• cümə, 29 Mart, 19:13
  • Baku Bakı 14°C

Sözü kəlbətinlə alanlar

19.09.17 11:30 1527
Sözü kəlbətinlə alanlar
Valideyn olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz. Bir ailənin ailə olması üçün ən əsas varlıq uşaqdır. Uşaqların inkişafı və düzgün formalaşması naminə valideynlər əllərindən gələni edir. Son dövrlər uşaqların inkişafı ilə bağlı tədris və inkişaf mərkəzləri çoxalıb. Xüsusilə də, azyaşlı uşaqların danışığındakı qüsurun aradan qaldırılması ilə bağlı loqopedik mərkəzlərin sayı artıb. Ümumiyyətlə loqopedin kim olduğunu, bu mərkəzlərə tələbatı, loqopedə hansı halda müraciət etmək lazım gəldiyini, onların hansı mexanizmlə fəaliyyət göstərdiklərini və ən əsası, vədlərinin nə dərəcədə real olduğunu öyrənməyə çalışdıq.
Beləliklə, loqoped kimdir və uşağın loqoped yardımına nə zaman ehtiyacı olduğunu valideyn necə bilməlidir?
Yaşyarımlıq uşaq minimum 30 söz bilməlidir
"Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyir ki, loqoped hər bir uşağa fərdi yanaşmalıdır: "İlk olaraq onu qeyd edim ki, loqopedlər həkim deyillər. Amma bəziləri onları həkim kimi qəbul edir. Onlar Azərbaycan Dövlət Pedaqoji Universitetində, orta ixtisas təhsilli müəssisələrdə loqoped və deffektoloq ixtisası üzrə təhsil alırlar. Loqopedin işi kompleks şəkildə olmalıdır. Hər bir loqoped öz işinə vicdanla yanaşmalıdır. Loqoped danışmayan, nitqində qüsur olan uşaqlarla işləyir. Hər uşağa fərdi yanaşma olmalıdır. Ağıl düşünməsə, ağız danışa bilməz. Ona görə psixoloq, loqoped, deffektoloq kompleks iş görməlidir. Bu cür görülən iş daha effektli olacaqdır. Bəzən valideynlər loqopedin işinə müdaxilə etmək istəyirlər. Və ya onlardan çox bildiklərini düşünürlər. Valideynin əsas işi uşağındakı bu problemi hiss edib mütəxəssisə müraciət etməkdir. Uşağın nitq inkişafı dövrü var. Hər bir valideyn uşağı ilə maraqlanmalıdır. Bəzən bizə elə valideynlər gəlir ki, öz uşağında nə qədər söz bazası olmalıdır - onu bilmir. Məsələn, yaşyarımlıq uşaq minimum 30 söz bilməlidir. Yəni həmin yaşdakı uşaq "nənə, baba, ana, ata” kimi sözləri deməyi bacarmalıdır. Əgər uşaq o sözləri demirsə, artıq mütəxəssisə müraciət olunmalıdır. Uşaq daha çox psixoloq və psixoterapevt müayinəsindən keçməlidir. Erkən müdaxilə hər zaman vacibdir. Vaxtında edilmiş müdaxilə uşağın həmin vəziyyətdən çıxıb, cəmiyyətə adaptasiya olmasına kömək edir. Bəzən elə olur ki, 4 yaşında danışmayan uşaq gətirirlər. Bu, anormal haldır. Valideyn fikir verməlidir. Ola bilər həmin ana psixoloq deyil, ömründə heç kitab oxumayıb. Amma ən azından müşahidə, müqayisə etməyi bacarmalıdır. Ətrafda öz övladı ilə eyni yaşda olanla müqayisə aparmalıdır. Düşünməlidir ki, eyni yaşda olan başqa uşaq danışır, bəs öz övladı niyə hələ də danışmır? Qıraqdan deyilən sözlərə fikir verilməməlidir. Bəzən elə olur ki, deyirlər "uşaqdı, heç nə olmaz, əvvəl-axır danışar”. Amma bu düzgün deyil. 18 ayından sonra mütəxəssisə müraciət edə bilərlər. Loqopedik yaş ən tez Avropada 4, biz də isə 3 yaşından başlayır”.
Erkən müdaxilə də şərtdir
Müsahibimizdən kəkələmə problemi və bu problemin həlli üçün verilən vədlərin nə dərəcədə real olub-olmadığını da soruşduq: "Bu, ədəbiyyatda epilepsiyanın kiçik bir növüdür. Burada mütləq uşağın genetik faktorları araşdırılmalıdır. Epilepsiyanın oyanıqlığı öyrənilməlidir. Nevroloji baxımdan müayinə edilməlidir. Yəni işə kompleks şəkildə baxılmalıdır. Mütləq şəkildə bu üçlü müdaxilə olmalıdır. Elələri var, uşağı ancaq loqoped yanına aparır. Amma bu düzgün deyil. Uşağı həm psixoloq, həm də nervpatoloq müayinə etdikdən sonra diaqnoz qoyulmalıdır. Psixoloq uşağın qorxusu, həyəcanı ilə işləyir, loqoped dili ilə, nervpatoloq isə başda olan hər hansı bir patologiyanı müalicə edir. Bu işin keyfiyyətli olması üçün erkən müdaxilə də şərtdir. 7 yaşına qədər erkən müdaxilə oluna bilər. 12 yaşdan sonra olan müdaxilə az da olsa kəkələmə izi buraxır. Verilən vədlər isə real deyil. 14 gün deyirlər, amma 14 olur 20, 20 olur 30 və beləcə iş uzanır. Bu, qeyri-peşəkarlığın göstəricisidir. Ağıllı adam belə deyimlərə inanmaz. Hər xəstəliyin öz müalicə müddəti var”.
N.Rüstəmova, həmçinin bildirir ki, müalicə müddəti bitdikdən sonra yenidən nitqdə hansısa bir problem yaranmaması üçün kompleks müalicələr bitdikdən sonra mütləq möhkəmləndirmə dövrü keçilməlidir: "Biz öz xəstələrimizlə ödənişsiz görüşlər keçiririk. Onları nəzarətdə saxlayırıq ki, geri dönüş olmasın. Ən azı, bir neçə ay onları nəzarətdə saxlamaq vacibdir”.
Bəzi samit səslərdə problem olduğunu hiss etdim
Mövzu ilə bağlı uşağı loqoped müayinəsindən keçən valideyn Esmira Rövşənovanın da fikirlərini öyrəndik.
- Necə hiss etdiniz ki, uşağınızın loqopedə ehtiyacı var?
- Uşaqla ünsiyyətdə olarkən, danışan zaman sözlərini aydın başa düşmürdük. İlk olaraq özüm test etdim. Hərfləri bir-bir ona dedim və təkrar etməyini istədim. Və bu zaman bəzi samit səslərdə problem olduğunu gördüm. Ondan sonra pediatrla əlaqə saxladım. O, bunun 3 yaş yarımına qədər normal olduğunu, həmin yaşdan sonra bu hal davam edərsə, loqopedə müraciət edə biləcəyimi dedi. Hətta loqopeddən öncə uşağın ağız-damaq quruluşunda bir problem olub-olmadığını dəqiqləşdirmək üçün uşaq cərrahına da müraciət etdim. Çünki kor-koranə şəkildə loqoped yanına getməyi düzgün hesab etmirəm. İndi bu cür mərkəzlər çoxdur, amma məni qane edən "Narınc” Uşaq Psixologiya Mərkəzi oldu. Və nəticədən də çox razıyam.
Niyə gələcəkdə nəyəsə görə problem yaşasın?
Esmira xanımdan ödədiyi pul görülən işə dəyib-dəymədiyini soruşduq: "Müasir reallığı, insanların maddi vəziyyətini, maaşları nəzərə alsaq, deyə bilərəm ki, bahadır. Orta və aşağı büdcəli bir ailə üçün qiymətlər çox yüksəkdir. Çünki tək loqopedə yox, paralel şəkildə psixoloqa da pul ödənilir. Yəni ki, bu proses elə də ucuz başa gəlmir. Amma uşağın gələcəyini nəzərə alaraq deyə bilərəm ki, hər nə olursa-olsun, bu ödənilməlidir. Mənim qızımda 15 samitin tələffüzündə problem var idi. Tələffüz edərkən nə dediyini anlamaq olmurdu. Düzdü, deyilən müddətdən artıq çəkdi. Amma son nəticədə hazırkı durum yaxşıdır. Verdiyim pulun qarşılığında görülən işdən razıyam”.
Uşaqlara münasibətdə valideynlərin gözüaçıq olmasının vacibliyini vurğulayan E.Rövşənova bu işdə anaların rolunun böyük olduğunu vurğulayır: "Uşağın inkişafında və formalaşmasında ananın rolu böyükdür. Təhsilli, savadlı ana uşaqda olan qüsuru zamanında görə bilir. Məsələn, mənə çox deyirdilər ki, uşaqdır, düzələr, keçib gedəcək. Amma mən valideyn olaraq düşündüm ki, bu keçməyə də bilər. Xüsusilə də qız uşağıdır. Niyə gələcəkdə nəyəsə görə problem yaşasın? Ona görə çalışdım ki, problemi tez həll edim”.
Həm uşaqdan-uşağa, həm də problemdən-problemə fərq var
Yazını hazırlayarkən bir neçə loqopedik mərkəzlə əlaqə saxladıq. Hazırda bu mərkəzlərə nə qədər tələbatın olduğunu, hansı mexanizmlə işlədiklərini, vədlərinin nə dərəcədə real olduğunu xəbər aldıq.
"Uğur Yolu” inkişaf və reabilitasiya mərkəzindən verilən məlumata görə, onların vasitəsilə artıq 300-dən çox uşaq sağlamlığına qovuşub: "Bizim mərkəzimiz artıq 4 ildir ki, fəaliyyət göstərir. 2016-cı ilə qədər "Addım” loqopedik-psixologiya mərkəzi adlanırdı. Həmin ildən adını dəyişdi. Mərkəzimizdə loqoped-deffektoloq, psixoloq, psixo-pedaqoq, massajist, refleksoloq, dietoloq və digər mütəxəssislər və müəllimlər fəaliyyət göstərir. Sindromlu uşaqlarımız reabilitasiyadan faydalanırlar. Artıq 300-dən çox uşaq öz sağlamlığına qovuşub və 50-dən yuxarı uşaq hal-hazırda reabilitasiya və müalicə alır. Bizim mütəxəssislərin təxminən 70 faizi xaricdə təhsil alıb, bir çox seminarlarda və təlimlərdə iştirak ediblər”.
"Buggy-Bug” tədris və inkişaf mərkəzindənbildirdilər ki, son illər loqopedə olan tələbat çox artıb: "Biz sırf loqopedik mərkəz deyilik, amma mərkəzimizdə loqoped də fəaliyyət göstərir. Və deyərdim ki, həddən artıq çox tələbat var. Əvvəllər valideynlər belə şeylərə çox da fikir vermirdilər. Amma son dövrlər xırda bir problem olduqda belə müraciət edirlər. Mütəxəssislərimiz də kifayət qədər təcrübəlidirlər. Həm Azərbaycan, həm də rus dilində fəaliyyət göstərirlər. Uşaqların sayı ilə bağlı hələ ki konkret rəqəm deyə bilmərik, çünki tədris ili hələ yeni başlayıb. Müraciətlər birazdan olacaq. Bizim mərkəzdə əvvəlcədən zəmanət verilmir. Yalnız ilk seansdan sonra loqopedimiz təxmini nə isə deyə bilir. Çünki həm uşaqdan-uşağa, həm də problemdən-problemə çox fərq var. Eyni problem bir uşaqda bir aya, digərində bir neçə aya düzələ bilər. Müraciətlər xüsusən müəyyən hərflərin deyilə bilməməyi ilə bağlı olur”.
Günel Azadə
banner

Oxşar Xəbərlər