• cümə axşamı, 25 aprel, 05:07
  • Baku Bakı 19°C

“Təhsil əlaqələrimiz bütün əlaqələrdən önəmlidir”

03.12.19 09:30 10615
“Təhsil əlaqələrimiz bütün əlaqələrdən önəmlidir”
Türkiyə Səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş hazırda bu ölkənin universitetlərində təhsil alan tələbələrin sayının 20 min nəfəri keçdiyini deyir
Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı münasibətlərdə təhsilin mühüm yeri var. Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş «Kaspi» qəzetinə müsahibəsində bu əlaqələrin get-gecə inkişaf etdiyini və hər iki ölkəyə töhfələr verdiyini deyir.
Ortaq dil, ən qədim dövlət və məktəblər
- Nihat bəy, azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almaq istəklərinin səbəbini necə izah edə bilərsiniz?
- Türklərin qurduqları ən qədim, müstəqil dövlət Anadolu torpaqlarında yaranıb. Bu dövlətin də birləşdirdiyi bir mədəniyyət vardı. Onlardan biri də təhsil mədəniyyətidir. Dolayısı ilə türk dünyasının ən qədim və inkişaf etmiş məktəbləri Anadolu torpaqlarındadır. Bunun səbəbi də uzunmüddətli, müstəqil bir dövlət qurmaqlarından qaynaqlanır. Yəni, məktəblər keçmişimizdən bu günə qədər bir mədəniyyətin əsəridir -bir səbəbi budur. Digər bir səbəbi dil olaraq iki ayrı dövlətin vətəndaşlarının anlaşa bildiyi tək ölkə Türkiyədir. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında fərq olmadığı üçün xaricə getdiyiniz zaman həyatınızı ən rahat yaşaya biləcəyiniz ölkə Türkiyədir. Yəni, türklər Azərbaycanda, azərbaycanlılar Türkiyədə olarkən heç bir tərcüməçiyə ehtiyac qalmır. Bu təhsil dilinə də təsir edir. Türk dünyasının təhsil dilini həyata keçirən, dünya çapında universitetləri, məktəbləri olan tək coğrafiyası Anadoludadır. Eyni dili danışdıqlarına görə azərbaycanlı tələbələrin Türkiyədəki universitetlərdə oxumaları həm asandır, həm də maddi olaraq daha yaxşı imkanlara sahib olurlar. Türkiyədəki tələbələr də təhsil üçün Azərbaycana gəlirlər.
- Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı ilə bağlı hər hansı statistika varmı? Onlar ən çox hansı şəhərlərdə oxuyurlar, hansı ixtisaslara üstünlük verirlər?
- Azərbaycandan Türkiyəyə oxumağa gedənlər bizim vasitəmizlə gedirlər. Çünki biz onların dosyelərinin hazırlanmasına və dəqiqliyinə zəmanət veririk. Dünya ölkələrindən Türkiyədə təhsil alan gənclərin ümumi sayı 170 mindir. Onların təkcə 20 mini Azərbaycandan gələnlərdir. Demək Türkiyə universitetləri bu tələbələrin 100/13-ünü Azərbaycandan alır. Türkiyənin Təhsil Nazirliyinin dünyanın 46 ölkəsində təhsil müşavirliyi fəaliyyət göstərir. İş gərginliyi daha çox olan da Azərbaycandakı müşavirlikdir.
- Bu rəqəmlər ildən-ilə artırmı?
- Bəli, ildən-ilə artır. Ortalama ildə iki min tələbə artımı qeydə alınır. Səbəbi isə Türkiyədəki yaxşı universitet saylarının artması ilə bağlıdır. Fiziki baxımdan da universitet sayları artır. Bu gün Türkiyədə 220 civarında universitet fəaliyyətdədir. Türkiyənin bütün rayonlarında universitetlər fəaliyyət göstərir. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə 1-dən çox universitet var. Bu universitetlər azərbaycanlı tələbələr üçün yaxşı imkanlar yaradır. Azərbaycanlı gənclər daha çox İstanbul universitetlərinə üstünlük verirlər. Çünki bu şəhərlərdə çox universitet var. Sonra üstünlük verdikləri şəhər Ankara, daha sonra İzmir və Türkiyənin digər şəhərləridir. Azərbaycanlı tələbələr daha çox tibb, hüquq, mühəndislik sahələrində təhsil alırlar.
Tibb sahəsinin ağır imtahanı
- Sizinlə müsahibəyə gələrkən övladları Türkiyədə oxuyan və bu arzuda olan iş yoldaşlarım bəzi suallarını ünvanladılar. Onları ən çox maraqlandıran Türkiyə universitetlərində təhsil haqqının ildən-ilə və bir neçə dəfə artmasıdır? Yəni "İki dövlət, bir millət” olma baxımından azərbaycanlılar üçün hər hansı güzəştlər ola bilərmi?
- Tamamilə doğru söyləyirlər. Ancaq belə bir məsələ var – Türkiyədəki universitetlərin təhsil haqlarının artımı dollar kursunun yüksəlməsindən qaynaqlanır. Bu Türkiyənin iqtisadiyyatı ilə bağlı bir məsələdir. Yoxsa, Azərbaycandan gələn tələbələrdən məqsədli şəkildə özəl bir təhsil haqqı almaq kimi bir fikir yoxdur. Əksinə, bütün beynəlxalq tələbələrin təhsil haqlarına nəzər saldıqda, ən aşağı təhsil haqqı Azərbaycandan gələn tələbələrdən alınır.
- Azərbaycanlı tələbələr Türkiyə universitetlərində tibb sahəsi üzrə təhsil almağa daha çox maraq göstərirlər. Elan olunan yerlərdə azərbaycanlılar üçün sayın çoxalması mümkündürmü? Yəni, gəlmək istəyənlər – tələbat çox, yerlər azdır.
- Tibb fakültəsi açmaq əslində bahalı bir işdir. Həmçinin, xərci və oxumaq müddəti də çoxdur. Nə qədər çox tələbə yararlanırsa maliyyət o qədər artır. Digər tərəfdən, burda əsas giriş imtahanlarındakı bacarıqlardır. Tibb tələbəsi seçiminin ağır imtahanları vardır. Universitetə daxil olmadan əvvəl tələbələrin yaxşı hazırlaşmaları lazımdır ki, daxil ola bilsinlər. Bu, verilən yerlərin azlığından deyil, tələbələrin imtahandan keçməsindən asılıdır. Hətta Türkiyədən Azərbaycana gələn tələbələrin də ən böyük bölümü tibdir. Necə ki, azərbaycanlılar Türkiyədəki tibb təhsilinə üstünlük verirlər, eləcə də Türkiyədəkilər Azərbaycanın tibb təhsilini tövsiyə edirlər.
- Sual yaradan mövzulardan biri təqaüdlə (burs) bağlıdır. Təqaüdü qazanmağın mexanizmi necədir?
- Türkiyədə xarici tələbələrə yönəli Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Komitəsinin (YTB) təşkil etdiyi təqaüd proqramı var. «Ən çox hansı tələbələr bu təqaüdü alırlar?» deyə, bura gəlmədən öncə o qurumun nümayəndələri ilə də söhbətlər etdim. Orda da daha çox Azərbaycandan gələn tələbələrin təqaüd aldığını öyrəndim. İlk növbədə azərbaycanlı tələbələrin sayı çoxdur. Digər tərəfdən, Türkiyədəki özəl qurumlar, dərnəklər, "Başnazirlik yüksək təqaüd proqramı” var. Xaricdəki tələbələr də bundan yararlana bilirlər. Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının qurduğu ATİB kimi dərnəklər, Yunis Əmrə İnstitutu kimi təşkliatlar var ki, bu cür mənbələrdən təqaüd imkanları yarana bilir.
- Azərbaycanlılardan nə qədər tələbənin təqaüd alması ilə bağlı hər hansı statistik rəqəm söyləyə bilərsinizmi?
- Əlimizdə belə bir statistika yoxdur. Çünki qeyddə olanların sayı bizim vasitəmizlə gedənlər, yəni bizim yönləndirdiklərimizə aid rəqəmlərdir. Bu baxımdan, Bakı Türk Anadolu Liseyinin məzunu olub təqaüd qazananların statistikası var. Başqa qurumların verdiyi təqaüdlülərə aid statistika isə bizdə yoxdur. Acnaq həmin statistikanı toplayırıq.
- Türkiyədəki təhsillə bağlı belə bir narahatlıq var: bəzən gənclərin təhsil aldığı universitetlərin diplomlarının Azərbaycanın Təhsil Nazirliyi tərəfindən tanınmadığı bildirilir. Bu problemi həll etmək üçün hər hansı danışıqlar aparılırmı?
- Bu problem hamı üçün deyil. Burdan Türkiyəyə gedib məzun olan tələbələrin diplomları əsasən tanınır. Türkiyədə qapadılan universitetlər var. Türkiyədəki qanunlara uyğun olmadıqları üçün bir neçə universitetin diplomu tanınmır. Onlar da çox azdır. Bunlar bir terror təşkilatı ilə əlaqəlidir. Bunun universiteti çoxdan bitirənlərə aidiyyəti yoxdur.
- Müəyyən hazırlıq kursları da vardır ki, «Türkiyə universitetlərinə yalnız orta təhsil sənədi və imtahansız qəbul» elanları ilə gəncləri cəlb edirlər. Bu cür təkliflər etibarlıdırmı?
- Türkiyədəki universitetlər tələbəni YÖS (Yabançı Örgənci Sınavı) imtahanları ilə cəlb edir. Bu imtahanı verməmiş heç bir tələbə orta məktəb sənədi ilə Türkiyə universitetlərinə daxil ola bilməz. Türkiyədəki universitetlər burada qəbul imtahanı keçirirlər. Dünyanın hər yerində belə bir imtahan var. Gənc, məsələn, İstanbul Universitetinin həyata keçirdiyi YÖS imtahanının nəticələrinə görə başqa bir universitetə qəbul ola bilir. Dünyanın hər tərəfində bu qayda var. Yəni Almaniyada da YÖS imtahanına girən bir gənc Türkiyə universitetlərində qeydiyyatdan keçə bilir.
Düşünən insanlarımızın sayı çoxaldı
- Bəzi azərbaycanlı gənclər Türkiyədə universitetlərini bitirəndən sonra orada qalıb müxtəlif sahələrdə çalışmaq istəyirlər. Onlara çalışmaq izni hansı şərtlərlə verilir?
- Bu cür məzunların sayı çoxdur. O cümlədən, Türkiyədən gəlib Azərbaycan universitetlərindən məzun olanlar da burda çalışır. Bu, təbii bir prosesdir. Osmanlı dönəmindən də xaricə gedən tələbələr oralarda oxuyub çalışa biliblər. Azərbaycanlı gənclər də Türkiyədə diplomlarını aldıqdan sonra orada iş imtahanlarından keçib çalışma haqqı qazanırlar. Məsələn, tibb fakültələrini bitirib Türkiyə xəstəxanalarında çalışan çoxlu həkimlər var. Eləcə də, mühəndisliyi bitirib Türkiyədəki fabriklərdə, çeşidli şirkətlərdə çalışan mühəndislərlə də rastlaşmışam. Türkiyə universitetlərini bitirib oradakı universitetlərdə və orta məktəblərdə rus dili müəllimi kimi çalışanları da çoxdur. Belə tələbələr rus dilini bildikləri üçün daha çox iş tapa bilirlər.
- Hazırkı dövrdə dünya universitetlərində əmək bazarına uyğun ixtisasların sayı artır. Fikirlər var ki, zamanla bugünki ixtisasların çoxu sıradan çıxacaq və texnoloji əsrdə əmək bazarına uyğun ixtisaslar yaranacaq. Türkiyə təhsili bu trendlərlə ayaqlaşırmı?
- Əlbəttə, bu istiqamətdə Türkiyədə böyük işlər görülür. Universitetlər həmçinin texnoloji sahələri açırlar. Bir zamanlar gen mühəndisliyi çox dəbdə idi və bu sahədə fakültələr açılırdı. İndii deyirlər ki, 15-20 il sonra gələcəkdə insanların beyninə bir çip yerləşdiriləcək ki, onlar bütün əcnəbilərlə danışa biləcəklər. O zaman bizim başqa bir ölkənin dilini öyrətməkdən çox, bu çipləri öyrədəcək düşünən beyinlər yetişdirmək üçün çalışmağımız lazımdər. Bu baxımdan, Türkiyə məktəblərini bu cür insanlar yetişdirmək üçün yenidən təşkil edir, həm də universitetlərdə - kodlama, texnoloji, münasibət öyrətmə sistemlərinə uyğun bölümlər açaraq bu sahələri daha yaxşı qurmağa çalışırlar.
- Türkiyənin özündə necə, Qərb universitetlərinə meyl güclüdürmü?
- Çox güclüdür. Avropa ilə bağlı bu tarix Osmanlı dövrünə qədər uzanır. Qərbdə bilik və texnoloji yaxşı öyrədildiyindən gənclərimiz ora gedir. Dolayısı ilə Qərbə olan meyil indi də davam edir. Ancaq Türkiyə osmanlıların təzminat dövründən bəri xarici ölkələrə davamlı tələbə göndərdiyi və həmin tələbələrin geri döndüyü üçün artıq öz ölkəmizdə Avropadakı səviyyədə universitetlər və məktəblər yarandı. Düşünən insanlarımızın sayı çoxaldı. Çoxaldıqca da artıq biz başqa ölkələrdən daha çox tələbə almağa başladıq.
Təhsilin həyatdakı rolu
- Bakıya oxumağa gələn türk tələbələrin sayı çoxdurmu? Onlar əsasən bölgələrdə ya paytaxtda təhsil alırlar?
- Sovet dövründə hər şey dövlət tərəfindən həyata keçirilirdi. İşi də, maaşı da dövlət verirdi. Hərbi xidməti bitirəndən sonra gənclər dövlət tərəfindən işlə təmin olunurdu. Bu, tənbəlliyə gətirirdi. Sovet coğrafiyasında «bu iş yerini açım, öz çörəyimi özüm qazanım» – düşüncəsi çox gec yarandı. Türkiyədə bu iş belə bir sistem altında həyata keçirilmədiyi üçün fərdi təşəbbüs daha rahat inkişaf etdi. Demokratik toplumlarda insanlar özlərini saxlamaq, öz qazanclarını əldə etmək üçün çabalamaq məcburiyyətində qalırlar. Dövlət hər şeyimizi təmin etmir. Dövlət sənə imkan verir, məktəb açır, təhsil verir, sonrasına özün qərar verməlisən. Türkiyədən burda oxumağa gələn tələbələr bitirdikdən sonra burdakı iş ehtiyaclarını daha rahat ödəyirlər. Məsələn, çay fabriki, tikinti və xidmət sektoru kimi sahələrdə fəaliyyət göstərirlər. Əsasən boşluq olan sahələrdə işlər qurmağa çalışırlar. Zamanla Azərbaycanda yaşayan vətəndaşlarımız da bu işi onlarla bərabər çalışaraq öyrənir, sonra öz işlərini qururlar. Bu da təhsilin bir növ həyatın içindəki roludur. Bizim gənclər bura gələrkən Türkiyədə öyrənmədiklərini öyrənirlər. Hazırdla Azərbaycanda 2500 nəfər türk tələbə təhsil alır. Bu, Azərbaycanda oxuyan əcnəbi tələbələrin 100/36-dır. Azərbaycana əcnəbi tələbələr ən çox Türkiyədən gəlir.
- Azərbaycandan həmçinin çoxlu müəllimlər Türkiyə universitetlərində çalışır. Onların fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Onların da sayı çoxdur. Məsələn, Türk tarixini ən yaxşı Azərbaycandan gələn müəllimlərin öyrətdiyini düşünürük. Burada qədim türk mədəniyyəti olduğu, sovet dövründəki təsirlərdən də dərs aldıqları üçün daha yaxşı dərs verirlər. Müəllimlik xüsusiyyətləri sovet dövründə daha yaxşı inkişaf etdiyindən onlar Türkiyədə bu işi daha yaxşı həyata keçirirlər.
- Bəs Azərbaycanda necə, Türkiyədən gələn təhsil adamları pedaqoji işlə məşğuldurlarmı?
- Türkiyədən gəlib Türkiyə türkcəsini öyrətmək üçün Yunus Əmrə İnstitutu və mənim çalışdığım qurumun müəllimləri var. Onların maaşını Türkiyə dövləti ödəyir. Onlar özəl icazə ilə gəlir və vəzifələrini yerinə yetirirlər. Bir də Türkiyədəki universitetlərdəki işini buraxıb burada çalışanlar var. Ümumiyyətlə, Türkiyənin xaricdə gedib çalışan çoxsayda müəllimi var.
- Bəs elmi-tədqiqatlar sahəsində vəziyyət necədir?
- Mən Türkiyədə universiteti bitirdikdən sonra doktorluq işimi Azərbaycanda müdafiə etmişəm. Türkiyədən gəlib Azərbaycan Milli Elmlər Akademiyasında faydalanan elm adalarından biriyəm. Bu, elmi qurumun varlığı Türkiyədəki elm dalınca gedən gəncləri Azərbaycana gəlməyə təşviq edir. Bura gəlişimin önəmli məqamlarından biri də bu fəaliyyətdir.
- Biz ölkələr arasındakı əlaqələrdən danışarkən həmişə təhsil əlaqələrini mühüm sayırıq. Bu əlaqələr ölkələrə nə verir?
- Çox önəmli sualdır. Təhsil əlaqələrimiz bütün əlaqələrdən önəmlidir Təhsil əlaqələri ölkələrin bir-birinə bənzər davranışları inkişaf etdirməsinə kömək edir. Qərblilər, özəlliklə ingilislər, fransızlar və amerikalılar dünyadakı bütün müstəmləkələrini öz məktəblərində yetişdikləri insan qaynaqları vasitəsi ilə idarə ediblər. Bu o deməkdir ki, sizin ölkənizdəki bir vətəndaşı alır, öz məktəblərində oxutdurur, dəyişdirir və o ölkələrə göndərirlər. O insanı öz ölkəsinin çıxarları istiqamətində hərəkət etdirir. Bu baxımdan, təhsil çox güclü vasitədir. Türkiyə ilə Azərbaycandakı təhsil əlaqələrinin bu qədər sıx olmasının ən önəmli səbəbi eyni millətdən olmamız, eyni mədəniyyətə sahibliyimizdir. Bizim bir-birimizi dəyişdirməyə ehtiyacımız yoxdur. Biz bir-birimizi öyrətdiyimiz yerli və milli dəyərlərlə dəyərləndiririk. Ona görə vətəndaşlarımız uşaqlarını Azərbaycanda, Azərbaycan vətəndaşları isə öz övladlarını Türkiyədəki universitetlərdə oxutdurmağı istəyirlər. Əgər bu gün Azərbaycanla Türkiyənin beynəlxalq çıxarlarında birlikdə hərəkət etdiklərini görürüksə, bunun səbəbi məktəblərimizdə yetişdirdiklərimizdir. Bütün sahələrdəki işbirliyi önəmlidir, amma yüz illər sonra ölkələrimizin müstəqil, eyni bayraq və milli bayraqlar altında xoşbəxt olmaları məktəblərimizdə yaxşı yetişdirdiyimiz insan qaynaqları ilə çox əlaqəlidir. Biz eyni yolun yolçusu olduğumuzdan, Azərbaycan və Türkiyə vətəndaşları eyni dəyərlərdən gəldiyi üçün təhsil əlaqələrimiz bütün əlaqələrdən daha önəmlidir.
- Belə bir fikir var: təhsilli olan cəmiyyətdə problemlər az olur. Bu fikri insanlara bütünlüklə necə anlatmaq olar?
- Vətəndaşlar təhsilin önəmli olduğunun fərqindədirlər. Bu fərqlilik dövlətlərimizin təhsil alt qatını gücləndirməyə yönəlib. Bu gün həm Azərbaycanda, həm də Türkiyədə getmək istəyən hər kəs üçün məktəb var. Dövlət müəllim ayırıb. Bu gün Türkiyə dövlətinin ən böyük büdcəsi təhsilə ayrılır. Cümhuriyyətin quruluşundan bu günə Türkiyə dövlətinin təhsilə ayırdığı büdcə həmişə ön sırada olub. Bu gün Türkiyədə təhsil sahəsində çalışan və dövlətin əməkhaqqı verdiyi bir milyon müəllim var. Türkiyənin hər rayonunda universitetqarışıq məktəb var. Oxumaq istəyən üçün məktəb var, hər kəs də oxumaq istəyir. Problem bizim bacarıqlı insan yetişdirmək prosesimizdədir. Yəni, bir qüsur varsa, təhsili həyata keçirənlərdədir, dövlətlərdə deyil.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər