“Tamaşaçı ikinci şansı vermir” - MÜSAHİBƏ
Aktyor,
ssenarist, prodüser Azər Aydəmir: "Kino, serialda da çərçivələri dağıtmaq
lazımdır. Mən necə istəyirəm, o cür yazmalıyam, o cür oynamalıyam”
Bu gün
film sektorunda qəribə bir çaxnaşma var. Filmlər çəkilir, ortaya işlər qoyulur,
yaxşı və ya pis olmasından asılı olmayaraq sektor inkişaf etməkdədir. Bu, ruh,
stimul verir. Sektorda yeni simalar görünür, parlayır. Onlardan aktyor,
ssenarist, prodüser Azər Aydəmir də özünəməxsusluğu, fərqliliyi və həm də obraz
müxtəlifliyi ilə seçilir. Qısası, müsahibim Azər Aydəmirdir.
Obraz rəngarəngliyi,
ampluaya sığmama
Azər
obraz rəngarəngliyindən danışdı: "Mahmud və Məryəm” filminin çəkilişi zamanı torpaqdan
saray qurulur, saray dağılır və aktyor Aras Bulut İynemli ağlayır. Filmin bu
hissəsi 12 dubla çəkilir. Hər dəfə o saray dağılır və o eyni cür ağlayır. Bizim
aktyorlardan biri ona yaxınlaşır və ciddi-ciddi sual verir: "Sən 12 dublda necə
eyni cür ağladın?” Aras cavab verir: "Oyuncuyum da, ondan”. Yəni bu, bizim
işimizdir. Fərqli obrazlar yaratmaq. Mən ssenariyə, rejissora "OK” vermişəmsə,
buna hörmətlə yanaşıram.
Çox
böyük təəssüf hissi yaşayıram. "Youtube”da yeni Azərbaycan filmlərinin şərhlərini
oxuyuram. Tutalım ki, Rasim Cəfərlə Günəş Mehdizadənin hər hansı bir oyununu şərh
edirlər. Əgər 5000 şərh varsa, 4999-u budur ki, nə gözəl oynayırlar. Qız nə
yaxşı ağladı. Siz heç Bred Pit, yaxud da hər hansı başqa Hollivud aktyoru haqqında
"ay nə yaxşı oynayır” yazıldığını görmüsünüz? Bu, onun işidir də, oynamalıdır.
Oynaya bilmirsə, deməli, onu çəkən axmaqdır”.
Tamaşaçıların
inamı yoxdur...
"Tamaşaçılardan
narazısınız?” sualıma isə aktyor belə cavab verdi: "Bəzi tamaşaçılardan
narazıyam, amma əlbəttə ki, hamısından yox. Mən özüm də teleməkanı izləyən bir
tamaşaçıyam. Onları da başa düşürəm, inam yoxdur. 30 il ərzində teleməkan və
kino sənayesi elə vəziyyətə gəldi ki, bütün ölkənin proseslərinin ən axırına
salındı. Filmin altından mənə belə bir şərh yazıblar: "Mən elə bilirdim Azərbaycanda
"Bəyin oğurlanması"ndan sonra film çəkilməyib". Təsəvvür edirsiniz?
Tamaşaçının nə inamı var, nə də xəbəri ki, filan qədər film çəkilib. Hə, bir də
ki, əsas məsələ! Tamaşaçılarımızın çoxu "önyarğılıdır". Onlardan çox
narazıyam. Nəinki Azərbaycan mədəniyyətindən, hər bir məhsulundan – konfetindən
tutmuş meyvəsinə kimi – hər şeydən narazı və önyarğılı bir kütlə var.
Tamaşaçıların
bir qismi isə yaxşı layihələrlə yanaşı, bərbadlarını da görüb. "Yumurta"
filmini görən tamaşaçıya mən ha yalvarsam da ki, nolar bir dəfə də "Zəhər
tuluğu”na bax, "Axınla aşağı”ya bax, bir
başqa yaxşı serialımız var, ona bax, baxmaz. Əlini-qolunu bağlamasan, baxmaz. Mən
bu məqamda tamaşaçını başa düşürəm. Çünki təəssürat bir dəfə və birinci dəfə
formalaşır. Tamaşaçı çox qəddar yanaşır və ikinci şansı vermir. Sırf incəsənət
sahəsindən gedir söhbət. Tamaşaçının içində həm də bir qərəz də var. Bəziləri
axtarır ki, görüm nə tapım ki, söyüm, içimdəki neqativi boşaldım”.
"Yorğanı
üstümüzə dartmaq problemimiz var”
"Film
sektoru inkişaf mərhələsindədir”, - deyir Azər Aydəmir. O, bu mövzuda nikbindir:
"Prosesin içində olduğum üçün gənclərin, dövlətin sırf mədəniyyət sahəsində nə
etmək istədiklərini bilirəm. Mənə elə gəlir ki, sürətli inkişaf prosesindəyik. Bu
sahə çox qısa zamanda yaxşı mənada təəccübləndirəcək tamaşaçını”.
Aktyor
maddi məsələlərdən də danışdı: "Bu, futbol kimi kollektiv işdir. Futbolumuz necədirsə,
kollektiv işimiz də elədir. Yorğanı üstümüzə dartmaq kimi problemimiz var. Amma
bunu da deyim ki, elə kollektivlər var ki, yaradıcı cəhətdən birgə işləyir, bir
yerə vururlar. O kollektivlər reklam sahəsində, kreativ şirkətlərdə işləyir.
Reklamlarımız super olmasa da, yaxşıdır. Artıq reklam bazarında istənilən məhsulun
təqdimatına çarx çəkmək üçün bizə xaricdən kömək lazım deyil. Rejissor,
ssenarist, aktyorlar bir arada qızğın müzakirə aparırlar və ortaya nəticə
qoyurlar. Həmin reklamda işləyən kollektivlərə çağırış edirəm: bilirəm, orda
çox pul qazanırsınız. Amma barı gəlin kollektiv zəhmətinizi kino, serial sahəsinə
də yönəldin. Heç olmasa ildə bir dəfə. İnanıram ki, o komandalarda bu da çox
gözəl alınacaq. Bəzən nəyisə maddiyyata bağlayırlar. Mən belə düşünmürəm. Biz
çox səs-küyə səbəb olan "Pərdə” filmini 16.000 manata çəkmişdik. Bu film
vaxtında janr etibarı ilə lokomotiv oldu, həvəsləndirdi, janra inamı qaytardı.
Bu stilistikaya uyğun film və seriallar ortaya çıxdı. Sanki mövzu qadın
dır-dırından zorakılığa keçdi”.
"Xalq
hazırda mədəniyyətimizə yuxarıdan aşağı baxır”
Azər Aydəmir
sektordakı əsas problemdən də danışdı: "Fikrimcə, mədəniyyət sahəsində – kino,
teatr, serial sektorunda əsas problem imic məsələsidir. Biz xalq olaraq ya çox
ucuza, ya çox bahalıya qaçırıq. Biz dəyər verməyi sevirik, tez bezirik və əgər
imkanımız varsa, özümüzə ən yaxşısını qıyırıq. Orta statistikliyi çox da sevən
deyilik. İndi incəsənət sahəmiz çox kasıb, çox aşağı səviyyədədir. Ümumən,
xalqın düşüncəsi budur ki, aktyor yazıqdır, kasıbdır, dolana bilmir. İmic
formalaşmalıdır. Kübarlığın, nəcibliyin okeanı kimi yanaşmalıdırlar aktyora. Bu
imici formalaşdırmaq üçün deyəcəksiniz ki, pul lazımdır. Xeyr. İmici yalandan
formalaşdırıb maliyyə cəlb etmək olar. Bunun gözəl nümunəsi instaqram fenomenləri,
bloggerlərimizdir. Məsələn, onlar həmin o imici fotolar, bahalı məkanlarda şəkil
çəkdirməkləri ilə, guya, gözəl həyat tərənnüm etməklə yalandan qazanıblar. Onlara
heç belə reklam lazım deyildi, amma ediblər. Görün buna incəsənətimizin necə
ehtiyacı var. Xalq hazırda mədəniyyətimizə yuxarıdan aşağı baxır. Teatrlarda 8
manatlıq biletlər yığışdırılmalıdır. Qiyməti 50-80 manat olmalıdır. Qoy zal boş
olsun, 30 nəfər bahalı geyimlərdə adam gəlsin, şəkil çəksinlər, paylaşsınlar.
Madam aldanmağı sevirlər, qoy elə belə olsun. Yəni bütün bu sahəni süni şəkildə
bahalaşdırmaq, kübarlaşdırmaq, nəcibləşdirmək lazımdır. Bunu ayrıca fərdlər edə
bilir”.
Teatrlarda
nə çatmır?
"Teatrı
kino sahəsindən üstün görmək istəyirəm” – deyir Azər bəy. Onun fikrincə, indiki
dövrdə teatrların əsas problemi rəqəmsallaşa bilməmələridir: "Teatr məbəddir”
deyirlər. İstəyirəm bu, təkcə aktyorlar üçün yox, hamı üçün belə olsun. Repertuarı
qoyaq bir tərəfə. Hətta marketin də sosial şəbəkələrdə səhifəsi var. Düzdür,
indi teatrların səhifəsi var, amma kreativ, cəlbedici, maraqlı olması sual
doğurur. Teatrların sosial şəbəkələrdə rəqəmsallaşması ilə yanaşı, orda da PR
işləri görülməlidir.
Yanvarın
1-i Moskvada axşam saat 11-in yarısında teatrlar olan küçədə gəzişirdik. Teatrların
qarşısında 30-35 nəfərdən ibarət növbə vardı. Həmçinin də gözəl geyimli, gözəgəlimli
xanımlar – küçədə bir-bir yaxınlaşıb gecə
seanslarına dəvət edirdilər. Bayram günləri idi deyə, teatr gecə də işləyirdi.
Orda bu mədəniyyət çox yüksək səviyyədədir. Bundan başqa, bizdə teatrların
xarici görünüşündə də problem var. Məncə, teatr binası şən, rəngarəng, seçilən
olmalıdır”.
"Süni
çaxnaşma yaradıb insanları teatra cəlb etmək lazımdır”
Azər Aydəmir teatrlardakı yeniliklərə də münasibət
bildirdi: "Tamaşaçı kimi deyəcəm. İlqar Fəhmi və Mehriban Ələkbərzadə Dram
Teatrının səhnəsində "İskəndərə yeni namə” tamaşasını qoydular. Onların bu təşəbbüsü
möhtəşəm idi. Yeni baxış gətirdilər. Rus Dram Teatrında da bir neçə dəfə olub,
Kamran Şahmərdan edib. İlham Qasımov "Cırtdan”ı böyük teatr fenomeni etdi. Məncə,
lazımdır. Qəlibləşmiş, klassikanı sevən auditoriya, çox güman ki, bunu başa
düşməyəcək, etirazlar olacaq. Qoy olsun, iki cəbhə arasında mübahisə düşsün.
Süni çaxnaşma yaradıb insanları teatra cəlb etmək lazımdır. Ümumiyyətlə, indiki dövrdə hər cür eksperimentə
razıyam”.
Azər bəy
başqa bir problemə də toxundu: "Tutalım, yerli mebel fabrikində iki usta işləyir,
stol düzəldirlər. Ayağını həmişə şurupla bağlayıblar, bu dəfə fikirləşirlər ki,
iplə bağlayaq. Dizayn dəyişsin, fərqli bir şey olsun. Müdir gəlir ki, qurtarın
da, nə uzadırsınız, bu işi təhvil verməlisiniz axı. Usta deyir ki, bunu iplə
bağlamaq istəyirəm, fərqli olsun. Müdir nə deyir? Deyir ki, bunu yaradan
italyandan yaxşı biləcəksən? Bağla, təhvil ver işi. Bax, budur problem. Serial,
film çəkilir burda, deyirlər ki, sən bunu türklərdən yaxşı edəcəksən? Əslinə
qalsa, türk serialları heç ilk onluqda da yoxdur. Biz bütün sahələrdə beləyik.
Nəyə əlimizi atsaq deyirik ki, yaxşı olmayacaq. Düşünürük ki, filan sahədə
filan ölkə liderdir. Hə, tutalım liderdir. Amma hələlik. Məsələn, indi maşın
bazarında Almaniya liderdir, amma 5 ilə Çin lider olacaq. Kino, serialda da çərçivələri
dağıtmaq lazımdır. Mən necə istəyirəm, o cür yazmalıyam, o cür oynamalıyam”.
Söhbətləşdi:
Xanım Aydın
Foto-Kərim Abbasov / GLOBAL MEDIA GROUP