Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? - ARAŞDIRMA
Plastik və
ya dəmir qablardakı içkilərin daşınması prosesində iştirak edən personal, həmçinin
bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında
saxlanılmasından heç bir zərər gəlməz
Yayın
bürküsündə susuzluğumuzu yatırmaq üçün sərin içkilərə ehtiyac duyuruq. Zövqdən,
seçimdən asılı olaraq marketlərdən qazlı və ya qazsız sular, müxtəlif şirələr
alıb içirik. Həmin an bu qida məhsullarının istehlakçıya çatdırılana qədər
harada və necə, hansı şəraitdə saxlanılması çoxumuzu maraqlandırmır.
Mədə-bağırsaqda fəsadlar, maya göbələkləri
Fərqinə varmırıq ki, bəzi marketlər yer
darısqallığından bu məhsulları tələb olunan şəraitdə deyil, küçədə, avtomobil
yolunun kənarında, toz-torpağın içində, günəşin yandırıcı şüaları altına
saxlayır, sonradan soyuduculara, içəridəki piştaxtalara yığırlar. Bu isə
yolverilməzdir. Çünki spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanılmalıdır.
Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə,
şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər.
Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin
istifadəsi olduqca təhlükəlidir. Ekspertlərin qənaətinə görə, təbii meyvə-giləmeyvə
ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici,
digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən
artıq saxlanıldığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə
səbəb ola, mədə-bağırsaq sistemində fəsadlar və maya göbələkləri yarada bilər.
Keyfiyyət və təhlükəsizlik standartları
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)
Keyfiyyətə nəzarət departamentinin aparıcı mütəxəssisi Emin Əfəndibəyli mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
bildirib ki, günəş işığı qida məhsulunun keyfiyyət və təhlükəsizlik göstəricilərinə
mənfi təsir edir. Onun sözlərinə görə, günəş şüalarının yaratdığı istilik və
işıq vitaminlər, minerallar və bəzi turşular kimi, maddələrin kimyəvi
deformasiyası zamanı "katalizator” rolunu oynayır: "Hətta bəzi hallarda günəş
şüası irradiasiyaya da səbəb ola bilər. Lakin bu, nəzərə alınmayacaq qədər çox
kiçik ehtimaldır. Qablaşdırılmış içkilər ən yüksək keyfiyyət və təhlükəsizlik
göstəricilərinə məhz "qablaşdırıldığı zaman” malik olur. Daha sonrakı daşıma,
paylama kimi proseslərdə bu məhsullar ətraf mühitin təsirinə məruz qala bilər.
Günəş şüaları da bu təsirlərdən biridir. Günəş şüaları təsirinə məruz qalmış
içkilərdə ən çox "rəng solğunlaşması”, "dad dəyişməsi” müşahidə oluna bilər.
Bir başqa məsələ də etiketlərdir. Əgər rəng solğunlaşması etiketdə də müşahidə
olunursa, bu da məhsulun günəş işığına məruz qaldığına işarə ola bilər. Əgər hər
hansı məhsulun dadında "ənənəvi” dadından fərqlilik və ya rəngində fərqlilik
müşahidə olunarsa, istehlakçılara tövsiyə olunur ki, bu məhsulların
istehlakından imtina etsinlər”.
"İSO 22000” qida təhlükəsizliyi
İstehsal meneceri Sayat Quliyeva bizimlə söhbətində vurğulayıb ki, Avropa ölkələrində
olduğu kimi, Azərbaycanda da qida məhsullarının istehsalı və istehlakı üzrə
beynəlxalq standartlar tətbiq edilir. Onun fikrincə, bunlardan ən vacibi "İSO
22000” qida təhlükəsizliyi standartıdır: "Qida məhsullarının istehsalından, yəni
istehsal xəttindən istehlakçının süfrəsinə qədər olan prosesin tənzimlənməsi bu
standartda öz əksini tapır. Məhsulların daşınması və saxlanması da bu prosesin
bir hissəsidir. Təəssüf ki, bəzi kiçik və orta qida satışı məntəqələri, eləcə də
ictimai iaşə obyektləri bu prosesin tamlığına xələl gətirirlər. Xüsusilə də,
plastik və ya dəmir qablardakı içkilərin daşınma prosesində iştirak edən
personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş
şüaları altında saxlanılmasından heç bir zərər gəlməz. Lakin bu, belə deyil, hər
bir məhsulun istehsalı, saxlanması, daşınması və istehlakı zamanı standartlar,
tələb olunan qaydalar var. Onlara ciddi əməl olunmalıdır”.
Zərərli maddələrlə çirklənmiş içkilər
Menecer bildirib ki, qablaşdırmasından asılı
olmayaraq, günəşin zərərli şüalarının təsiri və yüksək temperatur şəraitində
içkilərin fiziki-kimyəvi, eləcə də orqanaleptik göstəriciləri dəyişir, xarici
görünüşündə deformasiyalar yaranır: "Nəticədə istehlakçının zəhərlənməsi kimi fəsadlar
ortaya çıxır. Adətən rəngli içkiləri şüalardan, qazlı və qazsız suya nisbətən
daha çox qoruyurlar. Lakin unutmamalıyıq ki, qazlı, yaxud qazsız olmasından
asılı olmayaraq, suların qablaşması materialları şüanın və temperaturun təsirinə
məruz qalır. Həmin materiallarda dəyişiklik baş verir. Bu dəyişiklik zamanı əmələ
gələn və ayrılan maddələr isə məhsulun tərkibinə qarışır. Nəticədə insan zərərli
maddələrlə çirklənmiş içkini qəbul edir. Bu zaman istehlakçının zəhərlənməsi, hətta
gec müdaxilə edilərsə, ölməsi də baş verə bilər”.
Qanunsuzluğa yol verənə tətbiq edilən cəza
S.Quliyeva söyləyib ki, qeyd olunan uyğunsuzluqlar
"Yeyinti məhsulları haqqında” Qanunla tənzimlənir: "Qanunla vətəndaşa –
istehlakçıya zərər verən subyekt müvafiq zərəri ödəməyə borcludur. Bu kimi
hallarda vurulan zərərin miqyasına uyğun maliyyə cəzası tətbiq edilir. Yaxud
qanunsuzluğa yol verən obyektin standartlara uyğun şəraitlə təmin olunana qədər
bağlanması mümkündür. Daha ağır hallar, yəni ölüm hadisəsi baş verərsə,
qanunsuzluğa yol vermiş obyekt sahibi həbs oluna bilər. Bu sahədə qanun
pozuntusunun araşdırılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi və digər səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir. Yaxşı
olar ki, istehsalçı, logistik xidmətlər üzrə firmalar, qida satışı məntəqələri,
iaşə obyektləri bu uyğunsuzluqların olmaması, insan sağlamlığının qorunması
üçün üzərlərinə düşən işləri vaxtında və tam icra etsinlər”.
Rufik İSMAYILOV