• cümə axşamı, 28 mart, 14:49
  • Baku Bakı 16°C

Təhsil sahəsindəki islahatlar nəticə verməyə başlayıb

28.11.18 19:02 1006
Təhsil sahəsindəki islahatlar nəticə verməyə başlayıb
«Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyinə təsadüf etməsinin rəmzi mənası vardır. Ölkəmizdə ana dilli təhsil sistemi və təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulub. Xalq Cümhuriyyətinin varisi müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır”. Ölkə başçısı İlham Əliyevin Azərbaycan Müəllimlərinin XV qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alan bu fikirlər Azərbaycan təhsilinin beynəlxalq meyarlar əsasında inkişafına xidmət edən islahatların ölkəmizdə dönməz xarakter aldığını, diqqət çəkən nailiyyətlərin əldə edilməsinin bilavasitə təsdiqinə çevrildi. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın qurultay iştirakçılarına oxuduğu məktubda "Təhsilin inkişafı üzrə dövlət strategiyası”nın icrasından keçən 5 ildə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atıldığı və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasının sürətləndiyi diqqətə çatdırılır: "Qazanılan uğurlar dövlətin təhsil siyasətinin davamlı inkişafına diqqət və qayğının təzahürü, eyni zamanda Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.
Dövlət siyasətinin əsas prioritetlərindən biri
Qurultayda hesabat məruzəsi ilə çıxış edən təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu quruculuq işlərinin prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirildiyini diqqətə çatdırdı. Belə ki, cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Həmçinin təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.
Nazir bildirdi ki, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınıb: "Qeyd olunan məqsədlərə çatmaq üçün ölkə prezidentinin təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Strategiyada qeyd edilən 5 istiqamət: məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə üzrə islahatların aparılması nəzərdə tutulub”. C.Bayramov qeyd etdi ki, hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələrində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr həyata keçirilir. Belə ki, təməl bacarıqlarının uşaqlıq dövründən əldə edildiyini nəzərə alaraq Təhsil Nazirliyinin təklifləri əsasında Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq təhsil tariximizdə ilk dəfə olaraq dövlət hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığına başlanılıb: "2016-cı ildə həmin yaşda olan uşaqların 55, 2017-də 65, 2018-ci ildə isə 75 faizi məktəbəhazırlığa cəlb edilib. 2020-ci ildə məktəbəhazırlığın 90 faizə çatdırılması hədəf olaraq seçilib”. Həmçinin bu tədris ilində 2 140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci siniflər üzrə təhsil alanların 28 faizini təşkil edib: "İlkin təhlillər göstərir ki, təmayüllü məktəbləri bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər”. Nazir əlavə etdi ki, respublika fənn olimpiadalarının iştirakçılarının sayı təxminən 5 dəfə artıb. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübə əsasında, Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən nazir ötən illər ərzində müəllimlik ixtisasına müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırdı. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacağını deyən nazir bununla bağlı orta təhsil sistemində təmayülləşmənin daha erkən yaşlardan tətbiqinin, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nanotexnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqinin prioritet hesab olunmasının vacibliyini vurğuladı. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğuladı. Təhsilin daim inkişaf edən sahələrdən biri olduğunu deyən nazir növbəti qurultaya qədər həlli vacib olan bir sıra məsələlərin olduğunu da qeyd etdi.
Qarşıda dayanan vəzifələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatları Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan cəsarətli addımlar adlandıran baş nazirin müavini Əli Əhmədov bu islahatların gələcəkdə ölkə təhsilini yeni səviyyəyə qaldıracağına əminliyini bildirdi: "Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir. Zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur. İnsanı valideynləri ilə yanaşı, həyata hazırlayan ikinci şəxs müəllimdir. Müəllimlər həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında xüsusi rol oynayırlar. Azərbaycan müəllimləri bu vəzifələrin öhdəsindən layiqincə gəlirlər”. Ə.Əhmədov dövlətin təhsilə göstərdiyi diqqətin yalnız statistik göstəricilərdə öz əksini tapmadığını bildirdi. Belə ki, bu gün müəllimlərin həyat səviyyəsinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir: "Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabətqabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabətdə təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıran dövlətlər qalib çıxacaq”. Ə.Əhmədov diqqətə çatdırdı ki, yüksək təhsilə, biliklərə malik insanlar lazımi təhsil səviyyəsi olmayan işçilərdən 3 dəfə çox əməkhaqqı alırlar: "İnsanların məşğulluğunun təmin edilməsində onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir. Həmçinin özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsi vacibdir. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci tərəfdən də təhsilə qoyulan vəsaitin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik”. Ə.Əhmədov həmçinin təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac olduğunu vurğuladı: "Cəmiyyətə mənfi təsir göstərən ən böyük faktorun təhsil sahəsindəki neqativ hallardır. Təhsil Nazirliyinin apardığı islahatlar neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Amma qarşıda dayanan vəzifələr də çoxdur. Bu sahədə daha ciddi addımların atılmasına ehtiyac var”.
Təhsilverənlərin müasirləşdirilməsi
«Bəşəriyyət uğur adına nə qazanıbsa, bunun üçün müəllimə borcludur» - deyə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova son beş il ərzində Azərbaycan təhsilinin qazandığı uğurlardan danışdı: "Bu illər ərzində çox işlər görülüb. Burda ölkə iqtisadiyyatının inkişaf tempinin, əsası ulu öndər tərəfindən qoyulan təhsil siyasətinin və bu gün də həyata keçirilən islahatların böyük rolu var. Elə bir insan yoxdur ki, təhsillə bağlı olmasın. Elə bir ailə yoxdur ki, bu sahədə yeridilən siyasət, əldə edilən nəticə və üzləşdiyimiz problemlər onların həyatına təsir etməsin». Azərbaycan dövlətinin bütün sahələrdə müasirləşməsinin qarşıya qoyulan vəzifələrdən olduğunu bildirən vitse-spiker bu məsələnin ağırlıq yükünün müəllimlərin çiyinlərinə düşdüyünü qeyd etdi: «Təhsilverənin müasirləşdirilməsi Təhsil Strategiyasında da öz əksini tapıb. Təhsil alanın yüksək standartlara cavab verməsi üçün təhsil verənlərin müasirləşdirilməsi, həmçinin övlad yetişdirən ailələrin də müasirləşməsinə ehtiyac var. Valideynlərin də övladları ilə birlikdə təhsilalma prosesində iştirakına ciddi diqqət yetirməliyik. Ailənin öz maddi imkanını öz övladının təhsilinə yönəltməsində qeyri-adi bir şey yoxdur”.
Təhsil islahatlarının həmişə dövlətimizin diqqət mərkəzində olduğunu deyən millət vəkili Səttar Mehbalıyev strateji sahə olan təhsilin bütün digər sahələrə nüfuz etdiyini bildirdi: "Büdcədən təhsilə ayrılan vəsaitlər artırılır, dövlət proqramlarının icrası davam etdirilir, yeni layihələr həyata keçirilir, məktəblər tikilir. Biz bu gün təhsilin keyfiyyətinin artırılmasını, müəllimlərin rifahının yaxşılaşdırılmasını müşahidə edirik». S.Mehbalıyev rəhbərlik etdiyi Həmkarlar Konfederasiyasının da bu istiqamətdə töhfələr verdiyini vurğuladı: «Təşkilatın üzvü olan müəllimlərin istirahətlərinin, sağlamlıqlarının təmini üçün sanatoriyaların təşkil edilməsi, onların sosial problemlərinin həlli üçün yaxından köməklik edirik. Bundan sonra da onların asudə vaxtlarının təşkili və sağlamlıqlarının qorunması istiqamətində öz köməyimizi göstərməyə hazırıq».

Yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun üzərinə düşən missiyanın səmərəliliyini təmin etmək üçün proses iştirakçıları ilə sağlam əlaqə yaratmağı vacib saydığını dedi: "Bu prosesdə müəllimlərin də müstəsna rolu var. Hesab edirik ki, prosedurların şagird və valideynlərə izah olunmasında, nəticələrin düzgün təqdim olunmasında, uşaqların zəif və güclü cəhətlərinin müəyyən olunmasında müəllimlərin yaxından iştirakı vacibdir”. M.Abbaszadə qeyd etdi ki, builki imtahan kampaniyası ərzində DİM-ə 2 417 yazılı müraciət daxil olub. Bu da iştirakçıların sayının 0.3 faizini təşkil edir. "Biz öz işimizlə əlaqədar ictimaiyyətdən az da olsa şikayətlər alırıq. Ancaq biz o şikayətləri əks əlaqə kimi qəbul edirik. Bu cür əks əlaqələr prosesin daha da təkmilləşməsinə kömək edir. Lakin onu da qeyd edim ki, biz yalan və iftiralara qarşı ehtiyatlı olmalıyıq. Təəssüf ki, bəzən müəllim adını daşıyan bəzi şəxslər də bu tipli proseslərdə iştirak edir. Təbii ki, biz bu cür halların qarşısını alırıq və belə əməllərə hüquqi qiymət verilməsini təmin edirik. Fəaliyyətimizin legitimliyi cəmiyyətin bizə etibarına əsaslanır. Sosial şəbəkələr bizi daha da diqqətli olmağa vadar edir”.
100-ə yaxın şagirdin oxuduğu, 23 müəllimin çalışdığı Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev rəhbərlik etdiyi məktəbin müasir infrastruktura malik olduğunu qeyd etdi: "Təhsilin keyfiyyətinin dövrün tələbləri baxımından yüksəldilməsi aktual məsələlərdəndir».
Qurultayın plenar iclasında çıxış edən digər iştirakçılar da təhsil islahatlarının gətirdiyi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Qurultayın plenar iclasından sonra görüş panel sessiyalarında davam etdirildi. «Ümumi təhsil: Bu günə və gələcəyə baxış» başlığı altında «Ümumi təhsilin məzmunu», «Şagird nailiyyətlərinin qiymətləndirilməsi», «Müəllim və cəmiyyət», «Ümumi təhsilin idarəolunması», «Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği», «Ali təhsil: mövcud vəziyyət və perspektivlər» mövzuları ətrafında müzakirələr aparıldı.
Qurultay çərçivəsində prezidentin 4 oktyabr 2018-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim” fəxri adına layiq görülən və "Tərəqqi” medalı ilə təltif olunan 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim olundu.
Qeyd edək ki, qurultayda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrindən ümumilikdə 200-dən artıq, ölkənin bütün şəhər və rayonlarında yerləşən ümumi təhsil, habelə orta ixtisas və peşə təhsili məktəblərindən 1400-ə yaxın nümayəndə iştirak edirdi.

Qurultayda iştirak etdi
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər