• cümə, 26 Aprel, 15:39
  • Baku Bakı 23°C

Talassemiya xəstəliyi COVID-19 əleyhinə vaksin vurdurmaq üçün əks göstəriş deyil

02.07.21 20:00 253
Talassemiya xəstəliyi COVID-19 əleyhinə vaksin vurdurmaq üçün əks göstəriş deyil
Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların müalicəsində vaksinasiyadan öncəki ən effektiv müalicə üsullarından biri də xəstələrə COVID-19 immun plazmasının köçürülməsidir. İmmun plazma xəstəliyi keçirənlərin qanında əmələ gələn anticisimlərdən ibarətdir. Pandemiyanın başladığı dövrlərdə Milli Hematologiya və Transfuziologiya Mərkəzində effektiv müalicə üsulu barədə araşdırma aparıldı və mərkəz məhz immun plazmanın köçürülməsi nəticəsində, 400-dən çox koronavirus xəstəsinin sağalmasına nail olub.
AZƏRTACxəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.
Mərkəz direktoru bildirib ki, talassemiya xəstəliyi COVID-19 əleyhinə vaksin vurdurmaq üçün əks göstəriş deyil: "Talassemiyalı xəstələr də qeydiyyatdan keçərək peyvəndləmədə iştirak edə bilərlər. Xəstəliyin müəyyən dövründə infeksion problemlər yaşayan və ciddi allergiyası olan talassemiyalılara isə vəziyyəti stabilləşdikdən sonra peyvənd vurdurmağı məsləhət görürük”.
Valeh Hüseynov, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyəti və məqsədi barədə danışıb: "Mərkəz Prezident İlham Əliyevin Sərəncamı əsasında 2019-cu ildə yaradılıb və Talassemiya Mərkəzi, Milli Hematologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun bölmələrinin fəaliyyətini əhatə edir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılmasında məqsəd ölkədə hematoloji problemlərdən əziyyət çəkənlərə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq, qan təminatını və tədarükünü beynəlxalq standartlara uyğunlaşdırmaq, ən əsası isə hematoloji xidmətlərlə vətəndaşları təmənnasız və əlçatan şəkildə təmin etməkdir. Mərkəz yaradılandan bu günə qədər bütün işlər bu istiqamətdə aparılır.
Həmçinin 2017-ci ildən etibarən Talassemiya Mərkəzində köklü islahatlara başlamışıq. Ölkədə çoxsaylı irsi qan xəstəlikləri, o cümlədən talassemiyalı, hemafeliyalı qan xəstəlikləri var. Dövlət hər zaman qan xəstəliklərindən əziyyət çəkənlərə yüksək qayğı göstərib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə bu xəstəliyə düçar olanların müalicəsi üçün dövlət proqramı hazırlanıb. Qeyd edim ki, dövlət proqramı bu günə qədər uğurla həyata keçirilir”.
Mərkəz direktoru vurğulayıb ki, uzun illər ərzində aparılan uğurlu islahatlar nəticəsində, müasir tibbin tələblərinə cavab verən mərkəzimiz tamamilə elektron xəstəlik tarixinə və elektron qeydiyyat sisteminə keçib.
"Əvvəllər talassemiyalı xəstələrin laborator xidmətində ciddi problemlər olsa da, indi bütün talassemiya və digər hematoloji problemlərdən əziyyət çəkənlərə 24 saat xidmət göstərən laboratoriya fəaliyyətdədir. Xatırladım ki, 2018-ci ildə dövlət genetik laboratoriyanın təkmilləşdirilməsi üçün mərkəzə maliyyə vəsaiti ayırıb. Nəticədə, Qafqazda ilk dəfə məhz Azərbaycanda müasir standartlara cavab verən genetik laboratoriya qurulub. Genetik laboratoriya ölkəmizin dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəsində müstəsna əhəmiyyətə malikdir”, - deyə V.Hüseynov bildirib.
banner

Oxşar Xəbərlər