Tarixə səyahət - Fotolar

Tarixə səyahət - Fotolar

Mədəniyyət
21 May 2019, 14:23 329
Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətlə həmin gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və Qara Qarayevin ev-muzeyinə media-tur təşkil olundu. Media-turda ölkəmizin 40-a yaxın kütləvi informasiya vasitəsinin nümayəndələri iştirak edirdi. Tədbirin təşkil olunmasının əsas məqsədi muzeylərə, mədəniyyət ocaqlarına ictimaiyyətin diqqətini artırmaq, xalqımızın mədəni sərvətlərini daha geniş təbliğ etmək idi.
 
Qobustanda gizlənən tarix
 
İlk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğuna yollandıq. Kitablardan, nağıllardan oxuduğumuz qayaüstü rəsmlərlə tanış olduq. Buranın ərazisi 4.5 hektardan çoxdur, 5 dağda (Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şıxqaya, Şonqar) təxminən 6000 qayaüstü təsvir əks olunub. Qoruq ərazisində, həmçinin 20 sığınacaq (mağara) və 40 kurqan mövcuddur. Qoruğun yeni binası və ekspozisiyası 2011-ci il dekabrın 26-da Prezident İlham Əliyev tərəfindən açılıb. Qobustan petroqliflərinin rəsmləri zalın divarlarında və tavanında yerləşdirilib. 
 


Biz muzeydə qonaq olarkən bu qayaların məktəblilər və turistlər tərəfindən necə diqqət çəkdiyinə şahid olduq. Divarlarda həkk olunan rəsmlər həlqəvari zolaqlar şəklində düzülüb və hər bir zolağın öz mövzusu var. Bu düzülüş canlı rəqsin hərəkətlərini və həyatın sonsuz dövranını təcəssüm etdirir. 
Muzeydə bizi qoruğun direktoru Vüqar İsayev qarşıladı və ona ünvanlanan suallarımızı cavablandırdı. Beynəlxalq Muzeylər Günündə Qobustan muzeyinə turistlər üçün girişin sərbəst olduğunu vurğuladı: "Azərbaycana təşrif buyuran turistlərin böyük əksəriyyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edir. Təkcə yanvar ayından muzeyə gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib. Bu gün muzeyi ziyarət edən məktəblilərin sayı 1200 nəfəri ötüb. Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur”.
 


Sonra turumuza davam etdik. Bu qayalıqları gəzdikcə, bələdçinin təqdimatı ilə burada daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələrinin mövcudluğunun şahidi olduq. Bələdçinin sözlərinə görə, Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruqdakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. 
 
 
 
"Yeddi gözəl” baletinin yarandığı ev
 
Turun növbəti istiqaməti Qara Qarayevin ev-muzeyi oldu. Dahi bəstəkarın yaşadığı mənzillə daha yaxından tanış olmaq imkanı qazandıq. Buraya daxil olar-olmaz, bəstəkarın musiqilərini eşitdik. Öyrəndik ki, muzey ötən il istifadəyə verilib. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Dahi bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini də burada yaradıb. Onun məşhur "Yeddi gözəl” baleti də bu evdə qələmə alınıb. Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkan kimi ölkəmizin musiqisevərlərinin ziyarət etdiyi əsas yerlərdən birinə çevrilib. Bu muzeydə  sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən 300-dən çox nadir material toplanıb. Ziyarətçilərin rəsmi sənədlər, əlyazmalar, konsert və tamaşa afişaları, foto şəkillər, eləcə də bəstəkarın şəxsi əşyaları ilə tanış olmaları üçün burada hər bir imkan yaradılıb. Bələdçi deyir ki, bu nadir eksponatların əksəriyyəti uzun illər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub-saxlanılıb.
 


Muzeyin çox qəribə ab-havası var. Biləndə ki Azərbaycanı dünyaya tanıdan məşhur bəstəkar bu evdə yaşayıb və məşhur əsərlərini məhz burada bəstələyib, evin dəyəri insanın gözündə daha da artır. 
 
Muzeyinin üç otağı əhatə edən ekspozisiyasını gəzərkən nadir sənədlərlə tanış oluruq. Qara Qarayevin tələbəlik illərində tutduğu konspektlər, Cövdət Hacıyevlə birgə yazdığı "Ayna” operasının partiturası, 1942-ci ildə böyük ədib Mir Cəlalın Akademik Dövlət Dram Teatrında oynanılan "Mirzə Xəyal" tamaşasının afişası və sair. Afişadan aydın olur ki, Səftər Turabovun quruluş verdiyi tamaşaya gənc Qara Qarayev musiqi bəstələyib. Ölkənin əsas teatrında səhnəyə qoyulan Şekspirin "Antoni və Kleopatra" tamaşasının afişası da maraq doğurur. Görkəmli rejissor Tofiq Kazımovun 1964-cü ildə hazırladığı bu səhnə əsəri Dövlət Mükafatına layiq görülüb və tamaşanın böyük uğurundan bəstəkar Qara Qarayevə də pay düşüb.
 


Muzeyin kolleksiyasındakı A 190070 saylı diplom ziyarətçilərin daha çox marağına səbəb olur. Bu diplomu Qara Qarayev 1946-ci ildə Çaykovski adına Konservatoriyanı uğurla bitirdikdən sonra alıb.

Bələdçi deyir ki, bəstəkar həm də foto həvəskarı olub, boş vaxtlarında şəkillər çəkirmiş. Ev-muzeyində onun müxtəlif markalı fotoaparatları, xarici səfərləri zamanı lentə aldığı şəkillər də nümayiş etdirilir. Hər şəkil bir tarixdir, bu ev isə həmin anlara şahidlik edir. 
Bəstəkarın ev muzeyindəki 1967-ci ilin "İzvestiya" qəzetinin nüsxəsi bir jurnalist kimi diqqətimi çəkdi. Həmin sayda dərc olunan rəsmi xəbərdə bildirilir ki, Qara Qarayev "İldırımlı yollarla" baletinə görə Lenin mükafatına layiq görülüb. 
 
 
 
İki qədim memarlıq abidəsini birləşdirən Milli İncəsənət Muzeyi
 
Turun son dayanacağı Azərbaycan Milli İncəsənət Muzeyi oldu. Muzeylə tanış olan media nümayəndələrinə mədəniyyət ocağı haqqında geniş məlumat verildi. Qeyd olundu ki, ötən ilin sonlarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışı olub. Bu korpusda aparılmış təmir, bərpa və bədii tərtibat işlərindən sonra muzey eksponatları ziyarətçilərin üzünə açılıb.

Muzey ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Bura silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, rus, İslam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür. 

Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən - nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.
 


Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də  innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda isə 2 mindən çox eksponat saxlanılır.
Bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin mövcud binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün 2013-cü ildə açılışı olan keçid korpusu da var. Bina memarlığın həm ampir, həm də barokko üslublarının istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar və sobalar bu məkana gözəllik verir. Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi binada yerləşir. 1891-1893-cü illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. 1936-cı ildə əsası qoyulan İncəsənət Muzeyi 1951-ci ildən bu binada fəaliyyətini davam etdirib. Burada çox sayda qiymətli sənət əsərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı daha da artırıb. Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər burada belə genişmiqyaslı təmir işləri aparılmayıb. 

Prezident İlham Əliyevin Sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. "Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.

Muzeydə dünya incəsənəti nümunələri də nümayiş etdirilir. Ekspozisiya planına əsasən, kolleksiyanı Qərbi Avropa, o cümlədən İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil olmaqla Şərq incəsənəti təşkil edir. İlk dəfə olaraq yeni ekspozisiyada qədim dünya incəsənəti də təqdim olunur: buraya qədim Misir, qədim Yunanıstan, qədim Roma və qədim İran incəsənətləri daxildir. Bununla yanaşı, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin əsərlərini görmək mümkündür. Bundan başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək imkanı olacaq. Dünyanın istənilən muzeyi burada təqdim olunan əsərlərlə fəxr edə bilər. Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. 
 
Beləliklə, Beynəlxalq Muzeylər günündə 3 muzeylə daha yaxından tanış olmaq imkanı qazandıq. Sözün əsl mənasında, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixi və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimizin nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olması bizi hər mənada sevindirir. 
 
Xəyalə Rəis