• şənbə, 20 Aprel, 17:12
  • Baku Bakı 23°C

Teatr və mətbuat - kim haqlıdır?

02.06.14 14:55 1983
Teatr və mətbuat - kim haqlıdır?
Leyla Əliyeva: “Jurnalist sənət məbədini qalmaqal və şou alətinə çevirərək xəbərini oxutdurmağa çalışır”
Azərbaycan xalqının milli təfəkkürünün oyanmasında teatrın çox böyük rolu olub. Belə ki, teatr xalqı öz arxasınca apara bilən bir qüvvədir. Təəssüflər olsun ki, bu gün teatr həmin o gücü kifayət qədər əlində qoruyub, saxlaya bilməyib. Əslində onu bu işdə günahlandırmaq da olmur. Onun inkişaf etməsi üçün hər kəs əlindən gələni etməli, o gücü bərpa etməyə çalışmalıdır. Bu işdə teatrın ən yaxın köməkçisi ölkənin mətbuat nümayəndələridir ki, onlar teatrın yaradıcılığını geniş şəkildə işıqlandırmalı və tamaşaçıları teatra cəlb etməlidirlər. Hazırda nə teatrın rəhbərləri və nə də teatrın mətbuat katibləri bu barədə heç də mediadan kifayət qədər razı deyillər.
Qəzetimizin ötən sayında teatrın mətbuat nümayəndələrinin fikirlərini öyrəndik. Onlar söylədilər ki, mətbuat nümayəndələri teatrla bağlı kiçik həcmli xəbərlər yazmaqla vəzifələrini bitmiş hesab edirlər. Bununla belə mətbuat katibləri media nümayəndələrinin daha çox teatrla bağlı qalmaqallara üstünlük verdiklərini, teatrdaxili məsələlərdən yazaraq reytinq arxasınca qaçdıqlarını diqqətə çatdırdılar. Hətta mətbuatın teatra qarşı qaraguhur mövqedən çıxış etməsi kimi fikirlər də səsləndirildi. Biz də bu dəfə sözü mətbuat nümayəndələrinə verdik.

“Əlimizdən gələni edirik”
Mədəniyyət qəzetinin baş redaktor müavini Həmidə Rüstəmova
Mədəniyyət qəzeti olaraq daim dövlətimizin mədəniyyət siyasətini təbliğ etdiklərini və bu təbliğatda teatrın aparıcı yerlərdən birini tutduğunu qeyd etdi: “Hazırda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc teatr yazarları arasında onların teatr sənətinə maraqlarını artırmaq məqsədi ilə yazı müsabiqəsi keçiririk. Məhz bu məqam nazirliyimiz və qəzet olaraq bizim teatrla bağlı məqalələrə, hər hansı yazı və məlumatlara maraqlarımızın təzahürüdür. Qəzet olaraq biz də hər zaman dövlətin mədəniyyət siyasətini rəhbər tutmağa çalışırıq”.
Həmidə Rüstəmova teatrın mətbuat xidmətlərinin fikirlərinə isə belə münasibət bildirdi: “Teatr rəhbərləri bu qınaqları əvvəl özlərinə, sonra mətbuatla əlaqələndiricilərinə, daha sonra isə teatrlarında çalışan aktyor və aktrisalara ünvanlanmalıdırlar. Yazılarımda hər zaman teatrın sırf yaradıcılıq məqamlarını, yəni qastrollar, tamaşalar, teatrda baş verən yenilikləri barədə ətraflı şəkildə işıqlandırmışam. Digər yazar dostlarımıza isə hadisə, əsl mədəni olay olacaq xəbərlər vermək lazımdır. Teatrla mətbuatın münasibəti necədir deyə dəqiqləşdirsək məncə zəifdir və bunda birbaşa teatrlar maraqlı olmalıdır. Teatrın canlı orqanizm olmasını nəzərə alsaq cəmiyyət həyatına nüfuzu üçün şou, qalmaqal deyil, sadəcə mükəmməl tamaşalar göstərməli olduğunu düşünürəm”.
Günah teatrlardadır
BakuPost.az saytının mədəniyyət müxbiri Ümidə Həsənli
etiraf edir ki, tamaşaçıları daha çox qalmaqal maraqlandırır. Amma bunu da danmayaq ki, teatrlar tamaşanı təhvil verməklə öz işlərini bitmiş hesab edirlər: “Bir müddət əvvəl teatrlarda prodüser mərkəzinin yaradılması haqqında söhbət gedirdi. Təəssüf ki, hələ də teatrlarda prodüser mərkəzləri yoxdur. Tamaşaçıların teatra marağının olmamasının günahı teatrlardadır, onlar tamaşaçını necə cəlb etmək haqqında düşünməlidirlər. Belə olan halda jurnalistlərlə də teatr arasında qarşılıqlı əlaqə yaranacaq. Teatrlar tamaşanı təhvil verməklə öz işlərini bitmiş hesab edirlər. Lakin onlar tamaşanın PR və reklamı üçün heç nə etmirlər. Məsələn, jurnalist hər hansı tamaşa haqqında yazarkən teatrşünaslardan fikir öyrənir. Demək olar ki, bütün teatrşünaslar tamaşanı tərifləyir. Əgər tamaşa haqqında çoxmənalı və təzadlı fikirlər olarsa oxucu və tamaşaçı da maraqlanıb gedib baxacaq ki, axı, görüm bu necə tamaşadır ki, bunun haqqında danışırlar?”.
Ümidə Həsənli Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluşunda “Qatil” tamaşasının reytinq toplamasından da danışdı: “Əminəm ki, son illər “Qatil” qədər tamaşaçı toplayan və “Qatil” qədər haqqında yazılan tamaşa olmamışdı. Söhbət təkcə “Qatil”dəki açıq-saçıq səhnələrdən getmir. Həm bu məqam, həm də tamaşa haqqında çoxmənalı fikirlər bu səhnə əsərinə jurnalist və tamaşaçıların diqqətini artırdı. Şəxsən mən, istənilən teatrda nümayiş etdirilən tamaşa haqqında şablon yazmaq məcburiyyətində qalıram. Çünki heç bir teatrşünas heç bir tənqidi fikir söyləmir və ya heç bir aktyor demir ki, məsələn, əvvəl bu rola mən təsdiq edilmişdim, sonra səbəbi bilinmədən bu roldan çıxarıldım. Bu halda da təzadlarsız və intriqasız yazı, süjet və ya reportaj ortaya çıxır. Çünki hər kəs dostunu və iş yerini itirməkdən qorxur. Şəxsən mən, çalışıram ki, bütün tamaşalara baxım. Lakin hər zaman da bunu oxuculara necə təqdim etməyə gəldikdə çətinlik çəkirəm. Təqdim edirəm, lakin bilirəm ki, onlar yenə də tamaşa haqqında adi bir yazı olduğunu düşünəcəklər. Onlar Rəqsanə İsmayılova olan xəbərə daha çox meyllənəcəklər. Bu reallıqdır”.
Dedi-qodular “xəbər”ə çevirilir

“525-ci qəzet” in yazarı Sevinc Mürvətqızı
düşünür ki, jurnalist ictimai-mədəni sferanın əksər sahələrindən müəyyən dərəcədə xəbərdar olmalıdır. Ancaq əlbəttə, bu gün tanınmış media mütəxəssisləri də qeyd edir ki, jurnalistikada peşəkarlığın artması üçün müxbirlərin, reportyorların ixtisaslaşması vacibdir: “Mən də bu fikirlə razıyam. Teatr spesifik sahədir, ona görə də bu istiqamətdə ciddi yazılar yazmaq istəyən jurnalist hazırlıqlı olmalı, öz üzərində işləməli, teatr repertuarlarını izləməlidir. Təbii ki, jurnalistdən akademik səviyyədə teatr resenziyası, tamaşa haqqında rəy gözləmək də düzgün deyil, ancaq bu da jurnalistə mövzuya məsuliyyətsiz yanaşmaq haqqı vermir. Fikrimcə, ədəbiyyatdan, kinodan, teatrdan, ümumiyyətlə incəsənətin hansısa konkret sahəsindən yazmaq istəyən jurnalist özündə məsuliyyət hiss etməlidir, həmin sahə haqqında heç olmasa, baza biliyi olmalıdır, daimi araşdırmalar aparmalıdır. Çünki jurnalist öz yazısı ilə ictimaiyyətdə təkcə hansısa sahə ilə bağlı yox, həm də öz peşəkarlığının dərəcəsi haqqında rəy formalaşdırır”.
Sevinc Mürvətqızı təəssüf edir ki, bir çox sahələrdə olduğu kimi, jurnalistikada da şou effekti yaratmaq tendensiyası var: “Fikrimcə, bu, jurnalistin qeyri-peşəkarlığından irəli gəlir. Teatr haqqında təsəvvürləri cüzi olan, repertuarlarla maraqlanmayan, tamaşalara getməyə ərinən jurnalist teatr, tamaşa haqqında necə rəy, resenziya yaza bilər? Buna görə də belə “jurnalist” daha asan, ucuz və bayağı variantı seçir: Teatr haqqında yox, teatr ətrafı söhbətləri, sənətə qətiyyən aidiyyatı olmayan mətləbləri, dedi-qoduları “xəbər”ə çevirir. Öz üzərində işləyən, özünü həqiqətən jurnalist hesab eləyən peşəkar heç vaxt bu metoddan istifadə eləməz”.
Hər yazı öz oxucusunu tapır
1937.az mədəniyyət portalının müxbiri Leyla Əliyeva
daha çox resenziya yazdığını və Teatrın mətbuat xidməti ilə yalnız premyeralar, hər hansı yenilik ya da qastrol səfərləri ilə bağlı əlaqə saxladığını deyir. Onun mətbuatda müşahidə etdiyi jurnalistlər teatrın mətbuat xidmətinin qapısını daha çox qalmaqal ya da şayiələrlə bağlı “döyür”: “Çünki elektron mətbuatın inkişafı və saytların çoxluğu jurnalistləri buna məcbur edir. Jurnalist sənət məbədini qalmaqal və şou alətinə çevirərək xəbərini oxutdurmağa çalışır. Amma müsbət istisnalar həmişə var. Bu da reallıqdı ki, Azərbaycan oxucusu da resenziya yox, qalmaqal, qarşılıqlı ittiham ya da əlbəyaxa axtarır. Bu proses bütün dünyada gedir, amma sonda hər yazı öz oxucusunu tapır”.
Teleqraf.com saytının mədəniyyət müxbiri Nərmin Muradova teatrların mövqeyi ilə razılaşdığını, bu gün əksər qəzetlərin mədəniyyət səhifələri şou-biznes səhifələri ilə əvəzləndiyini deyir: “Bir çox saytların mədəniyyət adlı bölməsi belə yoxdur, varsa da qalmaqallar və şou-biznes xəbərləri ilə boldur. Çalışdığım qəzetə və sayta gəlincə, bizdə bir müddət öncə “Teatrların həftəsonu” rubrikası fəaliyyət göstərirdi ki, burda biz həftəsonu nümayiş olunacaq tamaşalar barədə ətraflı məlumat verirdik. Və hətta onu hazırlayan, orda oynayan aktyorları, tamaşaya baxan tanınmış şəxsləri də danışdırmaqla tamaşa barədə müəyyən fikri formalaşdırırdıq. Yeni tamaşaların premyerasından sonra isə teatr tənqidçilərinin rəylərini öyrənir, tamaşaçılara təqdim edirdik və hazırda da edirik. “Bölgə teatrlar”ı rubrikamız çox maraqlı rubrika idi. O rubrika sayəsində Azərbaycanda fəaliyyət göstərən əksər bölgə teatrların fəaliyyətlərinə işıq tuta bildik. Məncə, bu çox mühüm iş idi. Və hazırda "Artırma" layihəmdə bu missiyanı davam etdirirəm. Bu layihəmdə teatrla bağlı daha başqa araşdırmalar da yer alır”. Əlbəttə ki, vaxtaşırı teatr rəhbərləri, orada çalışan aktyorlarla müsahibələr də öz yerində”.
Nərmin Muradovanın sözlərinə görə, teatrların "qaranlıq" tərəfləri, etiraz, şikayət, narazı məqamlarını da araşdırmaq media və bir jurnalist olaraq borcudur: “Çünki oxucu bizdən məsələlərin araşdırılmasını və bitkin bir məlumat gözləyir. Yenə də deyirəm, bu işləri bütün media qurumları etmir, onlar daha çox şou-biznes, qalmaqal ardınca qaçırlar. Bir tərəfdən onları qınamaq olmur, oxucu ən çox o mövzuları oxuyur, amma mətbuat oxucu ardınca qaçsa, bundan daha betəri olacaq. Balans saxlanılmalıdır, bu, mütləq lazımdır. Bunu media qurumu və bir mədəniyyət jurnalisti olaraq hər kəs etməlidir”.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər