AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq

Cəmiyyət
16 İyun 2021, 19:45 181
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq.

Kaspi.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkə üçün tarixi əhəmiyyət daşıyacaq müttəfiqlik münasibətləri haqqında imzaladıqları Şuşa Bəyannaməsi ölkələrimizin strateji əməkdaşlığını dərinləşdirməklə yanaşı, iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq. Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu, ölkələrin iqtisadi və ticarət şaxələndirilməsi ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur.

İki qardaş ölkənin ticarət dövriyyəsində artım gözlənilir

O deyib ki, digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir. Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minıb. Saziş 15 mal qrupunu əhatə edir. Bu saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradacaq.

Qeyd edək ki, 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Zəngəzur dəhlizin ölkəmizin strateji əhəmiyyəti artıracaq

"Sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur. Ötən il Türkiyə Azərbaycandan 9,58 milyard kubmetrdən çox təbii qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz çoxdur. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir. Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin strateji əhəmiyyətini də artıracaq.

Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, "Şərq-Qərb” nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq”, - deyə deputat bildirib.