• cümə, 19 Aprel, 23:03
  • Baku Bakı 24°C

Tacikistan tarixinin ən irimiqyaslı layihəsi reallaşır

13.11.18 20:18 453
Tacikistan tarixinin ən irimiqyaslı layihəsi reallaşır
Tacikistan noyabrın 16-da tarixinin ən irimiqyaslı layihələrindən birini reallaşdıracaq. Söhbət Roqunsk Su Elektrik Stansiyasının birinci turbininin buraxılış mərasimindən gedir. Rəsmi Düşənbənin həmin tarixi seçməsi də təsadüfi deyil. Məhz həmin tarixdə ölkədə Prezident günü keçirilir və təntənəli bayram mərasimlərinə qonşu dövlətlərin, o cümlədən Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan prezidentləri, o cümlədən CASA-1000 layihəsinin, beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. Havaya 400-dən yuxarı göyərçin buraxılacaq, nahara isə 40 öküz kəsiləcək. Bu sayda öküz seçilməsi də təsadüfi deyil. Tacik nəşrləri yazır ki, bu, səxavət və var-dövləti təcəssüm etdirir. Bütövlükdə Roqunskda altı ədəd turbinin quraşdırılması nəzərdə tutulub. Hər birinin də gücü 600 Mvt olacaq. İkinci turbin isə gələn ilin aprelində işə salınacaq. Rəsmi məlumatlara görə, birinci mərhələdə onların gücü 100 MVt-a kimi endiriləcək. Ümumiyyətlə, mütəxəssislər hesablayıblar ki, turbinlərin buraxılışı üç-dörd illiyə ləngidiləcək. Birincisi, istər ölkə daxilində, istərsə də xaricdə satışı həyata keçirə biləcək infrastruktur, elektrik enerjisi xətləri mövcud deyil. Əsas idxalatçı dövlətlər olan Əfqanıstan və Pakistan Mərkəzi Asiyadan de-fakto, elektrik enerjisini almaqdan imtina ediblər. İkincisi, hündürlüyü 335 metr olacaq bəndin inşası hələ bir neçə il çəkəcək. Xatırladaq ki, iki il bundan əvvəl prezident Emomali Rahmon özü şəxsən buldozerin arxasında əyləşərək inşaatçılarla birlikdə Vəhş çayının qarşısının alınması işlərində iştirak edib. Mərkəzi Asiya ölkələri üzrə ekspert Andrey Zaxvatovun sözlərinə görə, Roqunsk Su Elektrik Stansiyasının birinci aqreqatının buraxılışı müstəqil Tacikistanın və bunu həyata keçirən prezident Emomali Rahmonun şəxsi nailiyyəti kimi tarixə düşəcək. Tacikistanın irimiqyaslı hirdoqurğusunun birinci aqreqatının buraxılış mərasimində iştirak etmək üçün Özbəkistanın su təsərrüfatı naziri Şavkat Xamrayev Düşənbədədir. Özbəkistan uzun illər ərzində belə bir irimiqyaslı hidrostansiyanın əleyhdarı qismində çıxış edib. Rəsmi Daşkəndi çəkindirən baş verə biləcək mümkün kataklizmlər idi. Özbəkistan hesab edirdi ki, həm təbii, həm də siyasi kataklizmlər onu susuz qoya bilər. Lakin Özbəkistanda baş verən hakimiyyət dəyişikliyindən sonra bu qorxular arxa plana keçdi. Prezident Şavkat Mirziyoyev regionun bütün dövlətləri ilə mehriban münasibətlər qurmağa müvəffəq oldu.
Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, Tacikistan rəhbərliyi qarşısında duran əsas məsələ Roqunsk Su Elektrik Stansiyasının yerində addımlamadığını və fəaliyyətdə olduğunu nümayiş etdirməkdir. Bu, onun qənaətincə, prinsipial məsələdir. "İnşa üçün pul da yoxdur, maliyyə çətinliyi üzündən birinci turbinin gücü də bir neçə dəfə azaldılıb. Hesab edirəm ki, belə bir nümayişkaranə təqdimat iki ən müxtəlif auditoriya üçün nəzərdə tutulub. Onlardan biri potensial investorlardır. Onlar gözləmə mövqeyində durub proseslərin necə inkişaf edəcəyini gözləyirlər. İkincisi, tacikistanlılar özləridir. Hakimiyyət zaman-zaman varlığını onlara sübut etdirməlidir. Digər ssenarilərə isə Tacikistan hakimiyyət orqanları, sadəcə, malik deyillər. Əslində "Roqunsk mifi” artıq onları da bezdirməlidir”, - deyə rusiyalı ekspert "Nezavisimaya qazeta”ya açıqlamasında bildirib. Ekspert Cuhrab Oymahammadov hesab edir ki, Roqunsk stansiyası tam gücü ilə işlədikdən sonra Tacikistan regionda ən iri elektrik enerjisi ixracatçısına çevriləcək. Onun sözlərinə görə, Tacikistan nəinki elektrik enerjisini qonşu dövlətlərə, o cümlədən Cənubi Asiya dövlətlərinə ixrac edə biləcək. "Bu da ölkəyə əlavə investisiyaların cəlb olunmasına gətirib çıxara bilər” ,- deyə Oymahammadov "Ozodi” radiosuna müsahibəsində bildirib. Ekspert Axmadşo Komilzoda isə hesab edir ki, Roqunsk Su Elektrik Stansiyasının işə düşməsi ilə Tacikistan sakinləri elektrik enerjisinə olan limiti unutmalı olacaqlar. Ölkədə yeni sənaye müəssisələri yaranacaq, on minlərlə insan işlə təmin olunacaq. Tacik ekspert Rustam İslambek Rusiya nəşrlərinə müsahibəsində bildirib ki, 2017-ci ildə Düşənbə İstilik Elektrik Stansiyasının, eləcə də, digər obyektlərin işə düşməsi ilə ölkə onun üçün zəruri olan 16,5 milyard kilovatt saatlıq elektrik enerjisi əldə edə biləcək. "İndi belə sürətlə Roqunsk Su Elektrik Stansiyasını işə salmaq və bundan mili bayram düzəltməyə ehtiyac yoxdur”, - deyə Rustam İslambek bildirib. Yeri gəlmişkən, qeyd edildiyi kimi, ölkə sakinlərini qala-konsert və teatrlaşdırılmış səhnələr gözləyir. Bütün bu mərasimlərə isə prezidentin oğlu, Düşənbənin meri Rustam Rahmon rəhbərlik edir. "Prezident Roqunsk stansiyasının tezliklə işə düşməsinə çalışır. Ona "varis” əməliyyatını tezliklə başa çatdırmaq gərəkdir. Tacikistan Konstitusiyasına edilən dəyişikliklərə görə, Rahmon prezident seçkilərində namizədliyini müddətsiz formada irəli sürə bilər. Nəzərə alaq ki, o, oğlu Rustam Rahmonu prezidentliyə hazırlayır və bu da heç kimə sirr deyil. Lakin bunu üçün ona ətraf dövlətlərin liderlərinin, xüsusən də Rusiyanın dəstəyi gərəkdir. Bu səbəbdən də Roqunsk stansiyasının buraxılış mərasiminə Rusiya prezidenti Vladimir Putinin gəlməsi gözlənilir. Bunun üçün Tacikistan, əhəmiyyətinə görə, Şurab Su Elektrik Stansiyasından sonra ikinci olan Vəhş stansiyasının inşasını ona tapşırmağa hazırdır”, - deyə İslambek bildirib. Onun sözlərinə görə, Rusiyanın Tacikistanda aktivləşməsi (məktəblərin tikintisi üçün pulların ayrılması, Rusiya siyasətçilərinin səfərlərinin artması) onu deməyə əsas verir ki, Rahmon varis məsələsini tez bir zamanda həll etməyə çalışır. Rusiya, ekspertin qənaətincə, əvəzində tacik-əfqan sərhədi üzərində nəzarətin ona verilməsini istəyə bilər. Səbəb də odur ki, tacik tərəfi vəziyyətə nəzarəti ələ ala bilmir. Söhbət bu yaxınlarda Pamirdə yaşanan münaqişədən gedir. "Nezavisimaya qazeta”ya müsahibəsində Adolat Mirzoyev bildirib ki, hakimiyyət orqanlarının Dağ-Bədəxşanda silahın təhvil verilməsi və vəziyyətin nizamlanması üçün verdiyi üç günlük möhlət başa çatıb. Çox böyük ehtimalla, hakimiyyət noyabrın 16-da Pamirdə xüsusi əməliyyatı reallaşdıracaq. "Rahmon göstərməlidir ki, vəziyyətə nəzarət edir və Putin də onun oğlunu, ölkədə vəziyyəti idarə edə biləcək gələcək legitim prezidenti kimi qəbul etməlidir”, - deyə Mirzoyev fikrini tamamlayıb.

Azər

banner

Oxşar Xəbərlər