AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Söz mülkünün Şəhriyarı haqqında poema

Söz mülkünün Şəhriyarı haqqında poema

Mədəniyyət
15 Avqust 2020, 10:00 392
Onu tanıyandan Xaqanini nə qədər çox sevdiyini yaxşı bilirdim. Xaqanidən birnəfəsə dediyi şeirlər, bəhs etdiyi mətləblər bu sevginin həm də bir dirçəyə dayandığını göstərirdi. Axı Xaqani, doğrudan da, təkcə Azərbaycanın deyil, ümumən, Şərqin ən qüdrətli və böyük dühalarından biri idi: o, qəsidə ustadı idi, ilk poema müəllifi idi, intibah dövrünün simalarından idi, üsyankar və mübariz şair idi və s. Onu ədəbiyyatın, şeir və sənətin Günəşi, Xaqanı deyə öyənlər də haqlı idilər. Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi Asim Yadigar da məhz bu və digər səbəblərdən qüdrətli söz ustadına məhəbbət bəsləyirdi və onun həyatını, obrazını canlandıracaq bir poema üzərində də işlədiyini bilirdim. Uzun illərdən sonra – 2010-cu ilin yanvar ayından başlayaraq üzərində yorulmadan işlədiyi haqqında bəhs olunan "Xaqani” poemasını tamamlayaraq geniş oxucu kütləsinin ixtiyarına verdi. 

Ümumiyyətlə, istedadlı şair Asim Yadigarın müxtəlif mövzulara həsr edilən "Qisas qiyamətə qalmaz”, "Əgrək və Səgrək”, "Sarı gəlinlər”, "Tacmahal”, "Bir gecənin ağrısı”, "Kalba Musa çeşməsi”, "Talesizlər”, "Kədərə heykəl”, "Mənə söz verin”, "Bahar”, "Oğul dağı”, "İpar Sultan” kimi poemaları var. Bu poemalar Naxçıvan ədəbi mühitində poema janrının zənginləşməsi və inkişafı istiqamətində uğurlu addımlardan hesab olunur. Adıgedən "Xaqani” poemasını da 2019-cu ildə tamamlayıb müəllif. 2020-ci ildə Naxçıvanın "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilib. 

Proloq, on üç fəsil və epiloqdan ibarətdir əsər. Poemanın hər bir bölməsi, hissəsi böyük ustad Xaqaninin sözlərindən epiqrafla başlayır. Əsərin proloq hissəsində böyük Azərbaycan şairi, "şeriyyətin bayraqdarı”, qəsidə ustadı, söz dühası Xaqaninin ictimai məzmun və humanist səciyyə verilmiş misralarından axan kədər, təəssüf hissləri dərhal diqqəti cəlb edir:

Sözümdən qəm süzülür ağlayan kamanımdır,
Özüm də bir kamanam, sızlayan zamanımdır.
Pənbə-pənbə ucalan o ağ buludlar ki var,
Göy üzünü bürüyən ahımdı, amanımdır...

Müəllif bu sözlərlə Xaqanini bir üsyankar şair kimi dövrünün, zamanının kədər və qayğı aynası olduğunu ümumiləşdirmişdir. Bu həm də bir şairlə dövranının cəngi-cadalı (Nizami Cəfərov demiş), ziddiyyəti, qarşıdurması kimi də maraq oyadır, oxucunun əsərə nüfuzuna zəmin hazırlayan və ilk təəssürat oyadan "bir stilistik manera” (N.Cəfərov) rolunu oynayır. Çünki bu böyük ustad öz yaradıcılığında dövranının ictimai-siyasi məzmununu əks etdirməyə qabil olan ilk şeir-sənət dahisi idi. "Nizamiyə qədər ədəbiyyata güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq gətirmişdir” (X.Yusifli). O təkcə dövrün problemlərini əks etdirmir, həm də bu zülmə boyun əyməyən əzm, iradə və zehniyyət nümunəsi olaraq misraları ilə döyüşür, üsyan qaldırırdı. Müəllif Asim Yadigar da proloqun sonuna doğru özünü Xaqani irsinin davamçısı olması ilə qürur duyduğunu ifadə edir, sanki ənənəvi poema janrının tələbi kimi əsərinin yazılma səbəbini göstərir. 

Birinci fəsildən başlayaraq on üçüncü fəslə qədər əsər Xaqaninin şəxsiyyəti, istedadı, şairlik qüdrəti, yaşantıları, ömür yolu, tale və qisməti və b. bütövlüklə özündə əhatə etməyə çalışır. İstedadlı şairin doğuluşundan başlamış əmisi Kafiəddin Ömərin onu tərbiyəsi, verdiyi təhsil, şairin Əbül Üla ilə tanışlığı və ona şagirdlik etməsi, Şirvanşahlar sarayına düşməsi, istedadının parlaması, sarayda qarşılaşdığı problemlər, Şirvanşah Mənuçöhr və oğlu Axsitanın şairə olan münasibəti, gördüyü mükafatlar və acılar, həbslərdəki əhvalı, yaşam çırpıntıları, qayğıları, hamısı ümumiləşdirilməyə çalışılmış və şairin çox canlı bir obrazı yaradılmışdır. 

Doğrudur, əsərdə oxucunun əvvəlcədən haqqında müəyyən təəssüratı yaranmış söz ustadı Xaqaninin bir xarakter, qüdrətli söz ustadı kimi həyatı və taleyinin təfərrüatları əks olunmayıb. Əlbəttə, bu, müəllif Asim Yadigarın qəlbən sevdiyi, ürəkdən bağlandığı bir şairin şəxsi təxəyyülünün işığında canlandırdığı obrazının yaradılması ilə əlaqədardır. Poemanın canlandırdığı Xaqani böyük söz kəhkəşanında Günəş kimi parlayan, ildırım kimi çaxan, tufan olub dünya ilə, dövran ilə, gedişat ilə cəngi-cədələ çıxan bir söz dühasını, xarakteri, obrazı əks etdirir. Oxucu poemada zülmlə mübarizəyə qalxmış nəhəng bir söz adamının həyatı və taleyi ilə tanış olur. Bu taleyin işığında konkret bir dövr, ictimai-siyasi mühit, ədəbi inkişaf, mədəni vəziyyət təzahürünü tapıb. Xaqaninin söz dühası və nəhəngliyini daha qabarıq təqdim etmək, onun mübarizliyi və qətiyyətini göstərmək üçün müəllif Xaqani kimi söz sənətkarını əzməyə çalışan, onu tez-tez cəzalandıran, ona kədər, acı verən, zülm edən saray mühitini təqdim edir. Buna görə də üçüncü fəsildən başlayaraq zalım və ədalətsiz saray mühiti ilə Xaqaninin qətiyyətli mübarizəsi öz əksini tapır. Xaqani Şirvanşah Mənuçöhrdən, onun oğlu Axsitandan gördüyü zülmü sakitcə qarşılamır, əksinə, bir şairin göstərə biləcəyi və aparacağı mübarizə forması ilə tam qətiyyət və mübarizə nümunəsi ortaya qoyur. Buna görə də əsər boyu oxucu zülmə və zalıma qarşı od püskürən, qəzəb yağdıran üsyankar şair ruhunu – zülmə boyun əymək istəməyən Xaqanini görə bilir. İctimai düşüncə və ədəbiyyat tarixində daha çox ictimai məzmunlu əsərləri, üsyankar ruhu və qətiyyətli mübarizəsi ilə sevilən və yadda qalan Xaqani Şirvanini poemada görmək mümkün olur. O öz qətiyyətli mübarizəsi və üsyankar təbilə "Yer Allahlarına” qarşı etirazını bildirir, onların həddi bilinməyən zülmünə və özbaşınalığına üsyan edir. 

Müəllif A.Yadigar Nizami Gəncəvinin "Leyli və Məcnun” poemasından 16 misranı da orijinaldan daxil etmişdir. Bu misralarda da Nizaminin saraylara olan nifrəti və şairlik üçün azadə fəaliyyət amalı diqqət kəsb etmişdir. Bu misraların ardınca söz ustadı Xaqaninin vaxtilə Xaqana mənsub olması ilə öyünərək hökmdarlara mədhiyyələr yazmasının peşmanlığına aid dərin təəssüf və xəcalətlik duyğuları etiraf edilib:

Mən ibrət güzgüsüyəm yüz-yüz şairə bu gün,
Xəcalətli qalmışam yazdığım sözlər üçün və s.

Müəllif Asim Yadigar əsərdə çox sevdiyi və hörmət duyduğu Xaqani Şirvanini idealizə etmir, bəlkə də daha çox ictimai-ədəbi düşüncədə onun haqqındakı mövcud ziddiyyətli düşüncənin məzmunundan irəli gələrək onu bir şəxsiyyət olaraq izah etməyə, bütün ziddiyyətləri ilə ortaya qoymağa, yanlışı-doğrusu ilə və əlbəttə, yalnışlarını səbəblərilə təqdim etməyə çalışır. Müəllif müəyyən məqamda Xaqaninin sonralar nifrət və qəzəb duyduğu saraylara mədhiyyəçilik etməsini onun gənclik ehtirası və şöhrət həvəsilə bağlayırsa, əslində zalım olanın müəyyən vaxt mərhəmətli olduğuna inanması ilə əlaqələndirirsə, sonralar şairin bu mədhiyyəçiliyinin zülmə, zalıma tabe olması, boyun əyməsilə əlaqələndirərək şair haqqında gerçək, inandırıcı bir obraz, təəssürat  yaratmaq istəyir. "Zəmanə mum eylədi, əydi çox üsyankarı”,  "Əyilməyən poladı sındırırlar bir anda, Gör nə qədər dik başlar əyildi bu zamanada” kimi misralar, ümumiyyətlə, Zaman və Şəxsiyyət, Şair və İctimai mühit  problemini daha çox qabardır. Bu cəhətdən hər iki obyekti tənqid zamanı qarşılıqlı münasibətlərə, real vəziyyətə nəzər salmanın vacibliyini ehtiva etmiş olur. Bu misralar həm də hər cür ziddiyyətli, mürəkkəb, hətta qəddar ictimai şəraitə və onunla münasibətdə olan insana – şəxsiyyətə obyektiv nəzər salmağı təlqin edir. Poemanın bu tərzi bizi təkcə Xaqani ilə zamanını deyil, ümumilləşdirmə sayəsində Vaqifi və Zamanını, Hüseyn Cavid və Zamanını, Səməd Vurğun və Zamanını və b. kimi oppozisiyalar daxilində aydın qavrayışa, düzgün ədəbi-ictimai təhlilə dəvət etmiş olur. Bu oppozisiyalar daxilində oxucunu dövrü qəddar və amansız olan bir şəraitdə şairinə obyektiv baxmağa dəvət etdiyi kimi, şairi yaltaq, qorxaq və mədhiyyəçi olan dövrə də doğru yanaşmağı təlqin etmiş olur. Bu baxımdan müəllif hər cür çalışır ki, Xaqani haqqında oxucuda obyektiv, aydın, qərəzsiz təəssürat yaranmış olsun: oxucu dövrü, zamanı da, onun şairini, şəxsiyyətini də qarşılıqlı münasibətdə necə varsa, o cür qavraya bilsin. Bu mənada poemada ustad Xaqaninin "İstəmirəm adımı çağırsınlar Xaqani, Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani” misrası da özünəməxsus dəyişimlə istifadə edilmişdir:

Deyirəm daha məni çağırmayın Xaqani,
Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani!

Poemada taleyin Xaqaniyə qarşı acımasızlıqları da unudulmayıb. Giley-güzar, şikayət və kədər dolu şeirlərinin təsiri ilə müəllif şair Xaqaninin övladlarının (oğlu və qızının) itkisindən doğan sonsuz ata kədərini də bütün poetik qüvvətilə əks etdirib. Əsərdə müəllif xüsusi bədii zərurətlə Xaqani Şirvaninin dövrünün gənc və istedadlı şairi Nizami Gəncəvi və aralarında eşq münasibətləri yaşanmış Xaqanın bacısı İsmətəddinlə görüşlərini ayrıca fəsillər daxilində təqdim etmişdir. 

Poemanın epiloqu da maraq doğurur. Məşhur "Şairlər qəbiristanlığı”ndan (Məqbərətüş-şüəaradan) bəhs edən, burada onlarla Azərbaycanın söz dühasının uyuduğunu bildirən poema müəllifi vaxtilə "söz mülkünün şəhriyarı” kimi böyük şöhrət qazanmış Xaqani Şirvaninin də məzarının burada olduğunu və bu müqəddəs məkanda uyuduğunu özünəməxsus poetik həssaslıqla ifadə edir. "O, sözünün önündə diz çökdürdü zamanı, Sözüylə Günəş kimi gəzdi bütün cahanı. ...Şeirləri Günəştək dünya gəzir, dolanır, Cahan onun sözünün işığına boyanır”, – deyə yazan Asim Yadigar bu kimi misraları ilə bir tərəfdən ədəbiyyat tarixində Xaqaninin qazandığı hörmət və etibardan bəhs edir, eyni zamanda özünün Xaqani kimi ustad bir şairə olan sonsuz məhəbbət və ehtiramını ifadə etmiş olur. 

Ümumiyyətlə, poema xaqanişünaslıq üçün xüsusi əhəmiyyəti olan bir əsər olaraq dəyərləndirilə bilər. Xaqani haqqında geniş təfərrüata yol vermədən onun sənətinin əsl məziyyəti və qüdrətini poetik ifadəyə çevirən şair Asim Yadigar sözü və şəxsiyyətilə zülm və istibdad dolu geniş ictimai qüvvələrə, hakimlərə və hakimiyyətə qarşı üsyankar etirazı və mübarizə ruhu əxz edən qəzəbilə döyüş açan mərdanə bir şairin obrazını yaratmışdır. Bu davranış nə qədər həyatı saray adamlarına mədhiyyələr yazmaqla keçən bir şairin gerçək həyatına, tərcümeyi-halına uyğun olmasa da, yanlışlarına nifrin və qəzəb yağdırıb özünü arındıran, əsərlərinin bir çoxunu ictimai eybəcərliklərə, zülmə, şərə qarşı mübarizə və üsyana həsr edən qüvvətli şairin əsl, yaddaqalan simasını ortaya qoymuşdur. Məhz bu Xaqani Xəlqanilik ruhunu özündə ehtiva edən, şairlik vəzifəsini ləyaqətlə təmsil və əks etdirən bir şəxsiyyət, söz ustadı, xalqın sevdiyi şəxs olaraq təzahür tapır. Müəllif o Xaqaninin obrazını yaradır ki, sözü hələ XII əsrdə hər cür zülm və istibdada qarşı, azadlıq əleyhdarlarına qarşı ildırım kimi çaxır, tufan kimi tozanaq qoparır, zülmü, sitəmi, məhrumiyyət və məhkumiyyəti ortadan qaldırmağa cəhd edirdi. 

Çox oxunaqlılıq və maraq kəsb edən əsər XIII fəsil və Epiloqla bitirsə də, oxucunun qəlbində tamamlanmayan bir əsər təəssüratı yaradır. Əsər elə bir istedad və təblə, böyük həvəs və cuşla yaradılıb ki, oxucu əsərin nə zaman bitdiyinə təəccüb qalır və bu şirin, oxunaqlı əsərdən ayrılmaq istəmir. Ümumiyyətlə, ədəbi fikirdə özünə layiqli yer tutacaq bu poemaya müəllifin yenidən qayıtmaq və onu zənginləşdirmək ehtiyacını oxucuların maraq dairəsi və müraciətləri zərurət yaradacaqdır. Əsər həm də böyük bir insanın obrazını yaratmaq baxımından da bütün dövrlər üçün özünə əhəmiyyət qazanmaqla böyük maraq və diqqət oyandırır. Poemanın Azərbaycan ədəbiyyatı tarixində Xaqaniyə həsr olunan əsərlər arasında qəti və xüsusi bir yerə malik olduğunu da məmnuniyyətlə deyə bilərik. Bu əsər bütün oxucu kütləsinin maraq dairəsinə uyğun yazılmışdır. Əsərə rəy yazan akademik Nizami Cəfərovun da bu sözlərini həm əsər, həm də müəllif haqqında ən yaxşı təhlil, şəffaf və obyektiv münasibət olaraq qiymətləndirmək olar ki: "...bu günə qədər xaqanişünaslıq böyük şair-mütəfəkkiri Azərbaycan mədəni-ictimai təfəkküründən nə qədər mümkündürsə, o qədər uzaqlaşdırmaq baxımından əlindən gələni əsirgəməmişdir. Asim Yadigarın neçə illər üzərində işlədiyi "Xaqani” poemasının ilk fəsillərini oxuyanda, sözün açığı, məndə belə bir təsəvvür yarandı ki, həmin "uzaqlaşdırma” prosesi məlum inersiya ilə davam edir: nə "Proloq”, nə birinci, nə ikinci, nə də üçüncü fəsil məni açmadı... Niyə? Ona görə ki, müəllifin ...misraları nə qədər axıcı olsa da, belə bir sual doğururdu ki, Xaqaninin dünya (və zaman) ilə bu cür cəngi-cidalının bir səbəbi olmalı idi, ya yox?... Dördüncü fəsildən etibarən Xaqani tarixdən bizə məlum olan xarakteri, şəxsiyyəti (və başlıcası, poema müəllifinin zəruri ideya-estetik interpratasiyası) ilə görünməyə başlayır. Və bu, o qədər effektli görüntüdür ki, hətta belə bir təsəvvür yaranır ki, ilk fəsillərdəki ümumi mülahizələr hadisələrin sonrakı dramatizmi üçün hardasa uğurlu üslubi hazırlıq, stilistik üslubi manera imiş. Və bundan sonra elə bil orta əsrlərə məxsus kamil bir mənzum xalq romanını dinləyirsən...” (Cəfərov N. Asim Yadigarın "Xaqani” dastanı. // A.Yadigar. Xaqani (poema). Naxçıvan: Əcəmi NPB, 2020, 108 s., s. 3-5.) Əsərin digər rəyçisi olan Əməkdar elm xadimi, professor Hüseyn Həşimli də əsəri belə səciyyələndirir: "...istedadlı şairimiz Asim Yadigarın "Xaqani” poeması ustad sənətkarımızın taleyi, şəxsiyyəti, ömür yolu, mübarizələri barədə dolğun təsəvvür yaradan, onu oxucuların daha yaxından tanımasına kömək göstərən, "kimdir Xaqani?” sualına poeziyanın dili ilə cavab verən dəyərli, dolğun bir əsərdir” (Həşimli H. Böyük ustadın adına layiq // A.Yadigar. Xaqani (poema). Naxçıvan: Əcəmi NPB, 2020, 108 s., s. 25.) 

Beləliklə, poema Xaqani kimi söz ustadına həsr olunmuş bədii əsərlər arasında bütün ədəbi-bədii məziyyətlərinə görə ləyaqətlə təmsil olunur. Bu lirik-epik poemanın geniş oxucu kütləsinin zövqünü oxşayacağına, maraq dairəsini yaxşı mənada istila edəcəyinə tam əminlik ifadə edə bilərik.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent