• şənbə, 20 Aprel, 05:31
  • Baku Bakı 15°C

Tbilisidən Moskvaya növbəti badalaq

14.11.18 17:34 769
Tbilisidən Moskvaya növbəti badalaq
Rəsmi Tbilisi Rusiya ilə münasibətləri gərginləşdirə biləcək növbəti qərara imza atıb. Söhbət Birləşmiş Ştatlar və Gürcüstan arasında, məşhur Vaziani bazasının əsasında aerodromun inşası barədə əldə olunan razılaşmadan gedir. Bu məsələ Tbilisidə səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının rəhbəri general Stefen Lyonsun Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşündə müzakirə olunub. Gürcüstan baş nazirinin dəftərxanasından bildiriblər ki, görüşdə, ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Gürcüstanın müdafiə qabiliyyətinin artırılması məqsədilə hazırlanan layihələrə Birləşmiş Ştatlar tərəfindən müvafiq dəstəyin göstərilməsi və s. məsələlər diqqət mərkəzində olub. Görüşdə Vazianidə hərbi aerodromun tikintisi xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, bu obyektin tikintisi Gürcüstana, regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək. Vaziani bazası 2007-ci ilə qədər Rusiyanın istifadəsində olub. İndi isə bura NATO-nun ən iri hərbi loqistik mərkəzi kimi fəaliyyət göstərəcək. Uçuş-enmə zolağı modernləşdirildikdən sonra hətta Birləşmiş Ştatların ən iri təyyarələrinin qəbul etmək iqtidarında olacaq. Gürcü ekspertlərinin sözlərinə görə, yeni obyekt hərbi qüvvələrin təlimlərə aparılması, eləcə də, regionda vəziyyət gərginləşəcəyi təqdirdə istifadə oluna bilər. Gürcüstanın müdafiə naziri Levan İzoriya NATO-ya məxsus yeni hərbi obyekt barədə danışarkən deyib ki, Vazianidə Gürcüstan ilə NATO-nun birgə müdafiə mərkəzinin qurulması təşəbbüsünü həyata keçirmək niyyətindəyik. S.Layons isə bildirib ki, belə bir mərkəzin uğurlu funksiyalaşdırılması üçün müvafiq hərbi struktur zəruridir və yeni aerodrom bu infrastrukturun əhəmiyyətli bir komponentidir. Gürcüstan müdafiə naziri vurğulayıb ki, müdafiə mərkəzinin yaradılması, Gürcüstanın NATO ölkələri ilə əməkdaşlığını yeni səviyyəyə qaldıracaq. Vazianidə qurulacaq mərkəz Şimali Atlantika Blokunun Gürcüstanda üçüncü obyekti olacaq. Birinci obyekt Saçxerdə yerləşir və dağ atıcılarının hazırlanmasını həyata keçirir. İkincisi isə təlim-məşq mərkəzidir və Krçanisidə yerləşir. Onun açılış mərasiminə 2015-ci ildə şəxsən NATO-nun baş katibi Yens Stoltenberq təşrif buyurmuşdu. Ötən ay Brüsselə səfəri zamanı Levan İzoriya, Alyansa, Gürcüstanda hərbi infrastrukturunu genişləndirməyi təklif etmişdi. Yəqin ki, söhbət elə Vazianidən gedib. Modernləşdirildikdən sonra bu baza Birləşmiş Ştatların ən iri hərbi-nəqliyyat təyyarələrini qəbul edəcək. Hələ ki, yeni aerodromun inşasına nə vaxt başlanılacağı və neçəyə başa gələcəyi bəlli deyil. İzoriyanın sözlərinə görə, bu texniki detallar hələ ki, müzakirə mərhələsindədir.
Beləliklə, yeni aerodromun fəaliyyətə başlaması Gürcüstanda NATO-nun, xüsusən də Birləşmiş Ştatların iştirakını daha da gücləndirmiş olacaq. Hazırda Pentaqon Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ölkə ordusunun doqquz hərbi birləşməsini hazırlayır. Bu yaxınlarda isə Cənubi Qafqaz ölkəsi, ABŞ-dan "Javelin” tank əleyhinə müdafiə qurğuları alıb. "Arsenali” hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili Rusiyanın "Kommersant” qəzetinə müsahibəsində bildirib ki, Vazianidə yeni hərbi aerodromun inşası ABŞ və NATO-ya yalnız bir məsələdə vacibdir - Cənubi Qafqazda vəziyyət gərginləşən kimi ora güc və vasitələri göndərmək mümkün olsun. Ekspertin qənaətincə, ABŞ və NATO hərbi komandanlığının məhz Vaziani üzərində dayanması da təsadüfi deyil. Aladaşvili xatırladıb ki, Vaziani hərbi bazası 1942-ci ildə inşa edilib. Bu ərazi strateji nöqteyi-nəzərindən başlıca rol oynayır və Cənubi Qafqazın hərbi infrastrukturunun qurulmasında böyük rol oynayıb. 1992-ci ildə Rusiya Vazianidən hərbi aviasiyasını çıxarsa da, quru qoşunlarını saxlayıb. Baza bir növ Rusiya Federasiyasının hərbi bazası rolunu oynayıb. Formal olaraq isə onu 2001-ci ildə Gürcüstana təhvil verdilər. Lakin rus qoşunlarının çıxarılması prosesi 2007-ci ilə kimi uzandı. Daha dəqiq desək, Rusiya ilə Gürcüstan arasında gedən "beşgünlük müharibə”yə qədər. Ekspert onu da deyib ki, Gürcüstan Vazianidə NATO dövlətlərinin iştirakı ilə özəl hərbi təlimlər keçirir: "Hərbi texnikanı dənizdənsə, hava yolu ilə daşımaq daha sərfəlidir”. Lakin ekspert qeyd edib ki, hələ ki, ABŞ-ın Gürcüstanda tamtərkibli hərbi bazasının yaradılmasından söhbət getmir. "Hələ ki, bu barədə danışmaq tezdir, lakin bunun planlaşdırılması çox əhəmiyyətli addımdır”, - deyə o bildirib. İmperiyapərəst rusiyalı ekspertlər dərhal məsələyə reaksiya veriblər və bunu NATO-nun regionda iştirakını gücləndirməyə xidmət etdiyini bildiriblər. Rusiyalı hərbi ekspert Viktor Muraxovzki hesab edir ki, Vaziani Rusiyanın Cənub Hərbi dairəsindəki müdafiə obyektlərinə hücum üçün ən qısa məsafədə yerləşir. "NATO hərbçilərinin belə formada yerləşməsi bütövlükdə Qara dəniz üzərində nəzarəti də həyata keçirməyə imkan verəcək. Başqa bir ekspert İvan Konovalov isə bu qənaətdədir ki, ABŞ Gürcüstanda aktiv fəaliyyət göstərsə də, əslində bütün bu fəaliyyət özünü nümayiş etdirmək cəhdidir. "Əlbəttə, amerikalılar Gürcüstanda tam heyətli baza qurmaq istəsələr, geniş imkanlar əldə edəcəklər. Məsələn, vəziyyəti gərginləşdirmək baxımından. Əgər nə vaxtsa Ağ Ev vəziyyəti partlatmaq istəsə, onda Vaziani aerodromu çox ciddi rol oynaya bilər. Lakin hər şey hərbi-siyasi iradədən və regionun xüsusiyyətlərindən asılıdır”, - deyə o bildirib. Bütövlükdə isə o hesab edir ki, Alyans bütün Avropa boyu aktiv fəaliyyətə start verib və Gürcüstan da bu halqanın bir hissəsidir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər