• bazar, 24 Noyabr, 17:59
  • Baku Bakı 15°C

“Şuşa ilə bağlı bizim də xüsusi layihələrimiz olacaq” - MÜSAHİBƏ

23.07.22 01:30 3567
“Şuşa ilə bağlı bizim də xüsusi layihələrimiz olacaq” - MÜSAHİBƏ

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, BTA-nın prezidenti səlahiyyətlərini icra edən Füzuli Məcidli: “Qarabağdakı türk irsinin tədqiq edilməsi, dağıntıya məruz qalmış abidələrimizin tanıdılması, bərpası, arxeoloji tədqiqatların aparılması, Akademiyaya üzv və tərəfdaş ölkələrdən arxeoloqların cəlb edilməsi ilə Qarabağ irsinin araşdırılması və dünyaya tanıdılması ilə bağlı layihələrimiz var”.

Beynəlxalq Türk Akademiyası (BTA) türk xalqlarının zəngin mənəvi və tarixi mirasını araşdıran, türkdilli dövlətlər arasında təhsil və elm sahəsində əməkdaşlığı həyata keçirən təşkilat olaraq fəaliyyətini genişləndirir. BTA 10 ildən artıqdır ki, Türk Dövlətləri Təşkilatı, TürkPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi müxtəlif istiqamətlər üzrə formalaşan qurumlarla bir sırada türk dünyasına öz töhfəsini verməkdədir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Türk Akademiyasının  vitse-prezidenti Füzuli Məcidlinin “Kaspi” qəzetinə müsahibəsində təşkilatın fəaliyyətinə, türkdilli dövlətlər arasında elm və təhsil sahəsində əməkdaşlığın həyata keçirilməsində oynadığı roluna nəzər saldıq.

Türk dünyasının “yumşaq gücü”

- Füzuli müəllim, Beynəlxalq Türk Akademiyasının əsas fəaliyyət istiqamətlərini və məqsədini necə xarakterizə edərdiniz? 
- Beynəlxalq Türk Akademiyasının məqsədi Türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, Türk xalqlarının bəşər sivilizasiyasına töhfəsini tədqiq etmək, Türk dünyasında akademik fəaliyyətin koordinasiyasını həyata keçirməkdir. Bu məqsədlə Akademiya türk xalqlarının elmi təşkilatlarına elm və təhsil məsələsində yardımçı olur, türkdilli ölkələr və xalqların, ziyalıların təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir, bu istiqamətdə dövlət başçılarının təlimatlarının icrasını reallaşdırır. Bilirsiniz ki, bizim irsimizi, mədəniyyətimizi indiyə qədər daha çox başqaları araşdırıb. Türkologiya sahəsində Avropa, rus, qərb alimləri tədqiqatlar aparıb və bizi bizə tanıtmağa çalışıblar. Amma bundan sonra bizim imkanımız var ki, bu sahədə mütəxəssislər hazırlayaq və bir beynəlxalq qurum olaraq türk əməkdaşlığı, xüsusən elm və təhsil sahəsindəki əməkdaşlığı özümüz koordinasiya edək, öz tarixi şəxsiyyətlərimizi özümüz araşdırıb təqdim edə bilək.  Bu baxımdan, Akademiyanın fəaliyyəti bizə türk dünyasının birləşdirici “yumşaq gücü” olaraq elm və təhsil sahəsində əməkdaşlığımızı koordinasiya etməyə fokuslanıb. 

Azərbaycanın beynəlxalq səviyyədə təbliği

- Təşkilatın Azərbaycanla əməkdaşlığı hansı istiqamətləri əhatə edir?
- Azərbaycan türk xalqlarının ilkin məskunlaşdığı ərazilərdən biri kimi tarixi tədqiqatların aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət, ədəbiyyat, incəsənət sahəsində türk və müsəlman dünyasında bir sıra ilklərə imza atan Azərbaycanın əldə etdiyi nailiyyətlərin öyrənilməsi, türk dünyasında və beynəlxalq səviyyədə təbliği Türk Akademiyasının prioritetləri sırasındadır. Təəssüf ki, indiyə qədər Akademiyanın bir sıra sənədləri imzalanmamışdı. Keçən ilin sonunda Akademiya ilə Qazaxıstan Respublikası arasında qurumun Qazaxıstanda yerləşməsi şərtlərini nizamlayan müqavilə ölkənin prezidenti tərəfindən təsdiqləndi. Ötən ilin sonlarından etibarən üzv dövlətlərdən - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan mütəxəssislər almağa başladıq. Düzdür,  istisna olaraq mən 2015-ci ildən Akademiyada çalışıram və ötən il Azərbaycan vitse-prezident səviyyəsində təyinat həyata keçirib. Bundan sonra əməkdaşlıq üçün daha geniş imkanlar açılır. Buna baxmayaraq, 2015-ci ildən Azərbaycanla bağlı xüsusi layihələr həyata keçirilib. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini nəzərə alaraq, UNESCO-nun mənzil-qərargahında reallaşan beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyi qeyd edildi və “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı ensiklopedik xarakterli yeni bir kitab qazax dilində nəşr olundu. Eyni zamanda Nəsimi, Hüseyn Cavid, Əhməd Cavad, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə kimi görkəmli şəxsiyyətlərin yubileylərini təkcə Azərbaycanda deyil, üzv ölkələrdə, Rusiya və Gürcüstanda keçiririk. Bundan əlavə, “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı nəfis tərtibatda çap olunub. Təşkilat Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə Qarabağla bağlı tədqiqatlara başlayıb. İlk dəfə olaraq bir beynəlxalq təşkilat tərəfindən ingilis və qazax dillərində Qarabağın tarixi, mədəniyyəti, coğrafiyası və işğal altında olan ərazilərlə bağlı faktların, sənədlərin yer aldığı albom-kitab hazırlanıb. Kitabın çapdan çıxdığı gün Şuşanın işğaldan azad olunduğu günə təsadüf etdi. Akademiya Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində Azərbaycanın yanında oldu.  

- Azərbaycanın təşkilat qarşısındakı öhdəlikləri nədir? 
- Təşkilata ilk rəhbər Qazaxıstandan seçilib. 8 il müddətində tarix elmləri doktoru, professor Darhan Kıdıralı BTA-nın prezidenti kimi çalışıb. Azərbaycan dövləti də Türk Akademiyasının fəaliyyətini təqdir edir, dəstəkləyir və diqqətlə izləyir. Qeyd edim ki, bu il Özbəkistanda keçiriləcək Zirvə görüşündə rotasiya qaydasında təşkilata prezidentlik Azərbaycana keçəcək. Növbəti 4 il üçün Akademiyanın prezidenti Azərbaycan vətəndaşı olacaq. Rəhbərliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq imicinin artması baxımından da əhəmiyyətli olacaq. 

Qədim mirası ortaya çıxarmaq

- BTA-nın prezidenti Darhan bəy yazıçı Anarla görüşündə Azərbaycanla 3 il müddətinə davam edəcək çoxtərəfli tədqiqat işlərinə başlanacağını demişdi. Toponomiya, arxeologiya və etnoqrafiya kimi sahələri əhatə edəcək beynəlxalq layihə ilə bağlı işlər hansı səviyyədədir? 
- 44 günlük müharibədən əvvəl “Qafqazda türk mirası” adlı beynəlxalq layihəyə başlayacaqdıq. Bu layihə Darhan bəyin təşəbbüsü idi. Altaylardan başlayan, Monqolustan və Macarıstanda da davam edən, hazırda Qazaxıstanda icrasını həyata keçirdiyimiz layihənin Qafqazlarda da həyata keçirilməsini nəzərdə tuturduq. Bu layihə çərçivəsində Qafqazdakı yer və su adları, toponimlər, onomastika, tarixi abidələr, Göytürklər, Səlcuqlar, Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid ortaq mirasımızın araşdırılıb üzə çıxarılması nəzərdə tutulur. Həm Orta Asiyada, həm də Qafqazlarda bizim çox böyük mirasımız yatır. Təəssüf ki, bu miras tam şəkildə araşdırılıb ortaya çıxarılmayıb. Yalnız sovet dövründə tədqiqatlar aparılıb və o tədqiqatların da istiqaməti bəlli idi. Müstəqillik dövründə həmin ərazilərdəki irsimiz dağıdılıb, erməni vandalizminə məriz qalıb. Təəssüf ki, bu gün UNESCO kimi beynəlxalq təşkilatlar məsələyə tam obyektiv yanaşmırlar. Onlar gəlib 30 il ərzində dağılmış mirası tam şəkildə qiymətləndirmək, araşdırmaq, ən azı qınamaq istiqamətində heç bir tədqiqat ortaya qoymurlar. Qafqazın bütün bölgələrində, xüsusən, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış məzar daşları, kilsələr, təhrif olunmuş abidələr, balbal-daşlar, qoç-daşlar var. Saxtakarlığa məruz qalmış abidələri ortaya çıxarmağı və dünyaya nümayiş etdirməyi tək Azərbaycan mütəxəssisləri tərəfindən deyil, üzv və müşahidəçi ölkələrin, həmçinin dünyanın bir çox ökələrindən arxeoloqlar, etnoqraflar dəvət edərək həyata keçirməyi qarşıya məqsəd qoymuşuq. Amma o ərazilərin çoxu minalanmış ərazilərdir və oralarda tədqiqat aparmaq imkanları çətindir. Yəqin ki, biz bunu Azərbaycan dövlətinin dəstəyi ilə yaxın zamanlarda başladacağıq.

Ortaq əlifba məsələsi

- Türk irsi ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən ortaq  əlifba, terminologiya və ədəbiyyatın yaradılması məsələsi uzun illərdir ki, müzakirə mövzusudur. Heç şübhəsiz, bu sizin təşkilatın da prioritet istiqamətlərindən biridir... 
- Ortaq əlifba ilə bağlı hələ 1992-ci ildən başlayan təşəbbüslər vardı. Təəssüf ki, tarixi səbəblərdən ölkələrimiz fərqli əlifba istifadə edirlər. Azərbaycan və bəzi türk ölkələri 90-cı illərdən artıq bu prosesə qoşulublar. Qazaxıstanda da artıq əlifba islahatları gedir və ölkə yaxınlarda “Latın əlifbası”na keçəcək. BTA-nın tövsiyə etdiyi və 92-ci ildəki layihədən ilhamlanaraq təklif etdiyi əlifba layihəsi var. Hazırda təşkilat bəzi nəşrlərində, internet saytında ondan istifadə edir. Bu, latın qrafikalı Azərbaycan əlifbasına çox yaxındır, sadəcə, iki hərf fərqi var. Əlifba çox həssas məsələdir. Akademiya bütün türk ölkələri və xalqlarının, hətta dövləti olmayan türk xalqlarının hərf və səs əlaqələrini araşdıraraq bir layihə ortaya qoyub. Bu layihə artıq üzv ölkələr tərəfindən müsbət qarşılanıb. Böyük ehtimalla, Qazaxıstan da, Qırğızıstan da latın əlifbasına keçəndən sonra bununla bağlı ortaq müzakirələr apara biləcəyik.  

Üç dərslik - tarixi hadisə

- Yeri gəlmişkən, “Ortaq Türk Tarixi” dərsliyinin tədrisi ilə bağlı informasiyalar artıq var...
- Ortaq dərsliklərlə bağlı 2012-ci ildə dövlət başçılarının təlimatı əsasında başlayan bir proses var idi. BTA “Ortaq Türk tarixi” dərsliyini XV yüzilə qədər olan dövrünü artıq hazırlamışdı. Bu, 2018-ci ildə ekspertlər səviyyəsində qəbul olunandan sonra Akademiyanın Elmi Şurasının qərarı ilə ölkələrimizdə tədrisinə start verildi. Xüsusən Türkiyə, Qazaxıstan və Azərbaycanda könüllü “seçməli” fənn olaraq tədris olunmağa başlandı. Ötən ay Təhsil Nazirliyinin verdiyi məlumata görə, artıq Azərbaycanda 150 məktəbdə pilot layihə olaraq həyata keçirilib. Amma  burda razılaşdırılması lazım olan bəzi məqamlar vardı. Ölkələr müxtəlif təkliflər verir. Tarix dəqiq fənn deyil. Hər ölkənin tarixə yanaşması fərqlidir. Bütün ölkələrin maraqlarının bir araya gətirilməsi, bizi birləşdirən dəyərlərə daha çox önəm verilməsi üçün ekspertlər bir neçə dəfə toplandı və son olaraq bu ilin may ayında üzv ölkələrin təhsil nazirliklərinin nümayəndələri, üzv ölkələrdən olan ekspertlər və Akademiyanın mütəxəssislərinin iştirakı ilə İstanbulda keçirilən toplantısında “Ortaq Türk Ədəbiyyatı”, “Türk Dünyası Coğrafiyası” və “Ortaq Türk Tarixi” dərsliklərinin proqram və mətnləri razılaşdırıldı. Artıq bizim şagirdlərimizin eyni mənbədən oxumaq şansı gələcəkdə ortaq düşüncə dediyimiz, yəni İsmayıl bəy Qaspiralıdan başlayan “Dildə, fikirdə və işdə birliyin”  təməl nöqtələrindən biri olacaq. Bu üç dərsliyin razılaşdırılması tarixi hadisə idi. Yeni tədris ilindən etibarən, ölkələrimizdə tədris olunmağa başlayacaq.  Təbii ki, bu, könüllüdür. Ölkələr bunu “seçməli” fənn kimi, fakultativ və ya  məcburi keçə bilərlər. Əgər dövlət başçılarımız tərəfindən noyabr ayında Səmərqənddə keçiriləcək Zirvə görüşündə daha yüksək səviyyəli qərar olarsa, dərsliklərin məcburi tədrisi də nəzərdə tutula bilər. 

UNESCO ilə əməkdaşlıq

- UNESCO ilə təşkilatın əməkdaşlığı, yəqin ki, yalnız tarixi şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi çərçivəsində həyata keçirilmir...
- 2015-ci ildən UNESCO ilə əməkdaşlığımız davam edir. İlk tədbirimizi Nyu-York şəhərində “Dədə Qorqud irsi və Türk dünyası mirası” ilə bağlı keçirmişik.  Hazırda təşkilatla yaxşı əməkdaşlığımız qurulub. Hər il UNESCO-nun himayəsi altında Parisdəki mənzil-qərərgahında forumlar təşkil edirik. Təbii ki, bu təkcə böyük şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə məhdudlaşmır. Daha çox təhsil və elm istiqamətində əməkdaşlıq edirik. Əsas  məqsəd qədim türk sivilizasiyasını yaşatmaq və gələcək nəsillərə ötürə bilməkdir. Eyni zamanda, ortaq türk dilinə UNESCO-nun  rəsmi dillərindən biri statusunun verilməsi hədəflənir və bu istiqamətdə təşkilatla əməkdaşlıq edilir.

Vahid informasiya fəzası

-    Türkdilli ölkələrin vahid informasiya fəzasının formalaşması istiqamətində hansı işlər görülür?

-    Əslində, inteqrasiyanın təməlində informasiya dayanır. Əgər dövlətlər və xalqlar bir-birini daha yaxşı tanıyırsa, bir birinə daha rahat qucaq aça bilir. Hazırda türkdilli ölkələrin vahid informasiya fəzasının yaradılması konsepsiyası hazırlanır. Bu böyük ehtimalla növbəti il üzv ölkələrə təqdim ediləcək. Media sahəsində əməkdaşlıq onun bir istiqaməti və əsas sütunlarından biridir. Konsepsiya məktəbəqədər təhsil müəssisələrində əməkdaşlıqdan, uşaqlar üçün vahid məzmunun yaradılmasından tutmuş, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik məsələlərini və kosmik fəzada əməkdaşlığa qədər geniş spektri əhatə edir. 

Şuşa ilə bağlı xüsusi layihələr

- Şuşa şəhərinin gələn il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması heç şübhəsiz, BTA-nın da qarşısına müəyyən vəzifələr qoyur. 
- Şuşa ilə bağlı bizim də xüsusi layihələrimiz olacaq. Akademiya buna ciddi hazırlaşır. Bu il Şuşa şəhərinin 270 illiyidir. Bir sıra ortaq layihələrimizi Şuşada həyata keçirəcəyik. Xüsusən, Qarabağdakı türk irsinin tədqiq edilməsi, dağıntıya məruz qalmış abidələrimizin tanıdılması, bərpası, arxeoloji tədqiqatların aparılması, Akademiyaya üzv və tərəfdaş ölkələrdən arxeoloqların cəlb edilməsi ilə Qarabağ irsinin araşdırılması və dünyaya tanıdılması ilə bağlı layihələrimiz var. Türk Akademiyasının Şuşa şəhərində Türk dünyası parkının və kitabxanasının qurulması ilə bağlı bir təklifi də var. İnanırıq ki, Azərbaycan dövləti bu təklifə müsbət reaksiya verəcək. 
 
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər