• şənbə, 20 Aprel, 14:48
  • Baku Bakı 23°C

Təhsil sistemində yaranan gender disbalansı - Araşdırma

14.12.18 14:00 1610
Təhsil sistemində yaranan gender disbalansı - Araşdırma
"Strasburqa, alman mədəniyyətinin və tarixinin izlərini öyrənib şagirdlərimə danışmaq üçün gəlmişdim. Yay tətilindən sonra onlara söyləyəcəyim çoxlu materiallar topladım. Fikrimcə, bunlar uşaqların məlumatlanmasına çox kömək edəcək”. İki il bundan əvvəl Strasburq-Frankfurt qatarında söhbətləşdiyim gənc bavariyalı müəllimin bu sözləri məni "nə üçün bizdə cavan kişi müəllimlər barmaqla sayılası qədərdir və olanlar da bu qədər həvəsli deyillər?” sualı ilə üz-üzə qoymuşdu. Ölkələrində kişilərin müəllimlik peşəsini seçmələri ilə bağlı suallarıma alman gəncinin "oğlanlar bütün başqa sahələrlə bərabər, pedaqoji sahəyə də eyni marağı göstərirlər” cavabı bizdə kişi müəllimlərin çatışmamasından yaranan problemli mənzərəyə diqqətimi yönəltdi.
Hələ bir neçə il bundan əvvəl Milli Məclisin iclasında millət vəkili Leyla Abdullayeva orta məktəblərdə kişi müəllimlərin çatışmaması problemini gündəmə gətirsə də, keçən müddət ərzində hansısa stimullaşdırıcı və motivasiyaedici tədbirlər əks cinsin marağını bu sahəyə yetərincə yönəldə bilməyib. "Məktəbdə təhsil alan şagirdlərin, xüsusən də oğlan uşaqlarının formalaşmasında kişi müəllimlərin də olması vacibdir” deyərək, narahatlığını ifadə edən millət vəkilinin arqumentinə diqqət edək: "Unutmamalıyıq ki, o oğlanlar gələcəyin əsgərləridir və onların kişi kimi formalaşması üçün mütləq kişi cinsindən olan müəllimlərdən də dərs almaları lazımdır. Ancaq illərdir ki, orta məktəblərdə ciddi surətdə kişi müəllimlərin çatışmazlığı ilə üzləşirik və bu problem getdikcə böyüməkdədir. Bu isə gələcəkdə daha ciddi problemlər yaradacaq. Ona görə də, təklif edirəm ki, kişi müəllimlərlə bağlı kvota müəyyənləşdirilsin və onların bu sahəyə marağının artırılması üçün müəyyən maddi islahatlar aparılsın”. Millət vəkilinin fikirləri bu sahədə vəziyyəti aydın göstərməklə yanaşı, gələcəkdə yaranacaq və artıq ilk mənfi rüşeymlərini göstərən problemi ortaya qoyur.
Cəmiyyətdə də müəllimliyin sanki qadın peşəsi olması ilə bağlı stereotip yayılıb. Nəzərə alsaq ki, hələ sovet dövründən gimnaziyalarda, qəza və quberniyalarda dərs deyənlərin çoxu kişi müəllimlər idi, onda bu fikirlərin tam əsassız olduğuna nəinki özümüz inana, başqalarını da inandıra bilərik.

Tam olmayan ailə

Qonşu Rusiyanın təcrübəsinə müraciət etdikdə, təsəlli üçün olmasa da, ürək açmayan analoji vəziyyətlə qarşılaşmaq olur. Tuva şəhərində həyata keçirilən pilot layihə yaşı 40-a qədər olan kişilərin məktəblərə cəlb olunmasına kömək etsə də, nümunə dəryada damla təsiri bağışlayıb. Ümumilikdə müşahidələr, məktəblərdə kişi müəllimlərin idarəetməsinin gücləndiyini ortaya çıxarıb. Tuvanın elan olunan "Ən yaxşı kişi pedaqoqu” müsabiqəsi də problemin həllinə dəstək məqsədi daşıyıb. Rusiyanın Təhsil Nazirliyi nümunəni ölkə üzrə yaymağın tərəfdarıdır. Dövlət Dumasının "Hökumət saatı”nda çıxış edən elm və təhsil naziri Olqa Vasilyeva ölkənin təhsil siyasətini müzakirəyə çıxararaq qadın müəllimlərdən ibarət olan kollektivləri "tam olmayan ailə”yə bənzədib: "Müqayisədə kişilərin pedaqogikası qadınların pedaqogikasından fərqlidir. Təhsildə kişilərin pedaqoji metodologiyasından istifadəyə ehtiyac var”. Parlament üzvləri məktəblərdə baş verən insidentləri kişi müəllimlərin çatışmaması ilə əlaqələndiriblər: "Kişi pedaqoqların çatışmaması böyük problemlər yaradır. Kişilərdə müəllimlik peşəsinə maraq yaratmaq üçün pedaqoji ali məktəblərə qəbulda müəyyən üstünlüklər verilməlidir. Məktəblərdə işə başlayarkən kişilərin prioritetlərini müəyyən etmək qanuni cəhətdən düzgün deyil. Ancaq pedaqoji kadrlarda digər yollarla gender bərabərliyinin stimullaşdırılması vacibdir”.

Nəinki orta məktəbdə, ali məktəblərdə də...

Nəzər alaq ki, hələ sovet dövründə kişi müəllimləri yetişdirən ali məktəb funksiyası daha çox Azərbaycan Pedaqoji Universitetinin çiyinlərinə düşüb. Bəs bu gün necə, bu təhsil ocağının divarları arasında gələcək kişi müəllimlərin səsi yenə də əvvəlki kimi eşidilirmi?
Dövlət İmtahan Mərkəzinin (DİM) son üç ildə pedaqoji yönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə bağlı "Kaspi”nin sorğusuna cavabı bu istiqamətdə heç də müsbət tendensiyadan xəbər vermir. Belə ki, 2016-cı ildə bütövlükdə tələbə adını qazanan 8277 abituriyentin 6877 nəfəri qız, 1400 nəfəri oğlan olub. 2017-ci ildə oğlanların sayında azca artım müşahidə olunub: 8225 tələbədən 6719 nəfəri qız, 1506 nəfəri oğlan, 2018- ci ildə isə 9315 nəfərdən 7443-ü qız, 1872 nəfəri oğlan olub. Göründüyü kimi, rəqəmlər son üç il ərzində tədricən yüksəlsə də, elə bir əsaslı dəyişiklikdən xəbər vermir. Bu sferada üstünlük yenə də, necə deyərlər səs çoxluğu ilə qadınlara məxsusdur.
Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov sovet dövründə orta məktəblərdə, eləcə də ali məktəblərdə dərs deyən kişi müəllimlərin sayının daha çox olduğunu etiraf edir. Qadın müəllimlər isə həm orta, həm də ali məktəblərdə azlıq təşkil edirdi: "Hazırda isə məsələn, orta məktəblərin böyük əksəriyyətində qadın müəllimlərin sayı artıb. Bu ondan qaynaqlanır ki, artıq ali məktəblərdə müəllim olmaq istəyən kişilərin sayı azalıb. Qadınlar daha çox müəllim olmaq istəyirlər». Professor bunun obyektiv və subyektiv səbəblərini izah edərək bildirir ki, ümumiyyətlə, müəllimlik sənəti qadınlarla daha çox bağlıdır: "Qadınlar rahat bir sənət kimi məktəbdə dərslərini deyib qayıdırlar. Amma məsələnin subyektiv tərəfinə gəlincə, indi kişilər müəllim olmaq istəyindən uzaqdırlar. Çünki müəllim olub hər hansı bir fənni tədris etmək, bütün həyatını tədrisə bağlamaq istəkləri yoxdur. Bunun mühüm səbəblərindən biri əməkhaqqı məsələsidir. Kişilər daha çox iqtisadçı, mühəndis, həkim, texnoloq və bu gün əmək bazarının tələb etdiyi sahələrə yönəlirlər. Düzdür, elə kişi müəllimlər var ki, onlar repetitorluq edir və ailələrini əvvəlkindən də yaxşı saxlayırlar. Ancaq bunu bir qisim müəllimlər edir. Bu da məktəbdə xoşagəlməyən vəziyyət yaradır”. B.Xəlilov hesab edir ki, kişi müəllimlərin uşaqların təlim-tərbiyəsindən kənar qalması müəyyən fəsadlara yol açır: "Ailədə daha çox, ana övladının təlim-tərbiyəsi ilə məşğul olur. Uşaq orta məktəbə gəlir, orada da qadın müəllimlər onunla məşğul olurlar. Oğlan uşaqları həm ailədə ananın, orta məktəbdə də qadın müəllimlərin diqqət mərkəzində olurlar. Bu, onların psixologiyasında müəyyən dəyişiklik yaradır. Yəni onlar kişi xarakterli böyüyə bilmirlər. Bu da onların gələcək həyat fəaliyyətlərində ailə başçısı, cəmiyyətdə yaxşı bir vətəndaş olmalarında müəyyən mənada mənfi iz buraxır”. Professor təəssüflə bildirir ki, hazırda nəinki orta məktəblərdə, hətta ali məktəblərdə də qadın müəllimlərin sayı çoxalıb: "Artıq ali təhsil müəssisələrində çalışan əməkdaşların da əksəriyyəti xanımlardır. Hətta, elmə gələn gənc mütəxəssislər içərisində kişilərin sayı artıq azlıq təşkil edir”. Professor hesab edir ki, bütün hallarda bu balansın pozulması müsbət hal deyil. O mənada ki, təcrübələr də, kişilərin müəllim kimi çalışmalarının daha effektiv nəticələr verdiyini göstərir: «Kişilərin alim olması effektiv nəticələr verir. Bu baxımdan, bunlar düşünüləsi, cəmiyyəti narahat edəsi məsələlərdir. Eyni zamanda, bu, hər bir ziyalını və vətəndaşı narahat edən məsələ olmalıdır. Çünki cəmiyyətin gələcək inkişafı müəllimlərdən asılıdır. Ona görə, bu sahədə 50-nin 50-yə nisbətini qorumaq vacib şərtdir. Həmçinin gələcəyin inkişafı alimlərdən asılıdır. Gələcək üçün alimlərin də tarazlığını qorumaq vacib şərtdir. Nədənsə, artıq kişilər elmə verəcəkləri faydadan daha çox, başqa sahələrə üz tuturlar». B.Xəlilovun fikrincə, bu sahədə tarazlığı qorumaq üçün müəyyən stimullaşdırıcı işlər görülməlidir. Belə ki, onların iş şəraitinin yaxşılaşdırılması, müəyyən imtiyazların verilməsi, əmək haqlarının artırılması kişilərin bu sənətə marağının artmasına gətirib çıxara bilər: "Əks təqdirdə məktəblərin əksəriyyəti yalnız qadınlardan ibarət olacaq. Əgər yaşlı nəsli çıxsaq, orta məktəbdə artıq 65 yaşdan yuxarı olanlar təqaüdə göndərilirlər, bu yaşdan aşağı olanların statistikasını aparsaq, görərik ki, orta nəsil və 65 yaşa qədər olanlar içərisində kişilər daha çox, gənclər arasında isə qadınlar üstünlük təşkil edirlər. Bu cür ənənə davam etsə, orta məktəb bütövlükdə qadın kontingentindən ibarət olacaq. Belə kontingentin olması isə istər-istəməz təhsilin keyfiyyətinə də mənfi təsir göstərəcək».

Cəmi 18 faiz kişilər

"Azərbaycanda ümumi pedaqoqların cəmi 18%-ni kişilər təşkil edir”. Təhsil Nazirliyinin məlumatında açıqlanan rəqəmlər də sevinməyə əsas vermir. Belə ki, bu faiz bütün ölkə üzrə 25.276 nəfər deməkdir. "Bu mənzərə ölkənin təhsil sistemində əhəmiyyətli dərəcədə gender disbalansının olduğunu göstərir” - deyən Qadın Liderliyi Uğrunda İctimai Birliyin rəhbəri Ülkər Abdullayeva "Kaspi”yə açıqlamasında bildirdi ki, ölkənin orta ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu çərçivəsində keçirilən sonuncu qəbul prosesində 50 mindən artıq namizəd iştirak edib. Onların cəmi 8,185 nəfəri kişi pedaqoqlardır. Ü.Abdullayevanın sözlərinə görə, hazırda kişi müəllimlərin sayının ən çox olduğu yeganə rayon Yardımlıdır. Bu rayonda 789 kişi pedaqoq çalışır ki, onlar da ümumilikdə rayon məktəblərindəki müəllimlərin 85%-ini təşkil edirlər: "Hazırda Azərbaycanda 5 minə qədər orta ümumtəhsil məktəbi var ki, orada da 150 minə qədər müəllim çalışır”. İB rəhbəri kişilərin müəllimlik peşəsini seçməmələrinin əsas səbəbini əmək haqqının azlığı ilə əlaqələndirir: "Maaşın azlığı ailə başçısına ailəsinin bütün zəruri xərclərini ödəməyə imkan vermir. Orta məktəb müəllimi orta hesabla 250-400 manat maaş alır. Bu maaşla ailəni dolandırmaq mümkün deyil. Ona görə də, kişilər daha çox qazanc əldə edə biləcəkləri sahələrə üstünlük verirlər. Nəticə olaraq, ümumtəhsil müəssisələrində kişi pedaqoqların sayı kritik dərəcədə azdır. Kişiləri təhsil prosesinə cəlb etmək üçün onlara stimul vermək lazımdır. Bu stimul müəllimlərin maaşlarının artırılması, yaxud da xidməti müqavilə ilə eyni anda bir neçə təhsil müəssisəsində çalışmaq imkanının yaradılması ola bilər”. Ü.Abdullayeva hesab edir ki, kişi müəllimlər təhsildə xüsusilə yeniyetmə oğlanların psixologiyasının formalaşmasında mühüm rol oynayırlar: "Nəzərə almaq lazımdır ki, atalar həmişə uşaqlarının yanında olmurlar, günün çox hissəsini işləyirlər. Uşaqların tərbiyəsi ilə ancaq analar məşğul olur. Oğlan uşaqları evdə də, uşaq bağçalarında da, ibtidai sinifdə də, bir sözlə, bütün təhsil prosesi boyu ancaq qadın pedaqoqlarla qarşılaşırlar. Bu isə onların xarakterinin formalaşmasına öz təsirini göstərir. Eyni zamanda qız uşaqlarının da formalaşmasında, əks cinsin nümayəndələri ilə ünsiyyət qurmaq keyfiyyətinin yaranmasında kişi müəllimlərin əhəmiyyətli rolu ola bilər. Son illərdə belə düşüncə formalaşıb ki, müəllimlik qadın sənətidir, kişi işi deyil. Bu düşüncəni dəyişmək lazımdır. Bunun üçünsə cəmiyyətdə müəllimlərin, xüsusi olaraq da kişi müəllimlərin nüfuzu qaldırılmalıdır".
İB sədrinin kişi müəllimlərin qıtlığı ilə bağlı fikirləriniNəsimi rayonundakı Texniki Humanitar Liseyin riyaziyyat muellimi Mübariz Namazov təsdiqləyir: "Bəli, orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı hədsiz dərəcədə azdır. Əmək haqları kişi müəllimləri qane etmir. Ona görə də, çoxu məcburiyyət qarşısında qalıb əlavə məşğələlər keçir. Gənclər də müəllimliklə bağlı perspektiv görmürlər. Bu sahədə oxumaq istəyənlərin sayı get-gedə azalır”.
Razılaşaq ki, "Gen Zed” deyilən "rəqəmsal” nəsil böyüyür. Əmək bazarının diktəsi də gəncləri müasir ixtisas seçimləri ilə üz-üzə qoyur. Bütün bu proseslərin fonunda müəllimlik kimi müqəddəs bir peşə gənc oğlanlar üçün yadlaşmaqdadır. Gələcək kişiləri kişilərsiz tərbiyə etmək isə ağlagəlməz işdir. Faktlar isə sübut edir ki, kişi nümunəsini uşaqlar üçün heç nə ilə əvəz etmək mümkün deyil. Pedaqoji irsi dünya ölkələrində tətbiq olunan görkəmli pedaqoq Anton Semyonoviç Makarenkonun ”Pedaqoji poeması” bu baxımdan əhəmiyyətini çətin itirə... Bizim təhsil bilicilərinə və səlahiyyətlilərinə isə problemin həlli istiqamətində daha motivasiyaedici addımlar atmaq qalır...

Təranə Məhərrəmova

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür


banner

Oxşar Xəbərlər