• cümə, 26 Aprel, 13:44
  • Baku Bakı 23°C

Təhsil sistemini optimallaşdıracaq addım

15.02.19 18:26 1272
Təhsil sistemini optimallaşdıracaq addım
Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli qərarı ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Bakalavriat təhsil səviyyəsi üzrə bəzi ixtisasların ləğvi, adının dəyişdirilməsi və birləşdirilməsi cəmiyyətdə, xüsusilə tələbələr, valideynlər və abituriyentlər arasında ciddi çaşqınlıq yaradıb. Verilmiş qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən 18 ixtisasın adı dəyişdirilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Bunun nəticəsində abituriyentlər illərlə xəyalını qurduğu ixtisas üzrə təhsil ala bilməyəcəklərindən məyus olurlar. Ləğv olunmuş ixtisaslarda təhsil alan tələbələri isə gələcək talelərinin necə olacağı fikri narahat edir.
Yeni dəyişikliklə bağlı danışan Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə məsələnin Təhsil Nazirliyinin səlahiyyətinə aid olduğunu bildirdi: "DİM icraçı qurumdur. Nazirlər Kabineti tərəfindən qərar hansı formada gəlirsə, biz onu reallaşdırırıq. Tutaq ki, plan yeri gəlirsə, hansı ixtisasa qəbul aparmaq lazımdırsa, biz onu həyata keçiririk. Belə deyək ki, bu ixtisasların hansının azaldılması, ləğv olunması, yenisinin yaradılması məsələlərinə Təhsil Nazirliyi baxır”.
Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Yaqub Piriyev Təhsil TV-yə müsahibəsində bütün bu proseslərin optimallaşmaya, eyni istiqamətli ixtisasların bir ad altında cəm olunmasına, tələbələrin illərlə üz tutmadığı, daha dəqiq desək, artıq cəmiyyətdə ehtiyac duyulmayan ixtisasların ləğvinə əsaslandığını, ixtisas adlarının dəyişdirilməsinin isə dünya təhsil sisteminə inteqrasiya ilə əlaqədar olduğunu vurğulayıb: "Baloniya təhsil sisteminin tələblərindən biri də tələbə və müəllimlərin mübadiləsini genişləndirməkdir. Bu ixtisaslar uyğun olmayanda mobillikdə öz yerini tapa bilmir. Tələbələr gedib xaricdə kreditlər toplayırlar. Sonra gəlib görürlər ki, bu ixtisasların adı da yoxdur, bu fənlər də yoxdur. Məzmun, peşə kompetensiyalarına uyğun olmalıdır, fənlərə yox. Tələbələrin bilik və bacarığı əmək bazarının tələblərinə uyğun olmalıdır. Yeni ixtisasların 70%-ə qədəri Avropada tanınmış ixtisaslardır”.
"Nazirlər Kabinetinin təsdiqlədiyi "Ali təhsilin bakalavriat (ali baza tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq” deyən şöbə müdiri qeyd edib ki, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur. Bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb.O əavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq: "Yeni təsnifat hazırlananda əmək bazarının tələblərini də nəzərə almışıq. Texnika və texnologiya 11 aydan bir yenilənir. Amma bu qruplarda elə ixtisaslar var idi ki, onlar əmək bazarının tələblərinə uyğun deyildi. 175 mövcud ixtisasın sayı 148-ə endirilib. 70-ə yaxın ixtisas birləşdirilib və ya təsnifatdan çıxarılıb. 46 yeni ixtisas yaradılıb. Adlarında dəyişiklik edilməyən ixtisasların isə tədris proqramında köklü dəyişiklərin edilməsi nəzərdə tutulub Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Prosesə bu il və ya gələn il başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək, yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq.Yeni yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır. Bu, tələbələrin Avropada təhsilini davam etdirmək üçün əhəmiyyətlidir”.
Yaqub Piriyev ixtisas qrupları və ixtisaslara edilən dəyişiklər haqqında da məlumat verib. Belə ki, Təhsil ixtisasları qrupunda hazırda 21 ixtisas var. Rəqs müəllimliyi təsnifatdan çıxarılıb: "Humanitar və sosial ixtisaslar qrupunda17 ixtisasdan biri çıxarılıb. Çıxarılan ixtisaslardan antropologiya magistratura pilləsində tədris olunacaq. 2 ixtisas birləşdirilib. İslamşünaslıq adlı yeni ixtisas əlavə olunub. Mədəniyyət və incəsənət ixtisasları qrupunda21 ixtisasdan 8-i bir ad altında birləşdirilib. İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda12 ixtisasdan 4-ü birləşdirilib və onlarabeynəlxalq təcrübəyə uyğun adlar qoyulub. Dünya iqtisadiyyatı və iqtisadiyyat bir ad, kommersiya və biznesin idarə edilməsi isə başqa ad altında birləşdirilib. Beynəlxalq ticarət və logistika ixtisası yeni yaradılıb. Təbiət ixtisasları qrupunabiotexnologiya ixtisası əlavə olunub. Texniki və texnoloji ixtisaslar qrupunda 59 ixtisasın sayı 40-a endirilib. Bu qrupda o qədər ixtisas olub ki, onlar əmək bazarının tələbinə uyğun olmayıb. Bu qrupa 10 yeni ixtisas əlavə olunub. Onlardan biri logistika və nəqliyyat texnologiyaları mühəndisliyidir. Adıçəkilən ixtisasa yüksək ballı abituriyentlər qəbul olunacaqlar. Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-ünadı dəyişdirilib, 2-si çıxarılıb, 1 yeni ixtisas əlavə olunub. Balıqçılıq və balıqçılıq təsərrüfatı "balıqçılıq” adı altında birləşdirilib. Bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi və şərabçılıq ixtisasları yaradılıb. Zootexnik ixtisası zoomühəndislik ixtisası ilə əvəz olunub. Səhiyyə, rifah və xidmət ixtisasları qrupunayeni ixtisaslar əlavə olunub. Bədən tərbiyəsi və idmanda reabilitasiya, fizioterapiya və tibbi reabilitasiya, məşqçilik, tibb bacısı kimi ixtisaslar yaradılıb. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupundan1 ixtisas çıxarılıb, 2-si əlavə olunub. Sosial şəbəkələrdə bu qrupla bağlı yanlış məlumatlar yayılır. Qrupdakı 4 ixtisasın hamısı qalıb. Dünyada müalicə işi adlı ixtisas yoxdur. Tibb ixtisası var. Müalicə işi ixtisasının adı təhsilini xaricdə davam etdirənlərə problemlər yaradırdı. Daha sonra tibbi profilaktika –ictimai səhiyyə ixtisası ilə adlandırılır. Hərbi həkim işi hərbi tiblə əvəz olunub”.
Təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, hazırda əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilir və digər bu kimi təkmilləşdirilmə işləri görülür: "Başqa sözlə, ümumilikdə təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.
Təsəvvür edin ki, ali təhsilin bakalavr pilləsində təkcə I qrup üzrə nə qədər ixtisaslar olub. Ümumilikdə, bu qayda ilə mövcud 175 ixtisasın sayı 148-ə qədər azaldılmışdır. Belə bir addımın atılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması kimi hədəfləri əhatə etməyə hesablanıb. İdarəetmənin rasionallaşdırılması, optimallaşdırılması, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülüb və bu proses davam etməkdədir”.

Günel Azadə
Sara Nəcəf







banner

Oxşar Xəbərlər