• cümə, 29 Mart, 13:44
  • Baku Bakı 14°C

Teatrlarımız Nəsimi ilinə necə hazırlaşır?

10.04.19 09:00 1046
Teatrlarımız Nəsimi ilinə necə hazırlaşır?
Hər kəsə məlumdur ki, 2019-cu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin ilidir. Bu il Nəsiminin anadan olmasının 650 ili tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdı.Bu səbəbdən Nəsimi ilə əlaqədar ölkə daxilində, eləcə də beynəlxalq arenada bir çox tədbirlər keçirilir, səhnəciklər hazırlanır, Nəsimidən sitatlar gətirilir. Bəs görəsən Nəsimi ilinə teatrlarımız necə hazırlaşıb? Onlar repertuar planında Nəsimi qəzəllərinə yer ayırırlarmı?
"Nəsimiyə "Nəsimi” baletini hədiyyə edəcəyik”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva "Kaspi”-yə açıqlamasında "Nəsimi ili” ilə əlaqədar Fikrət Əmirovun musiqisi əsasında hazırlanan "Nəsimi” baletinin hazırlıq işlərinin tamamlandığını dedi: "Nəsimi ili” əlaqədar bir pərdəli "Nəsimi” baletinin üzərində iş gedir. Tamaşanın quruluşunu xalq artisti, balet truppasının bədii rəhbəri Kamilla Hüseynova həyata keçirir. Tamaşanın musiqi rəhbəri və dirijoru isə xalq artisti Yalçın Adıgözəlovdur. Əsas rollarda balet truppasının solistləri iştirak edəcəklər. Belə ki, gənc balet solisti Anar Mikayılov Nəsimi rolunu, əməkdar artist Nigar İbrahimova isə Nəsiminin həyat yoldaşı obrazını ifa edəcəklər. Tamaşada digər solistlər də iştirak edəcəklər”.
Teatrın sözçüsü deyir ki, ilin əvvəlindən tamaşa üzərində məşqlər gedir. Tamaşanın premyerası mayın 5-ə nəzərə tutulub: "Tamaşanın əsas hissələri hazırdır, işlər yekunlaşmaq üzrədir. Son hazırlıq işləri gedir, belə ki, tikiş sexində geyimlər tikilir, rəssamlar səhnə tərtibatını hazırlayır, orkestr musiqi materialının üzərində son işlərini görürlər”.
"Nəsimi qədər böyük bir ümmana baş vurmaq cəsarət tələb edir”
Uzun müddətdir ki, Bakı Uşaq Teatrı "Bir teatrı, bir festival” layihəsi çərçivəsində gerçəkləşəcək üçüncü "Bizim teatr festival”ına hazırlaşır. Belə ki, onlar bu festivalı "Nəsimi ili”nə həsr ediblər. Teatrın direktoru İntiqam Soltan "Nəsimi ili, Nəsimi dili” adlandırılacaq festivalın 2019-cu il aprelin 12-13-də Teatr Xadimlər İttifaqında keçiriləcəyini deyir: "Festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək. Məqsədimiz yaradıcı heyətimizin fərdi yaradıcılığının inkişafına zəmin yaratmaqdır. Aktyorlarımızın hər biri ayrı-ayrılıqda öz üzərilərində çalışırlar. Nəsimi deyəndə hamımızın gözü önündə ilk növbədə onun qəzəlləri və "Nəsimi” filmi canlanır. Ancaq biz bir az fərqli üsula əl atmışıq. Əsas məqsədimiz aktyorların fərdi işini nümayiş etdirməkdir. Nəsimi qədər böyük bir ümmana baş vurmaq cəsarət tələb edir. Demək olar ki, teatrın bütün aktyorları bu festivalda iştirak edir. Hansı ki, mən bunu yalnız könüllülük əsasında təklif etmişdim”.
İ.Soltan deyir ki, bu festival fərqliliyi ilə seçilir: "O mənada ki, biz bu festivalla əruz vəznini nümayiş etdirmək istəmirik, istəyirik ki, Nəsimi yaradıcılığına səyahət edək. Münsiflər heyətindən də xahiş etmişik ki, qiyməti əruza deyil, Nəsimi yaradıcılığına görə versinlər. Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompozisiyalar nümayiş etdirəcəklər. Bundan başqa, müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Artıq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çıxışla bağlı festivalın təşkilat komitəsinə müraciət ediblər və proqrama salınıblar. Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılacaqlar”.
Sumqayıt Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bizimlə söhbətində "Nəsimi ili”nə xüsusi hazırlaşdıqlarını və teatrın yaradıcı heyətinin bununla bağlı tamaşa hazırladığını vurğuladı: "Aprelin 12-də Teatr Xadimlər İttifaqında "Nəsimi ili, Nəsimi dili” festivalında biz də iştirak edəcəyik. Orada bizim "Şah və Sultan” adlı kompozisiyamız təqdim olunacaq. Mayın 10-15-i arası Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Sumqayıt Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə Nəsiminin 650 illiyi ilə bağlı teatrda böyük tədbir proqramı təşkil edəcəyik. Belə ki, burada xalq artistləri Rasim Balayev, Alim Qasımov, dəyərli sənətkarlarımız Elnarə Abdullayeva, Şeyx Əbdül, Nəsimişünas dilçi-alim və bir çox qonaqlarımız olacaq. Bir saat 10 dəqiqə ərzində böyük bir tədbirimiz olacaq. Bundan başqa, Sumqayıtın yaranmasının 70 illik yubileyi ilə bağlı özümüzün bir çox tədbirlərimiz var, teatrın yaradıcı heyəti həm də bu yubileyə hazırlaşır”.
"Çün Nəsimi aləmin sultanıdır”
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovadeyir ki, Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” teatr studiyasında "Çün Nəsimi aləmin sultanıdır” adlı kompozisiya hazırlanır. "Oyuq” teatr studiyasının istedadları İmadəddin Nəsiminin sevilən qəzəllərini səsləndirəcək, bu qəzəllər əsasında səhnəcik nümayiş etdirəcəklər. Bundan başqa, suriyalı vokalçılarla birlikdə "Qafil oyan” musiqisini xor şəklində ifa edəcəklər. Hər zamankı kimi, tamaşaçılar studiyanın yaradıcı heyətinin təqdimatında maraqlı bir kompozisiya izləyə biləcəklər. Bu da Kukla Teatrının İmadəddin Nəsiminin 650 illiyinə bir töhfəsi olacaq. Bu tamaşa-kompozisiya noyabr ayının əvvəllərinə nəzərdə tutulub”.
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev mətbuata açıqlama verərkən bu addımın Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması, təbliği baxımından çox böyük töhfə olduğunu deyib: "Hörmətli cənab Prezidentimizin 2019-cu ili "Nəsimi ili” elan etməsi haqqında tarixi qərarı Ulu Öndər Heydər Əliyevin xalqımız üçün gördüyü işlərin uğurlu davamı, milli mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. Uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsi bundan sonra daha geniş şəkildə araşdırılacaq, xüsusilə, incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək. Hələ ötən ilin oktyabr ayında VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın aparıcı simalarının Nəsimi yaradıcılığı ilə yaxından maraqlanmaları, onların Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan xalq artisti, bəstəkar Firəngiz Əlizadənin "Nəsimiyə ithaf” adlı balet-tamaşasını heyranlıqla izləmələri göstərdi ki, biz Nəsimini bütün dünyaya tanıtmalıyıq. Düşünürəm ki, Prezidentin yeni Sərəncamı bütün yaradıcı kollektivlərin çiyinlərinə düşən məsuliyyəti daha da artıracaq – mədəniyyətimiz üçün əhəmiyyətli şəxsiyyət, qüdrətli söz ustası Nəsimi haqqında ilboyu keçiriləcək tədbirlərin gedişatında fəal iştirak etmək, yeni səhnə əsərləri hazırlamaq, yeni layihələri reallaşdırmaq və geniş auditoriyaya təqdim etmək ümdə vəzifəmiz olmalıdır”.
Qeyd edək ki, Akademik Musiqili Teatr da "Nəsimi ili, Nəsimi dili” festivalında iştirak edəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər