• cümə, 19 Aprel, 15:20
  • Baku Bakı 25°C

“Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..

18.01.17 11:00 10944
“Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
"Təfəkkür” Universitetinın maliyyə vəziyyətində yaranmış problemlər, 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitməsi səbəbindən fəaliyyətinə xitam verilməsi ölkəmizin özəl ali məktəb sferasında bu qəbildən olan ilk hadisə deyil. Təhsil Nazirliyi universitetin 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. Yəni, universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi həyata keçiriləcək. Nazirliyin məlumatına görə, tələbələrin ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda, tələbələrin köçürüləcəyi universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.
Ali təhsil müəssisəsinin qəfildən, dərs ilinin qaynar vaxtında qapanması isə cəmiyyətdə birmənalı qarşılanmamaqla bərabər, müəyyən narahatlıqlar da yaradıb. Xüsusən övladları özəl ali məktəblərdə oxuyan valideynlər bör növ təşvişə düşüblər. Təbii ki, hər hansı qurumun, ali məktəbin fəaliyyətinə xitam verilməsinin obyektiv olduğu qədər də subyektiv səbəbləri var. Amma proses qəfildən baş verəndə, ictimaiyyət öncədən məlumatlandırılmayanda, hadisə qəfil ildırım çaxması effektini yaşadır. Eynilə "Təfəkkür” Universitetinin qapanması kimi...
Sosial şəbəkələrdə, ailələrdə müzakirə olunan hadisə ilə bağlı yaranan "Digər özəl ali məktəblər "Təfəkkür”ün başına gələnərdən sığortalanıbmı?”, "Övladları bu tip ali məktəblərdə təhsil alan valideynlərin və tələblərin özlərinin təlaş keçirməyə əsasları varmı?” kimi vacib suallara cavab axtarılır. Mövzu ilə bağlı ölkəmizdə fəaliyyət göstərən özəl ali məktəblərlə əlaqə saxlayarkən birmənalı olmayan cavablarla qarşılaşdıq.
Avrasiya Universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyev "Təfəkkür” Universitetinin hələ keçən ilin oktyabr ayında Təhsil Nazirliyinə ünvanladığı müraciət əsasında fəaliyyətinə xitam verildiyini qeyd etdi. Avrasiya Universitetinin fəaliyyətinə gəlincə, "Bizim universitetin fəaliyyəti şəffafdır və heç bir bağlanma təhlükəsi yoxdur” dedi: "Universitetimiz tam fəaliyyətdədir, dolma planına görə, digər universitetlərlə müqayisədə üçüncü sıradadır. Təhsil haqqı nisbətən aşağıdır”. Ş.Əliyev qeyd etdi ki, hər hansı bir universitet fəaliyyətini dayandırırsa, Təhsil Nazirliyinın qərarı ilə həmin təhsil ocağının tələbələri təhsillərini davam etdirmək üçün digər universitetlərə transfer edilir: "Onlar təhsillərini ixtisaslarına uyğun olaraq eyni qaydada davam etdirəcəklər. Bu baxımdan heç bir problem görmürəm”.
Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Orxan Cəfərov "Təfəkkür” Universitetinin bağlanmasına deyil, çalışdığı ali məktəbin fəaliyyətinə toxundu: "Əgər biz bu günə qədər fəaliyyət göstəririksə, fəaliyyətimiz barədə narazılıq yoxdursa, bizim gələcəyimiz də buna uyğun davam edəcək”.
"Odlar Yurdu” Universitetinin adını söyləmək istəməyən rektor köməkçisi ümumiyyətlə, sualımızı cavablandırmaq istəmədi: «Mən sizin suallarınıza cavab verə bilmərəm».
Araşdırmamız zamanı bir çöx ali məktəblərin telefon nömrələrinin ümumiyyətlə işlək olmadığı üzə çıxdı. Bəzi ali məktəblərdə telefonun dəstəyini qaldıran tapılmadı, bəzi ali məktəblərdə isə "bura niyə zəng vurmusunuz, öz qəzetimiz də çıxır” kimi qəribə cavablarla qarşılaşdıq. Bir neçə ali məktəbin isə, ümumiyyətlə ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməməsindən xəbər tutduq.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli hər hansı bir universitetin bağlanacağı təqdirdə, Təhsil Nazirliyi tərəfindən həmin təhsil ocağında oxuyan tələbələrin hamısına diqqət göstərildiyini və müvafiq ali məktəblərə yerləşdirildiyini qeyd etdi: «Bu baxımdan valideynlərin və tələbələrin narahatlıq keçirməsinə əsas yoxdur».
Rəqabətin başlanğıcı?
Baş verən hadisəyə münasibətini öyrənmək üçün təhsil ekspertlərini aradıq. "Təfəkkür” universitetinin bağlanmasını rəqabətin başlanmasına işarə hesab edən təhsil eksperti Asif Cahangirovunfikrincə, artıq təhsil bazarında rəqabət güclənir: "Lazımi keyfiyyətdə fəaliyyət göstərməyə qadir olmayan təhsil müəssisəsi bağlanacaq. Bu, təbii bir haldır. Valideynlərin və tələbələrin də narahatlığına əsas yoxdur. Onlar vaxtında təhsillərini başa çatdıracaqlar və başqa təhsil müəssisələrinə köçürüləcəklər”.
Hər hansı bir universitetin bağlanmasını xoşagələn hal hesab etməyən təhsil eksperti Nadir İstafilov belə hadisələrin ümumən cəmiyyət tərəfindən birmənalı qarşılanmadığını, müəyyən problemlər və narahatlıqlar yaratdığını qeyd etdi: "Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələn, vaxtilə Beynəlxalq Universitetin, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının bağlanması zamanı müəyyən problemlər meydana çıxdı. Düzdür, nazirlik tələbələrin köçürülməsi ilə bağlı müəyyən cəhdlər göstərdi, amma yenə də problemlər əmələ gəldi. Bəzi rektorlar fərq imtahanları tələb etdi və s. Bildiyim qədər, hələ də diplomlarını almayan, işlə təmin olunmayan məzunlar var”.
Ali məktəbin bağlanmasının bazar iqtisadiyyatının qanunlarına uyğun - rəqabət mühitində baş verən məsələ olduğunu qeyd edən ekspertin sözlərinə görə, ölkəmiz müstəqillik qazandığı ilk illərdə meydana çıxan boşluqdan istifadə olunaraq bir sıra özəl ali məktəblər yaranıb. O cümlədən müəyyən nəzarətsizlikdən onların sayı artıb: "Həmin ali məktəblərin lazımi pedaqoji kadr təminatı, maliyyə bazası, infrastrukturları yox idi, tələb-təklif prinsipləri pozulurdu. İndi təhsildə gedən optimallaşdırma və rasionallaşdırma prosesində onların çoxu rəqabətə davam gətirməyib bağlanır, bəzilərinin birləşdirilməsi istiqamətində işlər aparılır, bəzi kolleclər universitetlərin nəzdinə verilir. Həmçinin bir-birini təkrar edən təhsil ocaqlarının fəaliyyətinə xitam verilir”. N.İsrafilov bir vaxtlar Kadrların İxtisasartırması və Yenidən Hazırlanması İnstitutunun çevrilib Müəllimlər İnstitutu olması və onun 11 filialı yaranması faktını da xatırlayır: "Saxta diplomların əksəriyyəti həmin institutun filialları ilə bağlıdır. Sonra o institut Pedaqoji Universitetə birləşdirildi”.
Ekspertin fikrincə, bu gün maddi-texniki bazası, pedaqoji potensialı olmayan universitetlərin fəaliyyətinə xitam verilməlidir: "Bu, zamanın tələbidir. Bu baxımdan, "Təfəkkür” Universitetinin bağlanması hadisəsini qabartmaq və hansısa faciəyə çevirmək lazım deyil. Heç kəs də hansı universitetin yenidən bağlanıb-bağlana bilməyəcəyinə zəmanət verə bilməz. Bunu zamanın öhdəsinə buraxmaq lazımdır”. O, "Təfəkkür” Universitetinin indiyə qədər nüfuzlu ali məktəblər siyahısında olmadığını və haqqında zaman-zaman mətbuatda kifayət qədər mənfi ictimai rəylər yarandığını da qeyd edir: "Ancaq bu məsələdə tələbənin günahı yoxdur ki, hansısa universitetin bağlanmasının ağırlığını o çəksin. Təhsil Nazirliyi bir universitetin fəaliyyətinə xitam verdiyi halda təbii ki, onun tələbələrini ixtisaslarına uyğun müvafiq universitetlərin fakultələrinə keçidini təmin etməlidir. Çünki bu məsələdə nə valideyn, nə də tələbənin günahı var”.
Bir anda verilən qərar
Ümumiyyətlə, ali təhsil ocağının bağlanmasını xoş hadisə hesab etməyən Global Career İnstitutunun və Girnə Amerikan Universitetinin Beynəlxalq Ofis direktoru Orhan Həsənoğlu hesab edir ki, burada hər hansı bir şirkətin bağlanması ilə təhsil ocağının bağlanması arasında çox böyük fərq var. Belə ki, bu, təsadüfən verilmiş bir qərar deyil: "Təfəkkür” Universitetində hər hansı bir hadisə və ya qanun pozuntusu baş vermişsə və ya daha öncə bu müəssisənin bağlanması ilə bağlı qərar vardısa, bu barədə ən azı valideyinlər məlumatlandırılmalı idi. Təhsil Nazirliyi burada daha professional davrana bilərdi. Bu qərarın çox öncədən verildiyi məlumdur. Valideyinlər çox çətin şərtlərdə övladlarının təhsil haqqını bu günə qədər ödəyiblər. Təhsil ilinin birinci semestri bitmədən bu addımın atılması etik qaydalara uyğun deyil. Qış imtahan sesiyası bitməyib. Bu semester boyunca dərsə daxil olanların harada və hansı formada imtahan verəcəyi də sual altındadır. Bu hal əlbəttə ki, ən çox valideyinləri narahat edir. Universitetin hansı keyfiyyətdə fəaliyyət göstərməsinə nəzarəti Təhsil Nazirliyi həyata keçirməlidir. Bir anda bağlanma qərarı qəbul etmək semester imtahanları bitmədən tələbələrin ailələrinə "sürprizdir”. O.Həsənoğlu hesab edir ki, bir universitetin bağlanması ilə bağlı verilən qərarlar geniş şəkildə müzakirə olunmalıdır: "Adətən bu cür hallar semester başa çatdıqdan sonra həyata keçirilməlidir. Xüsusi ilə yay tətili dövründə planlanmalıdır. Qış semsetr tətili iki həftədir. Heç bir halda iki həftədə bu tələbələri başqa universitetlərə yerləşdirmək mümkün deyil. Bunu tələb olunan transfer qaydalarına əməl edərək həyata keçirmək mümkün olmayacaq. Burada təhsil alan tələbələr çox çətin bir vəziyyət qarşısında qalacaqdır. Bütün bunlar düzgün qiymətləndirilməli idi. Düşünmürəm ki, bu problemlər qısa vaxtda aradan qalxacaq. Əksinə, "Təfəkkür” Universitetinin tələbələrinin yerləşdirilməsi məsələsində digər özəl universitetlər də pay almağa çalışacaq. Obyektiv bir yerləşdirmə tələb olunur. Bu da qısa bir zamanda mümkün deyil”.
O.Həsənoğlu hesab edir ki, belə bir hadisə cəmiyyətimizdə özəl təhsil qurumlarına münasibətdə illər ərzində yaranmış az-çox inama zərbə vurmuş olacaq: "Bu universitetdə təhsilin səviyyəsinin aşağı olması hər kəsə məlumdur. Amma bunu digər özəl universitetlərə də şamil etmək olmaz. Bu addımın nəticələrini hər birimiz artıq 2017-ci il üçün özəl universitetlərə qəbul olmaq istəyənlərin sayında görəcəyik”.
Doğrudur, Təhsil Nazirliyinin də söz verdiyi kimi, bağlanan universitetin tələbələri ixtisasları üzrə müvafiq ali məktəblərə yerləşdiriləcəklər. Ancaq onlar gələcəkdə "hansı ali məktəbi bitirmisən?” sualına ağrı ilə cavab verəcəklər. Bu ağrının isə subyektiv və obyektiv səbəbləri var...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər