• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Teatr direktorları “Teatr” əlavəmizi təbrik etdi

16.05.19 15:00 39862
Teatr direktorları “Teatr” əlavəmizi təbrik etdi
Mayın 11-də qəzetimizin "Teatr” əlavəsinin 8 yaşı tamam oldu. Bu münasibətlə paytaxt teatrlarımızda fəaliyyət göstərən teatr direktorlarının bəziləri ünvanımıza təbriklər səsləndirdilər. Təbrikdə həftədə bir gün teatr cameəsində baş verən bütün hadisələr qəzetin "Teatr” əlavəsində yer almasını müsbət qiymətləndirdiklərini qeyd etdilər. Azərbaycanda teatrda baş verən bütün proseslərin hamısını burada izləmək imkanı əldə etdiklərini, yeni səhnə uğurlarını, tamaşa və kollektivlərinin yaradıcı üzvləri ilə bağlı yenilikləri görmək istəklərini məhz burada reallaşdırdıqlarını dedilər. Çünki bu mətbu orqanın ərsəyə gəlməsində peşəkarlıq, teatra sevgi və yanğının daim hiss olunduğunu vurğuladılar.
Teatr Xadimləri İttifaqının rəhbəri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, baş rejissoru Azər Paşa Nemətov qəzetin teatr əlavəsinin 8 yaşı üçün xoş arzular səsləndirdi: "Qəzetinizin "Teatr” əlavəsinin 8 yaşı münasibəti ilə təbrik edirəm. "Kaspi” oxunaqlı qəzetlərdəndir. Xalq arasında ona böyük hörmət, sevgi və sayğı var. Danılmaz faktdır ki, xalqın bu qəzetə böyük rəğbəti var. Sevindirici haldır ki, üç əsr yaşı olan qəzetdə "Teatr” əlavəsi mövcuddur və bu əlavədə mədəniyyətə, teatra xüsusi yer verilir. Azərbaycan teatrı ağır və məşəqqətli yollar keçib. Bu zaman çərçivəsində o çox şərəfli ömür yaşayıb. Zaman-zaman biz bu şərəfli ömür yolunu "Kaspi” qəzetinin "Teatr” əlavəsində oxumuşuq. Qəzetiniz hər zaman oxucularla dolu olsun, heç zaman köşklərdə qalmasın, hər zaman "Kaspi” qəzetinin "Teatr” əlavəsini axtaraq”.
Azərbaycan DövlətAkademik Musiqili Teatrındirektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoruƏliqismət Lalayev "Kaspi” qəzetinin "Teatr” əlavəsinin peşəkar teatr işçilərinin sevimli bir mətbu orqanına çevrildiyini bildirdi: "Qəzetinizin "Teatr” əlavəsinin 8 yaşı tamam olması münasibətilə bu səhifədə əməyi keçən hər kəsi təbrik edir, sizə yaradıcılıq uğurları arzulayıram. Ona görə ki, biz bu səhifədə milli teatrımızın həyatında baş verən nə yeniliklər varsa, dünya teatrından müəyyən hadisələr barədə, aktyorlarımızın, rejissorlarımızın, teatr rəssamlarımızın, teatrda çalışan, səhnə arxasında olan, səhnədə görünməyən insanların həyatından, yarıdıcılığından məlumatlar alırıq və ən xoş, yaddaqalan, sevindirici bir məsələdir ki, bu səhifəni gənclər hazırlayırlar. Gənclik yenilik deməkdir, gənclik sabahımız deməkdir. Ona görə də düşünürəm ki, teatrımızın sabahını biz belə istedadlı insanlara ərməğan edəcəyik. "Gənclər teatr necə olmalıdır?”, "onlar teatrdan nə istəyirlər?”, "onlar teatrı necə görmək istəyirlər?” kimi suallara cavab axtarırlar. Deyim ki, bunun da cavabını öz yazılarında, fikirlərində tamaşaçılara çatdırmağı bacarırlar. Qəzetin bu səhifələrində Akademik Musiqili Teatra həmişə yer ayrılıb. Ən əsası isə, teatrın uğurları, teatrda baş verən yeniliklər barədə biz teatr əlavəsindən sevə-sevə oxuyuruq. Düşünürəm ki, eyni zamanda "Teatr” əlavəsi bizləri daha işgüzar olmağa səsləyir. Ona görə ki, gənclərin qeyd etdikləri müəyyən tənqidi məsələlərdən də nəticə çıxarırıq. Məhz onların dedikləri bütün gəncliyin arzusudur. Bir daha təbrik edir, sizlərə cansağlığı arzulayıram. Əsas odur ki, yolunuz açıqdır. O mənada ki, sizə, gənclərə etimad göstərilir. Uğurunuz özünüzdən asılıdır, uğurlar olsun!”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudirektoruAkif Məlikov teatrdan yazmağın məsuliyyətli bir missiya olduğunu xatırlatdı: "Dövri mətbuatımızın oxucular tərəfindən çox sevilən nümunələrindən biri "Kaspi” qəzetidir. Qəzetin səhifələrində həyatımızın bir çox sahələrinə aid dərc edilən maraqlı yazılar hər zaman diqqətimizdədir. Lakin bizim daha çox izlədiyimiz "Kaspi”nin "Teatr” əlavəsidir. Burada digər teatrlarla yanaşı, Akademik Opera və Balet Teatrının fəaliyyətinə də geniş yer verilir ki, buna görə bu işdə əməyi olan bütün qələm sahiblərinə dərin təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edərək bu günlərdə 8 yaşını qeyd edən "Teatr” əlavəsini təbrik edir, bütün jurnalist kollektivinə və şəxsən Xəyalə xanıma peşə fəaliyyətində uğurlar diləyirik”.

Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə "Teatr” əlavəsinin artıq möhürünü vurduğunu, teatr camesində sözünü deyən bir mətbuat orqanı hesab etdiyini dedi: "Azərbaycan mədəniyyətinin təbliğatına ciddi şəkildə təsir edərək, bir çox uğurlara imza atıb. Müasir dünyada, belə bir zamanda mədəniyyətə xidmət etmək və əsl dəyərləri göstərmək, oxucuya doğru, dürüst çatdırmaq heç də sadə məsələ deyil. Bu mənada, "Teatr” əlavəsi mədəniyyətə birbaşa xidmət edərək qısa müddətdə bu sahənin adamları arasında nüfuz qazanıb. Gənc Tamaşaçılar Teatrının kollektivi də "Teatr” əlavəsini izləyir və aktyorlarımızla müsahibələri, tamaşalarımız haqqında resenziyaları bu qəzetdən oxuyur. Tamaşalarımızın təbliğatı zamanı "Kaspi qəzetinin "Teatr” əlavəsi çox yardımçı olur. Mən bu işdə əməyi keçən hər kəsə, hər bir əməkdaşınıza təşəkkürümü bildirirəm və ən səmimi arzularımı çatdırıram”.

Abdulla Şaiq adınaDövlətKuklaTeatrının direktoruRəşad Əhmədzadə qəzetimizin, eləcə də onun "Teatr” əlavəsinin həyatımızın ən müxtəlif sahələri ilə yanaşı, mədəniyyətə xüsusi diqqəti və sevgisi ilə seçildiyini qeyd etdi: "Artıq illərdir ki, "Kaspi” qəzeti, sevilən mətbu orqanın əməkdaşları ən yaxın dostumuza çevriliblər. Təbii ki, buna səbəb daim sevgi və qayğı ilə təbliğata ehtiyacı olan teatr sənətinə, onun spesifik sahə olan kukla sənətinə xoş münasibətdə olmasıdır. Təsadüfi deyil ki, bizim tamaşalar, qastrollar, festivallarda qazandığımız uğurlar, ümumilikdə teatrımızın həyatında baş verən hər bir hadisə bu qəzetin səhifələrində yer alır. Mən bu qəzetə uzun ömürlü dərc və tükənməz oxucu sevgisi arzulayıram. Onu ərsəyə gətirənlərə isə uğurlar diləyirəm və sonsuz təşəkkürümü ifadə edirəm”.

YUĞ Dövlət Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov "Kaspi” qəzetinin "Teatr” əlavəsini 8 yaşı münasibətilə təbrik edərək, bunun çox gözəl təşəbbüs olduğunu bildirdi. "İllərdir ki, "Teatr” əlavəsini məmnuniyyətlə oxuyuruq. Müxtəlif teatrlarda çalışan həmkarlarımız teatr sahəsində baş verən yeniliklərdən xəbər tutmaq üçün "Kaspi” qəzetinin "Teatr” əlavəsini ən mötəbər mənbə hesab edirlər. Çünki burada çalışan insanlar öz işlərini gözəl bilən və sevən peşəkar teatrşünaslardır. Teatrın isə hər zaman peşəkarların fikrini eşitməyə ehtiyacı var.

SumqayıtDövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov "Kaspi” qəzeti onun ən çox maraqla oxuduğu qəzetlərdən olduğunu qeyd etdi: "8 il bundan əvvəl bu qəzetdə "Teatr” əlavəsinin görünməsi məni çox məmnun etdi. Bundan öncə çalışdığım teatrda da, Sumqayıt teatrında da olan bütün yeniliklər, sənət hadisələri ilkin olaraq "Kaspi” qəzetinin teatr əlavəsində işıqlandırılır. Bunun üçün də sizlərə təşəkkürümü bildirirəm. Sizin bütün əməkdaşlarınızı, müxbirlərinizi, teatr yazarlarını səmimi qəlbdən təbrik edirəm. Sizə yaradıcılıq uğurları arzulayıram. Siz teatrşünaslar teatrlarımıza gələcək yaradıcılıq stimulu verirsiniz. Bəlkə də özünüz bunu hiss etmirsiniz, ancaq verdiyiniz bu stimul sözlə ifadə edilə bilməz. Arzu edirəm ki, "Teatr” əlavəsinin 18-28 illini qeyd edəsiniz”.

Pantomima Teatrının direktoru Əməkdar artist Elman Rəfiyev davamlı olaraq saytları, qəzetləri izlədiyini və "Teatr” əlavəsinin onun üçün xüsusi önəm kəsb etdiyini dedi: "Mən qəzet oxumağı çox sevirəm. Qəzetlərin içərisində məqaləsinə, mövzuların aktuallığına, dizaynına görə ən çox "Kaspi” qəzetini seçir və orada yazılan məqalələri oxuyuram. Bu qəzetdə həm mədəni, həm iqtisadi, həm də digər sahələrdə çox aktual məsələlərə toxunursunuz. Mənim diqqətimi çəkən məqam isə qəzetdə "Teatr” əlavəsində çıxan materiallardır. Bu qəzetdə çalışan teatrşünaslar mənə əzizdir. Sizinlə dostluq münasibətlərimizin olmasına baxmayaraq, sərbəst şəkildə öz fikirlərinizi bildirir, "bu tənqidi edərsəm, dostum küsərmi, xətrinə dəyərmi” kimi düşüncələrə qapılmırsınız. "Teatr” əlavəsində bizdən daha çox yazılar yazan əməkdaşınız Xəyalə Rəisin bu xüsusiyyəti mənim çox xoşuma gəlir. Bu da o deməkdir ki, "Kaspi”də hər şey olduğu kimi çap olunur. Qəzetin "Teatr” əlavəsinin 8 yaşı münasibəti ilə sizi təbrik edirəm. Arzu edirəm ki, qəzetinizin həcmi daha da böyüsün. Layihəniz uzunömürlü, oxucuların sayı çox olsun. Qəzetin yaşaması oxuculardan, teatrın yaşaması isə tamaşaçılardan asılıdır. Ona görə də sizə bol oxucu sayı arzu edirəm”.

Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri Əməkdar artist İntiqam Soltan teatrın əldə etdiyi uğurlar haqqında daha çox "Kaspi” qəzetindən oxuduğunu qeyd etdi: "Bakı Uşaq Teatrının sadiq tərəfdaşı, fəaliyyətimizi operativ və davamlı şəkildə işıqlandıran, eləcə də ölkənin mədəni həyatında əvəzsiz rol oynayan "Kaspi” qəzetinin Teatr əlavəsini 8 yaşı münasibətilə ürəkdən təbrik edirik. Maddi və mənəvi dəyərlərimizin tanıdılması yolunda yorulmadan uzun illər fəaliyyət göstərməyinizi arzulayırıq. Bu münasibətlə teatrımızın dostu Xəyalə xanımı da təbrik edir, işlərində uğurlar arzulayırıq”.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər