AZE | RUS | ENG |

Taxta parçalarına gözəllik və məna verən filoloq

Taxta parçalarına gözəllik və məna verən filoloq
Nigar Ağayeva: “Tənqidçi olduğuma görə, çətin müştərilərlə də dil tapa bilirəm”

Biznesə gəlişi təsadüfən olub. Deyir ki, sevdiyi işlə məşğul olmağa başlayanda gəlir qazanmağı ağlına gətirməyib. Çünki uğurlu olacağını düşünmürmüş.  Qısa müddət ərzində işləri hamı tərəfindən böyük maraqla qarşılandığından hobbisini biznesə çevirib. Müsahibim taxta üzərində müxtəlif dekorasiyalar hazırlayan Nigar Ağayevadır. 

Qeyd edim ki, həmsöhbətim 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Filologiya üzrə təhsil alan Nigar hazırda Bakı Slavyan Universitetində çalışır: "Məlumdur ki, Azərbaycanda əksər ailələr ixtisas seçimi zamanı övladlarının fikirlərinə təsir edirlər. Adətən, bizim yerimizə valideynlərimiz qərar verir. Bizim ailədə də vəziyyət digərlərindən fərqli deyildi. Rəsmə böyük marağım var idi. Məktəb vaxtı çəkdiyim bütün rəsmlərim stendlərdə yerləşdirilirdi. Müəllimlərim həmişə valideynlərimə deyirdi ki, bu qızın rəsmə marağı var, onu o sahəyə yönəldin. Amma valideynlərim buna razı deyildi. Universitetə hazırlıq vaxtı dedilər ki, qıza aid olan bir ixtisas seç. Mən də məcbur olub müəllimliyi seçdim. Amma filologiya fakültəsində oxumağım mənim bu həvəsimi öldürmədi. Universitetdə oxuduğum vaxtlarda da müxtəlif şəkillər çəkirdim. Amma əl işləri hazırlaya biləcəyimdən xəbərim yox idi”.
 

 
"Məcbur etdi ki, get bu gün lazım olanları al”
 
Müsahibim deyir ki, rəsm çəkməyə marağı olsa da, bu işi biznesə çevirmək haqqında isə bir qədər gec qərar verib: "Çünki uğur əldə edə biləcəyimə inamım yox idi. Əslində, bu, təsadüfən oldu. Bir dəfə iş yoldaşım məni rəsm çəkərkən kənardan izləyib. Sonradan mənə dedi ki, əgər rəsmə marağın varsa, elə indidən başla. Bir az söhbətləşdik və mənə motivasiya verdi. Bu işə başlayacağıma söz verdim və dedim ki, yaxın müddətdə fırça, boya və digər ləvazimatları alacam. Amma o, mənimlə razılaşmadı və məcbur etdi ki, get bu gün lazım olanları al. Elə həmin gün cibimdə olan pulu son qəpiyinə qədər rəsm ləvazimatlarına xərclədim. Beləcə, rəsm çəkməyə başladım. Fırçaları alarkən mağazada müxtəlif taxta lövhələr görmüşdüm. Fikirləşdim ki, bunları rəsm işləri ilə bəzəmək olar. Amma hələ bunu bacaracağıma əmin deyildim. Novruz bayramı ərəfəsində şəhərin mərkəzində müxtəlif stendlər qurulmuşdu. Gördüm ki, bir nəfər taxta oyma işi ilə məşğuldur. Ona yaxınlaşdım və xahiş etdim ki, bəzəmək üçün mənə versin. Taxtadan yumurta verdi və mən onu bəzəməyə başladım. Həmin stendin yanında dayanan başqa bir adam isə məndən lövhə üzərində rəsm çəkməyimi istədi. İki taxta lövhə bəzədikdən sonra o, zəhmətimə görə pul təklif etdi. Bu, mənim rəsmdən qazandığım ilk gəlirim idi. Həmin vaxt başa düşdüm ki, bu işdən gəlir əldə edə bilərəm. Evə gəlib internetdə araşdırmalara başladım. Daha çox bu işlə məşğul olan xarici səhifələrlə maraqlandım. Müxtəlif cür əl işləri ilə tanış oldum, fərqli dekorasiyalar hazırlayıb bəzədim. Əslində, onların necə hazırlandığı haqda məlumatlı deyildim. Hazırlanma qaydasını bilmirdim deyə, öz təsəvvürümü işə salırdım. Həmin vaxt mənə elə gəldi ki, uzun müddətdir bu işlə məşğulam. Gördüyüm işdən zövq alırdım və bu, mənim çox xoşuma gəlirdi”.
 

 
"Heç satış haqda fikirləşmirdim”
 
İlk işindən 25 manat gəlir əldə edən Nigar deyir ki, qiymətləri münasib etməyə çalışır: "Bu işə təzə başlayanda işlərimi satmaq haqqında fikirləşmirdim. Onları daha çox öz ətrafıma, işlədiyim kollektivə, dostlarıma göstərirdim. İş yoldaşlarım dedi ki, bunların satışını təşkil edə bilərsən. Beləcə, hazırladığım dekorasiyaları satmağa başladım. Bu işdən qazandığım ilk gəlirim 25 manat oldu. Taxta lövhə üzərinə Nizaminin «Leyli və Məcnun» əsərini çəkmişdim. Getdikcə gördüm ki, bu, məndə alınır. Mümkün qədər qiymətləri münasib çalışırdım. Çünki bu işə nə qədər maliyyə xərclədiyimi bilmirdim. Dediyim kimi, mən heç satış haqda da fikirləşmirdim. Amma iş elə gətirdi ki, satış gözlədiyimdən də yaxşı alındı. Demək olar ki, ləvazimatlara xərclədiyim bütün məbləği artıqlaması ilə qazandım. Gördüyüm iş mənə zövq verdiyinə görə, bu sahədən qazandığım gəlir daha doğma təəssürat yaradır”.
 

 
"Sırf sifarişlə də işləmirəm”
 
Digərlərindən fərqli olaraq, həmsöhbətim sifarişləri sosial media üzərindən qəbul etmir: "Sifarişlər tez-tez olur. Qarşıdan Sevgililər Günü gəlir. Bununla bağlı müxtəlif cür sifarişlər almışam. Amma mən bu işi sırf sifarişlə də görmürəm. Hazırladığım dekorasiyalar sonradan da satılır. Onu da deyim ki, sifarişləri sosial şəbəkə üzərindən almıram. Ətrafımdakılar öz yaxınlarına, dostlarına mənim haqqımda söyləyir. Bilirəm ki, sosial şəbəkədə işlərimi paylaşsam, sifarişlərin sayı artacaq. İşlərimlə bağlı səhifəm olsa da, onlayn satışla hələ ki, məşğul olmuram.   Mənə elə gəlir ki, bu işin çətin tərəfi yoxdur. Ümumiyyətlə, bir işi sevərək gördükdə sənə çətin olmur. Elə olur ki, gecələr yuxusuz qalıb bu işlə məşğul oluram. İşdən boş vaxt tapan kimi özümü rəsmə verirəm. Gələcəkdə işlərimin satışını həyata keçirmək üçün mağaza açmaq fikrim var. Buna imkanım çatmasa belə, kiminləsə ortaq şəkildə bu işi edə bilərik. Çünki hər dəfə rəsm çəkdikcə, başa düşürəm ki, mənim görmək istədiyim iş budur. Burada özümü daha yaxşı hiss edirəm”.
 

 
"Sifarişlərlə işləmək məni çox yorur”
 
Bu işin biznesinə təzə başladığını deyən Nigar, bəzən sifarişləri vaxtında çatdıra bilmədiyini söylədi: "Elə müştərilər var ki, həddindən artıq kaprizli olurlar. Özüm filoloq və tənqidçi olduğuma görə, bu işin öhdəsindən gələ bilirəm. Çalışıram ki, müştərilərimin istəyini yerinə yetirə bilim. Hərdən də elə olur ki, sifariş onların istədiyi formada alınmır. Bunu onlara başa salmaq bir az çətin olur. Elə müştəri də var ki, sifarişi verdiyi günün səhəri onu tələb edir. Başa salmağa çalışıram ki, bu, bir gün ərzində hazır olan şey deyil. Çünki rənglərin qurumağı üçün müəyyən müddət tələb olunur. Çatdıra bilmədiyim sifarişlərdən imtina etməyə çalışıram. Çünki iki işi eyni vaxtda idarə etmək heç də asan deyil. Rəsm insanın içindən gələn bir şeydir. Yəni istədiyin vaxt rəsm çəkmək olmur. Elə olur ki, bir ayın işini bir günə görürəm. Yəni mənim işim bir qədər həvəsə bağlıdır. Özümü nəyəsə məcbur edə bilmərəm. Düzünü desəm, sifarişlərlə işləmək məni çox yorur. Bəzən hətta elə olur ki, sifarişlərdən imtina edirəm. Çünki bu işi məcburiyyətdən görmək istəmirəm”. 
 

 
"Anam deyir ki, siz bu işi ailə biznesinə çevirmək istəyirsiniz”
 
Sonda müsahibimə uğurlar arzulayıb gələcək planlarını da soruşduq. Həmsöhbətim deyir ki, hələlik bütün işləri özü görür. Mağaza açdıqdan sonra isə işçi götürmək haqda fikirləşir: "Heç bir köməkçim yoxdur. Hərdən atam mənə köməklik edir. Çox vaxt anam deyir ki, siz bu işi ailə biznesinə çevirmək istəyirsiniz. Taxtalarla işləyən zaman hərdən köməyə ehtiyac olur. Çünki elə işlər var ki, onları tək görməyə gücüm çatmır. Ailəm mənə həm də mənəvi dəstəkdir.  Planımda bu işi böyütmək də var. Amma hələ ki, bu haqda danışmaq üçün tezdir. Yəqin ki, mağaza açdığım zaman işçi də götürəcəyəm. Bu işi sevərək görən kimsə olsa, yəqin ki, birlikdə çalışa bilərik”.
 
Şəbnəm Mehdizadə
 

 
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966