Teatrı təmənnasız sevən adam
Teatr
onu sevən insanlara hər zaman qucaq açıb. Yetər ki, sən teatrı heç bir təmənna
güdmədən sevəsən, hər nazına, istəyinə, çətinliklərinə tab gətirəsən, dözəsən.
Amma teatra
şöhrət, populyarlıq naminə üz tutan, bu ocağın istisinə əl uzadanların bir çoxu
burada uzun müddət duruş gətirə bilmir. Yalnız dərin sevgi hissi kimlərisə bu
ocağın başına yığışmağa vadar edə bilər. Elə müsahibimiz Azərbaycan Dövlət
Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırova
kimi...
Necə deyərlər, bütün şüurlu həyatını,
ömrünün ən gözəl illərini teatra, musiqiyə həsr edən Əməkdar artist Aybəniz
Bağırova ilə onun yubileyi ərəfəsində görüşdük. Aybəniz xanım teatrdan
danışanda gözlərinin içi gülür. Səmimiyyət dolu, seçdiyi sənətə tükənməz sevgidən,
sevincdən parlayan bu gözlərdə həm də bir qürur, arxayınlıq var. Özlüyümdə
düşündüm ki, o, səhnə üçün doğulanxoşbəxt taleli insanlardandır.
Əməkdar artist Aybəniz Bağırova ilə söhbətimiz
çox səmimi və maraqlı oldu. Olduqca təvazökar, mülayim bir insan olan
müsahibimlə söhbət etdikcə elə bilirdim ki, illərin tanışıyıq. Aybəniz xanımın
həyat hekayəsini dinlədim. Onun həyatda tutunacağı iki varlıq var: teatr və həyat
yoldaşı Əməkdar artist Ziya Bağırov!
Niyyətin
hara, mənzilin ora..
Ötən il 60 yaşını qeyd edən Aybəniz xanım şanslı sənətkarlardandır. Ona
görə ki, ətrafında ona dəyər verən insanlar az deyil. Yenicə vidalaşdığımız ildə
yubileyini qeyd edən Əməkdar artistin doğum günü Mədəniyyət naziri Əbülfəs
Qarayevin diqqətindən yayınmayıb. Nazir onu milli teatr sahəsində uzunmüddətli,
səmərəli fəaliyyəti və anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.
Aybəniz Bağırovanın yaradıcılıq yoluna nəzər
yetirdikdə hiss edirsən ki, aktrisa həm çox şərəfli, həm də çətin, məşəqqətli
bir həyat yaşayıb.
Səhnəyə marağı onu Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Musiqili komediya aktyoru fakültəsinə gətirib. Təhsilini başa
vurduqdan sonra, bir müddət Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Mahnı
və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərib. 1998-ci ildən isə
taleyini Azərbaycan Dövlət Musiqili Teatrı ilə bağlayıb. 20 ildən çoxdur ki,
xor artisti kimi müxtəlif tamaşalarda səhnəyə çıxır. Səs tembri metso-soprano
olan Aybəniz Bağırova teatrda işlədiyi müddətdə "O olmasın, bu olsun”, "Şən dul
qadın”, "Maritsa”, "Talelər qovuşanda”, "Silva”, "Çılğın Qasqoniyalı”, "Bir
günlük siğə”, "Aldın payını, çağır dayını”, "Nəğməli könül”, "Dəli dünya”, "Bir
saat xəlifəlik”, "Arşın mal alan”, "Qadınsız yaşamaq olmaz”, "Şeytanın
yubileyi” kimi bir çox tamaşalarda uğurla çıxış edib. Mədəniyyət sahəsində
xidmətlərinə görə 2014-cü ildə "Fəxri mədəniyyət işçisi” döş nişanına, 2016-cı
ildə isə "Əməkdar artist” fəxri adına layiq görülüb.
Müsahibimizlə gənclik illərindən, onu sənətə
gətirən taleyindən danışdıq. Dedi ki,
Universitetə daxil olanda Gədəbəydə, rayon yerində xorda oxuyan, incəsənətlə məşğul
olanlar az olduğu üçün hər kəsə onun seçdiyi sənət qəribə gəlirmiş: "Bizim ailədə
sənət adamı, səhnə ilə yaxından-uzaqdan bağlılığı olan yox idi. Uşaq yaşlarımdan güzgünün qarşısına
keçər, əlimdəki oxlovu tar kimi sinəmə sıxar, müxtəlif mahnılar, musiqi nömrələri
ifa edərdim. İncəsənətə, musiqiyə olan həvəs məndə elə o vaxtdan baş qaldırmışdı.
Deyirlər axı, niyyətin hara, mənzilin ora. Məni də niyyətim, istəyim bura gətirdi.
Bəzən həyatın axarını təsadüflər də həll edir. Məsələn, belə bir təsadüfi
görüşdən sonra təxminən on ilə yaxın işlədiyim Filormoniyadan ayrılmaq qərarına
gəldim. Bizim gənclik dövrümüzün məşhur sənətkarlarından olan mərhum Mobil Əhmədovla
görüşümüz taleyimdə dönüş anı oldu və köhnə iş yerimdən ayrıldım”.
Mobil Əhmədov
onu Musiqili Teatra dəvət edir. O gündən bu günə
Aybəniz xanım qəlbindəki səhnə və sənət sevgisini teatrdakı həmkarları
ilə bölüşür. Teatra gələndə həyat yoldaşının kim olduğunu gizlətməyə çalışsa
da, buna nail ola bilmir.
Fəxri
adlarım mənə övladım qədər əzizdir
Aybəniz
xanım ömrünü teatra həsr etməkdən məmnunluq duyur. Deyir ki, bu illər ərzində çəkdiyi
əziyyət teatrın direktoru Əliqismət Lalayev tərəfindən yüksək qiymətləndirilib:
"Hər zaman rəhbərlik tərəfindən özümə, sənətimə hörmət və ehtiram görmüşəm.
Bunun üçün direktorumuz Əliqismət Lalayevə minnətdarlığımı bildirirəm. Hər
zaman işləmək istəmişəm və işimdən zövq almışam. Teatrımızın direktoru da bunu
görüb və zəhmətimi dəyərləndirib. Məhz çəkdiyim
əziyyətin nəticəsində "Fəxri mədəniyyət işçisi”, "Əməkdar artist” fəxri
adlarına layiq görülmüşəm. Təbii ki, bu məni çox sevindirir. İnsan öz zəhmətinin
bəhrəsini görəndə yaşadığı ömrü, keçdiyi həyat yolunu səmərəsiz saymır. Bu fəxri adlar mənə övladım qədər əzizdir”.
Aybəniz xanım deyir ki, hər zaman özünə güvənib,
məsuliyyətli olub, işini dəqiqliklə icra edib, həmkarlarına sevgi ilə, səmimiyyətlə
yanaşıb: "Həyat yoldaşım uzun müddət Mahnı və Rəqs Ansamblında işləyib. Bu gün
tanınan bir çox sənətkarlara dərs deyib, onlara dəstək olub. Onların əlindən
tutub. Mən özüm də gənclərə hər addımda yardım etməyə çalışmışam, məsləhətlər
vermişəm, yeri gələndə, tərəfini saxlamışam, irəli çəkilməsinə zəmanət vermişəm.
Axı, biz də gənc olmuşuq. Mənə də zamanında kimsə dəstək olub. Mənə kömək edən,
əlimdən tutan xeyirxah insanları bu gün də unutmuram. Onları həmişə minnətdarıq
və ehtiram hissi ilə xatırlayıram”.
Hər
zaman şükr etmişəm
Aybəniz xanım bizimlə görüşə həyat yoldaşı
Ziya müəllimlə birlikdə gəlmişdi. O, yoldaşını balaca uşaq kimi əzizləyir, ona
ana qayğısı ilə yanaşırdı: "Ziya çox mədəni, geniş dünyagörüşlü insandır. Hər
zaman çalışmışam ki, ona layiq bir həyat yoldaşı olum. Mən onu heç kimə, heç nəyə
dəyişmədim. O mənim həm həyat yoldaşım, həm kiçik ailəmizin başçısı, həm də
övladımdır. Çox vaxt onu körpə uşaq kmi bəsləyirəm. Bu gün də bir-birimizə dəstək
ola-ola yaşayırıq”.
Gənclik illərini xatırlayan cütlük o illəri
xoş zamanlar kimi təqdim edirlər. Marağım mənə güc gəldiyindən onların harda
tanış olduqlarını, necə ailə qurduqlarını xəbər alıram: "Biz 1986-cı ildə
Filarmoniyada tanış olmuşuq. Heç ağlımın ucundan da keçməzdi ki, nə vaxtsa onunla
evlənə bilərəm. O, bizim bədii rəhbərimiz idi. Rəfiqəm Nüşabə Ələsgərli soruşdu
ki, Ziya müəllimə zəng vurursanmı, onunla danışırsanmı? Dedim ki, yox. Bu söhbətdən
sonra, nəyisə soruşmaq bəhanəsi ilə ona zəng etdim və elə o gündən aramızda səmimi
münasibət yarandı”.
Bu gün də bir-birlərinə məhəbbətlə baxan
cütlüyün həyat eşqi tükənməyib. Aybəniz xanım deyir ki, aralarında sevgi
olmasaydı, ailə qurmazdılar: "Ziya müəllimin heç vaxt elə də böyük var-dövləti
olmayıb. Biz evlənəndən sonra mən cah-cəlal içində yaşamağa da can atmamışam.
Ancaq həmişə hər şeyə şükr etmişəm. Onun saflığını, təmizliyini sevmişəm. Sənət
adamı olasan və bu qədər abırlı, həyalı qalasan?! Mənim üçün o, mələk misallı
bir insandır. Əminəm ki, onu tanıyanların, onunla ünsiyyətdə olanların hamısı mənim
sözlərimi təsdiqləyərlər. Kimdən
soruşsanız, Ziya müəllim haqqında yaxşı fikirlər söyləyəcək. Çünki o ömrü boyu
xeyirxah olub. Bizim illər əvvəl başlayan sevgi hekayəmizin qanadı sevgi, inam,
sədaqət və hörmətdir! İndi biz bir-birimizə daha çox lazımıq. Ən azından
bir-birimizə qulaq həyanı olmaq, bir-birimizin qayğısına qalmaq üçün Allah bizi
qoruyur!”
Qarşımda əyləşən bu iki sənət və səhnə
adamından dostlarını xəbər alıram. Aybəniz xanım deyir ki, əhatə dairələri
geniş olub. Ancaq zaman öz xəlbirindən, ələyindən keçirib bu insanların çoxunu.
Zamanın sınağından çıxanlar bugünə qədər də yanlarındadırlar. Onların arasında
məşhurlar da var: "Hər dost dediyimizlə axıradək yol getmək olmur bəzən.
Filarmoniyada işlədiyimiz illərdən Nüşabə Ələsgərli ilə çox yaxın dost olmuşuq.
Bu gün də onunla səmimi münasibətimiz
davam edir. Yaxın dostlarımızdan biri də Nahidə Həmdəmovadır. Onunla da
dostluğumuzun tarixi 30 ildir. Adlarını qeyd etdiklərim sınanmış dostlardır!”.
Sevdiyim
işlə məşğulam
Ömrünü teatra fəda edən Aybəniz xanımın elə
də böyük tələbləri, istəkləri yoxdur. Ondan "Əməkdar artist adından sonra sizə
Xalq artisti adı almaq istərdinzimi?”- deyə soruşuram: "Yox, - deyir, - mənə
verilən adla kifayətlənirəm. Düzdür, mən canımı bu teatra fəda etmiş
insanlardanam. Ancaq o qədər də böyük gözləntilərim yoxdur. Sadəcə, sevdiyim
yerdə. Bu mənim ən böyük xoşbəxtliyimdir”.
60 yaşının olmasına baxmayaraq qıvraq,
dinamik, zarafatlarından da qalmayan gənc ruhlu bu xanım yalnız xorda oxumaqla
kifayətlənməyib, yeri gələndə, səhnədə müxtəlif obrazları da canlandırıb. Dövlət
imtahanında Qaynana rolunu oynayan müsahibim teatrda da bəzi rolları ifa edib.
Musiqili Teatrda "Yeddi məhbusə” tamaşasında Müəlliməni, "Qırmızıpapaq”
tamaşasında isə Nənəni oynayıb.
Hər zaman öz ləyaqətini, xanım-xatınlığını
qoruyan Aybəniz Bağırova indi teatrda xormeyster assisenti kimi çalışır.
Aktyorların geyiminə, saç düzümünə, davranışına nəzarət edir. Deyir ki, teatrda
görünüş çox önəmlidir: "Biz dahi sənətkarlarımızdan belə görüb-götürmüşük, belə
öyrənmişik. Onlar teatrda elə bir yaradıcılq mühiti yaratmışdılar ki, onların yanında əynimizi dəyişə,
nalayiq ifadələr işlədə bilməzdik. O vaxt çox ciddi ədəb-ərkan qaydaları vardı.
Biz də bu gün o ənənələri qoruyub saxlamağa çalışırıq”.
Aybəniz
Bağırova o illəri xatırladıqca kövrəlir: Deyir ki, azman sənətkarlarla işləyib:
"Bizim teatra kimlər gəlib, kimlər gedib. Təəssüf ki, bir çox sənətkarlarımız
bu gün həyatda yoxdur. Allah qalanlarına can sağlığı versin. Çox xoşbəxt
insanam ki, bu gün də teatrda, kinoda öz sözünü demiş sənətkarlarla bərabər
çalışıram”.
2000-dən çox tamaşada səhnəyə çıxan Aybəniz
Bağırova deyir ki, tamaşaların hamısının onun üçün yeri ayrıdır. Aybəniz xanım
teatrı ikinci evi hesab edir. Burada işləməkdən zövq alır: "İnsan işini sevdikdə
bütün çətinliklərə sinə gərir. Bu gün gənclər də bizə baxıb özlərinə örnək
götürürlər. Sən elə davranmalısan, elə işləməlisən ki, onlar səndən nümunə
götürə bilsinlər”.
Bu gün ömürlərini sənətə həsr edən, qəlblərində yaşamaq eşqi sönməyən
iki sənətkarla Aybəniz Bağırova və onun ömür-gün yoldaşı Ziya Bağırovla tanış
olduq. Bu gün də bir-birinin gözünə sevgi ilə baxan, bir kəlmədən nə demək istədiklərini
anlaya bilən, yaxşı gündə də, dar ayaqda da birlikdə olan bu iki insana möhkəm
cansağlığı və heç vaxt tükənməyən yaradıcılıq həvəsi arzulayır və Aybəniz
xanımı 60 illik yubileyi münasibəti ilə bir daha təbrik edirik.
Xəyalə Rəis