• şənbə, 20 Aprel, 14:45
  • Baku Bakı 23°C

Tanımadığım rənglərdə eşq qoyursan önümə...

17.03.15 07:12 1522
Tanımadığım rənglərdə eşq qoyursan önümə...
Klassik yazarların əsərləri kimi ömür yolları, yaşadıqları macəralar da bir klassika kimi qəbul edilir. Bir çox ədibin həyat yolu, eşq macərası sonralar ədəbiyyatın istər poeziya, istərsə də nəsrlə yazılmış uğurlu nümunələrinə mövzu olub. Bu dəfə sizə təqdim edəcəyimiz eşq məktubunun müəllifi yazıçı Henri Millerdir. Məktub yazıçı Anais Ninə yazılıb. H.Miller və A.Nin klassik yazarlar siyahısının başında gələn iki uğurlu və macərapərəst ədibdir. Henri və Anaisin məhəbbət macərası ədəbiyyatsevərlərə məlum olsa da, məlumat üçün qeyd edək ki, bu iki ədib 1932-ci ildə Parisdə tanış olub. Həmin vaxt Anais Huq Quiller, Henri isə Cyun Miller ilə evli olub. Cütlüyün 1931-34-cü illərdə davam edən və dillərə düşən münasibəti haqqında Anais Ninin ölümündən sonra açılan gündəliyində geniş yazılıb. Nin olduqca kasıb olan və yaradıcılıq yolunun başında olan Henrinin təkcə sevgilisi olmur. Millerin ilk əsərinə maliyyə yardımını da Anais edir. Anais gündəliyində Henri və onun xanımı Cyun ilə münasibətlərindən, məhəbbət macərasının necə başladığından danışır. 1934-cü ildə Henri xanımı ilə yollarını rəsmən ayırır və Anaislə başlayan məhəbbət macərası daha çılğın xarakter alır. Anais gündəliyində Henridən hamilə qaldığını, lakin bunun bir macəradan uzağa getməsini istəmədiyi üçün bu uşağı məhv etdiyini də qeyd edib. Bu fakt da 1934-cü ilə aiddir. Cütlüyün münasibətlərinin bu hadisədən sonra Anaisin cəhdləri ilə bitdiyi iddia edilir, çünki Anaisin sonrakı illərində Henrinin adı ancaq xatirə olaraq keçir.
“Artıq yenidən o ağlı başında olan adam olduğum hallarıma qayıda biləcəyimdən əmin deyiləm. Məntiqli davranmağa çalışıram. Bu, qəribə, ağılalmaz evliliyə oxşayır, qarşılıqlı idi hər şey, inkar edə bilməzsən. Bədənimdə bədənindən hissələrlə ayrıldım yanından. Dünya qan dənizi idi. Sənin arı zəhərli əndəlus qanın qarışıb qanıma, bu dənizdə irəliləyirəm, üzürəm. Etdiyim, dediyim, düşündüyüm hər şey bu evlilik üçbucağında durmadan fırlanır. Səni bir evin xanımı kimi tanıdım, tünd rəngli dərisi olan məğribli, ağ bədənli zəncim, bədəninin hər yerində gözləri olan – qadın, qadın, qadın! Səndən uzaqda yaşamağa necə tab gətirəcəyəm, bilmirəm. Bu ayrılıqlar ölüm kimidir artıq. Hüqo qayıdanda nə hiss etdin? Təsəvvürümə yerləşdirə bilmirəm ki, onunla da mənimlə olarkən hiss etdiyin kimi hiss edirsən. Bir-birinə yapışmış ayaqlar, incidilmişlik... Xəyanət edənin şirin-şirin boyun əyməsi. Quş əhliliyi ilə rəftar etməsi. Sən axı mənimlə yenidən qadın oldun, o gün həyatımda heç yaşamadığım burulğan idi. Otuz yox, min yaşındasan elə bil.
Qayıtdım, düzdür. Amma hələ də ehtirasla doluyam, isti şərablar kimi dumanlar ayrılır bədənimdən. Bu, sadəcə, bəsit fiziki ehtiras deyil, sənə acam, içimi parçalayır bu aclıq. Bəzən qəzetlərdə cinayət və intiharlarla bağlı məqalələr çıxır önümə, inan ki, hamısının qəhrəmanını anlayıram. Özümü kiminsə qanına susamış qatil, intihar edən bir insan kimi hiss edirəm. Heç nə eləməməyin, sadəcə, uzaqdan zamanın və həyatın necə axıb getdiyini izləməklə kifayətlənməyin, fəlsəfi bir cərəyanın nəzəriyyəsini mənimsəməyin, məntiqli davranmaq cəhdlərimin utancını yaşayıram. Kişilərin bir əlcək, dəsmal və ya bir baxış üçün ölümünə mübarizə apardığı, mərhəmət etmədən öldürdüyü, qorxmadan öldüyü vaxtlar harda qaldı?
Hələ də mətbəxdən zəncilərə xas mülayim və şux səsinlə mahnı oxuduğunu eşidirəm. Harmoniyasız, ritmsiz, özbaşına bir Kuba mərsiyəsi oxuyursan. Mətbəxdə özünü xoşbəxt hiss etdiyini, başqaları üçün də olsa, bişirdiyin yeməklərin birgə yediyimiz bütün yeməklərdən dadlı olduğunu bilirəm. Yemək bişirəndə hərdən əlini və qollarını yandırsan da, şikayət etmədiyini, sızıldanmadığını da bilirəm. Minlərlə göz bəxş edilmiş İlahə İndraya belə yaraşan paltarınla yan-yörəmdə o baş-bu başa gəzərkən, qonaq otağında sakit-sakit oturub xəyala dalanda, səni nəsə bir işlə məşğul olarkən izləyəndə özümü nə qədər xoşbəxt hiss edirdim.
Anais, əvvəl elə bilirdim ki, səni sevirəm; amma indi hiss etdiyimin, dərk etdiyim həqiqətin yanında sevgi heç nə imiş. Görəsən, bu, həyatdan oğurlanmış qısa zamana sığdırmağa çalışdığımız sonsuz bir hekayə olduğu üçünmü möhtəşəm idi? Bir-birimizə bir-birimiz üçün oyunmu oynadıq yoxsa? Daha az “mən” idim, daha çox sən, yoxsa sən daha çox “mən” idin, daha az “sən”? Bu macəranın davam edəcəyini düşünmək, buna bütün ruhumla inanmaq dəlilik idi? Bu doğmalıq nə zaman və harada başladı? Mümkün xətalarını, zəif nöqtələrini, təhlükəli tərəflərini kəşf eləmək üçün hər sözünü, hər baxışını çək-çevir etdim, amma qeyri-adi heç nə tapmadım, xırda bir detal belə yox idi. Bu isə aşiq olduğuma işarə idi, kor, kor, kor kimi aşiq olmuşdum... Sonsuza qədər kor...
Bu sətirlərə zillənən gözlərinin bütün çərçivəsi boyu açıldığını bilirəm. İçində etdiyin əsla inanmayacağın şeylər, bir daha əsla etməyəcəyin hərəkətlər, bir daha gözə almayacağın ağrılar, işıq ucu görünməyən şübhələr var artıq. Artıq mərhəmətində belə zülmə meyilli sönməz alovlar var. Sönməz alovlar kimi görünən günahlar. Nə peşmanlıq, nə intiqam, nə kədər, nə günahkarlıq, bunların heç biri insanı uçurumdan atlamaqdan çəkindirə bilər. Səni o uçurumdan yalnız yaşamaq, dadını aldığın və ruhun acanda, ürəyin istəyəndə yenidən axtardığını tapa biləcəyin ümidi, bu ümidlə içinə dolan sevinc qoruya bilər...
İndi mənim gözümdə həyat və ədəbiyyat iç-içə keçib, bu eşq isə güc mərkəzidir. Sən o buqələmun ruhunla min bir çeşiddə, tanımadığım rənglərdə eşq qoyursan önümə. İçindən keçdiyimiz fırtına, ilk dəfə də görüşsək, hər görüş yerini evimiz kimi hiss etdirən o duyğunu uçura bilmədi. Hər səhər ikimiz də işimizə, həyata qaldığımız yerdən davam edirik. Sən özünə olan o bitməz-tükənməz inamı hər səhər yenilərəyək, hər gün artıraraq, hər zaman arzuladığın işıltılı, zəngin həyatı yaşayırsan, lakin özgüvənin artdıqca məni daha çox istəyirsən, mənimlə yaşadıqlarına daha çox ehtiyac hiss edirsən. Mənsiz bədənin boğuq rəngdə, dilin daha sözlü, gözlərin daha dərin, qanın daha qatıdır. Bu hiss. Şəhvət dolu köləlik, zorbalıq dolu bir ehtiyac hissi. Misli görülməmiş dərəcədə şüurlu və sonsuz zülm. Ya bizə yaşanan təcrübələrin verdiyi həzz!” H.V.M
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər