• cümə, 29 Mart, 11:37
  • Baku Bakı 5°C

İxtisas təhsili almadan İT sahəsində peşəkar oldu, sahibkarlara analoqu olmayan fürsət yaratdı - Startap

17.01.20 11:07 3456
İxtisas təhsili almadan İT sahəsində peşəkar oldu, sahibkarlara analoqu olmayan fürsət yaratdı - Startap
Həsənağa Azad: "Layihənin ideyasının əsasında "təkəri yenidən ixtira etməyə ehtiyac yoxdur”- fikri dayanır”

Deyir ki, hələ məktəb vaxtlarından İT sahəsi ilə yaxından maraqlanıb. 10-11-ci sinifdə oxuyanda, artıq peşəkar proqramçı səviyyəsinə yüksəlib. Elə o dövrlərdə bu sahə üzrə işləyərək gəlir qazanıb.

Müsahibim "Owbike” startapının təsisçisi və rəhbəri 25 yaşlı gənc Həsənağa Azaddır.

Gələcəyi ilə bağlı hədəfləri İT sahəsi ilə olsa da, kinoşünaslıq üzrə təhsil alır: "Yerli ali təhsil ocaqlarında İT ilə bağlı verilən təhsil müasir çağırışlara cavab vermir. Əgər Azərbaycanda İT üzrə təhsil alsaydım, yeni heç nə öyrənməyəcəyimi bilirdim. Amma ailəm təhsil almağımı istəyirdi. Bütün azərbaycanlı valideynlər kimi, məndən diplom istəyirdilər. Düşündüm ki, marağım olan bir sahə üzrə təhsil alsam, vaxt itirmərəm. O sahə isə kino idi. Beləliklə, Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin kinoşünaslıq ixtisasına yönəldim. Sevdiyim ixtisasda təhsil aldığıma görə, tələbəlik illərim maraqlı keçdi. Mənə aktyor, yaxud rejissor kimi çox təkliflər oldu. Hətta qısa bir müddət həvəskar olaraq bu sahə üzrə çalışmışam. Dostlarımızla bir kafe açıb orada kiçik bir kinoteatr təşkil etmişdik. Xarici filmləri Azərbaycan dilində alt yazı mətnlərlə nümayiş etdirirdik. Düzünü deyim ki, mənim marağım həmişə İT sahəsinə olub. Çünki bu sahədən gəlir əldə edirdim və üstəlik, nələrisə dəyişə biləcəyimə inanırdım”.

Həmsöhbətim heç bir kursa getmədən İT sahəsində özünü peşəkar səviyyəyə çatdırıb: "Bu, elə sahədir ki, istənilən an özünü daha da təkmilləşdirə bilərsən. Bir az zaman ayırsan və müəyyən qədər dil biliklərin varsa, bu sahəni öyrənmək elə də çətin deyil. Rus bölməsində oxuduğuma görə, mənim üçün daha asan idi. Hələ məktəb vaxtlarından informasiya texnologiyalarını dərindən araşdırıb öyrənirdim. Müxtəlif proqramlaşdırma dillərini öyrənməyə çalışırdım. 10-11-ci sinifdə oxuyanda, artıq peşəkar proqramçı olaraq, gəlir əldə edirdim. Məncə, insanın sərbəst oxuyub nəyisə öyrənməyi hər zaman daha yaxşıdır. İlk növbədə bu, pulsuzdur. Bu, həm də sizə sərbəstlik və rahatlıq verir. İT geniş sahədir. Ona görə də insan özünə məhdudiyyət və limit qoymamalıdır. Düzdür, insan özü öyrənəndə daima səhvlər edir və öz səhvlərindən nəticə çıxarır. Ona görə də, motivasiyalı və intizamlı olmaq lazımdır”.


Startapa maraq var

Gənc startapçı eko-sistemə gəlişi haqda da söz açdı: "Hər bir proqramçının özünü təkmilləşdirmək üçün üzərində işlədiyi bir neçə layihə olur. Bir neçə il əvvəl mənim də belə bir layihəm var idi. Qərar verdim ki, onu ictimaiyyətə təqdim edim. "İdeya qazandı” verilişinə baxanda, gördüm ki, Azərbaycanda startapa maraq var. Bu, məndə özünəinam yaratdı. Beləcə, araşdırmağa başladım və "Linkedin” sosial şəbəkəsində bir nəfərlə tanış oldum. O, xaricdə yaşayan azərbaycanlı investor idi. Layihəmlə bağlı onunla müzakirələr etdik. Məqsədlərimdən, planlarımdan söz açdım. O dedi ki, sən hələ eko-sistemə daxil deyilsən. Bəzi tövsiyələr verdi. Müxtəlif inkubasiya və akselerasiya mərkəzlərinə müraciət etməli olduğumu bildirdi. Beləliklə, layihəmi "Azercell”in "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinə və Yüksək Texnologiyalar Parkına təqdim etdim. Hər ikisi mənim layihəmi qəbul etdi. Nəyə görsə "Barama”ya getməyə qərar verdim”.

Müsahibim deyir ki, təsisçisi olduğu "Owbike” sayt yaratma platformasıdır: "Layihənin ideyasının əsasında "təkəri yenidən ixtira etməyə ehtiyac yoxdur” fikri dayanır. Layihənin adı da elə bu ideyadan yaranıb. Mən o vaxt araşdırma edərkən gördüm ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarların payına düşən peşəkar saytların sayı qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Statistik rəqəmlər göstərir ki, hər 4 sahibkardan yalnız birinin öz saytı var. Bunun nəticəsidir ki, cəmiyyətimiz ən vacib alətlərin istifadəsindən qıraqda qalıb. Əksər ölkələrdə "Owbike” kimi platformalar fəaliyyət göstərir. Sahibkarlar bu platformaya daxil olaraq özü üçün kiçik bloq və ya saytlar yarada bilir. Azərbaycanda isə belə bir platforma yox idi. Sahibkarlar veb-sayt hazırlamaq üçün studiyalara müraciət etməli və aylarla gözləməli olurdu. Məhsulun qiyməti isə çox bahadır. Buna görə də, sahibkarlar özünə veb-sayt açmaqda maraqlı olmur. İstənilən şəxs bizim platformaya daxil olaraq özünə qısa müddət ərzində professional veb-sayt hazırlaya bilər. Platformanın imkanları çox genişdir. Hər kəs öz saytını istədiyi formada tərtib edə bilər. Səhifələr, materiallar, şəkillər, məhsullar istifadəçinin istəyinə uyğun olaraq hazırlanır. Cəmi 5 dəqiqəyə sayt professional domen alır və korporativ e-mail əldə edir. Bunun üçün xüsusi texniki biliklər də tələb olunmur. Yəni hər kəs üçün əlçatandır. Platforma aylıq ödəniş əsasında fəaliyyət göstərir. İstifadəçi üçün sınaq müddəti də müəyyən edilib. Əgər bu gün platformaya daxil olaraq özünüzə sayt yaradırsınızsa, bir aydan sonra ödəniş etməyə başlayırsınız. Bu da kiçik sahibkarlar üçün daha əlverişlidir”.


Platforma sahibkarların işini daha da asanlaşdırır

Həmsöhbətim deyir ki, hazırda ən vacib marketinq alətlərindən biri veb-saytlardır: "Bizdə sahibkarlar məhsulunun satışı üçün daha çox "Facebook” və "İnstaqram” səhifələrindən istifadəyə üstünlük verirlər. Amma bu sosial şəbəkələr yalnız şirkətə diqqət cəlb etmək üçündür. Məhsulun təqdimatı veb-sayt vasitəsi ilə həyata keçirilməlidir. Məsələn, siz "İnstaqram”da hansısa geyim mağazasının səhifəsinə daxil olursunuz. Amma istədiyiniz məhsulu orada tapmaq heç də asan olmur. Nəticədə müştəri səhifəyə mesaj yazıb uzun müddət gözləməli olur. Məhsul isə ünvana deyil, metrolara çatdırılır. Əslində, onlayn biznes bu şəkildə olmamalıdır. Sosial şəbəkə sizi veb-sayta cəlb etməlidir və daxil olaraq orada istədiyiniz məhsulu sifariş etməlisiniz. Həmin məhsul sizin ünvanınıza çatdırılmalıdır. Xidmət sahəsində də bu, belə olmalıdır. Sosial şəbəkə səhifəsi sizi cəlb etməli, veb-sayt isə rahat şəkildə xidmət barədə ətraflı məlumat verməlidir. Bizim platforma sahibkarların işini daha da asanlaşdırır”.

Həsənağa deyir ki, bu layihəyə başlayanda tək olub. Hazırda isə beş nəfərlik komanda olaraq fəaliyyət göstərirlər: "Əslində, beş nəfər bu layihə üçün kifayət etmir. Maliyyə məsələlərinə görə hələlik komandanı böyüdə bilmirik. Həmçinin düzgün komandanı yığmaq da çətin məsələdir. Startapın uğur qazanması ideyanın nə qədər uğurlu olmasından və komandanın işindən asılıdır. Əvvəllər komanda olaraq "Barama”nın ofisində çalışırdıq. Elə oldu ki, oradan ayrılmalı olduq. Həmin müddətdə komanda olaraq çalışdıq ki, müştərilərimiz bunu hiss etməsin. Əksər startaplar maliyyə məsələlərinə görə uğur qazana bilmir. Qeyd etdiyim kimi, İT sahəsindən müəyyən qədər gəlirim olub. Platforma fəaliyyətə başlayan zamanlarda oradan heç bir gəlir qazanmırdıq. İnvestisiyanı öz gəlirim hesabına edirdim. Öz qazancımı bu layihəyə yatırırdım. Amma vaxt məhdudiyyəti buna imkan vermədiyinə görə, investisiya axtarmalı oldum. Hazırda platforma bizə gəlir qazandırır. Yəni layihə eko-sistemdə işlək vəziyyətdədir və tərəfdaşlarımız var. Eko-sistemdə gəlir məsələsi ciddi problemdir. Startap sahəsi hələlik bizdə bir o qədər də tanınmır. Digər tərəfdən, startap riskli sahələrdən biridir. İnvestorlar daha çox ənənəvi sahələrə yatırım etmək istəyir. Xaricdən investisiya cəlb etmək isə çox çətindir. Buna görə də, əksər startaplar ya xarici ölkələrə üz tutur, ya da qrantlarla ayaqda qalır”.

Deyir ki, Azərbaycanda "Owbike” layihəsinin analoqu yoxdur. Xarici bazarlarda isə bir neçə alternativlər var: "Onlarla müqayisədə "Owbike”ın müəyyən üstünlükləri var. Rəqib layihələrdə ciddi limitlər mövcuddur. Ona görə də o platformalarda siz professional sayt yarada bilmirsiniz. Bizim layihənin imkanları daha genişdir və heç bir proqramlaşdırma biliyi tələb etmir. Buna görə də uğurlu olacağını düşünürəm”.


Əgər ideyan heç kimə lazım deyilsə...

Gənc startapçı həmkarlarına öz tövsiyəsini də verdi: "Əgər hər hansı ideyanı reallaşdırmaq istəyirsinizsə, ilk növbədə bu sahə üzrə müəyyən bilikləriniz olmalıdır. Yaxşı olar ki, startapa başlamazdan əvvəl öz sahəniz üzrə təcrübə toplayasınız. Müştərilərin istəyini və tələbatını, iş prosesini öyrənmək üçün bu vacibdir. Həmçinin bazarı araşdırmaq və layihənin nə qədər işlək olacağını əvvəlcədən müəyyən etmək lazımdır. Əgər sənin ideyan heç kimə lazım deyilsə, ona tələbat yoxdursa, əziyyət çəkməyə, vaxt itirməyə dəyməz. Bunu da yalnız araşdırmaqla bilmək olar. Adətən bizdə kimsə ideyasını bölüşüb tövsiyə almaq istəmir. Bir çoxları düşünür ki, onun ideyasını oğurlayacaqlar. Bu fikri uzaqlaşdırmaq lazımdır. Startapçılar, ideyanı danışmağa hazır olmalıdır. Çünki danışmadıqda, sənin ideyan sənin düşüncələrinlə çərçivələnmiş olur. Kənardan fikir almaq hər zaman vacibdir”.

Layihə müəyyən uğurlar da qazanıb: "Owbike” hələ test mərhələsində olduğu zaman "Seedstars” müsabiqəsində üçüncü yerə layiq görüldük. Bu yaxınlarda "YouthInc”ın keçirdiyi "NewGeneration” müsabiqəsinin qalibi olduq və beş min manat gəlir əldə etdik. "Azercell” şirkətinin rəsmi olaraq tərəfdaşıyıq. Onların "Biznesim veb” xidmətinin icraçı tərəfiyik. "Azercell” korporativ müştəriləri üçün veb-sayt xidməti təklif edir. Həmin veb-saytlar bizim platforma vasitəsi ilə tərəfimizdən yaradılır. Düşünürəm ki, bu, bizim üçün böyük bir uğurdur”.

Sonda Həsənağadan gələcək plan və hədəflərini soruşduq: "Hazırda "Owbike” vasitəsi ilə bloq, kataloq tipli veb-saytlar yaradılır. Yaxın gələcəkdə internet mağaza tipli saytlar hazırlamaq imkanı təklif etməyi hədəfləmişik. Həmin internet mağazalar vasitəsilə məhsul müştərinin ünvanına çatdırılmalıdır. Məqsədimiz insanların bir çox xidmətlərdən asanlıqla yararlanmasını təmin etməkdir. Yaxın aylarda platformada müəyyən yeniliklər etməyi düşünürük. Təbii ki, fərdi olaraq da müxtəlif plan və hədəflərim var. Amma məncə, hər bir insanın adı çəkiləndə onun haqqında dərhal müəyyən fikir-əlaqə səslənməlidir. Mənim də əsas hədəfim "Owbike” layihəsini şəxsi brendimə çevirməkdir. "Həsənağa Azad” dedikdə "Owbike”ın təsisçisi və rəhbəri” olaraq tanınmaq istəyirəm”.

Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər