• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

Tatamini səhnəyə dəyişən xanım - Debüt

27.12.19 15:45 4849
Tatamini səhnəyə dəyişən xanım - Debüt
Əminə Cəfərova: "İncəsənət Universitetini bitirmək aktyor olmaq demək deyil”
Hələ yolun başındadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kursunda, "Teatr sənəti fakültəsi”ndə təhsil alır. Ömrünün ən gözəl illərini yaşayır. Yaradıcılığına ana teatrdan başlayıb. Belə ki, Akademik Milli Dram Teatrında maraqlı obrazlar yaradan Əminə Cəfərova Şah Mat Teatrının da aktrisasıdır. Deyir ki, səhnə onun üçün doğma məkandır.
- Əminə Cəfərova özünü necə təqdim edərdi?
- Həyatının üçüncü onluğuna qədəm qoyan, insanlardan uzaqda öz dünyasını quran biri kimi təqdim edərdim. 1998-ci il mayın 16-da Bakıda dünyaya gəlmişəm, 96 saylı məktəbi bitirmişəm. İdmanın müxtəlif növləri - üzgüçülük, basketbol, karate ilə məşğul olmuşam. Hətta karatedə nailiyyətlərim olub.
- Bəs nə üçün idmanı davam etdirmədiniz?
- Həmin ərəfələr universitetə hazırlaşırdım. O dönəmlər yalnız bir istiqamət üzrə özümü yönləndirmişdim və istəyimə doğru yol alırdım. Seçim anında incəsənətlə idman arasında qaldım və incəsənəti seçdim.
- Səbəb?
- Çünki ruh mənə daha rahat və komfortludur. Rahatlığıma önəm verən insanam. Universitetə daxil olduqdan sonra zamanım olmadığı üçün idmandan kənarlaşdım.

- İncəsənət Universiteti sizə nə qazandırdı?
- Universitet mənə çox şey qazandırdı. Əslində rejissorluğa hazırlaşırdım və özümü bu istiqamətə kökləmişdim. Hazırlıq müəllimim, xalq artisti Vidadi Həsənov məni fikrimdən döndərdi və dedi ki, sən səhnəyə çox yaraşırsan, səhnənin arxasında qalmalı deyilsən. Düzdür, fikrimdən dönməmişdim, ancaq özümü sınamaq istəyirdim. Bunun üçün universitetə sənəd verərkən aktyorluğun qabiliyyət imtahanında iştirak etdim və orada münsif heyəti kürsüsündə əyləşən Şəfiqə Məmmədova məni çox bəyəndi, aktyorluq ixtisasına qəbul etdi. Rejissorluğa qabiliyyət imtahanı verməyə getdikdə isə, Cənnət Səlimova dedi ki, əgər səni Şəfiqə Məmmədova aktyorluğa qəbul edibsə, demək sən səhnənin önündə olmalısan, arxasında deyil. Qismət elə gətirdi ki, mən aktyorluğa daxil oldum. Mənə də elə gəlir ki, əgər səhnə arxasında olsaydım, bu qədər sakit və rahat ola bilməzdim.
- Akademik Milli Dram Teatrının səhnəsi ilə tanışlığınız necə yarandı?
- İkinci kursdan etibarən Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edirəm. Universitetdən teatra gedəndə 12 nəfərdən ibarət idik və getdikcə sayımız azalmağa başladı. Teatrda isə "Manqurt”da qarabasma, "Buratino axmaqlar ölkəsində”də qurbağa, "Ninza tısbağalar”da ifritəni oynayıram.
- Tələbələrə teatrda çalışmaq üçün yetəri qədər imkan və şərait yaradılırmı?
- Maksimal dərəcədə bizə teatrlarda işləmək və tamaşalarda rol almaq üçün imkan yaradılır. Ümumiyyətlə teatrlar gənclərin orda çalışmasında maraqlıdırlar.
- Bəs teatrda çalışmaq gənclərin marağındadırmı?
- Elə gənclər var ki, teatrda çalışmaqda maraqlıdır, səhnəyə çıxmağa can atır. Bəzi tələbələr isə məhz diplom xatirinə təhsil alırlar. Bəziləri simasının tanınması üçün məhz bu universiteti seçib. Teatr insanın müəllimidir və öyrədici funksiya daşıyır.

- Bəs film, kamera önü?
- Film və serialdan aktrisa olaraq nəsə öyrənmək mümkün deyil. O zaman mümkün olur ki, yaradıcı heyət, xüsusən də rejissor işini bilən, peşəkar və illərin sənətkarı olsun ki, sən ondan nəsə öyrənə biləsən. Özümü filmdən, kameradan çox kənarlaşdırmışam. Çünki orada öyrənə biləcəyim heç nə yoxdur. Teatr canlı sənət növüdür. Burada birbaşa insanlarla ünsiyyətdə olursan. Ancaq filmdə o enerjini almaq mümkün olmur.
- Universitetdə də tələbələrin hazırladığı tamaşalar olur. Bu prosesin özü də çox böyük öyrədici funksiyaya malikdir.
- Əslində məni bir aktrisa kimi həvəsləndirən də bu oldu. Universitetə daxil olanda, çox həvəssiz idim, rejissor olmaq istəyirdim. Daha sonra tələbə yoldaşlarımın və dostlarımın tamaşalarından təkliflər aldım və bu tamaşalar məni daha da ruhlandırdı. Gördüm ki, mənə çox maraqlıdır və insanlarla işləmək, onları tanımaq mənə daha çox şey qazandırır. Bu tamaşalar məni bir aktrisa olaraq daha çox möhkəmləndirdi.
- Universitetdə belə bir deyim var: "İncəsənət Universitetinə gələn tələbələr özlərini birinci kursda xalq artisti, ikinci kursda əməkdar, üçüncü kursda aktyor, dördüncü kursda isə heç aktyor belə hesab etmirlər”. Siz bu fikri qəbul edirsinizmi?
- Mən bunu qəbul etmirəm. Ancaq elə tələbələr var ki, ilk kursdan özlərini həqiqətən elə aparırlar. Hesab edirlər ki, əgər qabiliyyət imtahanından keçiblərsə, onlar əsil aktyordurlar. Anlamırlar ki, İncəsənət Universitetini bitirmək aktyor olmaq deyil. İncəsənət Universitetini bitirib, digər sahələrdə işləyənlər də az deyil.
- Teatr səhnəsində obraz canlandırmaq üçün sizə görə nəzəriyyə, yoxsa təcrübə daha önəmlidir?
- Biri var nəzəriyyəni oxuyub, tətbiq etmirsən və bu sənin bazanda qalır. Bir də var ki, sən nəzəriyyədən təcrübəndə, səhnədə də istifadə edirsən. Öyrəndiklərini harda, necə istifadə etdiyini bilmirsən. Səhnəyə çıxdıqda, beynin nəzəriyyədə qalır. Birini atıb digərini tutmaq mümkün deyil. Düzdür, praktika nəzəriyyədən bir az üstündür. Çünki praktikada öyrəndiklərini tətbiq edərək öyrənirsən.
- Universitet sizə o təcrübəni verirmi?
- Çox az. Tələbə əgər niyyətli və istəklidirsə, o praktikanı özü qazanır.

- Universitet sizə o azadlığı verirmi?
- Düşünmürəm.
- Bu gün gənclər teatrı necə görmək və teatrda nələri dəyişmək istəyirlər?
- Gənclər daha çox teatrlarımızda yeni janrların tətbiq olunmasını istəyirlər. Tamaşalarda teatrlarımız effektlərdən istifadə etmirlər. Yeni stilə, yeni janra açıq deyillər.
- Biri var ana teatrın səhnəsi, biri də var ki, təhsil aldığın və bütün prosesi öyrəndiyin universitetin səhnəsi. Yəqin ki, hər ikisi sizin üçün doğmadır?
- Əlbəttə ki, hər iki səhnə mənim üçün doğmadır. Universitet mənə bu sənətin sirlərini öyrədir. Tərəf-müqabillərimizlə işləyirik, böyük səhnəyə öyrəşməyə çalışırıq. Universitetdə öyrəndiyimizi ana teatrın səhnəsində tətbiq edirik. Biri öyrədici, digəri isə icraedici funksiyanı daşıyır. Bir də ana teatrın səhnəsində bilirik ki, səhnədəki partnyorlar sənin qrup yoldaşların deyil, xalq və əməkdar artistlərdir. Sən istəsən də, istəməsən də, onlar səni öyrədirlər.
- Şah Mat Teatrı ilə tanışlığınız nə zaman yarandı?
- Birinci kursda oxuyanda Mir Qabil Əkbərov və Ümid Abbasovla tanış oldum. Onların bu istəkləri həqiqətən gənclərin sözünü demək və öz zirzəmi teatrını yaratmaq üçün mükəmməl bir ideya idi. Hər dəfə müzakirələr aparılırdı, ancaq necə və hardan başlamaq lazım olduğunu bilmirdik. Artıq bir ildən sonra Şah Mat Teatrının ilk afişası çıxdı. Plan qurulandan, xəyal olunandan bu layihədə onlarla birlikdəyəm. Tamaşaçılar tərəfindən yeni bir teatrın yaranmasının necə qarşılanacağını düşünürdük. Çünki Şah Mat Teatrında çox absurd janrına üstünlük verilir. Bunun kütləsi olacaqmı?

- Şah Mat Teatrının binasının olmaması sizi ruhdan salmırmı?
- Əsla. Bakı Bələdiyyə Teatrının da binası yoxdur. Ancaq buna baxmayaraq, ruhdan düşmürlər qastrollara gedirlər, maraqlı tamaşalar hazırlayırlar.
- Hədəfləriniz nələrdir?
- Özümü 10 ildən sonra hələ öyrənən biri kimi görürəm. Hədəf olaraq uşaq vaxtı gördüyüm teatrın yenidən geri dönməsini istəyirəm. Balaca olanda nənəm məni teatrlara aparırdı. O zaman fərqli bir mühit idi. Teatra böyük maraq vardı, tamaşalara bilet tapa bilmirdik. Tamaşaçılar teatra gül dəstələri ilə gedirdilər. İndi elə deyil.
- İndi necədi ki?
- İndi sanki cəmiyyətin bir hissəsində kütləvi zövqsüzləşmə prosesi gedir. İnsanlar zövqsüz mahnıları dinləyirlər, kinoteatrlarda zövqsüz filmlərə maraq günü-gündən artır. Teatr isə o kütlənin arxasınca gedə bilməz və getməməlidir. Teatr heç vaxt o ola bilməz. Teatr hər zaman çalışıb ki, o kütləni özünə uyğunlaşdırsın. Bu gün kinoteatrlarda daha çox kassaya işləyən filmlər insanların beyninə birbaşa olaraq təsir edir. Çevrəmizdəki əksər insanların fikirləri getdikcə bəsitləşir. Danışdıqda görürsən ki, onlar səni başa düşmür. Teatr isə səthi deyil, onu hər insan anlamır.

- Hansı obrazlarda özünüzü daha rahat hiss edirsiniz?
- Hər zaman kişi obrazlarına maraq göstərmişəm. Hərdən elə olur ki, qrup yoldaşlarımdan kimsə gəlməyəndə onun rolunu da mən canlandırmaq istəyirəm. Özümdən asılı olan bir şey deyil. Kişi obrazlarına meyl göstərirəm. Misal üçün, Kazanovanı oynamaq istəyərəm. Yerli əsərlərimizdən Şeyx Nəsrullahı oynamağı çox istəyərəm.
- Hansı aktrisanı özünüzə kumir kimi görürsünüz?
- Yerli sənətkarlardan Şəfiqə Məmmədovanı daha çox izləmişəm. O, boş səhnəyə çıxanda belə, səhnə dolu görünür. Bu insanda xarakter var, o zəhm, o sima tamamilə fərqlidir və bu, insanı cəlb edir. Şəfiqə xanımın gəncliyi dövründə fəaliyyət göstərən aktrisalara baxanda, hamısını bəyənirəm və onların ifalarını sevirəm.
- Bəzən onların da məşhurlaşmasında şansın böyük rolu olub. Bəs sizin üçün şans, yoxsa istedad daha önəmlidir?
- Əlbəttə ki, istedad mütləqdir. Hər nə qədər şansın olursa-olsun. İstedadsız müəyyən bir zirvəyə qədər qalxmaq mümkündür. Ancaq elə bir an gələr ki, içindəki boşluq səni ələ verər və olduğun zirvədən aşağı enərsən. Amma istedadla çox gec qalxarsan, buna baxmayaraq, qalxdığın yerdən heç kim səni endirə bilməz. Çünki sənin istedadın var. Şans isə bəxt və qismət məsələsidir. Bir filmə çəkilərsən, bir anda məşhurlaşarsan. Sən sadəcə, istədiyin zirvəyə addım-addım deyil, tullanaraq çatırsan. Amma axı sən o yollardan keçmədin, onun əziyyətini görmədin. Belə olanda, qalibiyyətində heç bir dadı qalmır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər