• şənbə, 20 Aprel, 14:43
  • Baku Bakı 23°C

Teatr prosesinə daim yeni nəfəs, yeni sima gəlməlidir...

16.02.15 07:43 1540
Teatr prosesinə daim yeni nəfəs, yeni sima gəlməlidir...
Qəzetimizin bu sayında qonağımız Azərbaycan Respublikasının əməkdar artisti, aktyor, ssenarist, rejissor, Akademik Milli Dram Teatrının nəzdində fəaliyyət göstərən studiyanın bədii rəhbəri Vidadi Həsənovdur. Universal insan, maraqlı həmsöhbət olan Vidadi Həsənov ilə bu gün müasir teatr haqqqında fikir mübadiləsində etdik. Buyurun siz də söhbətimizə qonaq olun...
-Vidadi müəllim, artıq ənənəvi suala çevrilsə də, bir daha sizin fikrinizi öyrənmək istərdik. Texnologiya əsri olan XXI əsrdə teatr lazımdırmı?
-Mən deyərdim ki, teatr bizə indi daha çox lazımdır. İnformasiya, kommunikasiya, sənaye, iqtisadiyyat inkişaf etdikcə teatr da cəmiyyətin bir qolu kimi inkişaf edir. Gündəlik eşitdikləri informasiyaların içində çaşbaş qalan, getdikcə kompüterləşən dünyada insana insan olduğunu xatırladacaq canlı ünsiyyət vasitəsinə ehtiyac duyulur. Əlbəttə ki, belə bir vasitə teatrdır. Teatr bizim əlimizə aldığımız, səhifələrini vərəqlədiyimiz kitabdır. Rus filosofu Maksimilian Voloşin demişdir ki, “teatr açıq gözlə görünən yuxudur”. Yəni tamaşaçı teatra gəlir, zala daxil olur, özünü, arzularını görür, düşünür və kiber dünyada özünün insan olduğunu teatr vasitəsilə dərk edir.
-Bu gün də bir fikir dəyişməz olaraq qalır: teatr cəmiyyətin güzgüsü olmalıdır. Müasir dövrdə teatr cəmiyyəti nə dərəcədə real güzgüləndirir?
-(gülümsəyir). Açıq danışsaq mən heç zaman teatr cəmiyyətin güzgüsüdür, cəmiyyətin əksidir fikriylə razılaşmamışam. Çünki, teatr bədii sənətdir. Bədii sənət isə təxəyyül məhsulu olduğundan reallığı olduğu kimi əks etdirə bilməz. Teatr isə bir nəfərin deyil, bir neçə nəfərin təxəyyülüdür və hər kəsin ətrafda baş verən hadisələrə öz yanaşması, öz yozumu var. Hətta realistlər belə cəmiyyətin reallığını bütün çılpaqlığı ilə göstərməyə qadir deyillər. Mən belə düşünürəm ki, reallığa fərdi yanaşma, ümumi yanaşmadan daha maraqlıdır.
Gənc nəsil, yaşlı nəsil bölgüsünü qəbul etmirəm...

-Akademik Milli Dram Teatrının nəzdində yaradılmış Studiyanın bədii rəhbərisiniz və artıq neçə illərdir ki, gənclərlə çalışırsınız. Teatr və gəncliyin qarşılıqlı münasibətlərini necə xarakterizə edərdiniz?
-Siz bilirsiniz ki, mən artıq 30 ildən çoxdur ki, gənclərlə çalışıram. Tələbə vaxtlarımdan bu yana. Elə indi də gəncəm (gülür) və gənc nəsil, yaşlı nəsil bölgüsünü qəbul etmirəm. Motsart 5 yaşında konsertlər verirdi, Çaykovski “Yevgeni Oneqin” operasını iyirmi iki yaşında bəstələmişdi. Firdovsi isə “Şahnamə” poeması ahıl yaşlarında yazsa da, burada gənclik çılğınlığı, dəliqanlılıq aydın duyulur. Tez-tez gənclər kitab oxumur, gənclər teatra gəlmir, incəsənətə maraq göstərmir və s. şəklində ittihamlar səslənir. Gənclər də qarşılıqlı olaraq bu ittihamlara teatr köhnəlib, zamanın nəbzini tuta bilmir, incəsənət gəncliyə müraciət etmir və s. ittihamlarla cavab verirlər. Mən bu ittihamların heç biri ilə razı deyiləm. Teatr daim gəncdir. Daim yeniliyə doğru irəliəyir, zamanın və gəncliyin nəbzini tutmağı bacarır. Teatr da daim, mənəvi, ruhsal məsələləri önə çəkir. Burada köhnə heç nə ola bilməz. Bizim sevgi hissimiz köhnədirmi məgər? Məgər bizim nifrətimiz, mərhəmətimiz köhnədirmi? Teatrda yaş kateqoriyası ola bilməz. Teatrı, incəsənəti sevən gənclərimiz də var. Studiyamızda məşq edən gənclərimizi buna nümunə göstərmək olar. Bu gün, komputer əsrində bir nəfər gəncin belə teatra maraq göstərməsini hər iki tərəfin qələbəsi kimi səciyyələndirmək olar.
-Gənclərlə iş prosesində hansı prinsiplərə əsaslanırsınız. Rəhbərlik etdiyiniz Studiyanın yaradıcı şüarı nədir?
-Teatr prosesi daim inkişaf etməlidir. Teatr prosesinə daim yeni nəfəs, yeni sima gəlməlidir. Tək teatra deyil mədəniyyət sahəsində yenilik lazımdır. Bu anlamda Akademik Milli Dram Teatrında Teatr Studiyasının yaranması vaxtında verilmiş qərardır. Nəsil dəyişkənliyi olmalıdır. Biz daima bu prosesi nəzərə alaraq fəaliyyət göstəririk. Tələbələrimiz daima öz üzərində çalışır, inkişaf edən teatral prosesə uyğunlaşmağa çalışırlar. Milli Dram Teatrının səhnəsində qoyulan tamaşalarda rol alırlar. Bu artıq böyük bir nailiyyətdir. Mən Studiyanın Akademik Milli Dram Teatrının nəzdində yaradılmasını önəmli sayıram. Ölkənin ana teatrında baş verən proseslərə gənclərin cəlb olunması mədəni gəncliyin inkişafına böyük təkandır.
-Son zamanlar biz təəssüf hissi ilə yalnız gənclərin deyil, orta nəsil insanların da daha çox komediya və erotik yönümlü tamaşalara meyl etməsinin şahidi oluruq. Tarixi tamaşalara isə maraq gözlənildiyindən dəfələrlə aşağıdır. Səbəb nədir? Zamanın tələbi başqadır, yoxsa zövqlərmi bayağılaşıb?
-Bilirsiz, bu zövq problemi teatr yaranandan mövcuddur. Biz heç kimi öz seçiminə görə qınaya bilmərik. Hər bir tamaşaçı öz seçimində haqlıdır. Bayaq qeyd etdiyim kimi, hər kəsin ətrafda baş verən ictimai proseslərə öz yanaşması var. Hər kəs öz duyğularına, öz hisslərinə cavab verən tamaşa izləmək istəyir. Biz heç kimi məcbur edə bilmərik ki, sən gəl komediyadan əl çək, dram izlə, ağla,və ya ancaq tarixi tamaşalar izlə. Belə olsa gərək bizdə Musiqili Komediya Teatrı mövcud olmayaydı. Bu cür düşüncə tərzi tamamilə yanlışdır. Zövqlər müxtəlifdir. Hər bir zövq sahibi öz seçimində azaddır. Qonşumuz Gürcüstanda hətta barmaq teatrı fəaliyyət göstərir və kifayət qədər də tamaşaçısı var. Biz heç kimi zövqünün aşağı olması ilə ittiham edə bilmərik.
Sən özünü hansı yerdə görürsənsə deməli o yerdəsən...
-Qeyd etdiyiniz kimi uzun müddətdir ki, gənclərlə-gənc aktyorlarla, gənc rejissorlarla işləyirsiniz. Və onların apardıqları eksperimentlərin şahidisiniz. Nəticə olaraq nələrdə tələsirik, nələrdə gec qalmışıq?
-(gülür) heç nədə tələsmirik və heç nədə də gec qalmırıq. Hər şey öz zamanında baş verir. Axın istiqamətinin əksinə üzmək mütləq insanı yorur. Biz hara tələsməliyik? Gənclik çılğınlıqdır və daima axtarışlara, yeniliyə can atır. Teatral eksperimentlərdə başqa ölkə teatrları bizi qabaqlaya bilərlər. Lakin bu bizim gec qaldığımız demək deyil. Sadəcə hər bir şeyin öz zamanı olduğu kimi, bunun da zamanı var. Mən hətta cəsarətlə deyə bilərəm ki, bizim gənclərimiz yaradıcı fəaliyyətlərində digər ölkə teatrlarını geridə qoyublar. O insanlar ki, bizim geri qaldığımızı iddia edirlər, onlar özləri anlamırlar ki, biz nə qədər irəliləmişik. Çinlilər deyir ki, yuxarıdan bir yuxarı, aşağıdan bir aşağı var. Sən özünü hansı yerdə görürsənsə deməli o yerdəsən.
-Son olaraq bir aktyor kimi tamaşaçılara və bir tamaşaçı kimi teatrlarımıza nə arzu edərdiniz?
-Azərbaycan teatrı günü-gündən çiçəklənir, inkişaf edir, yeni-yeni tamaşalarla öz tamaşaçısını sevindirməyə davam edir. Mən bir aktyor kimi tamaşaçılarımıza teatrı daima sevməyi, ona güvənməyi arzu edirəm. Hər bir tamaşaçı öz zövqünə cavab verən tamaşanı əlbəttə izləyəcək. Bu teatrda olmasa, başqa teatrda. Sən Akademik Milli Dram Teatrında görmək istəyib də görə bilmədiyini, Gənc Tamaşaçılar Teatrında, Yuğ teatrında və s. görə bilərsən. “Bu gün mən teatra gəldim, istədiyimi görə bilmədim, Azərbaycanda teatr yoxdur” fikri ilə hökm yürütsəm bu kökündən yanlış olar. Azərbaycanda teatr var və daima olacaq. Bir tamaşaçı olaraq isə teatrlarımıza yeni-yeni yaradıcılıq uğurları, tükənməz enerji, mətin addımlarla irəliləməyi arzu edirəm.
- Biz də Sizə təşəkür edir, bol-bol tamaşaçı alqışı arzulayırıq.
Niyaz Cəfərov
teatrşünas
banner

Oxşar Xəbərlər