kifayətlənmir, digər mənbələrə də
müraciət edirdim. Bu qalibiyyət mənim zəhmətim hesabına başa gəldi. Çünki qalib
gəlmək üçün ciddi vaxt sərf etmişdim”.
"Roman yazmaq istəyirəm”
Ceyhunun
məqsədi hüquqşünas olmaqdır: "Hədəfim hüquqşünas olmaqdır, amma qəbul oluna
bilməsəm, yəqin ki, filologiya və ya tərcüməçilik istiqamətlərində ixtisaslaşa
bilərəm. Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsindən 592 bal
topladım. Yayda keçiriləcək qəbul imtahanında iştirak edəcəm və 600 baldan
yuxarı nəticə göstərməyi planlaşdırıram. Düşünürəm ki, hüquqşünaslıq vətənə
xidmətin fərqli formasıdır. Çünki hüquq, ədliyyə sistemi dövlətin əsas
strukturlarından biridir və gələcəkdə bu sahədə çalışmaq, qanunlarla işləmək
mənim üçün böyük bir şərəf olardı. Bu şərəfə nail olmaq üçün əlimdən gələni
edəcəyəm ki, yay imtahanlarında yüksək nəticə göstərim. Həmçinin gələcək
arzularımdan biri də kitab müəllifi olmaqdır. Bədii əsər, roman yazmaq
istəyirəm”.
"Çalışaraq uğur əldə etmək mümkündür”
Olimpiadaya
hazırlıq mərhələsindən danışan müsahibimiz deyir ki, həm qəbul imtahanları, həm
də yarışa hazırlıq mərhələsi asan olmayıb. Amma uşaqlıqdan təhsildə uğur əldə
etməyi planlaşdırdığı üçün bütün çətinliklərə sinə gərib: "Məni olimpiadada
iştirak etməyə sövq edən Azərbaycan dili və ədəbiyyatına duyduğum həvəs idi.
İnanırdım ki, bu fənn üzrə olimpiadaya qatılsam, ən azından müəyyən yerə qədər
gəlib çata bilərəm. Keçən il iştirak etməklə özümə sübut etdim ki, çalışaraq
uğur əldə etmək mümkündür. Digər fənlər üzrə də qatıla bilərdim. Müəllimimin
məsləhəti ilə ən sevdiyim fənn üzrə yarışdım”.
"Ailəm mənə təzyiq göstərməyib”
Ceyhunun
gərgin dərs marafonunda ən böyük dəstəkçisi ailəsi olub: "Ailəmdən stimul
alırdım. Onlar mənə oxumaq üçün təzyiq
göstərməyiblər. Heç vaxt, "oxu”,
"olimpiada da iştirak et”, "uğur qazan”, "imtahanlarda yüksək nəticə əldə et”
kimi təzyiqləri olmurdu. Mənə qətiyyən demirdilər ki, filankəs bu qədər bal
topladı, sən də toplamalısan. Filankəs filan uğuru əldə etdi, sən də etməlisən.
Əksinə, elə vaxtlar olurdu ki, gecə səhərə qədər dərs oxuyurdum və fasilə edə
bilmirdim. O zaman deyirdilər ki, özünü çox yükləmə. Ola bilər ki, imtahanda
uğur əldə edə bilməzsən, canın sağ olsun.
Bu
ən böyük dəstək idi. Çünki imtahan, məktəb, dərslərə hazırlıq stressi kifayət
qədər var idi. Bir də ailədən təzyiq görmək heç bir abituriyent, şagird üçün
məncə, xoşagələn deyil. Ailədə belə məsələlərdə sərbəstlik vermək, təzyiq
etməmələri daha gözəldir. Bu dəstək məni daha da çox həvəsləndirirdi. Ən
azından inanırdım ki, uğursuzluq dünyanın sonu deyil, qalib olmasam belə, ailəm
yanımdadır”.
"Hər gün dərs oxumaq faydalı deyil”
Olimpiadaya
və ya qəbul imtahanlarına hazırlaşan həmyaşıdlarına müraciət edən Ceyhun deyir
ki, istirahətsiz dərs oxumaq heç də uğura aparan yol deyil: "Hazırlaşarkən ən
azından həftədə bir gün istirahət etmək, kitablardan uzaqlaşmaq lazımdır. Çünki
düzgün şəkildə istirahət etmək də uğurun əldə edilməsində müəyyən qədər rol
oynayır. Gündəlik olaraq dərs oxumaq faydalı deyil”.
Kənd məktəblisinin qalibiyyəti...
Olimpiada
haqqında təəssüratlarını bölüşən həmsöhbətimiz deyir ki, kənd məktəblisi kimi
qalib elan olunmaq onun üçün qürurvericidir: "Məni sevindirən əsas fakt o oldu
ki, olimpiadada sağlam mühitin və şəffaflığın yaradılmasına xüsusilə diqqət
yetirilirdi. Bu il "Birincilərin birincisi” oldum. Eyni zamanda bir kənd
məktəblisi kimi şəxsən ölkənin təhsil naziri tərəfindən təltif olunmaq və onun
əlini sıxmaq böyük bir qürur idi. Və bu qüruru rayonumuza, məktəbimizə yaşatmaq
mənim üçün əlavə bir fəxr idi. Fənn olimpiadalarının sualları təbii ki, çətin
idi. Çətinlik isə mərhələlərə görə dəyişirdi. Birinci, ikinci mərhələ üçüncü
mərhələyə nisbətən asan idi. İlk mərhələlərdə qapalı suallar düşürdü və həmin
suallar üzərində ciddi şəkildə məşğul olurdum. Əlavə mənbələrdən, dərsliklərdən
daha çox istifadə edirdim. Üçüncü turda isə açıq suallar düşürdü. Bu dəfə o
qədər ciddi hazırlaşırdım ki, bütün sualları cavablandırmaq mənə çətin olmadı.
Keçən ilki olimpiadada iştirakım mənim üçün təcrübə və dərs oldu. Mən o səhvlər
istiqamətində də ciddi şəkildə işləyirdim”.
Ceyhun
sonda vurğuladı ki, təhsil sahəsində uğur əldə etmək kəndə, şəhərə baxmır:
"Təbii ki, şəhərdə təhsil imkanları rayonlara, kəndlərə nisbətən daha genişdir.
Məsələn, mənim orta təhsil aldığım məktəb kifayət qədər təmirsiz bir məktəb
idi. 9 illik təhsil aldığım kənd məktəbi də təxminən elə. Amma təhsil sahəsində
uğur əldə etmək üçün insanda stimul, həvəs, istək olmalı, eyni zamanda verilən
tapşırıqlar düzgün cavablandırılmalıdır. İki il təhsil aldığım məktəb qonşu
kənddə yerləşirdi. Kəndlər arasında 3-4 km məsafə var idi və əksər vaxtlar o yolu
piyada gedib-gəlmişik. Əziyyətlə qazanılan qalibiyyətin zövqü bir başqa olur”.
Kənd sakinlərinin sevinci
Ceyhunu
qalib olduqdan sonra kənddə sevinc və fərəh hissi ilə qarşılayıblar. Deyir ki, həmkəndlilərinin
gözlərindəki sevinci görmək üçün oxumağa dəyər: "Mənə dərs deyən müəllimlərimə
və valideynlərimə minnətdarlığımı bildirirəm. Mən əlavə hazırlığa yalnız 11-ci
sinifdə getdim. Olimpiadaya hazırlaşarkən məktəb rəhbərliyi mənə ciddi diqqət
yetirirdi. Onlar da məndən bu nəticəni gözləyirdilər. İstəyirdilər ki,
rayonumuzu uğurla təmsil edim. Uğuruma təbii ki, müəllimlərim, valideynlərim,
sinif yoldaşlarım, dostlarım, kəndimizin sakinləri çox sevindilər. Məni ən çox
sevindirən və qürurlandıran da onların gözlərindəki o sevinci görmək idi”.
Aygün
ƏZİZ