• cümə axşamı, 28 mart, 23:06
  • Baku Bakı 13°C

“Tamaşaçı zalında heç olmasa, bir ürək döyünürsə...” - Fotolar

22.04.19 09:00 1745
“Tamaşaçı zalında heç olmasa, bir ürək döyünürsə...” - Fotolar
Yuri Solomin musiqiçi ailəsində doğulub. Ata-anası musiqi müəllimi işləyirdi. Evlərində ailə orkestrləri vardı. Balaca Yuri orada qaşıqlarla çalır və bu, onu əyləndirirdi. Ancaq nə o, nə də qardaşı valideynləri kimi musiqiçi olmadılar. Onların aktyorluğa həvəsi vardı.Bu gün isə artıq Yuri Solomin Moskva Kiçik Teatrın bədii rəhbəri, SSRİ Xalq artistidir, çoxsaylı mükafatlara layiq görülüb.

- Yuri Mefodyeviç, Kiçik Teatrı «muzey» adlandırmaqlarından incimirsiniz ki? Demək istəyirlər ki, əgər bir klassiki səhnələşdirmək istəyirlərsə, heç olmasa pyesin müasir oxu tərzini düşünsünlər...
- «Klassik məsələnin müasir həlli yolları» nə deməkdir, kimsə mənə cavab verə bilər?! Bəs «məhəbbəti müasir tərzdə oynamaq» nə deməkdir, kimsə bilir? Yox. Çünki bu, mümkünsüzdür. Klassikada bu günün insanında olmayan hər şey var: inam və inamsızlıq, məhəbbət, xəyanət, qalmaqal, intriqa... Hazırda incəsənətdə də hər şeyə yol verilir. Ancaq biz heç nəyi dəyişmirik – yalnız müəllifin demək istədiyinin mahiyyətini açmağa çalışırıq. «Səhnədən gedərkən ürəyinizin bir parçasını orada qoyun» - bunu mənim oxuduğum Şepkin Teatr Məktəbinin müəlliməsi, böyük aktrisa Vera Nikolayevna Paşennaya deyib. Biz indiyə kimi onun vəsiyyətini unutmuruq və çalışırıq ki, hazırladığımız tamaşalarda və əsasən də «Uzaqda - sakitlikdir» teatr tamaşasında onun sözlərinə əməl edək. Ona görə ki, bu tamaşa nə vaxtsa hamımızı gözləyən sakitlikdən, atalar və uşaqlardan bəhs edir. Bunlar daimi mövzulardır.Klassiklərdən imtina etmək olmaz. Götürək elə Ostrovskini. Yanılmıramsa, elə bizim teatrda bu müəllifin 12 pyesi tamaşaya qoyulub: «Ürək daş deyil», «Öz insanlarımızdır – hesablaşarıq», «Quduzlaşmış pullar», «Düzgünlük yaxşıdır, ancaq xoşbəxtlik gözəldir», «Axırıncı qurban» və s. tamaşalar hər dəfə uğur qazanıblar. Bu tamaşalarda insanlarla dolu zalın uğultusu eşidilir - tamaşaçı həm gülür, həm də ağlayır. Bir də, mənə heç vaxt aydın olmayıb ki, müəllifin adını dəyişmək nəyə gərəkdir? Axı, bunda tamaşanın məğzi gizlənib.

- Yuri Mefodyeviç, 2019-cu il rəsmi olaraq Teatr İli elan edilib. Teatr həyatının mənası olan bir insan kimi, bu, sizi sevindirirmi?
- Əlbəttə sevindirir! Bircə təhrif olunmamış olsun. Axır zamanlarda İncəsənət Nazirliyi Moskvanın, Sankt-Peterburqun mərkəzi teatrlarına, kiçik şəhərlərə qastrollara getmək üçün köməkliklər göstərir. Qastrollara getdiyimiz zamanlarda biz oradakı tamaşalarımızı moskvalı tamaşaçıların gördüyü tərzdə göstəririk. Bu, ölkənin ən uzaq nöqtəsində yerləşən – Vladivostok, İrkutsk, Ulan-Udedə də belədir. Keçən il Çitaya premyera tamaşalarımızı göstərməyə getmişdik. Tamaşaçıların reaksiyasını görsəydiniz... Buna görə biz mart ayında Koqalımda Kiçik Teatrın daha bir filialını açdıq. O, bizim Orleankadakı binanın üslubunda tikilib, ancaq zal bir az balacadır. Bizim bina 600 yerlik, ora isə 300 yerlikdir. Keçən il Vladivostokda Opera Teatrının açılışı oldu. Bu, gözəldir! Bəli, daha uzaqlardan – Vladivostokdan, Sakit okeandan – keçmək lazımdır – çox gözəl yerlərdir. İnsanlar hər yerdə yaşayır, ancaq dərdləri eynidir. Mən istərdim ki, bu il və gələcəkdə əyalətlərdə daha çox teatr binaları tikilsin. Mən Moskvada institutda oxumuşam, amma həyatıma Zabaykalyedə başlamışam.Mən müharibə uşağıyam, 1943-cü ildə birinci sinfə getmişəm. Ona görə də «əyalət» sözünü orada yaşayan insanların dilindən xüsusi məhəbbət və ağrı ilə səsləndirirəm. Onların və vətənimin haqqını isə ora bizim aktyorların həqiqi teatrını aparmaqla ödəyə bilərəm.

- «Sonradan cəzasını çəkəcəyin, ömrün boyu səni izləyəcək hərəkətlərdən çəkin», - bunlar bir yox, bir neçə nəsli böyüdən «Əlahəzrətin adyutantı» filminin baş qəhrəmanının sözləridir… Film 1969-cu ildə çəkilib, o zamandan filmlərinizin siyahısı böyüyür. Amma mən teatr haqqında danışmaq istərdim: siz artıq 24 ildir ki, Rusiyanın Dövlət Akademik Kiçik Teatrının bədii rəhbərisiniz. Teatrınız rus klassik incəsənətinin mühafizəçisidir. İncəsənətdə bu istiqamətin qorunması nəyə gərəkdir?
- Hazırda bütün peşələrdə bu istiqaməti saxlamaq çox çətinləşib. Mən gəncliyi də başa düşürəm, onlar nəsə təzə bir şey istəyirlər, axı hər şeyi mobil telefonlar həll etmir. Ona görə də, ənənə yaxşı şeydir. Xüsusilə, Kiçik Teatr xaricdə olanda mən şəhər bağçasında oturmağı, küçələrdə gəzməyi çox sevirəm – heç zaman mağazalara baş çəkmirəm. Bu, 1960-70-ci illərdə də belə idi – mən dayanıb insanların necə yeridiyinə, kafedə oturuşlarına, danışıqlarına tamaşa edərdim. Müxtəlif ölkələrdə müxtəlif həyat ritmi olur. Mən özüm də sınamışam: nə vaxt ki, bir ölkədə dəfələrlə olursan, o vaxt ənənənin nəsildən-nəslə keçdiyini müşahidə edirsən. Nə üçünsə, hər zaman təzə nəyinsə baş verəcəyini gösləyirik. Ənənə qamburgerlərlə əsaslanmır, bu, başqa anlayışdır…

- Amma Böyük Teatr da yeni eksperimental quruluşların səhnələşdirilməsi yolu ilə gedir. Bizə elə gəlir ki, o, klassik repertuarların qorunması yolunu tutmalıdır. İstənilən əcnəbi Moskvaya gələrkən Böyük Teatra gedir və rus klassik əsərini bütünlüklə başa düşürdü. Bu yaxınlarda «Böyük teatr erotikaya qərq olub» məqaləsinə rast gəldim – bu sözlər xaricdən dəvət olunmuş rejissorların yeni quruluşları haqqında deyilmişdi. Siz, rus klassik teatrına həyatını bəxş etmiş bir insan kimi, qorxmursunuz ki, rus teatrı Dostoyevski, Çexov, Ostrovski, Qoqol, Bulqakovla birlikdə bata bilər?
- Hələ ki, tamaşaçı zalında heç olmasa, bir ürək döyünürsə, o, heç vaxt bata bilməz. Rus teatrı imperatriça Yelizaveta Petrovna tərəfindən 1756-cı ildə yaradılıb.Elə teatrlar var ki, insanlar ora uşaqlıqdan gedirlər. Bir də elə teatrlar var ki, ora ailəlikcə gedirlər və onlar xəcalət çəkmirlər. Bir də görürsən ki, klassikaya gedirsən, orada kim bilir nələr göstərirlər, sənsə 10-12 yaşlı uşaqla gəlibsən. Mən hələ televiziyada göstərilənlərdən danışmıram. Hətta, mən hərdən baxanda gözlərimi yummalı oluram. Axı biz Kiçik Teatrda klassikanı elə səhnələşdiririk ki, o, tamaşaçıya aydın olsun. Ümumiyyətlə, rus teatrı dərindən hiss olunan teatrdır, ona görə də, burada Stanislavskinin sistemi qurulub. Axı, o, əvvəllər professional deyildi. Ancaq mədəniyyəti öyrənmək üçün yaşlı idi. Bizi isə bu gün təəccübləndirmək istəyirlər. Axı, insanı onun bünövrəsindəki ilə təəccübləndirmək olar. Bəs nəyə görə əvvəllər deyərdilər ki, «qadın və ya kişi sarsıdıcıdır». Bu, nə deməkdir? Əgər indi «sarsıdıcı»nı ruscaya çevirsək, «kifayətdir» deyəcəklər.
- «Həyat – ən gözəl tamaşadır, amma əfsus ki, repertuar əldən gedir» – bu sözləri məşhur yazıçı Oskar Uayld deyib. İllər boyu insan qəlbinin araşdırılması, onun xarakterini anlamaqdan ötrüdür?
- (Bir qədər susduqdan sonra) Düşünürəm ki, insan ən mürəkkəb məxluqdur. Ona görə ki, onun qəlbi var.

- Sizcə, qəlb tərbiyəni təsir altına salır? Və yaxud hansı qəlblə doğulubsansa, eləcə də ömrün boyu yaşayacaqsan?
- Qəlbi zövq kimi tərbiyələndirmək olar. Özü də bunu məktəbli partasında əyləşdiyimiz andan etmək gərəkdir. İnsanın qəlbi bütün yaşlarda reaksiya verir, özü də yalnız zəmanəmizlə həmahəng səslənir.Bir neçə il bundan əvvəl Şepkin adına məktəbdə Rasputinin «Axırıncı möhlət» əsərinin diplom tamaşası oynanılırdı. Mövzu ölüm ayağında olan yaşlı qarının özünün və övladlarının həyatına nəzərsalma hadisəsindən gedirdi.Bir dəfə çıxışda dayanmışdım. Valideynləri ilə birgə 10-12 yaşlı qız göz yaşları içərisində çıxdı. «Nə hadisə baş verib ki, ağlayırsan?» - deyə soruşdum. O, "nənəyə yazığım gəlir” cavabını verdi. Bizim söhbətimizi iki cavan müşahidə edirdi. Mənə yaxınlaşıb «Çox sağ olun, biz hər şeyi başa düşdük» dedilər.

- Əgər bunu aktyorun özü üzə çıxarmasa...
- Səhnədə başqa cür yaramır. Dueldə atışan və ya məhəbbətini etiraf edən mənim qəhrəmanım deyil axı, bu, mən özüməm. Cingildəyən mənim əsəbimdir, mənim əllərim yumruqlanıb, gözlərimdən yaş axır. Əksər hadisələrdə isə bu, aktyora ziddir. Həqiqi aktyor zahiri təsirlərə çox həssasdır. Hərdən rejissorun həddən artıq diqqətliliyi onun xeyrinə olmaya da bilər, dövrü mətbuatın və yaxud tamaşaçıların aqressiv diqqəti də həmçinin. Onun bacarıqsızlığını söyləməyə risk etmiş olaram, amma aktyorluq sənəti gərək təkcə publika qarşısında deyil, ekranda da açıq olsun.

- Bu gün teatrı özülündən sarsıdan qalmaqallar məhz səhnədə yaşanır.
- Şepkin vəsiyyət edib ki, ibadət et, əks halda isə çıx get. Səhnə həyatın güzgüsüdür, amma bu o demək deyil ki, onu küçəyə, fahişəxanaya çevirmək olar. Bu gün həyat çox sürətlə keçir, axı, zamanı seçmirlər, təəssüf etmək isə axmaqlıq olardı. Səhnədə nəyi etmək olar, nəyi yox – bu haqda çox mübahisələr etmək olar. Təkcə zaman hər şeyi yoluna qoyacaq.

- Məşq zamanı siz aktyorlara: «Yetişməyə çalış, yetişməyə çalış, qaç, qaç!» - deyə qışqırırsınız. İstər-istəməz, adam düşünür: «Bəs Solominin özü bu qədər enerjini haradan tapır ki, başqalarına da qüvvət verir?»
- Güc tükənir, gözəl ifa və ya gözəl mahnı dinləyərkən yenidən qüvvətlənirəm. İstər bu, musiqi olsun, istərsə də dramatik əsər, futbol və ya gimnastika. Bir də mən heyvanlar haqqında çəkilmiş filmlərə baxmağı çox sevirəm. İnsanların heyvanlara münasibətinə baxmaq gözəldir.Dövlətimiz sahibsiz heyvanlar üçün pul ayırıb. Heç cür vaxt tapıb onları yoluxmağa gedə bilmirəm, ancaq mütləq gedəcəyəm. Bilirəm ki, dözməyib onlardan bir neçəsini evə gətirəcəyəm. Axı, artıq evdə 3 itim, 4 pişiyim var. Bu azmış kimi, nəticələrimin də 3 iti, 1 pişiyi var – bu, nəsildən-nəslə ötürülür (gülür). Bu, çox yaxşıdır ki, uşaq kiminsə qayğısını çəksin. «Axı, sən it istəyirdin, get, onunla gəz» deyirsən və beləcə, insanda məsuliyyət hissi oyanır.Bilirsiniz, sahibsiz itlərə necə baxdığını, onlarla davranışını görüb, insan haqqında çox şeylər danışmaq olar. Əgər sərtdirsə, belə insanla dostluq edə bilmərəm, çünki o, heç vaxt təəssüflənməyəcək.

- Siz yaşa dolduğunuzu hiss edirsiniz?
- Əlbəttə! Bu, nə quru iddiadır, nə də şikayət. Bu, obyektiv reallıqdır. Aktyora bunsuz mümkün deyil, hər bir rolun öz yaş hüdudu var, sən özün də bunu hiss etməlisən. Buna görə də məndən "siz ki, gözəl formadasınız, nə üçün bu və ya başqa bir rolu oynamırsınız?” soruşanda etiraz edirəm: forma elə də pis olmaya bilər, bəs mahiyyət necə olsun? Baxır beyin nə ilə zəngindir…
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər