• cümə, 29 Mart, 12:58
  • Baku Bakı 14°C

"Tanınmağa yox, peşəkar olmağa çalışıram" - Debüt

14.10.17 09:00 6524
"Tanınmağa yox, peşəkar olmağa çalışıram" - Debüt
Asan sənət yoxdur, deyirlər. Ancaq mənə elə gəlir ki, sənətlərin ən çətini aktyorluq sənətidir. Hələ teatr aktyorusansa, işin ikiqat çətindir. Çünki bu işin nə düsturu, nə də teoremi var. Tamaşaçı qarşısına çıxdınsa, potensialını ortaya qoyub, sənət nümayiş etdirməlisən. Teatr isə canlı sənət növü olduğu üçün burada təkrara yol verilmir. Tamaşaçı ilə göz-gözə gəldinsə, onu oynadığın rolun həqiqiliyinə inandırmağı bacarmalısan.Bu günkü "Debüt” rubrikamızın qonağı Şahin Kazımov da belə insanlardandır. O, sənətin ən çətinini seçib. 4 ildən artıqdır ki, Bakı Uşaq Teatrında çalışan müsahibimiz öz təəssüratlarını bizimlə bölüşdü.
Şahin 1991-ci ildə Gürcüstanda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. 2013-cü ildən Bakı Uşaq teatrında çalışır.

Teatrda Tuncer Cucenoğlunun "Bir yoxsul olsaydım” tamaşasında oğlan, Arzu Soltanın "Günahsız günahkarlar”ında Mafiya və "Həyatla oyunu”nda tələbə, Abdulla Şaiqin "Əşxas”ında Mərhəmət, Arzu Soltanın "Qeyri-adi məhkəmə”sində şahid, türk xalq nağılı "Ağıllı tülkü”də vəzir obrazlarını canlandırıb. Bundan başqa, "Həyat Varsa” ("Taksi” bölümü), "Qız Yükü”, seriallarında və "Fədakar” filmində çıxış edib.
- Nə zamandan hiss etdiniz ki, siz məhz bu sənət üçün doğulmusunuz?
- Açığını deyim ki, bir çox aktyorlar kimi, uşaqlıqdan bu sənəti sevdiyimi deyə bilməyəcəm. Mənim hekayəm bir az fərqlidir. Uşaq yaşlarımda heç ağlımın ucundan belə keçməzdi ki, gələcəkdə aktyor olaram. Bu istək məndə 8-9-cu sinifdən sonra yarandı. Belə ki, biz məktəbimizdə Novruz şənliklərini qeyd edirdik. Həmin tədbirlərdə proqramlar hazırlayırdıq. Mən tez-tez müəllimlərimizi parodiya edirdim. Müəllimlərimiz bu parodiyaları çox bəyənirdilər. Hətta elə hallar olurdu ki, müəllimlərimizin özləri onları parodiya etməyimizi xahiş edirdilər. Orta məktəbdə bəzi fənləri zəif oxuduğuma görə, müəllimlərim dedilər ki, yaxşı ssenari yazıb, tamaşalar təşkil etmək məndə alınır. Buna görə təklif etdilər ki, yaradıcılıq sahəsinə üz tutsam, bu sahədə uğur tapa bilərəm. Mən də onların dediyi kimi etdim. Sənədlərimi hazırlayıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Nəticədə "Estrada aktyorluğu” fakültəsinə daxil oldum. Xalq artistimiz Valeh Kərimovun qrupunda idim. Səhnədə ilk addımlarımı müəllimimin sayəsində atdım.
- Bəs ailənizdə incəsənətlə məşğul olan kimsə var idimi?
- Qətiyyən. Bacım həkimdir, tibb sahəsi üzrə təhsil alıb. Valideynlərim isə tamam başqa ixtisas üzrə çalışırlar. Nəslimizdə incəsənətlə məşğul olan biri yoxdur.
- Aktyor olmaq istəyini eşidəndə, valideynləriniz necə reaksiya verdilər?
- Onlar heç bir etiraz etmədilər. Əksinə, valideynlərim seçimimə dəstək oldular, hər zaman da yanımdadırlar. Düzdür, bu sənətə gələn bir çox gənclərin ailələrində qarşıdurmalar olur. Onlar ailədə təzyiqlərə məruz qalırlar. Mən isə elə bir problem yaşamamışam.
- Bakı Uşaq Teatrına necə gəldiniz?
- Diplom tamaşamda teatrımızın direktoru İntiqam Soltan da gəlmişdi. Narkomaniya ilə bağlı bir layihədə iştirak etmişdim. O bu tamaşaya baxıb, məni teatra dəvət etmişdi. Mən də bu təklifi dəyərləndirdim. İndiyə qədər çalışıram ki, İntiqam müəllimin etimadını doğruldum.
- Qeyd etdiniz ki, bu sənət sizin uşaqlıq arzunuz olmayıb. Bəs indi necə, işinizi sevirsinizmi?
- Əlbəttə. İşimi sevməsəydim, bu sənətdə qalmazdım. Aktyorluq sənəti doğrudan da çətin sənətdir. Bəzən bizi başa düşmürlər. Elə bilirlər ki, işimiz çox asandır. Deyirlər ki, səhnəyə çıxıb, bir-iki kəlmə deyirsiniz, bununla işiniz bitmiş hesab olunur. Ancaq onlar bilmirlər ki, biz bu tamaşanı ərsəyə gətirmək üçün hansı çətinliklərdən keçirik. Hər kəs bilir ki, teatr aktyorluğu pullu sənət deyil. Gərək bu sənəti sevəsən ki, orada qala biləsən.

- Gələcəyə doğru hədəfləriniz nələrdir?
- Sənətə yeni gələn gənclərdən bu barədə soruşanda deyirlər ki, beynəlxalq arenada tanınmağı, Hollivud səviyyəsində bir aktyor olmağı hədəfləyirəm. Ancaq mənim elə böyük bir hədəfim yoxdur. Hər şeyi zaman həll edəcək. Sabah nələrin olacağını indidən demək mümkünsüzdür. Bu işdə şansın da böyük rolu var. Mən sizə söz verə bilmərəm ki, sabah bu gündən daha yaxşı olacaq. Bəlkə də hədəfsizlik mənim mənfi xüsusiyyətimdir. Ancaq mənim heç bir hədəfim yoxdur. Həyatda böyük məqsədlər hədəfləyən biri deyiləm.
- Hədəflərinizin olmadığını deyirsiniz, amma insanda təşəbbüskarlıq da olmalıdır axı.
- O, mütləqdir. Mən demirəm ki, oturum gözləyim və gələcəkdə tanınan və peşəkar bir aktyor olum. Tanınmaq iki cür olur. Biri əziyyət çəkə-çəkə istədiyin zirvəyə qədər gəlib çatmaq. Bu, insandan uzun bir müddət tələb edir. Biri də var ki, hansısa yüngül bir xasiyyətinlə və ya danışığını bilməyərəkdən mətbuatda tanınmaq. Mən birinci üsulu seçirəm. Bilirəm ki, bu məndən zaman tələb edəcək. Mənim istəyim tanınmaqdan çox peşəkar olmaqdır. Bunun üçün də hər şeyi zamana buraxıram. Hədəflərimin olmadığını ona görə deyirəm ki, reallıq üzərində düşünə bilirəm. Əlbəttə ki, mənim də arzularım var. Gəlin qəbul edək ki, həyatda qismət deyə bir şey var. Təsadüflərə də inanan insanam. Azmı olub, küçədən kimisə gətirib peşəkar səhnədə və ya filmdə aktyor kimi təqdim etmələri? Nədən olmasın?

- Son bir neçə ildə seriallarımızın sayı durmadan artır. Bu seriallarda çəkilmək üçün müraciət etmisinizmi?
- Seriallarımızın sayının günü-gündən artması çox yaxşı haldır. Kənarda qalan aktyorlarımız da işlə təmin edilir və eyni zamanda simaları tanınır. Seriallarda çəkilmək üçün kastinqlər keçirirlər. Ancaq elə gənc aktyorlar var ki, onlar bu kastinqlərdən keçə bilməyib, kənarda qalıblar. Nə qədər bu seçim turları olsa da, rejissorlarımız yeni sima seçməyə bir qədər ürək etmirlər. Hər zaman tanıdıqları aktyorlarla işləyirlər. Düşünürlər ki, birdən yeni gələn aktyor onun etimadımı doğrultmaz. Ona görə də kastinqlərə getmirəm. Həm də ürəyimcə ola biləcək kastinq yoxdur. Mənim getdiyim kastinqlərdə yeni gələn aktyorlara yuxarıdan aşağı baxırlar.
- 4 ildir ki, Bakı Uşaq Teatrında çalışırsınız. Bu 4 ildə həyatınızda nələr dəyişib?
- Yaradıcılıq baxımından həyatımda çox şey dəyişib. Mən burada aktyorluğun nə olduğunu, hansı proseslərdən keçdiyini gördüm. Universitetə daxil olanda bilmirdim ki, aktyor olmaq üçün kompleksi sıfırlamaq lazımdır. Savad da burada böyük rol oynayır. Sən bilmirsən ki, sabah sənə hansı obrazı verəcəklər. Həmin obrazı yaratmaq üçün gərək hər tərəfli məlumatı olasan. Bütün bunları mənə həvalə olunan obrazların üzərində işləyə-işləyə öyrənmişəm. Hesab edirəm ki, teatra hazırlıqlı gəlmək lazımdır.
- Səhnə sizin üçün nədir?
- Səhnə böyük bir məsuliyyətdir. Elə insanlar var ki, səhnəyə çıxan andan böyük həyəcan keçirirlər. Bu həyəcan onların oyununa da təsirsiz ötüşmür. Buna görə də bəzən səhnəyə müqəddəs deyirlər. Səhnəyə çıxmaq və oradan tamaşaçıya söz demək hər adamın işi deyil.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər