“Susmağım haqsız olduğuma dəlalət etmir” - Fotolar
Son ayın ən çox danışılan mövzularından biri də
Elməddin Cəfərovun Türkiyədə çəkilən və türk dünyasının məşhur simalarının da
rol aldığı "Çat Kapı Aşk” filmindəki Nəriman obrazı oldu. Öncə Bakıda, daha
sonra Türkiyədə qala gecəsi keçirilən filmdə Elməddin Cəfərovu baş prodüser
kimi görməyi arzulasaq da, onu aktyor kimi gördük. Bir çox serialların baş
prodüseri olan müsahibimiz deyir ki, Türkiyədə bir film çəkmək üçün onların
kino bazarına yaxından bələd olmaq və orada uzun müddət fəaliyyət göstərmək
lazımdır. O isə vətəndən kənarda 3 gündən artıq yaşaya bilmir...
- Elməddin bəy,
Türkiyədə kino industriyasının bu qədər çox inkişaf etdiyi bir məqamda o aləmə
necə daxil oldunuz?
- Türkiyədən bir neçə dəfə film təklifi alsam da,
heç zaman qəbul etmirdim. Çünki edilən təkliflərə görə uzun müddət orada
qalmalı olacaqdım. Başqa ölkəyə alışa bilmirəm, sanki orada havam çatmır. Türkiyədə
çəkilişdə də olduğum müddətdə film təklifləri alsam da, məhz bu səbəbdən
razılaşmadım. İndi bir şərtim var - əgər
mənim türk filmlərində çəkilməyimi istəyirlərsə, çəkilişlər Bakıda olmalıdır.
- Serialda mühafizəçi,
"qapıçı” Nəriman obrazına necə razılıq verdiniz?
- Nəriman qapıçı olsa da, əslində bir milyonçudur. Sevdiyi
qız üçün gedib bir binanın nəzarət işlərinə baxır. Filmin əvvəlində kasıb olduğu
görünsə də, sonradan bilinir ki, o, imkanlı bir şəxsdir. Əvvəl film 4 saatlıq çəkilmişdi,
sonra onu kəsib 92 dəqiqə etdilər. Orda mənim çəkildiyim bir neçə hissələr də kəsildi.
O ki qaldı sualınıza, belə bir layihəyə təklif alanda, onlara bir az normal rəqəm
dedim. Əvvəl işə prodüser kimi yanaşdım, onların kino sahəsində real aktyor
qiymətlərini araşdırdım və uyğun bir rəqəm dedim. Bütün obrazların içərisində
ən varlısı Nərimandır. Orda bəzi səhnələr var idi ki, Türkiyədə əsas
qəhrəmanların keçə bilmədiyi, icazəsi olmadığı ərazilərə Nərimanın icazəsi ilə
buraxılırdılar. Bu da mənə xoş oldu və filmdə çəkilməyə razılıq verdim.
- 5 il bundan qabaq
biz "Bacanaqlar” serialının çəkilişindən reportaj edərkən demişdiniz ki, türk televiziyalarından
biri bu serialı müəyyən məbləğ müqabilində istəsə də, siz daha böyük məbləğ tələb
etdiyiniz üçün məsələ baş tutmayıb. Yəqin ki, bu sizə bir dərs olub.
- (Gülürük) Əvvəllər elə naşı hərəkətlərim olub. Xarici
kino prodüserləri tərəfindən hər hansı bir təklif alanda, onlara fantastik rəqəmlər
deyirdim. Sonra araşdırdım ki, onlar bizim bazara girəndə, buradakı qiymətlərlə
maraqlanırlar. Onlarda prodüser işi çox inkişaf edib. "Çat Kapı Aşk” filmində
Nəriman obrazına təklif alanda isə, ssenariyə baxdım, ideya ilə tanış oldum. Mənim
üçün ən vacib məqam bizə xələl gətirməyən bir obrazın olması idi.
- Amma elə təəssürat
yaranır ki, Elməddin Cəfərov Azərbaycan hüdudlarına sığmır və Türkiyədə film çəkir.
- Əslində təkliflər var. Xaricdə böyük bir şirkətlə
danışıqlar gedir. Mənimlə müqavilə bağlayıb, xarici filmlərə aktyor kimi dəvət etmək
istəyirlər. Mənim özümün də şərtlərim var – qısa müddətlidirsə, olar. Uzağı, 10
günlük çəkilişlərə gedə bilərəm. Mənim elə bir şəraitim də yoxdur ki, uşaqları məktəbdən
çıxarıb hansısa ölkəyə köçüm. Onların təhsilini yarımçıq qoymaq istəmirəm. Təbii
ki, yerdəyişmə uşaqların təhsilinə ziyan edir. Ruhsal olaraq da xaricdə çox darıxıram.
Bəlkə də bu mənim uşaq vaxtı yaşadığım bir travmadan qaynaqlanır. 1988-ci ildə Göyçə
mahalı əlimizdən alınanda məcburi şəkildə Bakıya gəldik. Bir dəfə yerimizi dəyişmişik
deyə, ikinci dəfə dəyişmək istəmirəm.
- Türkiyədə sizi bir
televiziya proqramında gördük. Türk tamaşaçılarında elə bir təəssürat yaranıb ki,
sanki siz milyonçusunuz.
- Türkiyədə və Avropada, eləcə də Amerikanın özündə
belə bir təfəkkür formalaşıb ki, əgər sən prodüsersənsə, üstəlik, 3-4 serialın rəhbərisənsə,
50-60 nəfər heyətin varsa, demək sən varlısan. Mən də "Bacanaqlar”, "Qız atası”,
"Kişi sözü”, "Qardaşlar”, "Toydan sonra” seriallarının və bir çox layihələrin prodüseri
olmuşam. Onlar biləndə ki mən bu qədər heyətlə işləyirəm, bunu öz bazarları ilə
hesablamağa başladılar. Düşündülər ki, insanın bu qədər layihəsi varsa, demək milyonları
var. Onlara izah edə bilmirəm ki, sizdə seriallar 200-300 milyona çəkilir, bizə
elə deyil. Həqiqətən rəqəm məsələsində onlarla min qat fərqimiz var.
- Türkiyədə niyə sponsorlar
məhz seriallara və filmlərə pul ayırmaqda maraqlıdırlar? Bizdə isə əksinə,
sponsorlar yüngül müğənnilərə pul ayırırlar.
- Əvvəla, Türkiyədə əhali çoxdur. Sponsorların gəlirləri
də bir aya 1, ya 2 milyon edir. Bizdə bir layihənin 10 min manat xərci olanda, bu
bir az yüksək qiymət hesab olunur.
- Onlar bizim serial
sektorumuza bələddirlərmi?
- Təxminən bələddirlər və bizim sistemi öyrəndikcə də
çox təəccüblənirlər. Bu imkanlarla necə serial çəkdiyimizi soruşurlar. Məsələn,
onlar serialı ən azı 5 ədəd "Arri Alexa” kamerası ilə çəkirlər. Təkcə kameranın
birinin qiyməti bir milyondur. Biz isə serialı adi kamera ilə çəkirik. Onlar işıq
sisteminə 3 milyon xərcləyir, biz isə 3 min. Ancaq türklər bizim ssenarilərimizi
çox bəyənirlər. Ssenari istedad tələb edən bir şeydir. İstedad da Allaha bağlı olan
məsələdir, maliyyə tələb etmir.
- Bizə şikayətlər daha
çox komediyaların üstünlük təşkil etməsi, dram janrında filmlərin çəkilməməsi ilə
bağlı olur.
- Azərbaycanda 16 serial dram janrındadır, komediya
janrında isə 5 serial çəkilir. O beş komediya insanların daha çox diqqətini cəlb
edir. Əslində, bu, komediyanın uğurudur. Nə üçünsə istəyirlər ki, komediya məhvə
doğru getsin.
- Komediya
janrında çəkilən filmlər və seriallara niyə çox baxılır? Nədənsə tamaşaçı bu
janrda çəkilən filmləri daha tez qəbul edir.
- Bu suala cavab versəm, dostlarım məndən inciyər. Biz
dramı dram kimi çəkə bilmirik. Komediyada söz oyunu ilə insanı güldürə bilirsən.
Dramda isə əsas situasiyadır. Bunun üçün məkan qurmalısan. Kiçik bir otaqda səhnə
hazırlayırsan və istəyirsən ki, tamaşaçı onu qəbul eləsin. Tamaşaçı isə xarici
kanallara baxır, başqa bir ekranda böyük məkan və orada yaranan fantaziyanı görürsə,
ona öyrəşir. Yenidən onları kiçik bir otağa "salanda”, bu onlara real gəlmir. Bir
də bəzi şeylər var ki, onlar bizim ölkəyə uyğun gəlmir.
- Məsələn, nələr?
- Kriminal seriallar. Azərbaycanda heç kim günün günorta
çağı silah çıxarıb xoşu gəlməyən adımı öldürmür, bu bizə yaddır. Elə bir sabitlik
qurulub ki, gecə saat 3-də də şəhərdə rahat gəzə bilirsən. Serialda kriminalın üzərindən
dram göstərirlər, tamaşaçı da bunu "yemir”.
- Bəs Elməddin Cəfərov
dram çəksə, tamaşaçı onu qəbul edərmi?
- Əslində, heç zaman dram janrında bir filmə çəkilmək
istəmirdim. Ancaq son işlərimizdən olan "Qaragöz” filmində dram hissələri də var.
- "Qaragöz” filmi dram
deyil, komediya janrındadır. Bu gün filmin qəhrəmanı olan müasir hacı qaralar
filmdə özlərini gördülər. Sanki xoşbəxtlik eyforiyası yaşamağa başladılar ki,
bizim haqqımızda film çəkilib.
- Filmin son 20 dəqiqəsində dram daha çox idi. Hər kəsin
çevrəsində elə insanlar var. Mən "Tək səbir”də hansısa problemi qabardıb,
kimlərisə tənqid edirdim. Səhəri gün o insanlar mənə təşəkkür edirdi. Mən onlara
izah edə bilmirdim ki, insanlar sizə gülür. "Qaragöz” filminə baxan insanlar mənə
yaxınlaşıb təşəkkür edirdi. Belə insanların onların çevrələrində də olduğunu
qeyd edirdilər.
- "Bacanaqlar”
serialı artıq 10 ildir ki, davam edir. Hətta bu seriala Azərbaycanın "Santa
Barbara”sı da deyirlər.
- Biz bu serialı çox çətin şərtlər altında çəkirik.
Ola bilər desinlər ki, neçə ildir davam edir, niyə bu qədər uzanır? Ancaq bir
nəfər çıxıb demir ki, siz bu serialı necə bir şəraitdə, hansı məbləğlə
çəkirsiniz? Türkiyədə bizim serialın çəkilmə şərtləri ilə maraqlananda şoka düşürlər.
Deyirlər ki, bu şərtlə bizdə 4 seriya çəkmək mümkün deyil, nəinki 10 il. Onlar deyir
ki, bu qədər dar, məhdud şəraitdə belə işlər ortaya qoyursunuzsa, həqiqətən siz
çox istedadlı insanlarsınız. Onu da deyim ki, dincəlin, bu il "Bacanaqlar”ı bağlayırıq.
- Yeni bir serial olacaqmı?
- Yeni bir serial çəkmək istəmirəm. Ümumiyyətlə, serial
çəkmək istəmirəm. Böyük bir layihə haqqında düşünürəm. Tamaşaçı xarici kanallarda
böyük layihələr görür, deyir ki, bizdə niyə yoxdur. Onlara izah edə bilmirsən ki,
"Möhtəşəm yüzyıl” 93 milyona çəkilib. 93 milyona şəhər salmaq olar. Bizdə ümumiyyətlə
bütün televiziyaların büdcəsi heç 93 milyon deyil. Tamaşaçı baxır və onların
seriallarından, verilişlərindən istəyir. Biz də baxırıq, susuruq. Susmağım haqsız
olduğuma dəlalət etmir. Susmağım onlara bunu izah edə bilməməyimə görədir. Mən üsyan
etmirəm. Sadəcə reallıq və qeyri-reallıq var.
- Bu gün Elməddin
Cəfərovun yaradıcı komandası böyükdürmü?
- Bu gün yox, dünən böyük idi. Dünən komandamda ən az
55 nəfər yaradıcı heyət var idi. Çünki layihələrim çox idi, beş serialımız var idi.
Böhran bizə də təsir etdi. Əvvəlcə 4, sonra 3, indi 2, daha sonra 1 serialımız
olacaq. Günü-gündən seriallarımızı bağlayırıq. Dövrün tələbi dayandırmaqdır. Mən
də istərdim ki, 500 nəfər komandam olsun, böyük işlər görüm. Keyfiyyətli işin xərci
çox olur. Misal üçün, bu əşyanın qiyməti 10, digərinin qiyməti 1 manatdır. Sən sponsora
10 manatlıq işi təqdim edirsən, sənin rəqiblərin isə 1 manatlıq məhsul təqdim edir.
Sponsor da aldanır. Sponsorun isə əsas məqsədi odur ki, məhsulu görünsün, keyfiyyət
onun üçün o qədər də əhəmiyyətli deyil.
- "Tək səbir”dən beş
serialın və bir çox layihələrin baş prodüserliyinə gedən yol çoxmu çətin oldu?
- Həmin illər bir filmə çəkildim. Səhhətimdə problem
yarandı. Bir müddət uzaqlaşdım, sonra isə geri dönə bilmədim.
- İşsiz qalanda çevrənizdəki
insanlar sizə yardım etdilərmi?
- Kirayə pulunu ödəyə bilmirdim. Kiçik qardaşım, anam,
qaynanamgil kirayə pulu ödəməkdə mənə kömək edirdilər. Çox çətinliklər gördüm. Qərar
verdim ki, sıfırdan başlayım və sıfır büdcə ilə "Qonşular” adlı serial çəkməyə başladıq.
Başqa çıxış yolum yox idi. Daha sonra "Arı şou” verilişini yaratdım və zamanla özgüvənim
yarandı, sonra "Bacanaqlar” serialını çəkməyə başladıq. Ancaq televiziyalar o illər
yerli seriallar istəmirdilər. Ondan sonra prezidentimiz belə bir sərəncam verdi
ki, yerli seriallar çəksilsin. O sərəncam qüvvəyə minməmişdən biz "Bacanaqlar”ı
çəkdik. Bu sərəncam bizim köməyimizə çatdı. Sərəncam çıxan günü bizi dəvət etdilər
ki, bu işi bacaran sizsiniz. Bizim də 44 seriya praktikamız var idi. Bizi dünən
qovan insanlar yenidən təkliflər etməyə başladılar. Halbuki, çəkdiyimiz materiallara
heç kim yaxın durmur, qəbul etmirdi.
- İndi sizə iş təklifləri
çox olar...
- Əlbəttə, indi çox təkliflər alırıq. O vaxt mən "Tək
səbir”ə gəlməmişdən əvvəl bir neçə bölgə televiziyalarının qapısını döydüm. Onlar
məni qəbul etmədilər, dedilər ki, istedadın yoxdur. "Tək səbir”ə çıxandan iki həftə
sonra məni dəvət etdilər ki, həqiqətən çox istedadlı imişsən. Axı siz haradan bilirsiniz
ki, mənim istedadım var, ya yoxdur? Siz mənim istedadımı yoxlamadınız axı. İndi
onların bir verilişinə getsəm, onlar üçün şərəf olur. Axı mən sizin qapınızda yatırdım.
Belə şeylərlə çox qarşılaşmışam.
- İndi aktyorlarımız
Türkiyə kino aləminə atılmaq istəyir.
- Türkiyə kino sferası bizdən 10 qat böyükdür. Onların
hər hansı aktyoru xaricdə filmə çəkilirsə, onlar bunu qabardırlar. Bəndə qısqansa
da, Allah istəyəndən sonra gerisi boşdur. Məni təbrik edənlər çox oldu. Mən işimi
görmüşəm. Çox sağ olsunlar, diqqət ayırdılar.
- Belə olduğu halda,
hər kəsi bir sual maraqlandırır – Elməddin Cəfərov Türkiyə kino cameəsinə
qoşulur?
- Qətiyyən istəmirəm. Mən vətənimdə çox xoşbəxtəm və
vətənimi sevirəm. Daşını, torpağını, təbiətini, hətta tozunu belə sevirəm. Çünki
mən bu tozun-torpağın içərisində Elməddin Cəfərov oluram. Bunu özümü
vətənpərvər göstərmək üçün demirəm. Vətənimin şoran suyu başqa yerin ağ
suyundan mənə daha dadlıdır.
Xəyalə Rəis