• çərşənbə axşamı, 05 avqust, 10:25
  • Baku Bakı 25°C

Təbiəti qorumaqla özümüzü qorumuş sayılırıq

04.06.19 16:07 4394
Təbiəti qorumaqla özümüzü qorumuş sayılırıq
Müasir dövrün qlobal və ən çox müzakirəyə açıq olan məsələlərindən biri də ekoloji problemdir. Günümüzdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi qarşıda duran əsas məqsədlərdən biridir. Çünki təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərində yaranan ziddiyyətlərin dinamik inkişafı və ildən-ilə daha da kəskinləşməsi bütün nüfuzlu beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olub. Hazırda beynəlxalq aləmdə hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü - ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcək. Bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilib. XXI əsr bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyi tələb edir.Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, uşaqlıqdan başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır.
Bəs, bu sahədə maarifləndirmə işi necə aparılmalıdır, xüsusilə də şagirdlər arasında hansı təbliğat işləri görmək olar.
Ekoloji İnformasiya İctimai Birliyinin təsisçisi Xosrov Musayev qeyd edir ki, yaşından asılı olmayaraq təbiəti qorumaq hər kəsin borcudur: "İlk olaraq insanlarda kiçik yaşda ekoloji şüuru, mədəniyyəti inkişaf etdirmək lazımdır. Çünki insanlara elə təsəvvür yaranıb ki, ətraf ayrı, biz ayrı aləmik. Hələ insanların şüuruna tam oturmayıb ki, insan da təbiətin bir hissəsidir. Təəssüf ki, bəzi şəxslər bunu dərk etmir və ona görə də maarifləndirmə işlərinə böyük ehtiyac var. Xüsusilə də məktəblərdə bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Məsələn, məktəblərdə ekoloji klublar yaradıla, ekologiya ilə bağlı təlimlər, seminarlar təşkil edilə bilər. Hər kəsə bəllidir ki, günümüzdə atmosfer qatının çirklənməsi hansı problemlərə, iqlim dəyişikliklərinə səbəb olur. Təbiətdə hər bir bioloji varlıq təkrarolunmazdır və məhv olduğu zaman bərpa olunmur. Bacardığımız qədər insanların təbiətlə daha çox ünsiyyətdə olmasına şərait yaratmalıyıq. Təbiətlə ünsiyyətdə olan insan daha humanist olur. İnsan daim təbiətin qayğısını çəkməlidir. Əgər çəkməzsə, təbiət məhv olar. İnsanlar anlamalıdırlar ki, bu iş bumeranq kimidir. Yəni, təbiəti nə qədər təmiz saxlasan sağlamlığın üçün bir o qədər yaxşı iş görmüş olarsan. Əksinə, nə qədər çox çirkləndirsən, özünə ziyan edərsən”.
Ekologiyanın Qorunmasına Kömək İctimai Birliyi sədri Sadiq Sadıqov deyir ki, bu mövzuda insanlar arasında maarifləndirmə işi müntəzəm aparılmalıdır: "Sadəcə sözdə yox, əməldə də hansısa işlər görülməlidir. Ağac əkmə kompaniyaları həyata keçirməlidir. Məsələn, mən QHT rəhbəri olmaqla, həm də orta məktəbdə coğrafiya müəllimi işləyirəm. Şagirdlərimin bu istiqamətdə maariflənməsi üçün dərsdə bacardığım qədər çox məlumat verirəm və dərsin interaktiv şəkildə keçməsinə çalışıram. Dərs vəsaiti olaraq da təbiətlə bağlı videolardan, şəkillərdən istifadə edirəm. Bundan başqa, sadəcə, sinif otağı ilə kifayətlənməyib şagirdləri təbiətə ekskursiyaya aparırıq. Təbiəti tam yaxından tanımaları, onu qorumaları üçün bilgilər veririk. İməcilik günləri keçiririk. Onu da qeyd edim ki, şagirdlərin marağı da böyükdür. Təbiət qoynuna getməyi, heyvanlara qayğı göstərməyi çox sevirlər”.
"Sağlam Cəmiyyət" İctimai Birliyinin sədri Lalə Mehralısosial media hesabında da bu istiqamətdə paylaşımlar etdiyini, insanları təbiəti qorumağa səslədiyini deyir: "Ekoloji çirklənmə bizim evimizin çirklənməsi, həmçinin sağlamlığımızın təhlükə altında olması deməkdir. Ekoloji problemlərin hansı bəlalara səbəb olduğu hər kəsə bəllidir. Ekoloji təmizlik ilk olaraq evin içindən başlayır. İnsanların öz evinə yanaşması necədirsə, təbiətə yanaşması o cür olur. Yəni, hamı birinci öz evini təmiz saxlamalıdır. Böyüklər kiçiklərə örnək olacaq işlər görməlidir. Əgər valideyn əlindəki plastik butulkanı və ya hansısa bir zibili küçədə yerə atırsa, o, uşağına pis örnək olur. Uşaq nə görürsə, onu götürür. Bu məsələdə məktəblərin də üzərinə böyük yük düşür. Müəllimlər dərs əsnasında uşaqları maarifləndirməli, təbiətdə necə davranmalı olduqlarını deməlidirlər. Bir növ uşaqlarda təbiətə sevgi yaratmalıdırlar. Mən şəxsən özüm sosial media hesabımda da bu istiqamətdə paylaşımlar edirəm. Bir neçə dəfə insanların dənizə atdıqları tullantıların nəticəsində yaralanmış heyvanların şəkillərini paylaşıb, onları belə etməməyə səsləyirəm. Çox təəssüf ki, günümüzdə küçələrin divarlarında "bura zibil atma” kimi yazıların şahidi oluruq. Baxırsan ki, kifayət qədər zibil qabları qoyulur, amma nədənsə, insanlar zibili yerə atır. Bu isə heç yaxşı hal deyil. Normal insan bunu etməz. Hər kəs bacardığı qədər ekoloji təmizliyə riayət etməlidir”.
L.Mehralı bildirir ki, ölkədə şam ağaclarının kəsilməsi onkoloji xəstələrin sayını artırır: "Yəni ekoloji tarazlığı pozmaq, ağacların kəsilməsi hansısa xəstəliyin artmasına şərait yaradır. Bu da onu göstərir ki, ekologiyaya olan dırnaqarası və həqiqi diqqət müəyyən mənada özümüzə dönür. Təbiəti qorumaqla özümüzü qorumuş sayılırıq”.
Günel Azadə
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər