• cümə axşamı, 25 aprel, 10:43
  • Baku Bakı 14°C

Taleləri həll edən cehiz məsələsi... - Gənclərə məsləhət

08.12.18 13:30 5830
Taleləri həll edən cehiz məsələsi... - Gənclərə məsləhət
"Qız qundaqda, cehizi sandıqda”, yaxud dillərə dastan olan "maşın-maşın cehizi var, gəlinimin, ay gəlinimin” deyimi hamıya tanışdır. Əgər qızın varsa, doğulduğu gündən valideynlər cehizi haqqında düşünür. Bu gün qızın ailə qurması üçün çəkilən xərc, oğlan evinin xərcindən heç də az başa gəlmir. Oğlan evi, toyu qonaqların yazdırdıqları pul hesabına qismən qarşılasa da, qız evi borc-xərc hesabına pulu əşyaya çevirib, cehiz verir. Cehiz rəqabəti hər zaman xoşbəxt sonluqla nəticələnmir. Bəziləri hətta illərlə ödəyəcəkləri borcun altına girirlər ki, qızları "yad evdə” başı uca olsun. Mahnıda da deyildiyi kimi, maşın-maşın cehiz aparmaq üçün valideynlər və cütlüklər dəridən-qabıqdan çıxırlar. Bəs maraqlıdır, həqiqətən çox əşya aparmaq lazımıdır? Yaxud bir qızın ailə qurarkən hansı əşyaları aparması kifayət edir?
XX əsrin cehizi
Sosioloq Lalə Mehralının sözlərinə görə, keçən əsrin əvvəllərində maddi durumu normal olan ailələrin gəlinlik qıza verdiyi cehiz o qədər böyük olmurdu: "Bunlar bir neçə qab-qaşıq, iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, iki yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşəkdən ibarət idi. Nişanlı qızın özü, yaxud qız evinin qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri, güləbətinli tirmə araxçın, ipək daraq qabı, saat qabı, zərxaradan on iki ədəd pul kisəsi, 20-30 cüt çarıqbağı, qələmdan qabı və s. də vardı. Məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac” da cehizə daxil idi. Gəlinin özü üçün sürmədan, ətir, qayçı, iynə qabı, sayı yeddi olmaqla iynə, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara dabandaşı da cehizdə olurdu. Bunlardan başqa, bir-iki xalça-palaz, çamadan-xurcun, saxsı qab-qacaq, nehrə, küpə, kuzə, aşsüzən, yeddi taxta qaşıq, taxta boşqab, oxlov, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, qazan, mis aftafa-ləyən, hamam sətili, altı kabab şişi və s. metal əşyalar da cehizə qatılırdı”.

Bahalı qablar, mebellər...
Həmsöhbətimizin sözlərinə görə, təzə ailə quran bir cütlük üçün ilkin və lazım olan məişət əşyaları iki nəfərin ehtiyacını ödəyəcək qədər qab-qacaq, bir dəst yataq mebeli və bir dəst yorğan-döşəkdir: "Yəni yeni ailə üçün yaşayış şərtlərini reallaşdıracaq çox əşyaya ehtiyac var. Ancaq biz bu cehiz məsələsini o qədər şişirdib əşyaların sayını ifrat dərəcəsinə çatdırmışıq ki, bu, bədxərclikdən başqa bir şey deyil. Alırsan, alırsan, bitmir. Hətta cehizə 40 minə yaxın pul xərcləyən bir ailə də nələrinsə əksik qaldığından gileylənir. İndi qızlarımız cehiz olaraq elə şeylər aparır ki, bəlkə də bir dəfə də olsun onu istifadə etmirlər. Bahalı qablar, mebellər... Əgər bunu istifadə etməyəcəksənsə, ona fantasik məbləğ ödəməyin mənası yoxdur. Xırda bir əşya da sənin tələbatını ödəyirsə, onu al. 20 manat ya 200 manat, nə fərqi var? Hər ikisi də eyni məqsədlə istifadə edilir və ehtiyacını da ödəyir. İfrata varmaq ailə büdcəsində zərbə vurur”.
Şirəçəkən, paltaryuyan, tozsoran...
L.Mehralının sözlərinə görə, Azərbaycan ailəsinin qonaq otağı muzeyi xatırladır: "Cehizə mebellərdən, çeşid-çeşid yataq dəstlərindən tutmuş, qab-qacaq dəstinə, şirəçəkən, paltaryuyan, qabyuyan, tozsoran, ətçəkən maşına, soğan çəkənə, dolma bükənə, süpürgəyə, xəkəndaza kimi hər şey daxildir. Bunların evdə istifadə edildiyini nəzərə alaraq, yenə də başa düşmək olar. Amma ən gülüncü odur ki, qızlara bəzək əşyası kimi ailədə heç vaxt istifadə edilməyən, ömür boyu mebelin içərisində və üstündə qoyulacaq lazımsız şüşə parçaları da verilir. Şüşə parçaları deyirik, amma bunların biri ortalama 500-2000 manata başa gəlir. Buna görə də, Azərbaycan ailələrinin qonaq otaqları çox vaxt muzeyi xatırladır. Amma muzeydən fərqli olaraq, cehiz verilən qabların heç bir tarixi əhəmiyyəti olmur.Heç bir Avropa ölkəsində, heç qonşu Türkiyədə, Gürcüstanda belə, içərisi müxtəlif bəzək qabları ilə dolu mebel görmək mümkün deyil”.
"Cütlük cehizi özü alanda dəyərini bilir”
Sosioloq deyir ki, cütlüklər ehtiyacı olan əşyaları evləndikdən sonra ala bilərlər: "Ayrı evə çıxan cütlüyün isə ehtiyacı bir az çox olur. Ancaq yenə də düşünürəm ki, lazım olan əşyaları evləndikdən sonra almaq lazımdır. İşlədikcə, özün də ala bilərsən. Belə olduqda əşyanın dəyəri də yaxşı bilinir. Axı öz qazancları ilə alıblar. Mən özüm də cehiz aparmamışam. Ailəmdən heç nə tələb etmədim. Çünki o vaxt şəxsi evim olmadığı üçün o əşyaları da qoyacağım bir yer yox idi. İndi şükür, evim də, evimdə hər əşyam da var. Hamısını da öz zəhmətimizlə almışıq və dəyərini də bilirik”.
Aygün Əziz

banner

Oxşar Xəbərlər