AZE | RUS | ENG |

Teatrı təmənnasız sevən adam

Teatrı təmənnasız sevən adam
Teatr onu sevən insanlara hər zaman qucaq açıb. Yetər ki, sən teatrı heç bir təmənna güdmədən sevəsən, hər nazına, istəyinə, çətinliklərinə tab gətirəsən, dözəsən. 

      Amma teatra şöhrət, populyarlıq naminə üz tutan, bu ocağın istisinə əl uzadanların bir çoxu burada uzun müddət duruş gətirə bilmir. Yalnız dərin sevgi hissi kimlərisə bu ocağın başına yığışmağa vadar edə bilər. Elə müsahibimiz Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırova kimi...
 
      Necə deyərlər, bütün şüurlu həyatını, ömrünün ən gözəl illərini teatra, musiqiyə həsr edən Əməkdar artist Aybəniz Bağırova ilə onun yubileyi ərəfəsində görüşdük. Aybəniz xanım teatrdan danışanda gözlərinin içi gülür. Səmimiyyət dolu, seçdiyi sənətə tükənməz sevgidən, sevincdən parlayan bu gözlərdə həm də bir qürur, arxayınlıq var. Özlüyümdə düşündüm ki, o, səhnə üçün doğulan xoşbəxt taleli insanlardandır.  

   Əməkdar artist Aybəniz Bağırova ilə söhbətimiz çox səmimi və maraqlı oldu. Olduqca təvazökar, mülayim bir insan olan müsahibimlə söhbət etdikcə elə bilirdim ki, illərin tanışıyıq. Aybəniz xanımın həyat hekayəsini dinlədim. Onun həyatda tutunacağı iki varlıq var: teatr və həyat yoldaşı Əməkdar artist Ziya Bağırov! 
 

 
 
Niyyətin hara, mənzilin ora.. 
 
Ötən il 60 yaşını qeyd edən Aybəniz xanım şanslı sənətkarlardandır. Ona görə ki, ətrafında ona dəyər verən insanlar az deyil. Yenicə vidalaşdığımız ildə yubileyini qeyd edən Əməkdar artistin doğum günü Mədəniyyət naziri Əbülfəs Qarayevin diqqətindən yayınmayıb. Nazir onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyəti və anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.

     Aybəniz Bağırovanın yaradıcılıq yoluna nəzər yetirdikdə hiss edirsən ki, aktrisa həm çox şərəfli, həm də çətin, məşəqqətli bir həyat yaşayıb. 

   Səhnəyə marağı onu Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsinə gətirib. Təhsilini başa vurduqdan sonra, bir müddət Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərib. 1998-ci ildən isə taleyini Azərbaycan Dövlət Musiqili Teatrı ilə bağlayıb. 20 ildən çoxdur ki, xor artisti kimi müxtəlif tamaşalarda səhnəyə çıxır. Səs tembri metso-soprano olan Aybəniz Bağırova teatrda işlədiyi müddətdə "O olmasın, bu olsun”, "Şən dul qadın”, "Maritsa”, "Talelər qovuşanda”, "Silva”, "Çılğın Qasqoniyalı”, "Bir günlük siğə”, "Aldın payını, çağır dayını”, "Nəğməli könül”, "Dəli dünya”, "Bir saat xəlifəlik”, "Arşın mal alan”, "Qadınsız yaşamaq olmaz”, "Şeytanın yubileyi” kimi  bir çox tamaşalarda uğurla çıxış edib. Mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə "Fəxri mədəniyyət işçisi” döş nişanına, 2016-cı ildə isə "Əməkdar artist” fəxri adına layiq görülüb.

     Müsahibimizlə gənclik illərindən, onu sənətə gətirən taleyindən danışdıq.  Dedi ki, Universitetə daxil olanda Gədəbəydə, rayon yerində xorda oxuyan, incəsənətlə məşğul olanlar az olduğu üçün hər kəsə onun seçdiyi sənət qəribə gəlirmiş: "Bizim ailədə sənət adamı, səhnə ilə yaxından-uzaqdan bağlılığı olan  yox idi. Uşaq yaşlarımdan güzgünün qarşısına keçər, əlimdəki oxlovu tar kimi sinəmə sıxar, müxtəlif mahnılar, musiqi nömrələri ifa edərdim. İncəsənətə, musiqiyə olan həvəs məndə elə o vaxtdan baş qaldırmışdı. Deyirlər axı, niyyətin hara, mənzilin ora. Məni də niyyətim, istəyim bura gətirdi. Bəzən həyatın axarını təsadüflər də həll edir. Məsələn, belə bir təsadüfi görüşdən sonra təxminən on ilə yaxın işlədiyim Filormoniyadan ayrılmaq qərarına gəldim. Bizim gənclik dövrümüzün məşhur sənətkarlarından olan mərhum Mobil Əhmədovla görüşümüz taleyimdə dönüş anı oldu və köhnə iş yerimdən ayrıldım”.

Mobil Əhmədov onu Musiqili Teatra dəvət edir.  O gündən  bu günə  Aybəniz xanım qəlbindəki səhnə və sənət sevgisini teatrdakı həmkarları ilə bölüşür. Teatra gələndə həyat yoldaşının kim olduğunu gizlətməyə çalışsa da, buna nail ola bilmir. 
 

 
Fəxri adlarım mənə övladım qədər əzizdir
 
Aybəniz xanım ömrünü teatra həsr etməkdən məmnunluq duyur. Deyir ki, bu illər ərzində çəkdiyi əziyyət teatrın direktoru Əliqismət Lalayev tərəfindən yüksək qiymətləndirilib: "Hər zaman rəhbərlik tərəfindən özümə, sənətimə hörmət və ehtiram görmüşəm. Bunun üçün direktorumuz Əliqismət Lalayevə minnətdarlığımı bildirirəm. Hər zaman işləmək istəmişəm və işimdən zövq almışam. Teatrımızın direktoru da bunu görüb və zəhmətimi dəyərləndirib.  Məhz çəkdiyim əziyyətin nəticəsində "Fəxri mədəniyyət işçisi”, "Əməkdar artist” fəxri adlarına layiq görülmüşəm. Təbii ki, bu məni çox sevindirir. İnsan öz zəhmətinin bəhrəsini görəndə yaşadığı ömrü, keçdiyi həyat yolunu səmərəsiz  saymır. Bu fəxri adlar mənə övladım qədər əzizdir”.

  Aybəniz xanım deyir ki, hər zaman özünə güvənib, məsuliyyətli olub, işini dəqiqliklə icra edib, həmkarlarına sevgi ilə, səmimiyyətlə yanaşıb: "Həyat yoldaşım uzun müddət Mahnı və Rəqs Ansamblında işləyib. Bu gün tanınan bir çox sənətkarlara dərs deyib, onlara dəstək olub. Onların əlindən tutub. Mən özüm də gənclərə hər addımda yardım etməyə çalışmışam, məsləhətlər vermişəm, yeri gələndə, tərəfini saxlamışam, irəli çəkilməsinə zəmanət vermişəm. Axı, biz də gənc olmuşuq. Mənə də zamanında kimsə dəstək olub. Mənə kömək edən, əlimdən tutan xeyirxah insanları bu gün də unutmuram. Onları həmişə minnətdarıq və ehtiram hissi ilə xatırlayıram”. 
 

 
Hər zaman şükr etmişəm
 
  Aybəniz xanım bizimlə görüşə həyat yoldaşı Ziya müəllimlə birlikdə gəlmişdi. O, yoldaşını balaca uşaq kimi əzizləyir, ona ana qayğısı ilə yanaşırdı: "Ziya çox mədəni, geniş dünyagörüşlü insandır. Hər zaman çalışmışam ki, ona layiq bir həyat yoldaşı olum. Mən onu heç kimə, heç nəyə dəyişmədim. O mənim həm həyat yoldaşım, həm kiçik ailəmizin başçısı, həm də övladımdır. Çox vaxt onu körpə uşaq kmi bəsləyirəm. Bu gün də bir-birimizə dəstək ola-ola yaşayırıq”.

       Gənclik illərini xatırlayan cütlük o illəri xoş zamanlar kimi təqdim edirlər. Marağım mənə güc gəldiyindən onların harda tanış olduqlarını, necə ailə qurduqlarını xəbər alıram: "Biz 1986-cı ildə Filarmoniyada tanış olmuşuq. Heç ağlımın ucundan da keçməzdi ki, nə vaxtsa onunla evlənə bilərəm. O, bizim bədii rəhbərimiz idi. Rəfiqəm Nüşabə Ələsgərli soruşdu ki, Ziya müəllimə zəng vurursanmı, onunla danışırsanmı? Dedim ki, yox. Bu söhbətdən sonra, nəyisə soruşmaq bəhanəsi ilə ona zəng etdim və elə o gündən aramızda səmimi münasibət yarandı”.  

      Bu gün də bir-birlərinə məhəbbətlə baxan cütlüyün həyat eşqi tükənməyib. Aybəniz xanım deyir ki, aralarında sevgi olmasaydı, ailə qurmazdılar: "Ziya müəllimin heç vaxt elə də böyük var-dövləti olmayıb. Biz evlənəndən sonra mən cah-cəlal içində yaşamağa da can atmamışam. Ancaq həmişə hər şeyə şükr etmişəm. Onun saflığını, təmizliyini sevmişəm. Sənət adamı olasan və bu qədər abırlı, həyalı qalasan?! Mənim üçün o, mələk misallı bir insandır. Əminəm ki, onu tanıyanların, onunla ünsiyyətdə olanların hamısı mənim sözlərimi təsdiqləyərlər.  Kimdən soruşsanız, Ziya müəllim haqqında yaxşı fikirlər söyləyəcək. Çünki o ömrü boyu xeyirxah olub. Bizim illər əvvəl başlayan sevgi hekayəmizin qanadı sevgi, inam, sədaqət və hörmətdir! İndi biz bir-birimizə daha çox lazımıq. Ən azından bir-birimizə qulaq həyanı olmaq, bir-birimizin qayğısına qalmaq üçün Allah bizi qoruyur!” 

      Qarşımda əyləşən bu iki sənət və səhnə adamından dostlarını xəbər alıram. Aybəniz xanım deyir ki, əhatə dairələri geniş olub. Ancaq zaman öz xəlbirindən, ələyindən keçirib bu insanların çoxunu. Zamanın sınağından çıxanlar bugünə qədər də yanlarındadırlar. Onların arasında məşhurlar da var: "Hər dost dediyimizlə axıradək yol getmək olmur bəzən. Filarmoniyada işlədiyimiz illərdən Nüşabə Ələsgərli ilə çox yaxın dost olmuşuq. Bu gün də onunla səmimi  münasibətimiz davam edir. Yaxın dostlarımızdan biri də Nahidə Həmdəmovadır. Onunla da dostluğumuzun tarixi 30 ildir. Adlarını qeyd etdiklərim sınanmış dostlardır!”.
 

 
Sevdiyim işlə məşğulam  
 
   Ömrünü teatra fəda edən Aybəniz xanımın elə də böyük tələbləri, istəkləri yoxdur. Ondan "Əməkdar artist adından sonra sizə Xalq artisti adı almaq istərdinzimi?”- deyə soruşuram: "Yox, - deyir, - mənə verilən adla kifayətlənirəm. Düzdür, mən canımı bu teatra fəda etmiş insanlardanam. Ancaq o qədər də böyük gözləntilərim yoxdur. Sadəcə, sevdiyim yerdə. Bu mənim ən böyük xoşbəxtliyimdir”.

    60 yaşının olmasına baxmayaraq qıvraq, dinamik, zarafatlarından da qalmayan gənc ruhlu bu xanım yalnız xorda oxumaqla kifayətlənməyib, yeri gələndə, səhnədə müxtəlif obrazları da canlandırıb. Dövlət imtahanında Qaynana rolunu oynayan müsahibim teatrda da bəzi rolları ifa edib. Musiqili Teatrda "Yeddi məhbusə” tamaşasında Müəlliməni, "Qırmızıpapaq” tamaşasında isə Nənəni oynayıb.

       Hər zaman öz ləyaqətini, xanım-xatınlığını qoruyan Aybəniz Bağırova indi teatrda xormeyster assisenti kimi çalışır. Aktyorların geyiminə, saç düzümünə, davranışına nəzarət edir. Deyir ki, teatrda görünüş çox önəmlidir: "Biz dahi sənətkarlarımızdan belə görüb-götürmüşük, belə öyrənmişik. Onlar teatrda elə bir yaradıcılq mühiti  yaratmışdılar ki, onların yanında əynimizi dəyişə, nalayiq ifadələr işlədə bilməzdik. O vaxt çox ciddi ədəb-ərkan qaydaları vardı. Biz də bu gün o ənənələri qoruyub saxlamağa çalışırıq”.

   Aybəniz Bağırova o illəri xatırladıqca kövrəlir: Deyir ki, azman sənətkarlarla işləyib: "Bizim teatra kimlər gəlib, kimlər gedib. Təəssüf ki, bir çox sənətkarlarımız bu gün həyatda yoxdur. Allah qalanlarına can sağlığı versin. Çox xoşbəxt insanam ki, bu gün də teatrda, kinoda öz sözünü demiş sənətkarlarla bərabər çalışıram”.    
    2000-dən çox tamaşada səhnəyə çıxan Aybəniz Bağırova deyir ki, tamaşaların hamısının onun üçün yeri ayrıdır. Aybəniz xanım teatrı ikinci evi hesab edir. Burada işləməkdən zövq alır: "İnsan işini sevdikdə bütün çətinliklərə sinə gərir. Bu gün gənclər də bizə baxıb özlərinə örnək götürürlər. Sən elə davranmalısan, elə işləməlisən ki, onlar səndən nümunə götürə bilsinlər”. 

Bu gün ömürlərini sənətə həsr edən, qəlblərində yaşamaq eşqi sönməyən iki sənətkarla Aybəniz Bağırova və onun ömür-gün yoldaşı Ziya Bağırovla tanış olduq. Bu gün də bir-birinin gözünə sevgi ilə baxan, bir kəlmədən nə demək istədiklərini anlaya bilən, yaxşı gündə də, dar ayaqda da birlikdə olan bu iki insana möhkəm cansağlığı və heç vaxt tükənməyən yaradıcılıq həvəsi arzulayır və Aybəniz xanımı 60 illik yubileyi münasibəti ilə bir daha təbrik edirik.
 
Xəyalə Rəis
 



 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176