• cümə, 19 Aprel, 12:30
  • Baku Bakı 25°C

“Təhsil islahatları bu il də davam etdiriləcək”

27.01.20 18:32 2462
“Təhsil islahatları bu il də davam etdiriləcək”
Təhsil Nazirliyində keçirilən tədbirdə 2019-cu ilin yekunlarına nəzər salındı, 2020-ci ilin hədəfləri açıqlandı

"Təhsil Nazirliyi il ərzində bir neçə dəfə ilin yekunlarını müzakirə edir. Təqvim ili ilə tədris ili üst-üstə düşmədiyindən, təhsil sahəsində baş verən yeniliklərin il ərzində hesabatını bir neçə dəfə təqdim edirik. 2019-cu ilin yekunları, təhsil sahəsində aparılan islahatlarla bağlı da çoxsaylı tədbirlər keçirilib». Təhsil Nazirliyində keçirilən mətbuat konfransında 2019-cu ilin yekunlarına nəzər salındı, 2020-ci ilin hədəflərindən danışıldı.
Yüksək şagird sıxlığı

Təhsil müəssisələrinin vəziyyəti, infrastrukturu, şagirdlərin təhsil alması ilə bağlı məsələlərə toxunan təhsil naziri Ceyhun Bayramov qeyd etdi ki, 2019-cu ildə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilib: "2019-cu ildə Təhsil Nazirliyinin hədəflərinə uyğun olaraq 84 yeni məktəb tikilib və ya əsaslı təmir edilib. Bu istiqamət Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. 2019-cu ildə onlarla yeni məktəb binası Mehriban Əliyevanın birbaşa qayğısı sayəsində tikilərək istifadəyə verilib və beləliklə, 2019-cu ildə 100-dən çox məktəb binası istifadəyə verilib. Bu il də Dövlət Proqramlarında yeni məktəb binalarının tikintisi və əsaslı təmiri nəzərdə tutulub. 2020-ci ildə görüləcək işlər keçən il görülən işlərə həcmcə bərabər və ya artıq ola bilər». Nazir məktəblərdə yüksək şagird sıxlığı ilə bağlı məsələyə toxunaraq ölkə üzrə 4500-ə yaxın məktəbin olduğunu qeyd etdi: «Ölkədə əhalinin sayı hər il artır və orta hesabla, şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Əhalinin miqrasiya prosesi də baş verir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur».

Şagirdlər üçün xüsusi avtobuslar
Nazir bildirdi ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədidə, Sulutəpə, Xırdalan şəhərində, Abşeron rayonunun Masazır və Saray qəsəbələrində məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək. Bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də, Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpusu yeni tədris ilində hazır olacaq. Sumqayıtdakı 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübündə yekunlaşacaq”.Nazirin sözlərinə əsasən, valideynlərlə keçirilən görüşlərdə məktəblər üçün avtobusların təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb. Məktəblilər üçün avtobusların təşkilindən ötrü Təhsil Nazirliyinin işçi qrupu Bakı Nəqliyyat Agentliyi ilə bu istiqamətdə işlər həyata keçirir: "Birgə səylərimiz sayəsində 2020-ci ilin sentyabrında yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı sıx olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağımızı düşünürəm. Bu işin əhatə dairəsi tədricən genişlənəcək. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər”.
Yeni formatda dərsliklər
Nazir təmayül siniflərinin sayının artırılacağı istiqamətində işlər görüləcəyini də qeyd etdi. Belə ki, istedadlı şagirdlərin aşkar edilməsi istiqamətində bu, uğurlu layihədir: "Şagirdlərin beynəlxalq səviyyədə uğurları artır. Keçən il beynəlxalq yarışlarda 5 fəndən 4-ü üzrə 40 medal qazanılıb. Şagirdləri bu istiqamətdə motivasiya etmək üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul prosesi həyata keçirilir. Keçən il 3 şagird ali təhsil müəssisələrinə bu istiqamətdə qəbul olunub. 2019-cu ildə ödənişsiz əsaslarla qəbul olunanların sayı 66 faiz artıb: Hər iki tələbədən birinin dövlət hesabına oxuması göstəricisinə yaxınlaşırıq. Bu il bu göstəriciyə nail olacağıq”.
Nazir dərsliklər məsələsinə toxunaraq bildirdi ki, mövcud dərslikləri elektron formatda çap etməklə, əlavə materiallarla zənginləşdirməklə, video görüntülərin daxil edilməsi ilə 256 elektron dərsliyi zənginləşdirilib: "Bunun nəticəsi olaraq 2019-cu ildə dərsliklərə baxış sayı ümumilikdə 20 milyondan artıq olub. Bu istiqamətdə 2020-ci ildə də işlərimizi davam etdirəcəyik. Həmçinin yeni formatda bir sıra dərsliklər hazırlanır. Ən azı bir il ərzində ölkənin 100 məktəbində istifadə edilən, özünü doğruldan və istifadəsi bütün ölkə ərazisində həyata keçirilən dərsliklərdən söhbət gedir. Yeni modellə hazırlanan dərsliklər birinci siniflər üçün nəzərdə tutulur. Bəzi dərsliklər üçün bir, bəzi dərsliklər üçün iki il sınaq müddəti nəzərdə tutulub. Müəllimlərdən daxil olan rəylər nəzərə alınır və həmin dərsliklər təkmilləşdirilir. Beynəlxalq təcrübəyə görə təhsilin məzmunu daim yenilənir və təkmilləşir. 2020-ci ildə təkmilləşdirilmiş standartlar tətbiq edliləcək”.

Tələbə yataqxanalarının mövcudluğu

Nazir qeyd etdi ki, ali məktəblərimiz üçün vacib olan faktorlardan biri əcnəbi tələbələrin cəlb edilməsi məsələsi olduğundan, tələbə yataqxanalarının mövcudluğu əsas şərtlərdən biridir: "Neft və Sənaye Akademiyasının, Lənkəran Dövlət Universitetinin tələbə yataqxanası kompleksləri istifadəyə verilib. O cümlədən, Gəncədə 800 yerlik yataqxana kompleksi növbəti aylarda başa çatacaq. Sumqayıtda məcburi köçkünlər köçürüləndən sonra yaxın vaxtlarda 250 nəfərlik yataqxananın əsaslı təmirinə start veriləcək. O cümlədən, Bakı Dövlət Universitetinin yataqxanasının təmir işləri yekunlaşmaq üzrədir. Təhsil Nazirliyi «Asiya İnkişaf Bankı» ilə tələbə yataqxanalarını daha da inkişaf etdirmək istiqamətində xüsusi layihə hazırlayıb. Məqsəd özəl sektoru cəlb etməklə yataqxanaların tikintisini həyata keçirməkdir”.
Psixoloji xidmətin təşkili

C.Bayramov bildirdi ki, diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməyinin stimullaşdırılması üçün təkliflər hazırlanacaq: «Ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib. Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar təqdim edilib. Psixoloqların əməkhaqqısı diaqnostik qiymətləndirmədən keçən müəllimlərdən fərqli şəkildə müəyyən edilir. Bu gün psixoloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əməkhaqqısı müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları 2 dəfədən bir qədər az artırılıb”.
Təhsil naziri qeyd etdi ki, diaqnostik qiymətləndirmənin nəticəsi olaraq psixoloji xidmətin təşkili ilə bağlı təhlillər aparılacaq və bu kateqoriyadan olan insanların əməyinin stimullaşdırılması, həmin xidmətin təşkil edilməsi, onların sayının müəyyən edilməsi istiqamətində təkliflər hazırlanacaq: "Bildiyiniz kimi, əməkhaqqı artımı, əlavə ştatların açılması bir sıra qurumlarla razılaşdırma formasında həyata keçirilməlidir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə təşəbbüslər irəli sürüləcək”.

Hərtərəfli qiymətləndirmə

Müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydaların növbəti aylarda təsdiq olunacağını qeyd edən təhsil naziri diqqətə çatdırdı ki, qaydalar təsdiq edildikdən sonra - 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq: "Təbii ki, bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirmə aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır. Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq. Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyələrə çatmaq üçün təkrar olaraq, ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq”.
Vətəndaş müraciətlərinə ciddi reaksiya
C.Bayramov 2019-cu ildə korrupsiya faktlarına görə 6 rayonun təhsil şöbəsi rəhbərinin əmək müqaviləsinə xitam verildiyini bildirdi. Belə ki, 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər tətbiq edilib: "Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqaviləsinə xitam verilib və onlar işdən kənarlaşdırılıb. Müqavilələrinin müddəti başa çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib. Korrupsiya ilə bağlı vətəndaş müraciətlərinə ciddi reaksiya verilir. Əfsus ki, bu istiqamətdə hələ də pozuntularla rastlaşırıq. 2020-ci ildə də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən buna sərt formada ciddi reaksiya veriləcək”. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəb ləvazimatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir”.
Nazir məktəbli formalarının və dərs ləvazimatlarının qiymətləri ilə bağlı məsələyə də münasibət bildirdi: "Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəb ləvazimatlarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Belə ki, qiymətlərin müəyyən edilməsi keyfiyyət və forma ilə əlaqədar olaraq, istehsalçılardan asılıdır: "Məktəbli formalarının qiymətinin yüksək olmamağı tövsiyə edilir. Bir sıra istehsalçılar buna riayət edir. Bizdə olan məlumata görə, istehsalçıların özü də qiymətlərin aşağı olmasında maraqlıdır. Çünki qiymət münasib olarsa, formalar da satılar”. Nazir qeyd etdi ki, ötən il xeyli sayda sosial paket həyata keçirilib. Eyni zamanda tələbələrin təqaüdləri artıb ki, bu da 110 min tələbəni əhatə edib. Təqaüd alan tələbələrin sayının artırılmasına da nail olunub. Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbənin bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da xüsusi aviareyslə Azərbaycana gətirildiyini deyən nazir bildirdi ki, zəlzələdən sonra təxliyə edilən tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətindədir. "Hazırda geri qaytarılan tələbələr tətildədirlər. Sonrakı mərhələdə tələbələrin dərslərində hansısa fasilələrin yaranacağı ilə bağlı suallara müəyyən vaxtdan sonra dəqiq cavab veriləcək. Eyni zamanda, yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla, növbəti addımlar atılacaq”.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər