AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tarixə sığmayan dahi ömrü!

Tarixə sığmayan dahi ömrü!

Siyasət
05 May 2021, 20:45 557
Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Həyatını Vətəninə, xalqına həsr edən Ulu Öndərin zəngin irsini araşdırarkən gözlərimiz önündə, özün əsl mənasında, Vətəndaş canlanır. Bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimi ölkəmizi bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz onun səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın "Tarixə sığmayan dahi ömrü!” məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər nadir şəxsiyyət, fenomenal insan idi. Onun müxtəlif tədbirlərdə söylədiyi fikirlər, çıxışlar yalnız dərin bir dünyagörüşündən, çoxillik həyati təcrübədən xəbər vermir, eyni zamanda, Azərbaycan gerçəkliyini, xalqımızın mənəvi, mədəni tarixi və intellektual həyatını əks etdirir. Hətta Müasir Azərbaycan ictimai fikir tarixində xüsusi əhəmiyyət kəsb edir. Çünki bu fikirlər, bir çağırışdır, nəsihətdir, tövsiyədir, dövlətimizin, xalqımızın, vətəndaşımızın gələcək inkişafına, atacağı addımlara işıq salan mayakdır.
Ulu Öndər deyirdi: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Otuz ilə yaxındır ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa edib. Lakin bu müstəqillik heç də asan başa gəlməyib. Azərbaycan xalqı mübarizə aparıb, şəhidlər verib. Ulu Öndər hər zaman xüsusi olaraq vurğulayırdı ki, Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamış, bu yolda böyük məhdudiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmamışdır. Bu gün həmin tarixə nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, siyasi, iqtisadi çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki hər hansı inkişafdan danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdır. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuş və bu işğalın nəticəsində 1 milyondan çox insan doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Məhz belə bir anda - 1993-cü ildə çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sahələrdə möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Ulu Öndər çıxışlarında deyirdi: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Bütün fəaliyyətinin əsasında bir amal dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. "Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu, həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. On görə də, bu böyük şəxsiyyət, həm də azərbaycanlıları təəssübkeş olmağa dəvət edirdi: "İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır”. Bu amalla dünya Azərbaycanlılarını birləşdirmək, onları yaşadığı ölkələrdə belə Vətən üçün mübarizə aparmağa səsləyirdi: "Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar bunu təsdiq ediblər. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda dini və milli tolerantlığın mövcudluğunu onun dövlətçilik tarixi təsdiq edir. Məhz buna görə də tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olmuşdur. O deyirdi ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Bu sahədə yaradılmış müdrik siyasi-mənəvi xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və zənginləşdirilir. Prezident İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirmişdir. Azərbaycanda yaşayan bütün millətlərin, xalqların, etnik azlıqların nümayəndələri bizim vətəndaşımızdır, onların Vətəni Azərbaycandır. Onlar da Vətənin dar günüdə mübarizəyə qalxmış, Vətəni erməni işğalçılarından azad etmişdir. Bu bizi dini ayrı-seçkilikdə, başqa dinlərə münasibətlə dözümsüzlükdə ittiham edənlərə layiqli və sərt cavabdır. Bütün həyatını erməni millətçiləri və separatçıları ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik. O çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var və onlar işğalçını müdafiə edir. O deyirdi : "Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır – bu, asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var”. Biz hər zaman bu iki standartlarla rastlaşırıq. Ancaq heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb. O bütün varlığı ilə inanırdı və həmişə vurğulayırdı ki, "əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz”! Bəli dünya belə qalmadı, Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu, Ermənistana və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Ulu Öndər hər zaman deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Güclü iqtisadi imkanlara malik olmaqla Azərbaycan dövləti heç kimdən asılı olmayan müstəqil bir dövlətə çevrildi.
Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. O, Azərbaycanın hərb tarixi, görkəmli hərbiçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi. Bu məktəbin yaradılması sanki gələcəyə hesablanmış bir siyasi addım idi. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Birinci və İkinci Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu liseyin yetirmələridir. O, hər zaman deyirdi : "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Prezident İlham Əliyev bu ideyanı daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq əmr verdi: "Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!”. Rəşadətli hərbçilərimiz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! Allah bütün qazılərimizə şəfa versin!
Ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edərək deyirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi, həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Ümummilli Lider Heydər Əliyev ailədə ananın rolunu yüksək qiymətləndirirdi: ".... Amma ən əziz amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. "Ana” sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də "Ana Vətən” deyirik, torpağa da "Ana torpaq deyirik”. Anaya hörmət, hər bir insanın həyatda ana qarşısında borcunu yerinə yetirməsi onun ali vəzifəsi olmalıdır. Ana cəmiyyətimizə zəkalı, istedadlı insanlar böyüdür, bəxş edir. Ana ailənin dayağıdır. Hər bir ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundan və onun fəaliyyətindən asılıdır. Hər birimiz anaya borcluyuq və hər bir qadın da ana olmaqla xoşbəxt olur. Müharibədə vuruşan qəhrəman, cəsur Azərbaycan övladlarını boya-başa çatdıran bütün analar, qadınlar cəmiyyətimizdə xüsusi yer tuturlar”. İnsanının mənəviyyatını hər şeydən uca tutan, daxili zənginliyini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Bu ilk sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur.
Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur.
Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. O, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır: "Mən Respublikanın xoşbəxt gələcəyini görürəm və əmin ola bilərsiniz ki, biz bunların hamısına nail ola biləcəyik!”. İndi Onun ruhu şaddır, Azərbaycan artıq tarixi ədaləti bərpa edərək, Qarabağı erməni işğalından azad edib. Hazırda "Böyük Qayıdış” üçün bütün imkanlar səfərbər olunur.