Təbii amillərlə müalicə insan orqanizminə daha patogenetik təsir göstərir

Təbii mineral sulardan istifadə etməklə bir sıra xəstəliklərin müalicə olunması hələ çox keçmişdən məlumdur. Tərkibi müxtəlif mikroelementlərlə zəngin olan həmin suların insan orqanizminə faydası böyükdür: orqanizmin maddələr mübadiləsini sürətləndirir, onu çatışmayan elementlərlə zənginləşdirir.
Dünyada mövcud olan mineral su növlərinin əksər hissəsinə Azərbaycanda rast gəlmək olar. Ən geniş yayılmışı isə karbon tərkibli sulardır. Nümunə olaraq Naxçıvan Muxtar Respublikasının ərazisindəki "Badamlı”, "Sirab”, "Vayxır”, Kəlbəcərdəki "İstisu”, Şuşadakı "Şuşa” mineral sularını göstərmək olar. Bundan əlavə, respublikamızın ərazisində çıxan çoxlu müalicəvi kükürdlü suları da qeyd etmək lazımdır. Lənkəran, Masallı, Suraxanı və Şıx çimərliyi yaxınlığında kükürdlü su mənbələri çox böyük müalicə əhəmiyyətlidir.
Bu barədəAZƏRTAC-a Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Əlişir Musayev məlumat verib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisindəki silisium tərkibli Darıdağ mərgümüşlü suyuna dünyada nadir hallarda rast gəlinir. Onun sinir sisteminə mənfi təsiri olsa da, çox az miqdarda qəbulu orqanizmin immun qabiliyyətini stimulizasiya edir. Həmin sudan oynaq və mədə-bağırsaq xəstəliklərində geniş istifadə olunur.
Müalicə əhəmiyyətli sulardan biri də Şabrandakı "Qalaaltı” suyudur. Ukraynadakı "Truskavets” suyunun bənzəri olan "Qalaaltı” böyrəklərin funksiyasını bərpa etməklə yanaşı, mayeqovucu xüsusiyyətə malikdir. Həmin mineral suyun debiti normaldır və böyrək çatışmazlığından əziyyət çəkənlər üçün əsas müalicə vasitəsidir. Hazırda həmin bölgədə dünya səviyyəli "Qalaaltı” sanatoriyası fəaliyyət göstərir. Burada çox ağır xəstəliklər müalicə olunur. Kurortda palçıq müalicəsi, vannalarla, mineral sularla müalicə, fizioterapiya, elektroterapiya, ultrasəs müayinə həyata keçirilir”, - deyə professor qeyd edib.
Ə.Musayev Naftalan neftinin əhəmiyyətindən də danışıb. O bildirib ki, Naftalan Azərbaycan kurortologiyasının brendi hesab olunur. Son illərdə aparılan infrastruktur dəyişiklikləri nəticəsində Naftalanı kurort-müalicə müəssisəsi kimi ön mövqeyə çıxarıb. Ölkəmizdə kurortların inkişafına dair 2009-2018-ci illər üçün Dövlət Proqramı qəbul edilib və həmin sənəddə Naftalan kurort-müalicəsinin inkişaf etdirilməsi, Naftalan neftindən alınan komponentlər və dərman preparatlarının genişləndirilməsi öz əksini tapıb.
Dünyada analoqu olmayan Naftalan nefti çox geniş müalicə spektrinə və tətbiq sahəsinə malikdir. Sinir, dayaq-hərəkət sistemi, burun-boğaz-qulaq, ginekoloji, mədə-bağırsaq və digər xəstəliklərdə əvəzsiz vasitə sayılan Naftalan neftinin əsas müalicə keyfiyyəti ağrıkəsici, iltihab əleyhinə, desensibiləzəedici və orqanların trofikasını yaxşılaşdırmaq sahəsində güclü təsirə malik olmasıdır. Ona görə də müxtəlif etioloji və patogenetik xəstəliklərdə onu uğurlu müalicə vasitəsi kimi tətbiq edirlər.
Qeyd edilib ki, son vaxtlar Xorvatiyada da müalicə nefti aşkar edilib və oxşarlığına görə onu da "Naftalan” adlandırıblar. Buna baxmayaraq, tərkibinə görə onların arasında müəyyən fərqlər var. Naftalan nefti kurort müalicəsi kimi əsasən vanna şəklində tətbiq edilir. Onun kurortdankənar vanna şəklində istifadəsi daha çox izafi sərfiyyata səbəb olur. Müalicəvi neftdən sürtmə şəklində istifadə edilməsi də çox yaxşı səmərə verir. Son vaxtlar Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda aparılan araşdırmalar nəticəsində Naftalan neftinin kurortdankənar şəraitdə-xəstəxana, poliklinika və digər sağlamlıq müəssisələrində istifadəsi üçün çoxlu müalicə üsulları hazırlanıb. Onların arasında neftin qızdırılaraq sürtmə şəklində istifadə edilməsi ilə yanaşı, fototerapiya və ultrasəs müalicə üsullarında müştərək olaraq da tətbiq edilir. Bundan başqa, Naftalan neftinin təmizlənməsi də çox mühüm əhəmiyyət daşıyır. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu və Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının birgə apardıqları tədqiqatlar göstərir ki, neftin tərkibinin qətranlardan təmizlənməsi nəticəsində naften karbohidrogenləri, yəni qətransız ağ Naftalan nefti alınır. Bundan sonra onun kurortdankənar müalicə vasitəsi kimi burun-boğaz və ginekoloji xəstəliklərdə tampon, nanotexnoloji üsullarla alınan neft məhsullarının isə vanna, maz və şam şəklində istifadəsi mümkündür.
Ə.Musayev, həmçinin deyib: "Ölkəmizdə müalicə vasitəsi kimi təkcə vulkan deyil, həm də lil palçığından da istifadə edilir. Masazır və Zığ gölünün palçığı ona görə daha geniş tətbiq edilir ki, onun bakterioloji, sanitar-gigiyenik göstəriciləri əlavə tədbirlər görülmədən istifadəyə imkan verir. Bundan fərqli olaraq, vulkan palçığının müalicə üçün müəyyən hazırlığa ehtiyacı var. Ən önəmlisi odur ki, vulkan palçığı müəyyən qaynama həddinə çatıb püskürəndən sonra soyuyur, quruyur və termofiziki keyfiyyətlərini itirir. Palçığı suda həll edib məhlul halına salandan və qızdırandan sonra onun əvvəlki fiziki, kimyəvi və bioloji xassələrini bərpa etmək mümkündür. Abşeron yarımadasından başqa Ələt qəsəbəsi, Qobustan və Salyan rayonları ərazisində də palçıq vulkanları var”.
Mütəxəssis təbii amillərlə müalicənin insan orqanizminə daha patogenetik təsir göstərdiyini də diqqətə çatdırıb.
