“Teatrla tanış olduğum günə qədər çox yaxşı şagird idim” - Keçmişdəki mən
Bəhram
Osmanov: "İnstitutu bitirəndə, gördüm ki, 9-a yaxın bütöv tamaşa hazırlamışam”
"Valideynlərim
teatra olan marağımın keçici olacağını düşünürdülər. Çünki onlar mənim daha
hörmətli bir peşəyə yiyələnməyimi istəyirdilər. Amma teatrın sehri məni özünə
cəlb etmişdi. O sehrin təsiri altına düşdüyüm gündən sonra məktəbdə öyrəndiyim
hər şeyi yadımdan çıxardım”.
Bu sözləri
bizimlə söhbətində Gənc Tamaşaçılar
Teatrının baş rejissoru Bəhram Osmanov söylədi. Onunla söhbətimiz əsnasında rejissorun uşaqlıq, gənclik illərinə
nəzər saldıq.
1962-ci
ildə Gəncə şəhərində anadan olan müsahibim deyir ki, uşaqlıq illəri onun üçün
maraqsız keçib: "Gəncə mənim ata-baba yurdumdur. Atam, babam və böyük babalarım
da bu şəhərdə dünyaya göz açıb. Amma hamıdan fərqli olaraq, yaşadığım mühit və
sovet dövrünün reallıqları mənim üçün maraqsız gəlirdi. Ailədə 3 uşaq idik. Mən
sakit təbiətli uşaq olmuşam. O illəri indi çətinliklə xatırlayıram.
Valideynlərimin hər ikisi işləyirdi. Bütün valideynlər kimi mənim atam, anam da
vətənə layiq övlad yetişdirməyə çalışırdılar”.
Ən böyük əyləncəm kitab oxumaq idi
Müsahibim
deyir ki, həmyaşıdlarından fərqli olaraq heç bir əyləncəyə, oyunlara marağı
olmayıb: "Hələ uşaq vaxtından cəmiyyəti, ətraf mühiti öyrənmək istəmişəm. O
dövrdə Gəncədəki uşaqların əksəriyyəti davakar idi. Sakit təbiətli biri olsam
da, ətrafımda hər şeydən xəbərdar idim. Bəzən elə olurdu ki, mən də davalara
qoşulurdum. Məktəb illərində ancaq dərsdən çıxıb evə gəlirdim. Bəlkə də, bu, mənim
xarakterimdən irəli gələn bir şey idi. Ən böyük əyləncəm kitab oxumaq idi. O
dövrdə müxtəlif dərnəklər, rəsm, idman dərsləri keçirilirdi. Bütün dərnəklərə
yazılsam da, bir aydan sonra marağım itirdi. Teatrla tanış olduğum günə qədər
çox yaxşı şagird idim. Dərslərimə hər zaman hazırlıqlı olurdum”.
Rejissorun
teatra marağı isə tamamilə təsadüf nəticəsində yaranıb: "Məktəb illərində
"Qəribə dilənçi” adlı bir tamaşaya baxmışdım. Uzun illər sonradan öyrəndim ki,
bu, Polşa tamaşasıdır. Bu tamaşada dəhşətli bir sehr məni özünə cəlb etmişdi.
Artıq məndə teatr sənətinə böyük sevgi yaranmışdı. 6-cı sinifdə Gəncə Dövlət
Dram Teatrında uşaq rolları oynamağa başlamışdım. Bir müddət sonra isə artıq
böyük aktyorlarla birgə səhnəyə çıxdım. Ən böyük arzum aktyor olmaq idi.
Valideynlərim isə bu marağımın keçici olacağını düşünür, əyləncə kimi qəbul
edirdilər. Amma teatra marağım yaranandan sonra öyrəndiyim hər şeyi yadımdan
çıxardım. Valideynlərim mənim daha hörmətli bir peşəyə yiyələnməyimi istəyirdilər.
Amma günlərin bir günü "Bir baxış” tamaşasını izlədikdən sonra məndə təlatümlər
yarandı. Beləliklə, rejissor olmağa qərar verdim. İstedadlı və zəhmətkeş
aktyorların tərəfində olan bir rejissor olmaq istəyirdim. Məqsədim Moskvada
təhsil almaq idi. Amma valideynlərim bu dəfə də istəyimə qarşı çıxdılar”.
Düşünürdüm ki, bu iş məndə alınacaq
Valideynlərinin
narazılığına görə, həmsöhbətim Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil
olub: "Məktəb illərindən fərqli olaraq tələbəliyim çox maraqlı keçdi. Çünki o
dövrdə özümü sərbəst və azad hiss edirdim. O illərdə Bakıda yataqxanada
yaşayırdım. İnstitutun binası Malakan bağının yaxınlığında yerləşirdi. Ustad
sənətçilərlə həm müəllim-tələbə, həm də dost münasibətimiz var idi.
İnstitutumuzun pedaqoji heyəti çox güclü idi. Orada hamı bir-birini tanıyırdı.
Timuçin Əfəndiyev o dövrdə teatr sənəti fakültəsinin dekanı idi. Timuçin
müəllim təşkilatçı və institut rəhbəri kimi böyük işlər görüb. Mehdi Məmmədov
bizim kafedra müdirimiz idi. Məşhur rejissor Nəsir Sadıqzadə kurs rəhbərim
oldu. O, həm də mənim ən yaxın dostlarımdan biri idi. Yaş ötdükcə onlara olan
hörmətim daha da artır. Çünki onlar mənə heç bir qadağa qoymamışdı. Tələbə
vaxtı hər zaman tədris proqramından irəli gedirdim. İkinci kursda oxuyanda
10-15 dəqiqəlik rejissor parçası hazırlamaq əvəzinə, bütöv tamaşalar
hazırlayırdım. Kurs tamaşalarıma komsomol təşkilatının rəhbərləri gəlib
baxırdılar. İnstitutu bitirəndə gördüm ki, artıq 9-a yaxın bütöv tamaşa
hazırlamışam. Bu, bir tələbə üçün çox yaxşı göstərici idi. Həmin tamaşalar
haqqında bu günün məşhur tənqidçiləri rus və Azərbaycan dillərində böyük
resenziyalar yazırdı. Onlar gənc bir tələbənin hazırladığı tamaşada
axtardıqları konseptuallığı tapdıqlarını yazırdılar. Əlbəttə, bu, məni çox
sevindirirdi. Düşünürdüm ki, bu iş məndə alınacaq. Hətta valideynlərim teatra
gəlməyimi istəməsə də, sonradan bununla razılaşmalı oldular”.
Boş vaxt tapan kimi kitab oxuyurdum
İnstitutu
bitirən müsahibim 1985-ci ildə hərbi xidmətə yollanır: "Hərbi xidmətim
Dağıstanda olsa da, Şimali Qafqazın bütün şəhərlərini gəzdim. Amma hərbi xidmət
illərim çox darıxdırıcı idi. Yaxşı ki, orada böyük bir kitabxana var idi.
Gecələr boş vaxt tapan kimi kitab oxuyurdum. Bədii ədəbiyyat oxumaqdan böyük
zövq alırdım. Sən demə, hərbi xidmətə gedəndə məni axtarırmışlar. Xalq artisti
Qurban İsmayılov mənə yazıb demişdi ki, səni Mərkəzi Komitədən axtarırlar.
Çünki həmin ərəfədə yenidənqurma siyasəti aparılırdı. Onlara yeni nəsli gənc
nümayəndələri lazım idi. 1987-ci ildə Bakıya qayıtdım. Mərhum aktyorumuz
Həsənağa Turabov Akademik Milli Dram Teatrın direktoru idi. Mənim diplom
tamaşamı izləmişdi və məni teatrda işləməyə dəvət etdi. Beləcə, Akademik Milli
Dram Teatrında 23 illik fəaliyyətim başladı”.
Akademik
Milli Dram Teatrından ayrıldıqdan sonra Bəhram Osmanov 3 il işsiz qalır, amma
bu müddətdə sənətdən uzaqlaşmır: "Mədəniyyət və İncəsənət Universitetinin
kafedra müdiri idim, ölkə hüdudlarından kənara çıxmağa başlamışdım. Məni
Rusiyanın müxtəlif şəhərlərinə rejissor laboratoriyalarına dəvət etdilər və
tamaşa hazırlamağımı istədilər. O üç il ərzində azad və sərbəst bir sənətçi
ömrü yaşadım. 3 ildən sonra Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin
olundum və artıq 7-ci mövsümdür ki, burada işləyirəm. Teatrımızın çox maraqlı
truppası var. Teatrı və tamaşanı həqiqətən sevən istedadlı aktyorlarla birgə
işləyirik. Mənə elə gəlir ki, Gənc Tamaşaçılar Teatrı özünün ən parlaq dövrünü
indi yaşayır”.
Həmişə tələbələrimlə fəxr etmişəm
Mədəniyyət
və İncəsənət Universitetində dərs deməyə başlayan Bəhram Osmanov o dövrdə
SSRİ-nin 10 ən cavan institut müəllimlərindən olub: "Müəllim olmaq şəxsi
istəyim deyildi. Timuçin müəllim universitetdə dərs deməyi mənə məsləhət gördü.
Bunu istəməsəm də, təkid etdi. Bu yaxınlarda pedaqoji fəaliyyətimin 30 illiyi
tamam oldu. Çoxlu sayda tələbəm var. Onların bəziləri fəxri adlara layiq
görülüb. Tələbələrimdən bəziləri Gənc Tamaşaçılar Teatrında, o cümlədən bir
sıra bölgə teatrlarında işləyirlər. Hər zaman onlarla fəxr etmişəm. Hərdən mənə
zəng edib bəzi mövzularda məsləhət alırlar. Onlara həmişə deyirəm ki, teatr
sahəsində uğur qazanmaq üçün zəhmət və səbir ən vacib keyfiyyətdir. Əgər bunlar
varsa, istedad özünü büruzə verir”.
Müsahibim
işini nə qədər çox sevsə də, şəxsi həyatın həmişə bir addım ödə olduğunu deyir:
"Nə olursa olsun, harada olmağımdan asılı olmayaraq özümü ailəmə həsr etmişəm.
Bütün bu işləri görməkdə mənə hər zaman həyat yoldaşım kömək edib. O, mənim həyatdakı
ən böyük dayağımdır. Mən dördüncü kursda oxuyanda o birinci kursda oxuyurdu.
Biz bir-birimizi institut illərində tanıdıq və ailə qurduq. Təvazökarlıqdan
uzaq olsa da, məncə, Azərbaycanda sənət pedaqogikasını onun qədər dəqiq bilən
ikinci bir şəxs yoxdur. Hazırda birgə kurs aparırıq. Hər dərsdə onun necə
inkişaf etdiyinin şahidi oluram. Buna görə də həmişə onunla fəxr etmişəm”.
Qızımın bu sənətə gəlməyinə razı deyildim
İki qız
atası olan Bəhram müəllim deyir ki, işindən dolayı övladlarının tərbiyəsinə çox
vaxt ayıra bilməyib: "Bu işlə daha çox həyat yoldaşım məşğul olub. Amma hər
zaman mərhəmətli övlad yetişdirməyə çalışmışıq. Dostoyevski deyir ki, dünyanı
gözəllik xilas edəcək. İllər keçdikdən sonra başa düşdüm ki, dünyanı gözəllik
xilas edə bilmir. Onu yalnız insanların mərhəməti xilas edə bilər. Bunun pis və
yaxud yaxşı olduğunu deyə bilmərəm. Çünki bu, mənim həyata baxış tərzimdir.
Qızlarımdan biri - Ayla Osmanova mənim sənətimi davam etdirir. Necə ki,
valideynlərim mənim teatra gəlməyini istəmirdilər, mən də onun bu sənətə
gəlməyinə razı deyildim. Lakin tale elə gətirdi ki, o, rejissorluğu məndən
öyrəndi. Bakalavr və magistrda onun kurs rəhbəri idim. Düzü, iş mühitində ata
və qız münasibətini bir kənara qoyub ancaq işə köklənirik. Bu, mənim
xarakterimlə bağlı olan məsələdir. İşdən kənarda isə hamı kimi bizim də
ata-övlad münasibətimiz var. Çalışıram ki, ailəmizdə heç bir problem olmasın”.
Deyir ki,
keçmiş illərə geri qayıdanda peşmanlıq keçirdiyi müəyyən hadisələr də olub:
"Hərdən fikirləşirəm ki, gərək sakit bir iş tapıb məşğul olardım. Teatra gəlməyimə
peşmanlıq çəkdiyim vaxtlar da olub. Bəzən gücsüz olduğumu hiss etmişəm. Bu
zaman öz-özümə demişəm ki, teatr mənim yerim deyil. Çünki bu, çox məşəqqətli
sənətdir və sən hər zaman mükəmməl olmağa çalışmalısan. Əgər mükəmməl ola
bilməsən, bu sənət səni məhv edəcək. Çünki teatr çox qəddardır”.
Uğursuz işlərim çox olub
Bəhram
müəllim bu gün də öz işinə şübhə ilə yanaşdığını söyləyir: "Heç bir zaman
özümdən və işlərimdən razı olmamışam. Hər bir yeni tamaşaya başlamaq və tamaşa
üzərindəki hazırlıq mənim üçün məsuliyyətli bir işdir. Amma mən teatrı sənət
olaraq sevirəm. Məşhur bir ifadədə də deyildiyi kimi, özünü sənətdə yox, sənəti
özündə sev. Düzdür, heç bir kəs uğursuzluqdan yaxasını qurtara bilməz. Mənim də
uğursuz işlərim çox olub. Bir anlıq məyus olsam da, heç vaxt ruhdan düşməmişəm.
Teatrda digər müəssisələr kimi bir müəssisədir və tamaşa istehsal edir. Gərək
keyfiyyətli tamaşa hazırlayasan ki, onu sata biləsən. Mənə lazımdır ki,
tamaşaya tamaşaçı gəlsin və bu sənətlə maraqlansın. Son 20 il ərzində buna
az-çox nail olmuşam. Bu gün Gənc Tamaşaçılar Teatrının kifayət qədər tamaşaçısı
var. Hər tamaşamda bunun canlı şahidi oluram”.
Sonda
Bəhram müəllim rubrikanın ənənəsinə uyğun olaraq gənclərə öz tövsiyəsini də
verdi: "Təhsili sevsinlər. Oxumaq heç vaxt insana mane olmayıb. Hansı sənətdə
olmağına baxmayaraq, öz işini canla-başla görmək lazımdır. Bəzən biz
arzuladığımız yox, tamam başqa bir peşəyə yiyələnirik. Bu isə o deməkdir ki,
bizim həyatdakı missiyamız məhz olduğumuz yerdir. Ambisiyaları bir kənara atıb
reallığı qəbul etmək lazımdır. Cəmiyyət gənclər üçün qurulur. Ölkə rəhbərliyi
də bu sahəyə böyük diqqət göstərir. Biz bununla fəxr edirik ki, gənc səlahiyyət
sahiblərimiz var. İstərdim ki, gənclər onlara yaradılan şanslardan
yararlansınlar. Hər bir kəs öz ölkəsinin həqiqi vətəndaşı olmağı bacarmalıdır”.
Şəbnəm Mehdizadə