• çərşənbə axşamı, 19 mart, 14:13
  • Baku Bakı 8°C

Təhsil sahəsində son on ildə aparılan islahatlar bu gün uğurlu nəticələrini göstərir

28.07.21 17:00 471
Təhsil sahəsində son on ildə aparılan islahatlar bu gün uğurlu nəticələrini göstərir
Azərbaycanda təhsilin inkişafına hər zaman diqqət, qayğı olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədəki xaos təhsil sisteminə də öz mənfi təsirlərini göstərdi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi təhsildə də dirçəliş hiss olundu. Ötən illər ərzində təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar bu sahənin prioritet olduğunu göstərdi. Təhsil sahəsində son on ilin ən mühüm hadisələri Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, habelə Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu sahə üzrə müzakirələrin təşkili, elm və təhsilin problemlərinə dair bir sıra beynəlxalq sərgilərin təşkilinə ev sahibliyi, bir sıra mühüm qanun və qərarların qəbul edilməsidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O bildirib ki, Strategiyanın qəbulu təhsilin mövcud durumuna nəzər salmağa imkanı verdi: "Bu mühüm sənəddəki təhlillər göstərdi ki, təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməyib. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır. Bütün bunlar nəzərə alınaraq, təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkildi”.
Nadir İsrafilov qeyd edib ki, Strategiyada beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.
Strategiyanın qəbul edilməsindən keçən müddət ərzində nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb. Hər şeydən əvvəl əsaslı tikinti, təmir, təchizat, bununla bağlı digər infrastrukturlar yaradılıb və daha da təkmilləşdirilib. Təhsil məzmun və formaca yenilənib, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. Təhsilin təkmilləşdirilməsi istiqamətində "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklər edilib, bu məqsədlə yeni sahəvi qanunlar qəbul olunub.
"Bu illər ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müəllimlərin ixtisasının artırılması, staj keçməsi, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub. Ən başlıcası isə pandemiyanın təhsilə ciddi təsirini minimuma endirmək, vəziyyəti normal axara salmaq üçün təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən bütün mümkün olan lazımi tədbirlər həyata keçirilib. Beləliklə, təhsil sahəsində son on ildə aparılan islahatlar bu gün uğurlu nəticələrini göstərir”, - deyə Nadir İsrafilov qeyd edib.
banner

Oxşar Xəbərlər