• çərşənbə, 24 Aprel, 18:17
  • Baku Bakı 23°C

Təbriklərlə çatdırılan mesajlar

27.05.21 15:45 422
Təbriklərlə çatdırılan mesajlar
Ekspertlərin fikrincə, ölkə liderləri Cənubi Qafqazda məhz Azərbaycana diqqət yetirdiklərini və regiondakı prosesləri dəstəklədiklərini bəyan ediblər
28 may-Respublika günü ilə bağlı hər il olduğu kimi, bu ildə müxtəlif ölkələrdən Prezident İlham Əliyevə təbrik məktubları ünvanlanmaqdadır. Amma elə təbrik məktubları var ki, onlar əvvəlki illərdən fərqlənir. Misal üçün, Britaniya kraliçası, ABŞ və Çin prezidentlərinin təbriklərində Azərbaycanın dünyada və regionda önəmi bir daha qeyd edilir. Böyük ölkələrin təbrik məktublarında Azərbaycana xüsusi diqqət ayrılması haradan qaynaqlanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, ilk təbrik məktublarının Böyük Britaniya kraliçasından, Çin və ABŞ prezidentlərindən gəlməsi, əslində Azərbayacana postmüharibə dövründə də verilən xüsusi diqqətin və önəmin göstəricisidir: "Ümumilikdə, biz hər bir məktuba diqqət yetirsək görmüş olarıq ki, hər bir ölkənin lideri regionda onu maraqlandıran məqamlara toxunub”.
Z.Məmmədov dövlət başçısına ünvanlanan məktubları ümumiləşdirərək qeyd etdi ki, həmin ölkələr Azərbaycanın başçılığı altında Cənubi Qafqazda gedən proseslərdə iştirak etmək niyyətindədir: "Onların həm nəqliyyat, həm enerji sektorunda yeni peoseslərdə iştirak etmək istəklərini başa düşürük. Bu da ilk növbədə, təbii ki, həmin ölkələrlə Azərbaycan arasında olan siyasi münasibətlərin yüksək olmasının göstəricisidir. Baxmayaraq ki, bu gün həm Ermənistan, həm də erməni diasporu tərəfindən Azərbaycana qarşı ciddi şəkildə informasiya müharibəsi aparılır. Lakin onlar öz məqsədlərinə çata bilməyiblər. Adlarını qeyd etdiyim və etmədiyim bir çox ölkələrin rəhbərləri Azərbaycan Prezidentinə təbrik məktubunda, məhz Cənubi Qafqazda Azərbaycana diqqət yetirdiklərini və bundan sonra regiondakı prosesləri dəstəklədiklərini bəyan ediblər”.
Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, 28 May – Respublika günü münasibətilə dünya liderlərinin Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktublarının mətninə baxdıqda, Azərbaycanın qlobal səviyyədəki önəmini anlamaq olur: "Təsadüfi deyil ki, Azərbaycan liderini ilk təbrik edənlər Britaniya kraliçası və Çin lideri idi. Si Cinpin "Bir kəmər, bir yol” müştərək layihə üzrə əməkdaşlığın davam etməsini xüsusi vurğuladı. Söhbət, Çindən Britaniyaya qədər uzanan, Avrasiyanın, eləcə də dünyanın gələcəyini müəyyənləşdirəcək layihədən gedir. Azərbaycan bu layihənin birləşdirici və açar ölkələrindəndir.
Layihənin Şimal, Cənub və Orta olmaqla üç quru dəhlizi var. Azərbaycanın üzərində yerləşdiyi "Orta dəhliz” hazırda ən aktual marşrutdur. Buna səbəb Azərbaycanın mövcud infrastrukturu, o cümlədən, Avropa ilə Asiyanı birləşdirən körpü olmasıdır. "Bir kəmər, bir yol” layihəsində Azərbaycandan keçən "Orta dəhliz” Qarabağ münaqişəsinin həllindən sonra daha da aktuallaşdı və Şimal və Cənub dəhlizlərinin Bakı üzərində altılıq platforması çərçivəsində birləşməsi ideyası ortaya çıxdı. 30 il sonra torpaqlarımızı azad edə bilməyimizin başlıca səbəblərindəın biri, məhz qlobal dəyişiklikdir. Prezident İlham Əliyev geosiyasi dəyişikliyi doğru oxuya bildi və bundan Azərbaycanın maraqları üçün istifadə etdi. Müharibədən sonra Azərbaycan liderinin regionda təklif etdiyi altılıq platforması da məhz "Bir kəmər, bir yol” layihəsinin üç quru dəhlizinin Bakıda birləşməsidir. Çin liderinin təbrik məktubunda bu layihə üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqda dedikləri Azərbaycanın Avrasiyasının, o cümlədən, dünyanın gələcəyini müəyyənləşdircək proseslərdə önəmini bir daha göstərir”.
A.Nərimanlı vurğuladı ki, ABŞ prezidentinin təbrik məktubu da qlobal güc olan ölkənin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunun ifadəsi idi: "Baydenin təbrik məktubunda diqqətçəkən bir sıra nüanslar var.Onlardan birincisi, ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfənin vurğulanmasıdır.
ABŞ-ın Cənub Qaz Dəhlizinə dəstək verdiyi məlumdur, lakin Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətliyyətlə dəstəkləməsi, Transxəzər layihəsinin gündəmdə olması deməkdir. Transxəzər layihəsi ilə Türkmənistanın enerji resursları Cənubi Qaz Dəhlizinə qoşula bilər.
Xəzərin hüquqi statusunun həll edilməməsi, o cümlədən, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu bu layihənin önündəki praktiki əngəllər idi. Status məsələsi 2019-cu ildə, yataq məsələsi isə 2021-ci ilin yanvarında həll edildi.
Baydenin təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsindən bəhs edərkən, Xəzərdəki yataq anlaşmasına diqqət çəkməsini, Transxəzər layihəsinə "yaşıl işığın” yandırıldığı kimi qiymətləndirə bilərik. Qarşıdakı dövrdə Transxəzər layihəsi ilə bağlı praktiki addımların gündəmdə olacağı istisna deyil. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu artıracaq.
Baydenin diqqət çəkdiyi ikinci məsələ təhlükəsizlik məsələləri ilə bağlı fikirlərdir. ABŞ regional, o cümlədən, qlobal təhlükəsizliyin təmin edilməsi məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi, bu təcrübənin mövcud olduğunu göstərir. Bayden Administrasiyası da indiyə qədər mövcud olan əməkdaşlığı daha da inkişaf etdirmək istəyir.
Bütün bunlar Azərbaycanın həm ABŞ, həm də Çinin maraq dairəsində olduğunu və qlobal proseslərdə ciddi oyunçulardan biri olduğu deməkdir”.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirdi ki, müxtəlif dünya ölkələrindən Azərbaycan Prezidentinə gələn təbrik məktubları ölkəmizin əldə etdiyi nailiyyətlərə rəğmən, Azərbaycana olan rəğbətin və hörmətin bariz nümunəsidir. "Bu məktublarda Azərbaycanın siyasi islahatlar çərçivəsində əldə etdiyi nəticələr və bu yolda sona qədər addımlamaq iradəsinə də qiymət verilir və dəyərləndirilir. Azərbaycanın cümhuriyyət dəyərlərinə sadiq qalması ilə bağlı müəyyən dəyərləndirmələr, fikirlər də yer alır”.
A.Quliyev, həmçinin qeyd etdi ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, regionun enerji xəritəsinin dəyişdirilməsi sahəsində atdığı addımların önəmi xüsusi ilə vurğulanır: "Bölgəmizin iqtisadi coğrafiyasının dəyişdirilməsində, nəqliyyat infrastrukturlarının yaradılmasında əldə etdiyi nailiyyətlər dünyanın diqqətindən qaçmır və bu sahədə cənab Prezident İlham Əliyevin apardığı siyasətə bu məktublarda, təbriklərdə yer verilir. Bir sözlə, dünyanın nəhəng dövlətlərinin başçılarının və iqtisadi biznes strukturlarının təbrik məktubları, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Bu, Azərbaycanın bugünkü dünyanın iqtisadi maraqlarının və təhlükəszilik mənafelərinin həyata keçirilməsində oynadığı rola dünyanın verdiyi qiymətlə bərabər, həm də dünyanın Azərbaycandan bir sıra konkret sahədə gözləntilərinin olmasına işarədir. Xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın apardığı siyasətə dünyanın ehtiyac olduğu bu məktublarda açıq-aşkar şəkildə vurğulanır. Dövlətimizin əldə etdiyi nailiyyətləri dəyərləndirmək üçün, gələn təbrik məktublarının hamısını sistemli şəkildə öyrənmək və oradan müəyyən nəticələr çıxartmaq kifayətdir”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər