AZE | RUS | ENG |

Teatr və muzeylərimiz azarkeşləri qəbul etməyə hazırdır

Teatr və muzeylərimiz azarkeşləri qəbul etməyə hazırdır
Paytaxtın mədəniyyət obyektləri Avropa Liqasının final oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər

Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda iki İngiltərə klubu -  "Arsenal” və "Çelsi” üz-üzə gələcək. 
Bu qarşılaşmaya maraq böyükdür. İngiltərənin iki köklü, adlı-sanlı klubu Bakıya gələcək. Üstəlik, hər iki komanda Londonu təmsil edir. Bu komandaları əzəli rəqiblər də adlandırmaq olar. Bir sözlə, Bakıda təkcə Avropa Liqasının finalı yox, həm də London derbisi keçiriləcək.
Hər iki komanda böyük azarkeş ordusuna sahibdir. Özü də bu komandaların azarkeşləri təkcə ingilislər deyillər. Dünyanın hər bir ölkəsində bu komandaların çoxlu azarkeşlərinə rast gəlmək olar. Deməli, mayın 29-da Bakının qonaqları təkcə ingilislər yox, dünyanın istənilən ölkəsindən gələn fanat ola bilər. Avropa Liqasının finalı üçün 100-dən çox ölkədən bilet alınıb.
İlkin məlumatlara görə, "Çelsi” - "Arsenal” oyununu izləmək üçün paytaxtımıza 30-40 min arası turist gələcək. Turistlərin 28-30 may arasında paytaxtımızda qonaq olacaqları gözlənilir. Sözsüz, bu fanatlar Bakıda yalnız stadiona baş çəkməyəcəklər. Onlar şəhərimizin görməli yerlərini gəzəcək, tarixi məkanlarımıza üz tutacaqlar. Bir qisim azarkeşlər isə teatr və muzeylərə getmək fürsətini də əldən buraxmayacaqlar.
Bəs görəsən paytaxt Bakının teatr və muzeyləri bu amili nəzərə alıblar? Alıblarsa, mədəniyyət ocaqlarımız turistlərin məmnun qalması üçün hansı repertuarlar hazırlayıblar?
Mədəniyyət naziri  Əbülfəs Qarayev  mətbuata açıqlamasında UEFA Avropa Liqasının finalı üçün Bakıya gələcək turistlərə yaradılan şəraitdən bəhs edib. Bildirib ki, Azərbaycanın bütün mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır. Qeyd edib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib: "Bu məsələ və digər tədbirlərlə bağlı iclas keçirilib və tapşırıqlar verilib. Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortasına qədər fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaqlar”.
Qeyd edək ki, Avropa Liqasının final oyununa gələcək turistlərin rahatlığı üçün sayt istifadəyə verilib. Dövlət Turizm Agentliyindən  verilən məlumatda bildirilir ki, veb-saytı Azərbaycan Turizm Bürosu Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədi ilə hazırlayıb.
İnformativ xarakterli https://bakufinal.azerbaijan.travel/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib. Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter uçuşları barəsində məlumatın da  yerləşdirildiyi saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.
Həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir, paytaxt nəqliyyatının formaları, "Baku Card”dan istifadə qaydaları izah olunur.
Dövlət Turizm Agentliyi mayın 29-da UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları, xüsusən, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə fəaliyyət göstərəcək.
Paytaxtda fəaliyyət göstərən teatrlar da maraqlı repertuar tərtib ediblər. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri səhnəyə çıxaracaqlar.

 Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bizimlə söhbətində bildirdi ki, Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəmizə gələcək turistləri qarşılamağa hazırdırlar: "Teatrımıza təşrif buyuracaq turistlərin zövqünü oxşamaq üçün repertuarımızda olan maraqlı tamaşalar nümayiş olunacaq.  Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək.  Belə ki, həmin zaman çərçivəsində Akademik Milli Dram Teatrının repertuarında may 25-də A.Saqarelinin "Xanuma”,  mayın 26-da İ.Əfəndiyevin "Boy çiçəyi”, mayın  saat 30-da  isə C.Cabbarlının "Almaz” tamaşası təqdim olunacaq”.
 
Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva da final turist axınına ciddi hazırlaşdıqlarını vurğuladı: "Əlbəttə, ölkəmizə turistlərin axını bizi bir mədəniyyət nümayəndələri kimi sevindirir. Bu müddətdə biz də repertuarımızda olan yeni, maraqlı və sevilən tamaşalarımızı nümayiş etdirəcəyik. Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi” baletinin premyerası olacaq. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan balet bu əlamətdar hadisəyə Opera və Balet Teatrı kollektivinin töhfəsidir. Tamaşanın quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssamı Xalq rəssamı Rafiz İsmayılovdur. Artıq biletlərin çoxu satılıb. Bilet alanların əksəriyyətini isə turistlər təşkil edir. Bu ərəfədə ölkəmizə gələn turistlər mayın 26-da
Zülfüqar Hacıbəyov və  Niyazi 3 pərdəli "Aşıq Qərib” operasına da baxacaqlar. Mayın 29-da isə  Jorj Bizenin 4 pərdəli "Karmen” operasını izləyəcəklər. Ümumiyyətlə, bizim tamaşalara xaricilər daha çox üz tutur. İzləyicilərimizin müəyyən bir hissəsi xarici vətəndaşlardan ibarətdir. Bakıda çoxlu xarici şirkətlər, səfirliklərin nümayəndələri çalışır ki, onlar da  vaxtaşırı teatrımıza müraciət edirlər. İstər milli, istər klassik opera və balet tamaşalarında əcnəbi tamaşaçılarımız çox olur. Final oyunu ərəfəsində də turistləri qəbul etməyə tam hazırıq”.
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Bəyaz Əfəndiyeva bildirdi ki, muzeyi final ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq: "Mayın 27-dən iyunun 2-nə qədər hər gün muzeyimizin qapıları saat 10-dan 08:00-a  qədər açıq olacaq. Adətən həftənin birinci günləri muzeyimiz bağlı olsa da, ancaq  gücləndirilmiş iş rejiminə keçdiyimiz üçün həmin gün işləyəcəyik. Nəinki beynəlxalq tədbirlər çərçivəsində, hətta adi günlərdə də muzeyimizə xarici vətəndaşlar müraciət edirlər. İsrail, Rusiya, ərəb ölkələrindən olan vətəndaşlar üstünlük təşkil edir.  Qeyd edək ki, Xalça Muzeyi turistləri qəbul etməyə hazırdır. Bunun üçün muzeyimizdə ingilis və azərbaycan dilində danışan bələdçilərimiz var, eksponatların üzərində də ingilis və azərbaycan dillərində məlumatlar yazılıb.  Məlumat üçün bildirim ki, iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə muzeyimizdə Uşaq  Festivalı baş tutacaq”.
 
Milli İncəsənət Muzeyi də final oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova bildirdi ki, Azərbaycana gələn qonaqların buradan xoş təəssüratla ayrılmasına xidmət etdikləri üçün böyük məsuliyyət hissi keçirirlər. Direktor müavini turistləri qarşılaşmağa hazır olduqlarını, hər hansı bir problemin yaşanmamağı üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğuladı.


Xəyalə Rəis
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892