Təhsil və istedad
Teatrlarımızda hər il yeni simalar
peyda olur. Gənclərin teatra olan marağı, bu axın ürəkaçandır. Ancaq
araşdırdıqda, teatrda siması görünən bir çox gənc aktyorların heç diplomlarının
belə olmadığını, onların teatra "bəxtəxuda” düşdüklərini eşidirik. Biz də teatr
direktorları ilə əlaqə saxlayıb, teatra işçi götürərkən nələrə önəm
verdiklərini öyrənməyə çalışdıq.
"Teatr tarixini öyrənmədən aktyor olmaq olmaz”
Akademik
Musiqili Teatrın direktoru, əməkdar incəsənət
xadimiƏliqismətLalayev teatrda çalışmaq istəyən hər bir yaradıcı şəxs üçün diplomun böyük
önəm kəsb etdiyini bildirdi. Təhsilsiz
insanların teatrda çalışmasının tam əleyhinə olduğunu qeyd etdi:
"Xüsusilə aktyor sənətində təhsilin xüsusi yeri var. Heç kəs deyə bilməz ki,
mən təhsilsiz hər şeyi bilirəm. Aktyor sənətinin sirlərini bilmədən,
öyrənmədən, bu sahədə işləyən insanları tanımadan, yazılan əsərləri oxumadan,
Konstantin Stanislavskini, Mehdi Məmmədovu, Adil İsgəndərovu, Tofiq Kazımovu
tanımadan, onların yaradıcılığına bələd olmadan necə aktyor olmaq mümkündür?
Əlbəttə ki, bu mümkünsüz bir şeydir. Azərbaycan teatr tarixini öyrənmədən
aktyor olmaq olmaz. Bəzən aktyorların ixtisasını dəyişib rejissorluğa keçməsinə
də çox qısqanclıqla yanaşıram. Rejissor sənəti başqa bir sənətdir. Hər ikisinin
ayrı-ayrılıqda çox incə nüansları var. Diplomsuz teatr sənəti sahəsində
çalışmaq mümkün deyil. Bizim teatrda ildə iki dəfə işçi qəbulu keçirilir. Belə
ki, iyun ayından sənədləri qəbul edirik, sentyabrda isə kastinq keçiririk.
Kastinqdə gənclər orkestr, balet, xor və eyni zamanda aktyor ixtisası üzrə sınaqda
iştirak edirlər. Onların seçilməsində bədii şuranın üzvləri - baş dirijor,
xormeyster, rejissorlarımız iştirak edir. Onların istedadlarına dəyər verib
heyətə qəbul edirlər. Bu proses bir də yanvar ayında baş verir. Çox
təəssüf hissi ilə qeyd edirəm ki, çox
sayda ərizələr qəbul edilsə də, seçdiyimiz insanlar 1 və ya 2 nəfər olur. Bu
gün gənclərə teatrlarımızda xüsusi bir qayğı göstərilir və onlar üçün hər zaman
yaşıl işıq yandırılıb. Belə bir söz var ki, "istedadlılara kömək et,
istedadsızlar onsuz da bir yol tapacaqlar”. İstedadlı gənclərə kömək etməyə
çalışırıq. Kastinqlərə gələn gənclərlə söhbət edəndə deyirlər ki, bu teatrda
çalışmaq mənim arzumdur. Soruşanda ki hansı tamaşamıza baxmısan, cəmi 2
tamaşamızın adını çəkirlər. Təbii ki, bütün bunlara biz çox diqqət yetiririk”.
Ə.Lalayev Musiqili Teatrda aktyor kimi
çalışmağın başqa teatrlardan fərqli olaraq böyük bacarıq tələb etdiyini
vurğuladı: "Musiqili Teatrda çalışmaq üçün aktyordan həm səs imkanları, həm də
aktyor kimi peşəkar səhnə plastikası tələb olunur. Bəzən bizə gözəl səsli aktyorlar müraciət
etsə də, onların bir çoxu aktyor kimi zəifdirlər. Musiqili Teatr konsert
təşkilatı deyil. Səsli ifaçılar Filarmoniyada konsertlər verə bilər. Qarşısına
teatrda çalışmağı məqsəd qoyan hər kəs aktyor sənətinə yiyələnməli və
öyrənməlidir”.
"Həm təhsil, həm də istedad mütləqdir”
Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının mətbuat xidmətinin
rəhbəriŞükufəAğamirzəyeva teatrın yaradıcı sənət növü olduğunu və burada təhsillə
yanaşı, istedadın da mütləq olmasının vacibliyini vurğuladı: "Teatrımıza tez-tez
vokalçılar, muğam ustaları, orkestr və balertistlər iş üçün müraciət edirlər. Teatra
işçi qəbul edərkən daha çox onların istedadına və əldə etdikləri təcrübələrinə
əsaslanırıq. Bəzən də elə o təcrübəni onlara özümüz qazandırırıq. Bilirsiniz
ki, Opera və Balet Teatrının təcrübəli solistləri var. Onlar müxtəlif tədris müəssisələrində
- Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Asəf Zeynallı
adına Musiqi Məktəbində, Bakı Xoreoqrafiya Akademiyasında çalışırlar. Onlar da
bəzən bizə bu işdə yardımçı olurlar. Belə ki, dərs dedikləri tədris müəssisələrində
müşahidə etdikləri, ən yaxşı tələbələri təklif edirlər. Biz də onları yoxlayır,
yaxşıların yaxşısını seçməyə çalışırıq. Həmin gənclər teatra dəvət olunur, bədii
şurada dinlənilirlər. Sınaq müddətini keçdikdən, özlərini doğrultduqdan sonra teatrın
ştatına qəbul olunurlar. Beləliklə, teatrın tanınmış solistlərinə çevrilirlər.
Bir sözlə, biz teatra işçi qəbul edərkən həm təhsilə, həm də istedada böyük önəm
yer veririk”.
"Elə
insan var ki, çox istedadlıdır, amma təhsili yoxdur”
Azərbaycan
Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev heç bir ali təhsil ocağında pantomima aktyoru ixtisasının olmadığını
və nəticədə teatra aktyor cəlb olunmasında çətinliklərlə üzləşdiklərini
bildirdi: "Təəssüf hissi ilə qeyd edim ki, nə aktyor yetişdirən ADMİU, nə də
rəqqas yetişdirən Bakı Xoreoqrafiya Akademiyası, nə də başqa bir təhsil
müəssisəsi Pantomima Teatrı üçün nə aktyor, nə də rejissor hazırlayır. ADMİU-da
aktyorlar dram və kino ixtisası üzrə hazırlanır. Ancaq hər bir aktyorun qabında
pantomima elementləri var, sadəcə onu üzə çıxarıb görmək lazımdır. Biz kadr
problemimizi həll etmək üçün tələbələri teatra dəvət edirik. Sosial şəbəkədəki səhifəmizdə
elan veririk. Teatrımızın yaradıcısı Bəxtiyar Xanızadə onlara baxır, səhnədə
etdikləri elə ilk hərəkətlərindən bəlli olur ki, bizim teatra yarayır, yoxsa yox.
Hətta elə aktyorlar var ki, Bəxtiyar müəllim onlarla bir ay məşğul olur. Pantomima
ilə məşğul olmaq istəyən aktyorlar üçün elan verdik. Bizə 100 nəfər aktyor müraciət
etmişdi. Onlardan yalnız ikisi teatra qəbul olundu. Bu gün tamaşalarımızın
əksəriyyətində o aktrisalar çalışırlar. Hazırda teatrımızda mənimlə birlikdə 14
aktyor var. Bu 14 nəfər durduğu yerdə qalsa, bizə kifayət edir. Onların sıfırdan
hazırlanmasına Bəxtiyar Xanızadə özü nəzarət edir”.
Elman Rəfiyev söhbət əsnasında qanunla teatrda
çalışmaq üçün aktyordan diplom tələb olunduğunu, amma bəzən istisna halların
olduğunu da bildirdi: "Elə insan var ki, çox istedadlıdır, amma təhsili yoxdur.
Çox istisna hallarda biz onları da qəbul edirik. Pantomimo Teatrı yarananda, bizə
bir aktrisa qoşuldu. O aktrisa Asəf Zeynallının fortepiano ixtisasında təhsil alırdı.
Tamaşalarda çox uğurla iştirak etdi. Bu gün çox adam Pantomima Teatrının adına
görə bizə müraciət edir. Gəlib görəndə ki burada iş prosesi həddən artıq ağır, məşəqqətlidir,
özləri qaçıb gedirlər. Bizim bir çox gənclərimiz birdən-birə məşhur olmaq
istəyirlər. Mən 25 ildir çalışıram. Bu günə qədər az-çox nəyəsə nail olmuşam.
Amma dünənin gəncləri bir ay içərisində məşhur olmaq istəyirlər”.
"Tələbələri seçib, öyrədirik”
Abdulla
Şaiqadına Dövlət Kukla Teatrının direktoru,
əməkdar mədəniyyət işçisi Rəşad
Əhmədzadə Kukla Tatında çalışmaq üçün heç
bir ali təhsil müəssisəsinin aktyor yetişdirmədiyini bildirdi. O, teatrın
özünün ADMİU-nun məzunu olmuş tələbələri istedadına görə seçib, onları məhz kukla
sənəti üzrə hazırladıqlarını bildirdi: "Ali təhsil ocaqlarında Kukla Teatrının
spesifik xüsusiyyətinə bələd olmaq üçün nə rejissor, nə də aktyor yetişdirilir.
Teatrımızın kadr potensialını ADMİU-nun aktyor məzunları təşkil edir. Belə ki,
biz o tələbələri seçirik, onlarla müəyyən bir müddət məşq edirik. Teatrda
onlara kukla ilə hərəkət qaydaları, səhnədə idarə olunan kuklanın texnikası,
hərəkət mexanizmini mənimsəmək, onun səs tembri ilə işləmək və bu kimi
proseslər öyrədilir. Kukla Teatrının aktyorları digər teatrların aktyorlarından
fərqlidir, onlardan istənilən halda çeviklik tələb edilir, bəzən bir aktyor səhnədə
bir neçə personajı canlandırır, bir neçə funksiyanı idarə etməli olur. Bunun üçün
o bütün bu prosedurlara hazır olmalıdır. Bunu isə onlara təhsil müəssisələrində
öyrətmirlər. Hazırda teatrımızın truppasında gəclər üstünlük təşkil edir. Bizim
kadrla bağlı problemlərimiz yoxdur. Müraciətlər var, ancaq bizim aktyor ştatımız
doludur”.
"Teatrlar təcrübə məktəbi funksiyasını daşıyır”
Sumqayıt
Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov teatra kadr seçərkən istənilən halda diplomun böyük önəm daşıdığını vurğulasa
da, Azərbaycan teatr tarixinə nəzər yetirdikdə, bir çox tanınmış sənətkarların
zamanında ali təhsilləri olmadığını bildirdi: "Peşəkar teatrlarda aktyorları
truppaya qəbul edəndə, diplomun olmasına çox önəm verilir. Ancaq teatr tarixinə
nəzərə saldıqda, bir çox sevilən mərhum sənətkarlarımızın diplomlarının olmadığını görürük. Onlar əldə
etdikləri uğura görə öz təcrübələrinə və eyni səhnəni bölüşdükləri, özlərindən
əvvəlki aktyorlara borcludurlar. Ancaq bu gün teatrlarda diploma daha çox önəm
verilir. Dörd il ali təhsil ocağında bu sənətin əlifbasını, aktyor sənətinin
əsaslarını, səhnə danışığını və sair öyrənirlər. Teatrlar isə praktiki olaraq
təcrübə məktəbi funksiyasını daşıyır. Bu gün teatrlarda daha çox diplomu olan
kadrlar çalışır. Hesab edirəm ki, teatrlara kadrların seçimində diplomun olması
vacibdir. Ancaq mən təcrübəyə də çox önəm verirəm. Universitet nəzəri cəhətdən
bilikləri verir, teatr isə artıq istehsalatdır. Teatrda təcrübəli pedaqoq,
rejissorlar varsa, onların özləri də məşq prosesində təkrarən maarifləndirmə
xarakterli o nəzəri bilikləri öyrədəcək. Əvvəllər universiteti bitirən
tələbələri təyinatla teatrlara göndərirdilər. Bu gün isə təyinat sistemi
yoxdur. İndi vəziyyət bir qədər başqadır. Gənclər özləri universiteti
bitirəndən sonra istədikləri teatra müraciət edirlər”.
M.Həmidov Sumqayıt Teatrına yeni
işçilər cəlb olunarkən namizədin təhsil aldığı universitetə və daha sonra səhnə
plastikasına önəm verdiklərini qeyd edir: "Azərbaycan Xalq Teatrında
çalışanların əksəriyyəti yaradıcılığa məhz Sumqayıt Teatrından başlayıblar. Bu
teatrın özünün istedadlı aktyor yetişdirmək kimi bir funksiyası da var. Biz
teatra aktyor seçərkən ilk növbədə işçinin təhsil aldığı universitetə, sənətinə
olan marağına baxıb, sınaq müddəti veririk. Bir-iki ay müddətində yoxlanılır.
Teatrda canlandırdığı bir neçə obrazdan sonra bədii şura tərəfindən
dəyərləndirilir və özünü doğruldursa, bizimlə davam edir”.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai
Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin
formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində
hazırlanıb.