• bazar, 24 Noyabr, 20:30
  • Baku Bakı 14°C

Tanımadığımız Nigar

31.07.21 11:30 1327
Tanımadığımız Nigar
Və ya Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, qadınların təhsilə cəlb edilməsində əvəzsiz xidməti olmuş Nigar Səfərəli bəy qızı Vəlibəyova haqqında bəzi qeydlər

Tanınmış pedaqoq, maarif xadimi Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova haqqında əvvəlki dövrlərdə dərc olunmuş bir sıra ensiklopediyalarda, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında, həmçinin digər kütləvi nəşrlərdə hər hansı bir məlumatlar dərc edilmədiyi üçün cəmiyyətimizdə Nigar xanım haqqında məlumatlar, demək olar ki, yoxdur və yaxud olduqca məhduddur. Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova haqqında olan məlumatları Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin bəzi fondlarından aşkar edərək onların əsasında hazırladığım bu məqaləni hörmətli oxucuların diqqətinə çatdırıram. Güman edirəm ki, məqalə Nigar xanım haqqında cəmiyyətimizdəki mövcud olan məhdud məlumatların müəyyən qədər zənginləşməsinə imkan verəcək.


Qori Seminariyasının ilk tələbələrindən olan ata
İlk növbədə qeyd edim ki, Azərbaycan Dövlət Tarix Arxivində mühafizə edilən "Bakı Şəhər İdarəsi” (f.389) və "Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309) fondlarında Qori Müəllimlər Seminariyasının məzunu, tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyovun qızı, sonralar tanınmış azərbaycanlı qadın pedaqoq kimi formalaşmış Nigar xanım Səfərəli bəy qızı Vəlibəyovanın şəxsi işləri qorunub saxlanılır. Nigar xanım Vəlibəyovanın şəxsi işlərində Bakı Şəhər İdarəsinin məktəb şöbəsi tərəfindən ayrı-ayrı vaxtlarda - 21 yanvar 1913-cü il və 29 aprel 1914-cü il tarixlərində onun adına tərtib edilmiş məktəblinin şəxsi kartoçkaları mövcuddur. Nigar xanım Vəlibəyovanın şəxsi kartoçkalarındakı məlumatlara əsaslanaraq qeyd edirəm ki, Vəlibəyova Nigar Səfərəli bəy qızı 18 iyun 1894-cü ildə Şuşa şəhərində müsəlman zadəgan ailəsində anadan olmuşdur. Yeri gəlmişkən, xatırladım ki, Nigar xanımın atası - Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov da 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Səfərəli bəy ilk təhsilini mollaxanada almış, sonra isə 1875-1879-cu illərdə Şuşa şəhər 4 sinifli rus ibtidai məktəbində oxumuşdur. 1879-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin açılması ilə əlaqədar olaraq həmin şöbənin ilk azərbaycanlı şagirdlərindən biri olmuşdur. Səfərəli bəy 1881-ci ildə Seminariyanı bitirdikdən sonra fəaliyyət göstərmək üçün elə həmin təhsil ocağında rəhbər vəzifədə saxlanılmışdır. Səfərəli bəy Seminariyada 1896-cı ilədək fasiləsiz olaraq 15 il fəaliyyət göstərdikdən sonra 1896-cı ildə Bakıya köçərək burada iki il müəllimlik etmişdir. Müəllimlikdən sonra isə Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır. Səfərəli bəy Vəlibəyov hələ Seminariyadakı tələbəlik illərindən müəllimi A.O.Çernyayevskinin diqqətini cəlb etmişdir. Azərbaycanda 1880-90-cı illərdə " Üsuli-cədid” dünyəvi məktəblərlə yanaşı, mollaxanalar da mövcud idi. Bu məktəblərdə tədris əsasən fars dilində keçirilirdi. Səfərəli bəy dindarları ayıltmaq məqsədilə fars dilində " Üsuli-cədidi-lisani-farsi” adlı dərsliyini yazmış və həmin dərsliklə mollaxanalara yeni təlim üsulu gətirmişdi. Səfərəli bəy 1891-ci ildə Tiflisdə iki cilddən ibarət " Xəzineyi-əxbar” kitabını çap etdirmişdir. Bu əsər öz dövrünün ən mükəmməl ensiklopedik izahlı lüğətlərindən biri sayılırdı. Qafqaz Tədris Dairəsi S.Vəlibəyova seminaristlərin topladığı şifahi xalq ədəbiyyatı və etnoqrafik materiallara görə təşəkkürünü bildirmişdir. S.Vəlibəyov 1895-ci il yanvarın 1-də yüksək səviyyəli pedaqoji xidmətinə görə 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. Səfərəli bəy Vəlibəyov 1902-ci il avqustun 31-də Bakıda ürək xəstəliyindən vəfat etmişdir.

Direktora məktub: 18 yaşlı müsəlman qızıdır

S.Vəlibəyov vəfat etdikdən sonra onun bibisi oğlu Süleyman Sani Axundovun köməkliyi ilə Səfərəli bəyin qızları Nigar və Sürəyya xanım Vəlibəyovalar dövlət hesablı pansionatda saxlanılıblar. Nigar xanım 1912-ci ildə Bakıda təhsil aldığı Müqəddəs Nina qadın məktəbinin kursunu müvəffəqiyyətlə bitirərək ev mürəbbiyəsi adına layiq görülmüşdür. Nigar xanıma ev mürəbbiyəsi adını təsdiq edən diplom Qafqaz Tədris Dairəsi tərəfindən verilmişdi. 1912-ci il avqustun 22-də Bakı Müqəddəs Nina qızlar məktəbinin məzunu Nigar xanım Vəlibəyova Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasına ərizə ilə müraciət edərək ona II rus-tatar məktəbində müəllimə vəzifəsinin verilməsini xahiş etmişdir. O, ərizəsində həmçinin bildirirdi ki, Bakı Müqəddəs Nina qadın məktəbinin tam kursunu bitirdiyi haqqında sənədləri və ev mürəbbiyəsi vəzifəsinə layiq görüldüyünü təsdiq edən və Qafqaz Tədris Dairəsi tərəfindən ona verilmiş diplomu, həmçinin 1903-cü il noyabrın 5-də verilmiş doğumu haqqında şəhadətnaməni təqdim etmişdir.
Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin 1913-cü il yanvarın 5-də Bakı Şəhər Rəisinin dəftərxanasına ünvanladığı 89 saylı məktubda Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyanın 1912-ci il 19 dekabr tarixli iclasında aşağıdakı şəxslərin, o cümlədən Qumru xanım Nərimanova və Mina xanım Aslanovun (Aslanovanın) qadın I rus-tatar məktəbinə; Nigar xanım Səfərəli bəy qızı Vəlibəyovanın qadın II rus-tatar məktəbinə; Məryəm xanım Terequlovanın isə qadın III rus-tatar məktəbinə müvəqqəti olaraq müəllimə vəzifələrinə seçildikləri haqqında məlumat verilirdi. Bakı şəhər başçısının 7 yanvar 1913-cü il tarixli 20 saylı əmrinə əsasən Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova məvacibi ayda 900 rubl olmaqla, şəhər qulluqçularının ştatına daxil edilmişdir. Bununla bağlı Şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin 1913-cü il yanvarın 4-də Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəblərinin direktoruna ünvanladığı 26 saylı məktubda qeyd edilirdi: "Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında Nigar xanım Səfərəli bəy qızını müvəqqəti olaraq şəhər 2-ci qadın rus-tatar məktəbində vakant yeri olan müəllimə vəzifəsinə seçmişdir. Cənab zati-ali, bununla bağlı hər hansı bir narazılığınız varsa, bildirməyinizi xahiş edirik. Eyni zamanda Nigar Vəlibəyovanın aşağıdakı sənədlərini: 1) Bakı Müq. Nina qız məktəbini bitirdiyi haqqında 377 saylı attestat; 2) Həmin məktəbin əlavə 8-ci sinfini bitirdiyi haqqında 344 saylı şəhadətnamə; 3) Qafqaz Tədris Dairəsinin Qəyyumu tərəfindən ona verilmiş ev mürəbbiyəsi adını təsdiq edən 15685 saylı şəhadətnaməni sizə təqdim edərək onun haqqında bu məlumatları da sizə çatdırıram: Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova milliyyətcə tatardır (azərbaycanlıdır), şiə təriqətli 18 yaşlı müsəlman qızıdır”. Beləliklə, Nigar xanım 1912-ci il sentyabrın 15-dən etibarən Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbində ştatda olan müəllimə vəzifəsinə təsdiq edilərək fəaliyyətə başlamışdır.

Sağlamlıqda yaranan problem və etimad
Nigar xanım Vəlibəyova digər əlavə gəlirlər və pensiyaya dair tutulan pullar hesablanmadan, illik qazancı 900 rubl olmaqla, hər birində 36 və 18 şagird olan I və III bölmələrə həftədə 22 saat rus dili və hesab dərslərini tədris edirdi. Onun tam illik maaşı 846 rubldan ibarət olmuşdur. Bakı şəhər başçısının 7 yanvar 1913-cü il tarixli 20 saylı əmrinə əsasən Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova ildə 900 rubl olmaqla, şəhər qulluqçularının ştatına daxil edilmişdir. Bakıda dayısının evində qalan Nigar xanımın yanında doğmalarından xalası da yaşamışdır.
1919-cu ildən başlayaraq Nigar xanım Vəlibəyovanın sağlığında müəyyən problemlər yaranmışdır. Bakı Mixaylovskaya şəhər xəstəxanası tərəfindən Nigar xanım Vəlibəyovaya 1919-cu il yanvarın 31-də verilmiş 235 saylı şəhadətnamədə qeyd edilirdi: "Şəhər 2-ci qadın türk məktəbinin müəlliməsi yanvarın 31-də Mixaylovskaya şəhər xəstəxanasının həkimləri tərəfindən müayinə edilərkən aşkar edilmişdir ki, o, ümumi zəiflikdən və qan azlığından əziyyət çəkir və ona görə də onun istirahətə ehtiyacı vardır”. Sənəddə qeyd olunan məlumata əsaslanaraq qeyd edirik ki, artıq 1919-cu ildə Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbi 2-ci qadın türk məktəbi kimi göstərilirdi. Bu da çox güman ki, Cümhuriyyət hökumətinin ölkədə həyata keçirdiyi məktəblərin milliləşdirilməsi siyasəti ilə bağlı idi. Həkimin 1919-cu il fevralın 3-də tərtib etdiyi vəsiqədə qeyd edilirdi ki, "Nigar Vəlibəyova sətəlcəm olduğu üçün sağalana qədər dərs deyə bilməz”. Bir neçə aylıq müalicədən sonra Nigar xanımın sağlamlığı artıq qaydasına düşmüşdür. 1919-сu il sentyabrın 28-də Məktəb şöbəsinin idarə heyətinin üzvü qadın 2-ci türk məktəbinin müəlliməsi Nigar xanım Vəlibəyovaya 1482 saylı məktubla müraciət edərək ondan xahiş edirdi ki, qadın 2-ci türk məktəbinin idarə edilməsini öz üzərinə götürsün. Nigar xanım Vəlibəyova 1919-cu il oktyabrın 1-də Məktəb şöbəsinə ünvanladığı 54 saylı məktubda məlumat verirdi ki, artıq sentyabrın 29-dan etibarən qadın 2-ci türk məktəbinin müdiri vəzifəsinin icrasına başlamışdır. Nigar xanımın şəxsi işində Bakı İnqilab Komitəsinin maarif şöbəsinin tərtib etdiyi 1016 saylı şəhadətnamədə onun qadın 2-ci türk məktəbində müəllimə olduğu qeyd edilirdi. Nigar xanımın şəxsi işindəki sənədlərdən onun nə vaxt ailə qurduğu və neçənci ildə vəfat etdiyi haqqında məlumatlar aşkar etmək mümkün olmamışdır.
Lakin "Vikipediya”da olan məlumata görə onun həyat yoldaşı Aslanov Əmir bəy Zəkəriyyə bəy oğlu 10 iyun 1938-ci ildə repressiyanın qurbanı olmuşdur. Belə olduğu halda, güman etmək olar ki, Nigar xanım da elə həmin illərdə repressiya qurbanı olmuşdur. Azərbaycanda təhsilin inkişafında, savadsızlığın aradan qaldırılmasında və qadınların təhsilə, məktəbə cəlb edilməsində əvəzsiz zəhməti olmuş heç bir pedaqoq və maarif xadimi xalqımız tərəfindən unudulmur. Onların adı həmişə böyük hörmət və ehtiramla çəkilir və yad edilir. Tanınmış pedaqoq Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova da məhz həmin pedaqoqlardandır. Nigar xanımın fotosunun surətlərini yalnız Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondundan hörmətli Məhfuza Zeynalova vasitəsi ilə əldə etmək mümkün oldu. Buna görə Məhfuza xanıma dərin təşəkkürümü bildirirəm.

Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxivİdarəsinin Baş məsləhətçisi



banner

Oxşar Xəbərlər