• çərşənbə axşamı, 16 aprel, 08:52
  • Baku Bakı 14°C

Teatrlarımız yayda hara qastrol səfərlərinə gedəcək?

16.06.15 11:43 1462
Teatrlarımız yayda hara qastrol səfərlərinə gedəcək?
Bu gün axşam ölkəmizdə hamının səbirsizliklə gözlədiyi “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimi baş tutacaq. Artıq minlərlə turist ölkəmizə axın edib. Uzun müddətdir ki, Azərbaycan üçün böyük önəm daşıyan bu dünya səviyyəli tədbirə dövlət strukturları, idman sektoru ilə bərabər mədəniyyət ocaqlarımız da hazırlaşır. Məhz bu səbəbdəndir ki, paytaxtımızda fəaliyyət göstərən mədəniyyət ocaqları turistlərin gəlişi üçün xüsusi repertuar hazırlayaraq onlara mədəniyyətimizi, tariximizi, incəsənətimizi göstərmək üçün çalışırlar. Bu sırada bütün güclərini mötəbər tədbir üçün səfərbər edən teatrlarımız xüsusi yer alıb. Onlar da digər qurumlar kimi ciddi cəhdlə ölkəmizə gələn turistlərin xoş təəssüratlarla geri dönməsi üçün əllərindən gələni edirlər. İyunun 12-dən 28-nə kimi ölkəmiz bu mötəbər yarışmaya ev sahibliyi edəcəyi üçün paytaxt teatrları repertauralarında olan ən maraqlı tamaşaları rus və ingilis dilində alt yazılı, yəni titrlar vasitəsi ilə təqdim edəcəklər.
Lakin buna baxmayaraq, yay mövsümündən istifadə edib bölgələrə qastrola getməyə hazırlaşan paytaxt teatrlarımız da az deyil. Amma maraqlıdır ki, bölgə teatrlarımız isti yay günlərində hələ ki qastrol səfərlərinə çıxmağı düşünmürlər. Onlar paytaxtda Avropa Oyunlarının keçirildiyi üçün hər ilki adətlərindən bir qədər kənarlaşıblar.
Paytaxtdan bölgələrə gedən yol
Ana teatrımız olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı hazırda yeni qastrol səfərindən dönsə də teatrın yaradıcı heyəti ölkəmizə gələn turistləri qarşılamaqla yanaşı yeni qastrol səfərlərinə hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun sözlərinə görə, ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına ciddi səylə hazırlaşırlar. Onlar həmin ərəflərdə biri-birindən maraqlı tamaşalarla turistləri təəccübləndirmək niyyətindədirlər.
Teatrın artıq yeni mövsüm üçün də qastrol səfərləri məlumdur. Belə ki, teatrın yaradıcı heyətinin bir hissəsi İyunun 16-da Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri ilə Oğuz tamaşaçılarının görüşünə gedəcək.
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun sözlərinə görə isə, Birinci Avropa Oyunları ilə əlaqədar olaraq sözügedən teatrın yaradıcı heyəti bu mövsüm heç bir qastrol səfərinə getməyəcək. Onlar da digər paytaxt teatrlarımızın yaradıcı heyəti kimi ölkəmizə gələn tiristləri yaradacaqları maraqlı obrazları ilə təəccübləndirmək niyyətindədirlər.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə isə təşkilatçı şirkət teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi “Tıq tıq və Taq taqın sərgüzəştləri” tamaşasını Şamaxı və Xaçmaz, eləcə də digər rayonlarda nümayiş etdirməyi təklif etsələr də hələ ki, qastrol səfəri ilə bağlı danışıqlar gedir. Ancaq teatrın yay qastrol səfəri bununla yekunlaşmayacaq, teatrın repertuarındakı maraqlı tamaşaları nümayiş etdirmək üçün bəzi bölgələrdən təkliflər gəlsə də teatrın rəhbərliyi bu barədə düşündüyü üçün hələ qərar qəbul etmyib. Kukla Teatrının yaradıcı heyəti də ölkəmizə təşrif buyuran turistləri teatrın repertuarındakı maraqlı tamaşalarla heyrətləndirmək niyyətindədirlər.
Bakı Uşaq Teatrının mətbuat xidmətindən verilən məlumata görə, hər il olduğu kimi bu il də Uşaq teatrı türkiyədə keçirilən Ramazan etkinliklərinə dəvət alıb. İyul ayının əvəllərində Qara dəniz sahillərinə, daha çox azərbaycanlıların yaşadığı Mərzifona səfərləri gözlənilir. Teatr bu səfərdə bayram proqramı ilə çıxış edəcək. Həmin səıfərdə tamaşalardan parçalar nümayiş olunacaq.
Vətənindən didərgin düşmüş teatrlarımızda da bu barədə vəziyyət ürəkaçan deyil. Həmin teatrların demək olar ki, hamısı bu yay mövsümünü qastrolsuz keçirəcəklər. Belə ki, Şuşa Dövlət Musiqili Dram Teatrı hazırdaa heç bir qastrol səfərinə hazırlaşmır. Teatrdan aldığımız məlumata görə, hələ ki, bu mövzu ilə bağlı heç bir danışıqlar getməyib. İrəvan Dövlət Azərbaycan Dram Teatrında da vəziyyət eyni ilə belədir. Teatrın direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin sözlərinə görə bu mövsüm heç bir qastrol səfəri gözlənilmir. Direktor deyir ki, teatrın heç bir qastrol səfəri gözlənilmədiyi üçün onlar mövsümü bir qədər tez - iyunun 30-da bağlayacaqlar. Hazırda isə teatrın səhnəsində “Cümhuriyyətin sədası” adlı tamaşanın məşqləri gedir, bu tamaşa ilə də mövsüm bağalı elan olunacaq.
Gəncə Dövlət Dram Teatrından aldığımız məlumata görə, onlar yay mövsümünüdə qastrol səfərinə çıxmayacaqlar. Teatrın direktoru Əli Qasımovun verdiyi məlumata görə hazırda teatrın səhnəsində yeni tamaşanın məşqləri gedir. Belə ki, teatrın yaradıcı heyəti Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası üzərində son hazırlıqlar aparmaqdadır. Teatrın rəhbəri bizimlə söhbətində onu da bildirdi ki, iyulun 15-də məhz bu tamaşa ilə teatr mövsümü bağlı elan edəcək, yeni mövsümü də sentyabrda isə məhz bu tamaşa ilə açacaqlar.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası iyunun 20-dən yay qastrollarına başlayacaq. Bu barədə məlumatı teatrın direktoru Tofiq Heydərov verdi. Onun sözlərinə görə, teatr öncə Ucar rayonunun sənətsevərlərinə S.M.Qənizadənin “Xor-xor” vodevilini təqdim edəcək. Qonşu Lerik rayonunun tamaşaçıları isə xalq yazışısı İ.Əfəndiyevin “Qəribə oğlan” komediyasına baxmaq imkanı qazanacaqlar. Daha sonra truppa öz yolunu Hacıqabul, İsmayıllı və Şabran rayonlarından salacaq. Həmin rayonlarda Üzeyir Hacıbəyovun hekayə, pamflet və felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” tamaşası nümayiş etdiriləcək. Göründüyü kimi bu mövsüm Lənkəran Teatrı boş dayanmaq niyyətində deyil.
Beləliklə, teatrlarımızın yay qastrol səfərləri ilə bağlı kifayət qədər məlumat əldə etdiniz. Gördüyünüz kimi digər illərə nisbətən bu mövsüm teatrlarımız qastrol səfərlərinə bir qədər biganə yanaşıb. Bunun isə səbəblərini hamıdan yaxşı teatrların özü bilir. Ümid edirik ki, növbəti mövsümdə teatrlarımızın qastrol səfərləri daha bol olacaq. Biz də onların bu səfərləini ürəkdolusu işıqlandıracağıq.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər