Şuşa divarlarında tale yazıları - FOTOLAR
Hərf səhvləri edən bu cavanlar - əsgərlər nə boyda
tarixi səhvi düzəldiblər. Əslində, ən böyük redaktor onlardırlar. Deməli,
qeyrət, iradə savada baxmır. Adi sözləri düzgün yazmayan oğlanlar necə taktiki
döyüşləri idarə edib Şuşanı geri qaytarıblar
Ötən ay Şuşada Vaqif
Poeziya Günlərində iştirak etdiyim zaman asudə vaxtı fövtə verməyərək o
müqəddəs şəhərin küçələrini asta-asta, beynimi min bir fikrə yuva edərək
dolaşırdım. Şuşada ermənilərin "məharət”ləri, "özünüifadə qabiliyyətləri”
nəticəsində dağıdılmış evləri, yurd yerlərini görəndə Seyid Əzim Şirvaninin bu
peşmanlıq dolu misraları yadıma düşürdü:
Səni Yusif
bilib, verdim könül mülkündə sultanlıq,
Əzizim,
nuri-eynim, sən gəda oğlu gədasənmiş.
Biz ermənilərə zamanında könül mülkümüzdə yer
versək də, onlar öz əzəli xislətlərindən, – gədalıqlarından əl çəkmədilər.
Nəticəsi də göz qabağındadır. Dağıdılan evlərə, viran qoyulan bağlara, uçurulan
hasarla baxanda fikirləşirsən ki, aradan ötən 28 il ərzində ermənilər bircə
saniyə belə dayanmayıblar, "döyüşüblər”
– bu sahibsiz hesab etdikləri şəhərin hər daşından, hər otundan qisas
alıblar. Şuşanı dağıtmadıqları anlarda içlərinə çəkdikləri nəfəsi "hədər
sayıblar”.
Yazıya pozu yoxdur
Şəhəri gəzə-gəzə gəlib
bazara yetişirəm. Bazarın yaxınlığındakı divarlarda yazılar var. Redaktorluq
qabiliyyətim divardakı yazılardakı hərf səhvlərini diqqətə şayan edir. Bu dəm
ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlinin haqq tərəzisində ağır gələn sözləri
yadıma düşür: "Hərf səhvləri edən bu cavanlar – əsgərlər, nə boyda tarixi səhvi
düzəldiblər. Əslində, ən böyük redaktor onlardırlar. Deməli, qeyrət, iradə
savada baxmır. Adi sözləri düzgün yazmayan oğlanlar necə taktiki döyüşləri
idarə edib Şuşanı geri qaytarıblar”.
Natəvan lövhəsinə yazılmayan beyt…
Şuşada kiril əlifbası ilə
"Natəvan küçəsi” yazılmış lövhə hələ də qalmaqdadır. Amma o lövhəni görüb, o
kədərli ismin, küçə adı daşıyan ünvanın yanından keçib də Şuşanın, Natəvanın
gözəl günlərini, Azərbaycanın şair və yazarlarının adlarını fəxrlə
əbədiləşdirdiyi zamanları yada salmamaq olmur. O dövrlərlə, indi xaraba evlərə
istiqamət göstərən bu tabloya baxıb da,
Natəvanın misraları ilə gözəl günlərin xiffətini edirəm:
Nə yaxşı günlər idi
kim, səninlə munis idim,
Zəmanə indi edib sinə
dağlı lalə məni.
Bu misraları yaddaşıma
minnətdar ola-ola xatırlayıram. Çoxdandır unutduğum həmin qəzəl, lövhəyə
baxdığım anlarda beynimdə dirilir. Sanki yanımda kimsə var və Şuşa boyunca mənə
"yaddaşlıq etmək”dən yorulmur...
Giliz... Açar...
Yerdən açar və gilizlər
tapıram... Düşünürəm ki, görəsən, kimin evinin açarıdır? Yəqin bizim evlərimizə
sahiblənən, müharibə vaxtı dabanına tüpürüb qaçan, qorxaq ermənilərin cibindən
düşüb. 30 ilə yaxındır ki, şuşalılar dağıdılmış, yanmış evlərinin açarlarını
saxlayıblar, neçə-neçə şairlər açarlara şeirlər yazıblar. Həmin şeirlərin ən təsirlisindən
biri Əbülfət Mədətoğluya aiddir. Yerdən açarı götürə-götürə dilimin altında
mızıldanıram:
Birevqoyubgəlmişəm
–
açarlarıcibimdə.
Açarlaoynayıram
–
çadırlarındibində.
Sonra yerdəki gilizlərdən bir neçəsini götürüb
baxıram. Görəsən, bu giliz hansı əsgərimizin, şəhidimizin silahından düşüb?
Görəsən, kimin canını alıb, yoxsa?..
Bu döyüş abu-havasını
ifadə edən əşyalara baxa-baxa divardan hansısa əsgərimizin yazdığı bu misraları
oxuyuram: "Arzum, səni sevirəm. Şuşa”. Görəsən, öz eşqini divarla yazaraq izhar
edən qəhrəman kimdir? Görünür, məhəbbətin əli hər yerdə sevənə çatır.
Polad
prospekti
Bülbülün ev muzeyindən təzəcə çıxıb mərkəzi meydana
tərəf gedəndə yolda sürət nişanı yazılan lövhə qarşıma çıxır. Üstünə sürət
rəqəmi – 40 yazılıb. Amma qələmlə həmin lövhəyə "Polad Həşimov prospekti”
sözləri yazılıb. İnşallah ki, arzu kimi,
xoş niyyət kimi yazılan bu sözlər yaxın günlərdə gerçək olar.
Bu lövhəyə
yaxın bir neçə ev diqqətimi çəkir ki, ermənilər həmin evlərin qapısına iri
hərflərlə "satılır” yazıblar. Kimin evini kimə satmaq istəyiblər?! O, "satılır”
sözünün dərinliyində isə "qaçırıq”, "köçürük” kimi qorxaqlıq ifadə edən " görünməz kəlmələr” yatır.
Ermənilərin "satılır” yazdıqları evlərimiz və "Polad Həşimov prospekti”. Əcəb
təzaddır...
Əbədi
tapşırıq...
Divar yazıları müxtəlif məzmunludur: Biri
dağıdılmış məktəbin içərisindəki yazı taxtasına tabaşirlə "Ağstafa” yazmaqla
kifayətlənib. Kimisi öz evlərini tapdırıb "Səyavuş Həsənov” yazdırıb. "Rəşad,
Camal, Türkan” yazılmış darvazanın üzərində belə bir yazı da qeyd olunub: "Bu
evin yiyəsi var, girmə”. Şükürlər olsun ki, artıq bu evin deyil, bütövlükdə
Şuşanın yiyəsi, sahibi var və "girmə” sözü bütün ermənilərə qarşı əbədi
tapşırığımızdır.
Yazılar...
"Gulya_Decor” adlı "instaqram” səhifəsi yazanın
məntiqinə heyran olaraq divarlarda neçə-neçə salam göndərən, müjdə yetirənlərin
də sevincini oxuyuram: "Şuşadan Sinan qardaşıma salam”. Bu motivli yazıların,
doğulduğu regionun adını divarla cızanların sayı-hesabı yoxdur. Hətta macal
tapıb fəlsəfi fikir yazan da olub: "Düzgün olmayan insan çox şeyini itirər. Hər
gün bir şeyini, bir gün hər şeyini”. Ən təsirli
yazı isə budu: "Şəhid kapitan, Hüseynov Ceyhun, qisasın alındı”.
Uzaqda
olmayan gün...
Gün gələcək ki, Şuşada divarlar rənglənəcək, hər
yan abadlaşacaq, yeni üzlüklərlə qalalar əhatələnəcək. Amma o yazılar, həmin
müjdəli günlərin sevincini özünə hopduran divarlar azad Şuşanı ilk dəfə görənlərin
yaddaşından heç zaman silinməyəcək.
Qara qaşın, qara gözün, qara xalın ağ üzdə əks
olunmasını vaxtı ilə xanəndə, qəzəlxan Hacıbala Hüseynov ağın üstünə zövqlə
yazılan qara hərf, qüsursuz xətt kimi təsvir edirdi. İnsanın üzündə o ali zövqü yaradan Allahdır,
Şuşadakı ali zövqün müəllifi isə qəhrəman əsgərlərimizdir...
Üzündə nəqş olunub qaşi çeşmi xali
xəti,
Nə ali zövq ilə gör ağə qarə
yazmışlar?...
Fərid Hüseyn