• cümə axşamı, 18 aprel, 06:00
  • Baku Bakı 12°C

Tarix elminin yorulmaz tədqiqatçısı

19.06.19 11:00 9483
Tarix elminin yorulmaz tədqiqatçısı
Görkəmli tarixçi-alim, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadənin 70 yaşı tamam olur. Fizuli müəllimin Azərbaycan tarix elminin tədqiqi və tədrisində özünəməxsus xidmətləri var.
Həyatını Azərbaycan tarix elminin inkişafına həsr edən Fizuli Zeynalabdın oğlu İbrahimzadə 26 iyun 1949-cu ildə qədim Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1№-li orta məktəbini, 1971-ci ildə isə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 45 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan Fizuli İbrahimzadə 1971-1972-ci illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qoşadizə kənd məktəbində, 1973-1979-cu illərdə Naxçıvan şəhər 32 №-li texniki-peşə məktəbində, 1979-1996-cı illərdə Naxçıvan Musiqi Texnikumunda müəllim, 1996-2008-ci illərdə isə Naxçıvan Özəl Universitetində prorektor vəzifəsində işləmişdir.
Fizuli İbrahimzadə 2009-cu ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında çalışır, hazırda Humanitar fənlər kafedrasının müdiri, dosent və tarix üzrə fəlsəfə doktorudur.
Fizuli müəllimin elmi fəaliyyəti çoxşaxəlidir. O, 6 kitabın, 2 monoqrafiyanın, 2 dərs və 2 metodiki vəsaitin, yüzə yaxın elmi məqalənin müəllifidir. Məqalələri Azərbaycanın və bir çox xarici ölkələrin (Rusiya, Türkiyə, İran) elmi jurnallarında çap olunub. Alim müxtəlif miqyaslı beynəlxalq və respublika əhəmiyyətli konfranslarda elmi-konseptual məruzələrlə çıxış etmişdir.
Bu, adi görünən statistikanın arxasında alimin böyük zəhməti, məhsuldar yaradıcılığı, tarix elmində irəli sürdüyü bir çox mülahizələr, yeni ideyalara yol açan fədakarlığı dayanır. Fizuli müəllim Azərbaycanın tarix elmində öz yeri, sözü, dəst-xətti olan çox dəyərli ziyalılarından biridir.
Fizuli İbrahimzadə XX əsrin əvvəllərində Azərbaycanın siyasi və diplomatiya tarixində böyük rolu olan Behbud ağa Şahtaxtinskinin siyasi və diplomatik fəaliyyətini işləmiş ilk tədqiqatçılardandır. Onun "Behbud Şahtaxtinski”, "Behbud ağa Şahtaxtinskinin həyatı və siyasi fəaliyyəti” kitabları Azərbaycanın dövlətçilik və diplomatiya tarixində özünəməxsus yeri olan Behbud ağa Şahtaxtinski haqqında aparılacaq gələcək tədqiqatlar üçün qiymətli istinad mənbəyidir. "Behbud ağa Şahtaxtinskinin həyatı və siyasi fəaliyyəti” monoqrafiyasında ilk dəfə olaraq Azərbaycanın əzəli torpaqlarının, ilk növbədə Naxçıvan diyarının bu gün də xalqımıza məxsus olmasında Behbud ağa Şahtaxtinskinin misilsiz xidmətlərini konkret elmi faktlar və arxiv materialları əsasında tədqiq olunmuşdur. Fizuli müəllim əsərində Şahtaxtinskinin həyat və fəaliyyəti, ədəbi və publisistik irsi, ictimai-siyasi baxışları elmi obyektivliklə araşdırılaraq problemlər kontekstində öz əksini tapmışdır. Düzdür, sonralar dahi şəxsiyyət haqqında bir çox alimlər tərəfindən araşdırmalar aparıldı, müxtəlif mövzulu elmi-tədqiqat işləri ortaya çıxdı, dissertasiyalar müdafiə olundu, amma bu işin təməlini qoyanlardan, ilk araşdıranlardan biri də Fizuli müəllimdir.
2013-cü ildə Fövqəladə Hallar Nazirliyi Akademiyasında Fizuli İbrahimzadənin, ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə onun həyat və fəaliyyətinə həsr olunmuş "Ölməzlik” adlı kitabının təqdimatı keçirilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilmişdir. Kitabda, Fizuli müəllimin, dövri mətbuatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərini əks etdirən yazıları toplanmışdır.
Fizuli İbrahimzadə tədqiqatlarında azərbaycançılıq ideyasını əsas tutaraq sübut etdi ki, Azərbaycan alimlərinin dünya elminə verdikləri nailiyyətlərin qiyməti çox əhəmiyyətlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra Fizuli müəllim elmi fəaliyyətini, hələ sovet dövründə ideyalarının qurduğu, lakin o dövrdə reallaşdırılması çətin olan tarixi problemlərin həllinə yönləndirmişdir. Yazdığı elmi əsərlər Azərbaycan tarix elminin inkişafında əvəzolunmaz mənbələrdir.
Abbasqulu ağa Bakıxanovyazırdı ki, vətən tarixini bilmək insanlarda milli təfəkkürün inkişafına, vətənpərvərlik hislərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir.
Fizuli müəllim, tarixi elmi biliklər verməklə yanaşı, mütəmadi olaraq kursantların vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vətəndaşlıq hisslərinin aşılanması, onların, ümummilli liderimiz Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə edilməsi istiqamətində fəal iş aparır. Akademiyada vətənpərvərlik istiqamətində aparılan mühüm işlərdən biri də kursantlarda dövlət atributlarına ehtiram hissinin aşılanmasıdır. Fizuli müəllimin deyimi ilə desək, dövlətimizi, vətənimizi seviriksə, onun bütün atributlarına - bayrağına, gerbinə, himninə, Prezidentinə ehtiram göstərməliyik.
Fizuli müəllim geniş və səmərəli elmi fəaliyyəti ilə yanaşı, çox gözəl insani xüsusiyyətlərə də malikdir. O, təvazökar, səmimi, xeyirxah, daxilən azad, olduqca təmkinli bir müəllim, bütöv bir şəxsiyyət və gözəl ailə başçısıdır. Vətənini, dövlətini, millətini sevir və onlara qəlbən, səylə xidmət edir.
Azərbaycan tarix elminin inkişafında böyük xidmətlər göstərən Fizuli İbrahimzadəni 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı və çox səmərəli elmi fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

Nailə Əsədova,
Fövqəladə Hallar Nazirliyi Akademiyasının Humanitar fənlər kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru


banner

Oxşar Xəbərlər